04.24.2017 20:58
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981



İQTİSADİYYATIN İNKİŞAFINDA BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZLƏRİNİN ROLU


Qurban NƏZİROV,
Azərbaycan Dövlət Dəmir
Yolunun baş mühəndisi


        Məqalədə Azərbaycan Respublikasının coğrafi mövqeyinə görə nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsindən, nəqliyyat daşımaları ilə bağlı həyata keçirilən bir çox beynəlxalq nəqliyyat layihələrindən bəhs edilir.
        Bu layihələrin regionumuzun iqtisadi inkişafındakı rolu və önəmi, onların reallaşdırılmasının respublikamız üçün olduqca böyük əhəmiyyətə malik olması xüsusilə vurğulanır.

        Nəqliyyat strukturları vasitəsilə dövlətlərarası əlaqələrin genişləndirilməsi, birinci növbədə iqtisadiyyatın daha da inkişaf etdirilməsinə yönəlmiş addımdır. Azərbaycan coğrafi mövqeyinə görə nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşdiyindən, istənilən halda bu layihələrdə iştirak edir. 7-8 sentyabr 1998-ci ildə Bakı şəhərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə tarixi “İpək Yolu”nun fəaliyyətinin yenidən canlandırılmasına həsr olunmuş beynəlxalq konfransdan sonra keçən müddət ərzində bu layihə çərçivəsində həyata keçirilən tədbirlər buna canlı sübutdur.
        Artıq yeni layihələr danışıqlar mərhələsindədir. Belə dəhlizlərdən biri də hal-hazırda danışıqların üçüncü mərhələsi başa çatdırılan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir.
        “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci il tarixində Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir.
        Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil, su (çay) və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Təkcə Hindistan istisna təşkil edir, belə ki, onun yalnız dəniz marşrutları ilə daşımalarda iştirakı nəzərdə tutulur.
        “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində bir neçə dəfə üçtərəfli görüşlər keçirilmişdir. İlk dəfə olaraq, 19-21 may 2004-cü ildə Moskva şəhərində təşkil edilmiş üçtərəfli görüşdə işçi qrupların ilk müşavirəsi keçirilmişdir. İyul ayının 24-27-də isə Tehran şəhərində keçirilən tədbirdə bir sıra hazırlıq işlərinin görülməsi planlaşdırılmışdı. Həmin tədbirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin gələcəkdə istismarı, onun tikintisi, beynəlxalq Konsorsiumun yaradılması və maliyyələşdirilməsi üsulları, hər bir tərəfin tikintidə payı, qoyulacaq əsaslı vəsaitin qaytarılması yolları və digər məsələlər müzakirə edilmişdir.
        Dəhlizin keçəcəyi dövlətlərin dəmir yolu müdiriyyətləri bu prosesin sürətləndirilməsinin tərəfdarı olduqlarını dəfələrlə bildirmişlər. Yalama-Samur məntəqəsində Azərbaycan-Şimali Qafqaz dəmir yolları rəhbərlərinin görüşündə də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin regionumuzun iqtisadi inkişafındakı əhəmiyyəti, onun inkişafı istiqamətində həlli vacib olan məsələlər müzakirə edilmişdir. Eyni zamanda, həmin görüşdə keçid məntəqəsində gecə-gündüz keçid rejiminin bərpa edilməsi, yoxlama proseduralarının sahənin müvafiq stansiyalarında aparılması və asanlaşdırılması üçün birgə komissiyanın yaradılması, həmçinin kommersiya, texniki, gömrük və sərhəd yoxlaması proseduralrının sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi məsələləri müzakirə olunmuşdur. Habelə, dəmir yolu mütəxəssisləri müxtəlif vaxtlarda Astara (Azərbaycan) - Astara (İran) sahələrində görüşlər keçirmiş, bu nəqliyyat dəhlizinin açılmasını sürətləndirmək üçün bir sıra məsələləri müzakirə etmiş, birgə müvafiq layihə-axtarış işlərini həyata keçirmiş və qarşılıqlı Memorandum imzalamışlar.
        “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində Azərbaycan Respublikası (ADDY), Rusiya Federasiyası («RDY» ASC) və İran İslam Respublikası (RAİ) dəmir yolları rəhbərlərinin növbəti üçtərəfli görüşü fevralın 9-da Bakı şəhərində keçirilmişdir. Nəqliyyat Nazirliyində keçirilən tədbirdə “RDY” ASC-nin birinci vitse-prezidenti Xasan Zəbirov, İran Yollar və Nəqliyyat nazirinin müavini, İran Dəmir Yollarının baş direktoru Məhəmməd Səidnəcatın rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak etmişdilər.
        Tədbirdə çıxış edən Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirmişdir ki, “reallaşması istiqamətində müzakirələr apardığımız “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çox nəhəng bir layihədir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin bu dəhlizdə iştirakının birmənalı tərəfdarı olduğunu bildirmişdir. Bütövlükdə götürdükdə hər üç ölkə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin reallaşmasında maraqlıdır. Bu də təbiidir. Son nəticə etibarı ilə yükdaşımaların həcminin artması, ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi kimi vacib amillər bu layihənin reallaşacağı təqdirdə perspektivdə özünü qabarıq şəkildə büruzə verəcəkdir.
        “Rusiya Dəmir Yolları” ASC-nin birinci vitse-prezidenti Xasan Zəbirov öz çıxışında qeyd etmişdir ki, “RDY” ASC həmişə Azərbaycan və İran dəmir-yolçuları ilə intensiv əlaqələrə xüsusi diqqət yetirmişdir. Bu baxımdan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin müzakirəsində belə aktiv iştirakın olması təbiidir. Məlumatıma görə işçi qrupları üç gün ərzində çox intensiv işləmişlər, bu gün müzakirə olunan məsələlər xırda detallarına qədər öyrənilmişdir və imzalayacağımız Memorandumda öz əksini tapılmışdır. Dəhlizin fəaliyyət göstərəcəyi təqdirdə yükdaşımaların həcmi xeyli artacaq ki, bu da bir çox baxımdan təqdirəlayiqdir. Layihənin reallaşması yolunda «Rusiya Dəmir Yolları» Açıq Səhmdar Cəmiyyəti öhdəsinə düşən vəzifələri ləngimədən yerinə yetirməyə hazırdır.
        Eyni zamanda, tədbirdə İran Yollar və Nəqliyyat nazirinin müavini, İran Dəmir Yollarının baş direktoru Məhəmməd Səidnəcat öz çıxışında qeyd etmişdir ki, danışıqların üçüncü raundunu keçirdiyimiz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşmasında hər üç tərəf maraqlıdır. Çünki bu dəhlizin fəaliyyəti böyük perspektivlər vəd edir. Biz inanırıq ki, buna nail olacağıq.
        Sonda Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Arif Əsgərov çıxış etdi. O bildirdi ki, bu gün dünyanın bütün iqtisadi, ticarət və nəqliyyat sistemlərinin vahid orqanizmə çevrildiyi bir vaxtda, nəqliyyatın təminatına artan tələbat üzrə qlobal layihələrin işlənib hazırlanması özünü daha qabarıq şəkildə büruzə verir. Nəticədə bu, nəqliyyatın rolunu artırır, nəqliyyat aparıcı mövqeyə çıxır, inkişaf edir, infrastrukturunu genişləndirir və nəhayət, yüklərin və sərnişinlərin hərəkətində, kapital qoyuluşunun axınında daha az maneələr ortaya çıxır. Ümummilli lider Heydər Əliyevin müdrik və məqsədyönlü siyasəti nəticəsində ölkədə siyasi və iqtisadi sabitlik, vətəndaş həmrəyliyi hökm sürür ki, bu da respublikanın, o cümlədən nəqliyyatın sosial-iqtisadi inkişafının mühüm şərtlərindən biridir. Ölçülüb-biçilmiş, dərindən düşünülmüş həmin siyasət bu gün dövlət quruculuğu sahəsində ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beynəlxalq təşkilatların işində Azərbaycanın fəal iştirakı və qlobal layihələrə cəlb edilməsi onun etibarlı, həmçinin daimi tərəfdaşlığının bariz nümunəsi olduğunu göstərir. Azərbaycan bunu özünün TRASEKA proqramında fəal iştirakı ilə sübut etmişdir. Böyük “İpək Yolu”nun bərpası üzrə layihənin reallaşmasında aparıcı rola malik olan Azərbaycan dəmir yolu nəqliyyatı üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin öhdəsindən tamamilə gəlir. Bu görüş bizim çoxmarşrutlu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması və inkişafının möhkəmləndirilməsi, həmçinin Azərbaycanın bu nəhəng layihəyə qoşulması istiqamətində birgə işimizin mühüm bəhrəsidir. Beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizinin layihəsinə ölkəmizin rəhbərliyi tam tərəfdardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illər üçün sosial-iqtisadi inkişaf proqramının təsdiq edilməsi haqqında Fərmanın imzalanması və Astara (Azərbaycan) - Astara (İran) yeni dəmir yolu xəttinin çəkilişinin ora daxil edilməsi də buna əyani sübutdur.
        Bakıda keçirilən tədbirdə, əsasən, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin layihələşdirilməsi, tikintisi və gələcək istismarının Səhmdar Cəmiyyəti vasitəsilə idarə olunması və Konsorsiumun layihələşdirilməsi üzrə təşkilati-hüquqi əsasların təsdiqi, Səhmdar Cəmiyyətin nizamnamə kapitalının ölçüsünün razılaşdırılması, Səhmdar Cəmiyyətin qərargah-mənzilinin qeydiyyata alınması və yerləşdiriləcəyi ölkənin təyin edilməsi, Səhmdar Cəmiyyətin fəaliyyətinin hüquqi aspektlərinin razılaşdırılması: idarəetmə orqanı, onların səlahiyyət dairəsi, həmçinin qərarların həlli üsulları və məsuliyyət, Səhmdar Cəmiyyətin yerləşdiriləcəyi ərazi tərə-findən təsisedici sənədlərin hazırlanması, onların razılaşdırılması, imzalanması və qeydiyyata təqdim edilməsi vaxtının müəyyən edilməsi, layihənin texniki-iqtisadi cəhətdən əsaslanmasının maliyyələşdirmə mexanizmi, biznes-planın, ekspert və məsləhətləşmə işlərinin, həmçinin birinci mərhələdə Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı xərclərin hazırlanması və Səhmdar Cəmiyyətin iştirakçıları tərəfindən layihənin maliyyələşdirilməsi məsələlərinin müzakirəsi, habelə digər dövlətlərin səhmdarlarının və marağı olan dəmir yollarının maliyyə vəsaitlərinin cəlb edilməsi məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu.
        Eyni zamanda, üçtərəfli görüşdə imzalanan hüquqi sənəddə layihənin hazırlanması və həyata keçirilməsi üçün Tərəflər İranın və Azərbaycanın ərazisində şirkətlər yaradılmasını məqsədəuyğun hesab etdilər. Bu məqsədlə ekspertlərin işçi qrupları, onların təşkilati-hüquqi formaları, fəaliyyət formaları, birgə müəssisə ilə qarşılıqlı əlaqə qaydaları, eləcə də yaradılacaq şirkətlərin nizamnamə kapitalındakı payları məsələləri də nəzərdən keçirilmişdir.
        Sənəddə həmçinin həmin məsələlərlə əlaqədar 2005-ci il aprel ayının birinci ongünlüyündə Moskva şəhərində ekspertlərin işçi qrupunun toplantısının keçirilməsi də öz əksini tapmışdır.
        Tədbirin sonunda hər üç ölkənin dəmir yolu rəhbərləri Memorandum imzaladılar.
        Onu da qeyd etmək lazımdır ki, dəmir yolu rəhbərləri görüşməzdən öncə fevralın 6-8-də işçi qrupları bir araya gəlmiş, üç gün ərzində yol rəhbərlərinin görüşündə qəbul ediləcək sənədlərin ciddi şəkildə müzakirəsini keçirmişlər.
        Artıq danışıqların üçüncü raundu başa çatmışdır. Keçirilən hər tədbir bizi bu dəhlizə addım-addım yaxınlaşdırır. Tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir. Eyni zamanda sabit gəlir mənbəyi kimi əhalinin məşğulluğunun gücləndirilməsində, işsizliyin aradan qaldırılmasında “Şimal-Cənub” nəqliyyat dəhlizi mühüm rol oynayacaq. Regional əməkdaşlıq sahəsində ölkələrarası əlaqələrin daha da genişləndirilməsində dəhlizin inkişafının mühüm rol oynayacağı da şübhəsizdir. Fəaliyyətə başlayacağı ilk illərdə daşıma proqnozlarına əsasən Azərbaycan sahəsi üzrə yük axınının həcminin 5-7 milyon ton artacağı gözlənilir. Daha sonralar isə Azərbaycan sahəsində yük daşımalarının həcminin ildə 15 milyon tondan çox artacağı proqnozlaşdırılır. Azərbaycan tərəfi Yalama-Astara dəmir yolu sahəsində (uzunluğu 511 km-dir) bu layihə çərçivəsində xeyli yenidənqurma, abadlıq və bərpa işləri aparmağı nəzərdə tutmuşdur. O cümlədən Yalama stansiyası rekonstruksiya olunmalı, Osmanlı-Astara sahəsində Xəzər dənizinin səviyyəsinin uzun illər qalxması nəticəsində yuyulub dağılmış enerji təchizatı xətlərinin, avtobloklama, işarəvermə və rabitə qurğuları yenidən qurulmalıdır. Artıq bu sahədəki mövcud nəqliyyat infrastrukturlarının bərpası və yenidən qurulması üzrə zəruri tədbirlər görülür. Hazırda keçmiş SSRİ, yəni MDB ölkələri sırasından rəsmi olaraq Qazaxıstan və Belarus Respublikaları «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinə qoşulmuşdur. Azərbaycan Respublikası ilə yanaşı, daha bir neçə ölkə - Tacikistan, Oman, Suriya, Ukrayna, Bolqarıstan və Ermənistan, Bəhreyn, Filippin, İndoneziya da «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir.
        Digər iri nəqliyyat layihələrindən biri də Qars-Axalkalaki-Tbilsi-Bakı layihəsidir. Bu bağlantının tarixi on iki il əvvələ gedib çıxır. 26-29 iyul 1993-cü il tarixində Ankarada təşkil edilən Türkiyə-Gürcüstan daşınma təşkilatının iclasında iki dövlət arasında həqiqətən də bir dəmir yolu xəttinin çəkilməsinə qərar verilmişdir.
        Başlıca olaraq layihənin “Et-İşlət-Ötür” modeliylə hazırlanmasında 1997-ci ildə (Türkiyə) Yüksək Planlama Təşkilinin qərara alınmasına baxmayaraq, işin aparılması üçün pul təminatı əldə edilməmişdir. Kreditli olaraq hazırlanma üçün fəaliyyət göstərilsə də, hər hansı bir nəticə əldə olunmamışdır.
        19 aprel 2000-ci il tarixdə imzalanan Türk-Çin ikili İqtisadi Razılaşmaya Qars-Tbilisi dəmir yolu layihəsi daxil edilmiş, Türk və Çin səlahiyyətliləri 23 iyun - 1 iyul 2000-ci tarixləri arasında Türkiyə və Gürcüstanda hazırlanmalar aparılmışdır. Çin Respublikasının səlahiyyətli firma tərəfindən araşdırma işləri olmuşsa da, hazırlama üçün hər hansı bir nəticə əldə edilməmişdir. 1993-cü ildən bu günə kimi müxtəlif səbəblərlə pulun ödənilməsi təmin olunmadığından layihənin hazırlanmasına başlanılmamışdır.
        Amma 2004-cü ildə keçirilmiş iclaslar nəticəsində xəttin layihə araşdırmalarının hazırlanması üçün 2005-ci ildə 1 trilyon Türk lirəsinin sərf edilərək təşkil edilmiş işlərə başlanılması nəzərdə tutulur.
        Artıq Qars-Axalkalaki-Tbilsi-Bakı bağlantısının reallaşması istiqamətində danışıqlara start verilmişdir. 2005-ci il fevral ayının 28-dən martın 1-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində Qars-Axalkalaki-Tbilisi-Bakı yeni dəmir yolu xəttinin tikintisi layihəsinin həyata keçirilməsi məqsədilə Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrindən ibarət olan işçi qrupunun birinci iclası keçirilmişdir.
        İşçi qrupunun iclasında layihənin maliyyə məsələləri, bu xətt üzrə daşınacaq yüklərini həcminin analizi, vaqonların arabacıqlarının dəyişdirilməsi üçün stansiyanın yeri, yüklərin bir vaqondan digər vaqona boşaldılması, Qars-Axalkalaki xəttinin tikintisində tətbiq edilən standartların müzakirəsi ətrafında söhbətlər aparılmış, xəttin tikintisinə dair imzalanacaq sənədlərin detalları müzakirə olunmuş, növbəti iclasın 4-5 aprel 2005-ci ildə Bakı şəhərində keçirilməsi qərara alınmışdır. Xatırlatmaq lazımdır ki, xəttin uzunluğu 98 km-dir. Bunun da 68 kilometri Türkiyə, 30 kilometri Gürcüstan ərazisindədir.
        Qeyd edək ki, ötən il dekabr ayının 28-də Tbilisidə Gürcüstan, Türkiyə və Azərbaycanın nəqliyyat nazirliklərinin nümayəndələri arasında Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsi ilə əlaqədar görüşü keçirilmişdir. Danışıqlar qarşılıqlı anlaşma və dostluq şəraitində başa çatmışdır. Tərəflər birgə dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsinin gələcəkdə regional səviyyədə əməkdaşlığa kömək edəcəyini vurğulamışlar. Eyni zamanda keçirilən iclasda işin intensivliyini artırmaq məqsədi ilə işçi qrupunun yaradılması qərara alınmışdır.
        Bir cəhəti də qeyd etmək lazımdır ki, hər üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri aprel ayında Türkiyədə toplaşacaqlar. Layihənin reallaşmasının respublikamız üçün olduqca böyük əhəmiyyəti vardır. Belə ki, bu iş dəmir yolunda yük həcminin artmasına, iqtisadi münasibətlərin daha da genişlənməsinə təkan verəcəkdir.
        Nəqliyyat dəhlizlərinin reallaşması prosesi davam edir. Azərbaycan nəqliyyatçılarının tərkib hissəsi olan dəmiryolçular bu proseslərdə yaxından iştirak etməklə ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini təqdim edirlər.
        Beynəlxalq nəqliyyatda yüklərin və sərnişinlərin daşınmasının təşkilini və şərtlərin müəyyən edən əsas müddəalar nəqliyyat konvensiyalarında və beynəlxalq sazişlərdə əks olunmuşdur. Daşımaların hüquqi tənzimlənməsi məsələləri həmçinin dövlətlərarası səviyyədə və ya iki ölkənin nəqliyyat nümayəndələri arasında imzalanan bir çox ikitərəfli sazişlərin mövzusudur. Nəhayət, bu məsələlər çox zaman ayrı-ayrı ölkələrin daxili nəqliyyat qanunvericiliyi ilə tənzimlənir. Lakin yüklərin və sərnişinlərin daşımalarını tənzimləyən beynəlxalq normaların olmaması daşıyıcılara və yük sahiblərinə (sərnişinlərə) beynəlxalq daşıma ilə əlaqədar münasibətlər qurmağa maneələr törətmir.
        Beynəlxalq nəqliyyatın inkişafında və Ümumavropa Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında (BND) 1994-cü ildə keçirilmiş Krit Konfransı mühüm rol oynamışdır.
        Bu konfransda Qərb və Şərq arasında nəqliyyat əlaqələrinin üstün istiqamətləri müəyyən edilmişdir. Onlar doqquz panavropa nəqliyyat dəhlizinin yaradılmasında öz əkslərini tapmışlar.
        2000-ci ilin sentyabr ayında Sankt-peterburq şəhrində keçirilmiş Nəqliyyat üzrə ikinci Beynəlxalq Avropa-Asiya Konfransının qərarları əsasında Avropa-Asiya nəqliyyat dəhlizinin inkişafı üstünlüyünün yüksəldilməsi dəhliz yanaşma-sının təshih edilməsinin mühüm istiqaməti olmalıdır. Nəqliyyat dəhlizlərinin tərkibinə daxil edilmiş beynəlxalq əhəmiyyətə malik olan ayrı-ayrı obyektlərin inkişafının növbəliliyi və üstünlüyü haqqında qərarlar qəbul edilərkən BMT-nın AİK tərəfindən hazırlanmış, bəyənilmiş və 2003-cü ildə dərc edilmiş «Daxili nəqliyyatın infrastrukturu sahəsində layihələrin qiymətləndirilməsi metodologiyası»na əsaslanmış layihələrin seçilməsi və effektliliyi meyarları sistemindən istifadə edilməsi məqsədəuyğundur. Öz milli nəqliyyat müəssisələrinin fəaliyyətinin beynəlxalq nəqliyyatda genişləndirilməsində maraqlı olan dövlətlər həmişə yüklərin və sərnişinlərin vahid (unifikasiya edilmiş) daşıma şərtlərinin qəbul edilməsinə, daşıma vasitələrinin və onlara xidmət edən heyətin razılaşan tərəflərin yurisdiksiyası çərçivəsində olması rejiminə aid edilən hüquq normalarının razılaşdırılmasına can atırlar. Bu səylərin nəticəsində dövlətlərarası səviyyədə nəqliyyatın ayrı-ayrı növlərinə dair «nəqliyyat konvensiyaları» adı almış bir çox beynəlxalq sazişlər bağlanmışdır. Ayrı-ayrı hallarda beynəlxalq daşımalar haqqında çoxtərəfli sazişlər müxtəlif ölkələrin nəqliyyat müəssisələri səviyyəsində bağlanmışdır. Beynəlxalq nəqliyyat konvensiyalarının əksəriyyətində müvafiq beynəlxalq nəqliyyatlarda yüklərin və sərnişinlərin daşınması haqqında müqavilələrə dair müddəfalar vardır. Yüklərin daşınması haqqında və sərnişinlərin daşınması haqqında ilkin olaraq keçən əsrin sonlarında bir neçə Avropa ölkələri arasında imzalanmış Bern Konvensiyaları (qısaldılmış adları MQK və MPK) beynəlxalq dəmir yolu nəqliyyatı haqqında daha çox universal çoxtərəfli saziş kimi tanınır. Sonradan həmin konvensiyalara dəfələrlə yenidən baxılmışdır. Hal-hazırda Bern Konven-siyalarının birləşdirilmiş mətninin özündə əks etdirən 1980-ci il redaksiyasında Dəmir yolu daşımaları haqqında vahid Konvensiya qüvvədədir (KOTİF). Avropa dövlətlərinin əksəriyyəti və bir sıra Asiya və Afrika dövlətləri Bern Konven-siyalarının iştirakçısıdırlar.
        Nəqliyyat konvensiyaları beynəlxalq daşımalarda tətbiq edilən nəqliyyat sənədlərinin əsas rekvizitlərini, bir sıra hallarda isə formasını müəyyən edir. Nəqliyyat sənədlərinin iki növü daha geniş yayılmışdır: qaimə (dəmir yolu, hava və avtomobil nəqliyyatı üçün) və konosament (dəniz və çay nəqliyyatı üçün).
       

İstifadə edilmiş ədəbiyyat:
1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı, 2000.
2.«Azərbaycan Dövlət Dəmir Yolu haqqında» Əsasnamə, 1995-ci il.
3.«Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu. 11.06.1999-cu il.
4.Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) Azərbaycan Respublikası Prezidentinin 11.02.2004-cü il tarixli 24 №-li Fərmanı.
5.«Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişi». Bakı, 1998.
6.Əliyev E.Ə. «Nəqliyyat hüququnun əsasları». Bakı, «Hüquq ədəbiyyatı» nəşriyyatı, 2004.


THE ROLE OF INTERNATIONAL TRANSPORT CORRIDORS IN THE DEVELOPMENT OF ECONOMY


Gurban NAZIROV,
Senior Engineer of
Azerbaijan State Railway


        It is said in the issue about the geographical position of Azerbaijan from the point of its situation in the issue of transport corridors, about carriers with which the realization of a number of international projects is connected.
       The author especially emphasized the meaning and role of the pointed projects in economical development of the republic in case of their realization.


Роль международных транспортных коридоров в развитии экономики


Курбан Назиров,
главный инженер
Азербайджанской Государственной
Железной Дороги


        В статье говорится о географическом расположении Азербайджанской Республики, о нахождении ее на стыке транспортных коридоров, о многих международных транспортных проектах, которые претворяются в жизнь в связи с транспортными перевозками.
        Особо подчеркивается роль и значение этих проектов в экономическом развитии региона и нашей республики при их реализации.


MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Maraqlıdır
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.