12.12.2017 03:03
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Beynəlxalq qeyri-hökumət təşkilatlarının hüquqi statusu və təbiəti

ƏSGƏROVA E.Q.

BDU-nun aspirantı

 

Məqalədə beynəlxalq qeyri-hökumət təşkilatlarının (BQHT) hüquqi təbiəti, əsas xüsusiyyətləri, statusu, beynəlxalq münasibətlərdə rolu və s. məsələlər geniş təhlil edilmişdir. Göstərilənlərlə yanaşı, BQHT-lərin beynəlxalq münasibətlərdə iştirakının forma və metodlarını təhlil edərkən, onların hüquqyaratma və hüquqtətbiqetmə prosesində iştirakı geniş əks olunmuşdur. Belə fəaliyyət beynəlxalq hüquq normalarını özündə təsbit edən beynəlxalq aktların işlənib hazırlanması prosesində öz ifadəsini tapmışdır. Beynəlxalq hökumətlərarası təşkilatlarla qarşılıqlı məşvərətçi münasibətlər çərçivəsində BQHT subyektlərin hüquqyaradıcılıq fəaliyyətinə bilavasitə təsir etmək imkanına malikdir.

 

BQHT-lərin mövcudluğu və hüquqi statusu ilə bağlı məsələlər onun hüquq subyektliyi ilə bilavasitə qarşılıqlı əlaqəyə malikdir. Lakin həmin məsələ aparılan araşdırmalarda heç də vahid yanaşma əsasında qiymətləndirilmir. Məsələn, müvafiq problemin tədqiqi və təhlili ilə məşğul olan elmi ədəbiyyatlarda QHT-lərin hüquqi təbiəti ilə bağlı iki baxış mövcuddur: 1) QHT-lərin beynəlxalq hüququn subyekti olmaması; 2) beynəlxalq hüququn subyekti olmasa da, QHT-lərin özlərini beynəlxalq münasibətlərin iştirakçısı kimi göstərməsi və bununla da gələcəkdə onların beynəlxalq hüquq subyektliyi məsələsinin nəzərdən keçirilməsi (1).

T.N.Neşatayeva isə hesab edir ki, yuxarıdakı yanaşmalar müasir dövrün reallıqları ilə heç də uyğunluq təşkil etmir. Çünki BMT sistemində BQHT-lər məhdud hüquq qabiliyyətinə malik olmaqla, beynəlxalq hüququn subyekti kimi fəaliyyət göstərirlər. Bundan əlavə, onun fikrincə, BQHT-nin hüquqi statusuna beynəlxalq hüquqda təsbit edilmiş kifayət qədər müxtəlif hüquq və vəzifələr daxildir. Müəllif fikirlərini aşağıdakı müddəalar vasitəsilə sübut etməyə çalışır:

- bir çox BQHT-lər BMT-nin özündə və onun ixtisaslaşmış təsisatlarında məşvərətçi statusun mövcudluğuna dair sazişlərə malikdir;

- BQHT-lərin statusu onlara BMT sistemində meydana gələn beynəlxalq ünsiyyətdə iştirak etmək imkanı verir. Lakin həmin əlaqələrin digər iştirakçılarının hüquqları ilə müqayisədə kəskin şəkildə məhdudlaşdırıla bilər. Belə ki, onlar səs hüququna malik olmamaqla yanaşı, beynəlxalq təşkilatların plenar iclaslarında iştirak edə bilmirlər. Lakin bütün bunlarla yanaşı, onların bir sıra beynəlxalq normaların yaradılması və müzakirəsində iştirakı məsələsi də xüsusilə vurğulanmalıdır. Məsələn, Beynəlxalq Amnistiya BMT-ni İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə 1984-cü il Konvensiyasının hazırlanması və qəbuluna təhrik etmişdir. Bundan başqa, Beynəlxalq Hüquqşünaslar Assosiasiyası Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci il Əlavə Protokollarının yaradılmasının əsas təşəbbüskarı qismində çıxış etmişdir. Həmçinin BMT sistemində BQHT-lərin digər funksiyası BMT mexanizmləri vasitəsilə beynəlxalq mübahisələrin həllində mühüm rol oynaması ilə bağlıdır. Nümunə qismində Karib böhranının nizama salınmasında BMT Təhlükəsizlik Şurasının qərarı ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə qoyulan vasitəçilik funksiyasını göstərmək olar;

- BMT təşkilatlar sistemi təkcə özünün müşahidəçi statusuna malik üzv-dövlətlərinə deyil, həm də BQHT-lərə maddi və texniki yardımlar göstərir. Məsələn, 1982-ci ildə YUNESKO BQHT-lərə 6 mln. dollar subsidiya ayırmışdır;

- Təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirməyən və ya beynəlxalq ümumi hüququn normalarını pozan BQHT-lərə münasibətdə BMT beynəlxalq-hüquqi sanksiyaların yerinə yetirilməsini nəzərdə tutur (7, 86-88).

Bundan əlavə, BQHT-lərin hüquq subyektliyi, onun tərkib elementləri, o cümlədən bütövlükdə beynəlxalq hüquq subyektliyi barədə müxtəlif fikirlər səslənməkdədir. Məsələn, Q.V.İqnatenko qeyd edir ki, hüquq subyektliyinin obyektiv meyarı müstəqil fəaliyyətə hüquq qabiliyyəti, hüquqi iradə, beynəlxalq hüquq münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən hüquqi normaların sərbəst şəkildə həyata keçirilməsidir (3, 213).

Onu da qeyd etmək lazımdır ki, beynəlxalq hüquq subyektinin əsas xüsusiyyəti hüquq qabiliyyətidir. Hüquq qabiliyyəti adı altında isə hüquq və vəzifələrə malik olmaq imkanı kimi dəyərləndirilən keyfiyyət çıxış edir. Bir sıra müəlliflər isə hesab edirlər ki, beynəlxalq hüquq münasibətlərinin subyektlərinin hü­quq qabiliyyətinin mövcudluğu şəxsləndirilmə, xarici fərdiyyətçilik, iradə ifadəsi, həmçinin beynəlxalq hüquq normalarının yaradılmasında iştirak kimi xüsusiyyətlərlə xarakterizə olunur (5, 98).

BQHT-lər şəxsləndirilmiş xarakterə malik olmaqla, hüquqi şəxsin bir növü qismində beynəlxalq münasibətlərdə iştirak edirlər. Bundan başqa, hər bir BQHT özünün xarici fərdi xüsusiyyətlərinə - adı, dövlət mənsubiyyəti, nizamnaməsinə və s. malikdir.

V.V.Boqatırev qeyd edir ki, iradə obyektiv və subyektiv mənada mövcud olan hüququn əsas kateqoriyasıdır. Bu onu göstərir ki, subyektiv hüquqların təzahür etməsi üçün ayrı-ayrı şəxslərin və ya kollektivin iradəvi hərəkəti zəruridir. Hüquqi əhəmiyyətli iradə öz hüquqi səmərəsinə görə obyektiv mənada hüquqyaradıcı və ya subyektiv mənada hüquq realizəedici ola bilər. BQHT-lər isə hüquqi və qeyri-hüquqi hərəkətlər, iradənin həyata keçirilməsində ifadə olunan hüquq realizəedci iradəyə malikdirlər (2, 8). 

BQHT-lərin hüquq subyektliyi həm də onların beynəlxalq münasibətlərdə iştirakında təzahür edir. La­kin beynəlxalq münasibətlərdə BQHT-lərin iştirakını xarakterizə edər­kən onu qeyd etmək lazımdır ki, bu mütləq deyil, onlar öz hərəkətlərin­də yalnız nisbi müstəqilliyə malik­dirlər. Belə ki, onların hüquq və vəzifələri beynəlxalq hüququn digər sub­yektləri tərəfindən müəy­yənləş­di­rilir. BQHT-lər həmçinin beynəlxalq hüququn digər subyektlərinin bütün xüsusiyyətlərinə də malik deyildir.

Göstərilənlərlə yanaşı, BQHT-lərin beynəlxalq münasibətlərdə iştirakının forma və metodlarını təhlil edərkən, onların hüquqyaratma və hü­quqtətbiqetmə prosesində iştirakını da vurğulamaq yerinə düşərdi. Belə fəaliyyət beynəlxalq hüquq nor­malarını özündə təsbit edən beynəlxalq aktların işlənib hazırlanması pro­sesində öz ifadəsini tapmışdır. Beynəlxalq hökumətlərarası təşkilatlarla qarşılıqlı məşvərətçi münasibətlər çərçivəsində BQHT-lər subyektlərin hüquqyaradıcılıq fəaliyyətinə bi­­lavasitə təsir etmək imkanına malik­dirlər. Belə təsirin əsas yolları Qis­mində İ.B.Malkina aşağıdakıları qeyd edir:

- beynəlxalq hüququn müxtəlif sahələrinin beynəlxalq-hüquqi tənzimlənməsindəki boşluqların üzə çıxarılmasında beynəlxalq hüququn subyektlərinə yardım edilməsi və bu barədə hökumətlərarası təşkilatların orqanlarına yaxud dövlətlərə məlumatların çatdırılması;

- ekspert, elmi-texniki və digər rəylərin verilməsi yolu ilə qətnamə və konvensiya layihələrinin işlənib hazırlanmasında hökumətlərarası təşkilatlara kömək göstərilməsi;

- ictimai fikrin formalaşdırılması və onlar tərəfindən müqavilə təşəbbüsü barədə dünya ictimai mövqeyinin dövlətlərə və hökumətlərarası təşkilatlara çatdırılması;

- beynəlxalq hüququn bu və ya digər sferasında beynəlxalq müqavilələrin işlənib hazırlanması, qəbulu, imzalanması və ratifikasiyasının zəruriliyi haqqında dünya ictimai fikrinin formalaşdırılması;

- bu və ya digər beynəlxalq hüquq normasının sonrakı tətbiqi üçün heç də az rol oynamayan ictimai təşkilatlar tərəfindən beynəlxalq hüquq düşüncəsinin yaradılması (6, 23-24). 

Bununla belə, QHT-lərin, o cümlədən BQHT-lərin hüquqi statusuna nəzər salarkən, onun milli hüquqla daha çox bağlılığını görməmək qeyri-mümkündür. Çünki istənilən müvafiq qurum hər hansı dövlətin milli qanunvericiliyinə uyğun olaraq təsis edilərək, beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərir. Ümumiyyətlə, əvvəlki dövrlərdə BQHT-lərin yaradılması və fəaliyyəti kimi məsələlər milli hüquqa uyğun olaraq həll edilirdi. Bundan başqa, özünün yaradıldığı ilk dövrlərdə BQHT-lər beynəlxalq hüququn subyekti sayılmadığına görə onların beynəlxalq hüquq subyektliyi məsələsi də müzakirə obyekti olmamışdır. Məhz buna görə də bir sıra müəlliflər (S.B.Krılov, N.A.Uşakov və s.) hesab edirlər ki, milli qanunvericiliyin normalarına əsasən təsis edilən BQHT-lər beynəlxalq hüququn subyekti qismində nəzərdən keçirilə bilməz.  Digər qrup tədqiqatçılar (V.M.Şurşalov, V.V.Krav­çenko və s.) isə BQHT-ləri beynəlxalq hüququn subyekti kimi qəbul etməsələr də, onların beynəlxalq münasibətlərin subyekti olmasını fikrini məqsədəmüvafiq hesab edirlər. Üçüncü qrup alimlər isə (İ.A.Makarova, İ.B.Malkina, T.N.Neş­atayeva və s.) qeyd edirlər ki, fəaliyyət göstərən BQHT-ləri bey­­nəlxalq hüququn subyekti hesab etmək, onların hüquq subyektliyi məsələsini nəzərdən keçirmək olar. On­ların fikrincə, belə təşkilatların hü­quq subyektliyinə beynəlxalq hü­quq normalarında təsbit edilmiş hü­quq və vəzifələrin xüsusi məhdud həc­mini aid etmək lazımdır.  Onu da qeyd etmək lazımdır ki, beynəlxalq hökumətlərarası təşkilatlarla BQHT-lər arasında müəyyən oxşar və fərqli cəhətləri özündə birləşdirir. Belə ki, beynəlxalq hüququn ilkin subyekti sayılan dövlətlərdən fərqli olaraq, göstərilən təşkilatların hüquqi təbiəti köməkçi xarakter daşıyır. Bundan başqa, beynəlxalq hökumətlərarası təşkilatları yaradarkən dövlətlər öz suveren iradələrini, BQHT-ləri təsis edərkən isə fiziki şəxslər və ya birliklər öz suveren iradələrini ifadə edirlər.  

Onların fərqli cəhətlərinə gəldikdə isə bunu aşağıdakılarda ifadə etmək olar:

- BQHT-lər beynəlxalq hüquq normalarına, QHT-lər isə milli qanunvericiliyin müddəalarına uyğun şəkildə yaradılırlar; 

- Beynəlxalq hökumətlərarası təşkilatlara dövlətlər tərəfindən müəyyən hüquq və vəzifələr verilir. Bundan əlavə, onların hüquq sub­yektliyi məqsədli, funksional xarakterli olmaqla, müqavilə mənşəyinə malikdirlər. QHT-lərin mövcudluğu və fəaliyyəti isə onun mənzil-qərargahının yerləşdiyi, yaxud mü­vafiq qurumun qeydiyyatdan keç­diyi ölkənin milli qanunvericiliyinə əsasən tənzimlənir;

- Beynəlxalq təşkilatlar və onların vəzifəli şəxsləri beynəlxalq hüquqa əsasən imtiyaz və immunitetlərdən istifadə edirlər. QHT-lərin əməkdaşlarının vəziyyəti, onların imtiyazı və məsuliyyəti ilə bağlı məsələlər milli hüquq normaları ilə nizama salınır.

Məlum olduğu kimi, BQHT-lərin əsas xüsusiyyəti onların hüquqi statusunun mənzil-qərargahının yerləşdiyi dövlətin milli qanunvericiliyinə əsasən müəyyən edilməsidir. Məhz bu baxımdan praktikada BQHT-lərin milli statusu probleminin həllinə mümkün üç yanaşma mövcuddur:

- QHT-lərin yaradılması və fəaliyyətinin ciddi məhdudiyyətlərlə idarə edildiyi diskriminasion sistem. 1939-cu il tarixli fərmanından başlayaraq 1981-ci ilə qədər Fransada qüvvədə olan müvafiq sistemin mahiyyətinə əsasən inzibati orqanlarının tərkibi baxımından xarici mənşəli hesab olunan assosiasiyalar əvvəlcədən razılıq olmadan yaradıla bilməz və adi inzibati əmrə uyğun olaraq buraxıla bilərdi. Bununla belə Fransa çox böyük və nüfuzlu BQHT-lərin mənzil-qərargahı olmaqda davam edirdi. Bir sözlə, mövcud sistem qanunla reallıq arasındakı uyğunsuzluğun mövcudluğunu üzə çıxardı;

- Common Law-nun tətbiqi. BQHT-lərin bu sistemində onların assimilyasiyaya məruz qalması və milli QHT-lərlə analoji şəkildə status əldə etməsi (yəni, onların təsis edilməsi, buraxılması, fəaliyyəti və digər bu kimi məsələlər qeyd edilən qurumlarla eynilik təşkil edir) özünü daha çox biruzə verir. Fransanın müvafiq qanunvericiliyinə 1981-ci il dəyişikliklərinin həyata keçirilməsindən sonra həmin dövlətin ərazisində BQHT-lərin «Journal Officiel»-da dərc edilən ərizə vasitəsilə təsis edilməsi əsas müddəa kimi qəbul olundu. Beləliklə, həmin ərizəyə əsasən BQHT-lər Fransada fransız vətəndaşları tərəfindən təsis edilən istənilən digər assosiasiyalar kimi subyektiv imkanlar əldə etdilər. Diskriminasion rejimin ləğv edilməsi tərəqqini ifadə etsə də, BQHT-lər tam şəkildə həll olunmamış problem kimi qalmaqdadır;

- Preferensial sistemin əsasını isə Belçika 1919-cu il 25 oktyabr tarixli «Beynəlxalq elmi assosiasiyalar haqqında» Qanunu təşkil edir. Belçika ərazisində BQHT-lərin yaradılmasını təşviq etmək məqsədilə onların Belçika vətəndaşı tərəfindən yaradılmadığı  və ya direktorlarından birinin Belçika vətəndaşı olduğu təqdirdə, Qanun onları korporasiya qismində tanıyır. Adıçəkilən normativ-hüquqi aktın tələbinə əsasən mənzil-qərargahı digər dövlətdə yerləşən beynəlxalq assosiasiyaların Belçika ərazisində hüquqlarını tanıyır. Onu da qeyd etmək lazımdır ki, eksterritorial özəl müəssisənin hüquqlarına dair müvafiq müddəaya digər hər hansı dövlətin qanunvericiliyində rast gəlmək qeyri-müm­kündür. Məhz bu baxımdan mövcud normanın digər dövlətlərin BQHT-lər haqqında qanunvericiliyə daxil edilməsi hüquqi xarakterli problemlərin əsaslı həllinə və transmilli korporasiyaların çoxtərəfli tanınmasına gətirib çıxara bilər. 

Bütün bu deyilənlər nəticəsində BQHT-lərin hüquq qabiliyyəti ilə bağlı aşağıdakı nəticələrə gəlmək olar:

- beynəlxalq hökumətlərarası təşkilatlardan fərqli olaraq, BQHT-lərin yaradılmasının milli hüquq normaları ilə tənzimlənməsi;

- statusun əldə edilməsi faktı və bu prosesin realizə mexanizminin qüvvədə olan beynəlxalq hüquq normalarında nəzərdə tutulması;

- BQHT-lərin beynəlxalq hüququn subyektinə xas müəyyən meyar və əlamətlərə malik olması;

- beynəlxalq-hüquqi sənədlərdə, xüsusilə, QHT-ləri beynəlxalq hüquq münasibətlərinin iştirakçısı adlandıran BMT Nizamnaməsinin 71-ci maddəsində  onlar barədə müddəaların mövcudluğu (4, 20).

 

 

İstifadə olunmuş ədəbiyyat:

 

 

 

Истифадя олунмуш ядябиййат:

 

1.         Актуальные проблемы деятельности международных организаций. Теория и практика / Отв. ред. Г.И. Морозов. М., 1982, с. 116.

2.    Богатырев В.В. Актуальные проблемы юриспруденции. Сборник научных трудов. Вла­димир, 2002, Вып. 3. 

3.    Игнатенко Г.В. К вопросу о понятии и классификации субьектов международного права. Материалы конференции по итогам научно-исследовательской работы за 1968 год. Свердловск, 1969.

4.    Колосов Ю.М., Кривчикова Э.С. Международное действующее право (Избранные документы). М., МАМП, 2002.

5.    Малкина И.Б. Международные неправительственные организации в современном международнов праве. Автореф. дисс……. канд. юрид. наук. Казань, 2001.

6.   Международное право. Учебник / Под ред. Г.И. Тункина. М., 1994.

7.    Международное публичное право. Учебник / Под ред. К.А. Бекяшева. М., 1999.

8.    Нешатаева Т.Н. Международные организации и право. Новые тенденции в международно-пра­во­вом регулировании. М., Дело, 1998.

 

 

ЮРИДИЧЕСКИЙ СТАТУС И ПРИРОДА  МЕЖДУНАРОДНЫХ

НЕПРАВИТЕЛЬСТВЕННЫХ ОРГАНИЗАЦИЙ

 

Аскерова Э.Г.

аспирант БГУ.

 

  В статье подробно анализируются юридическая природа, основные свойства, статус, роль в международных отношениях международных неправительственных организаций (МНПО) и прочие вопросы. Наряду с указанным анализируя формы и  методы участия МНПО в международных отношениях широко отражено их участие правотворчеством и правоприменительном процессе. Такая деятельность нашла свое отражение в процессе разработки международных актов, устанавливающих международные правовые нормы. В рамках взаимных консультативных отношений с международными межправительственными организациями МНПО имеют возможность непосредственно влиять на правотворческую деятельность субъектов.

 

INTERNATIONAL NONGOVERNMENTAL ORGANIZATIONS LEGAL  STATUS AND  CHARACTERISTICS

 

Asgarova E.G.

postgraduate of BSU.

 

Legal characteristics of international nongovernmental organizations (INO), role in international relations and other problems have widely been analyzed in the Article. Besides the stated, on analyzing form and methods of participation of INO in international relations their participation in lawmaking and law  implementation has widely reflected. Such activity has found their expression in the process of international acts working out that determines international norms in  itself. INO has direct opportunity to influence on lawmaking activity of subjects in the frame of mutual consultant relations with international intergovernmental organizations.

 

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.