08.24.2017 08:49
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Qloballaşan dxnyanin alternativsiz inkişaf magistrali

ELŞAD ABDULLAYEV

 

Heydər Əliyev adına Beynəlxalq Strateji Araşdırmalar və

Proqnozlaşdırma Mərkəzinin rəhbəri, hüquq elmləri doktoru, professor


 

İqtisadi yüksəliş və demok­ratikləşmə Azərbaycanın milli inkişafının strateji yoludur

Sivilizasiyanın antik dövrlərin­dən müasir qloballaşma mərhələ­sinə­dək demokratik ideallara bütün varlığı ilə can atan bəşər övladı ədalətə, qanunun aliliyinə əsaslanan sivil cəmiyyətdə yaşayaraq daxili azadlığını, təbii və qazanılmış hüquqlarını buxovlayan bütün sədlərə qarşı amansız mücadilə aparmış, hüquqi dövlətə qovuşmaq arzusu ilə yaşamışdır. Böyük yunan filosofu Demokrit hələ zamanında yazırdı ki, "onun üçün azadlıq köləlikdən nə qədər yaxşıdırsa, demokratik ölkədə yoxsul yaşamaq mütləq hakimiyyət dövründə xoşbəxt yaşamaqdan bir o qədər üstündür". Tarixin ən müxtəlif təkamül mər­hə­lələrində insanlar xalqın haki­miy­yət üzərində dominantlığına əsaslanan demokratiya haqqında düşünmüş, azad­l­ığa can atmış, fəqət bu, heç də hə­mişə bütün ölkələrə, bütün xalqlara nəsib olmamışdır.

 

İdarəetmə forması kimi ilk dəfə qədim yunan şəhərlərində meydana çıxan demokratiya bəşər cəmiyyətinin aktual, mürəkkəb və ciddi mübahi­sələrə yol açan, alternativsizliyi etiraf olunan idarəetmə sistemidir. Bu idarəetmə sistemi xalqın hakimiyyətin mənbəyi kimi tanınmasına əsaslan­maqla, ona dövlət işlərində iştirak hüququ verir, habelə vətəndaşları real hüquq və azadlıqlarla təmin edir. Demokratiya eyni zamanda insanların dövlətin idarə edilməsində iştirak etmək hüququ, fikrini sərbəst ifadə etmək, eşidilə bilmək imkanıdır. Bu quruluş insanların özünü ifadəsinə, hüquqlarını və istəklərini qanuni yolla gerçəkləşdirmək arzusuna cavab verir, təşəbbüslərə, azad yaradıcılığa stimul yaradır. İnsanların yüzilliklər boyu təcrübədən uğurla çıxardığı demokratik dəyərlər dünyanın əksər dövlətlərində milli inkişaf yolu kimi müəyyənləşdirilmiş, dövlət idarəçiliyi­nin, birgə yaşayışın, vətən­daş-hakimiyyət münasibətlərinin tənzim­lən­məsinin bu gün üçün mövcud olan ən optimal və ahəngdar forması kimi dəyərləndirilmişdir. Azadlığa qanuni status verən demokratiya təkcə dövlət idarəetməsində deyil, bütövlükdə ailə­də və cəmiyyətdə münasibətləri tənzimləyən mütərəqqi dəyərlər sistemidir. Bu gerçəklik fonunda ABŞ-ın sabiq Prezidenti R.Reyqan demişdir ki, "demokratiya heç də idarəetmə üsulu deyil, o, hökumətin insanların ailədə və məktəbdə aldıqları əsas dəyərlərin inkişafına mane olmasının qarşısını almaq üçündür".

Avropada və dünyanın demokratiya yolu ilə gedən digər ölkələrindəki sabit ictimai-siyasi vəziyyət, insanların firavan yaşayışı, vətəndaşlar arasında münasibətlərin ahəngdarlığı, insanların bir-birinə böyük hörmətlə yanaşması, dövlət-vətəndaş münasibətlərinin sivil xarakter daşıması demokratiyanın müasir dünyada ən optimal idarəetmə üsulu olduğunu bir daha təsdiqləyir. Çağdaş qloballaşma dövründə demokratiya həm də planetar təfəkkürün formalaşması, ictimai-siyasi proseslərin ümum­bəşəri ideallarla uzlaşdırılması zərurəti kimi nəzərdən keçirilir. Hər bir dövlətin və cəmiyyətin qloballaşma qovşağında yetişəcəyi mühüm nailiy­yətlərdən biri məhz demokratiyaya qovuşmaq, demokratik dəyərləri tam əxz etməkdən ibarətdir. Yeni dünya nizamı demokratiyanı dövlət və cəmiyyətin inkişafının prioritet istiqaməti kimi meydana çıxarmış, demokratik quruluşu sivilizasiyalararası dialoqun əsas amili kimi müəyyənləşdirmişdir. Demokratiya sonu olmayan proses kimi səciyyələn­diyindən bu gün hansısa dövlətdə ideal idarəetmə sisteminin mövcudluğundan danışmaq mümkün deyildir.

Bəşəriyyətin əldə etdiyi böyük uğurlara, demokratiya haqqında yazılan cild-cild kitablara baxmayaraq, bu gün demokratiyanın ümumi, ideal bir modeli formalaşmamışdır. Müasir demokratiya, sadəcə, qlobal transformasiyalar epoxasında dəbdə olan termin olmayıb, bu politoloyi məfhumun hüdudlarından kənara çıxan yeni dünya nizamını formalaşdırmaq tərzi­dir. Dünya məkanı məqsədyönlü şəkil­də liberal dəyərlərə, insan hüquqları və azadlıqlarının, vətəndaş cəmiyyətinin və demokratik özünüdərkin prioritet­liyinə əsaslanan sivilizasiyalı modelin formalaşmasına doğru irəliləyir. Müstəqillik tarixi o qədər də böyük olmayan Azərbaycan Respublikasının qısa müddətdə bu çətin və keşməkeşli yolda ciddi nəticələr əldə etməsi isə kifayət qədər real zəminə söykənir.

Demokratik ideallara bağlılıq Azərbaycan xalqının milli düşüncə sistemində daim özünə möhkəm yer tapmış, onun yüzilliklər boyu can atdığı müstəqil dövlətçilik idealının ümdə qayəsinə çevrilmişdir. Ənənəvi və modernləşmiş sivilizasiyaların qovuşuğunda yerləşmiş respublikamız müstəqillik əldə etdikdən sonra demokratik dəyərlər vasitəsi ilə qlobal dünyaya inteqrasiya və milli-mədəni özünəməxsusluq yolunu seçmişdir. Bu gün Azərbaycan çevik və müstəqil siyasət yeridərək yeni dünya nizamının formalaşması prosesinə öz töhfəsini verir və qloballaşan dünyanın tərkib hissəsinə çevrilir. Respublikamızın demokrtik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər isə məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Ulu öndərimiz hələ 1993-cü ildə xalqın çağırışına cavab verərək mürəkkəb və ağır bir şəraitdə hakimiyyət sükanı arxasına keçmiş, respublikamızın milli inkişaf modelini böyük müdrikliklə irəli sürmüş, ümumbəşəri demokratik dəyərlərə sadiqlik nümayiş etdirmişdir. "Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir" - deyən ümummilli liderimiz demokratik inkişafa məhz insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm vasitə kimi yanaşmışdır.

Azərbaycan xalqının milli kimliyinin, özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş demokratik ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində gerçəkləşdirilməsi də məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev fenomeninin qüdrəti sayəsində Azərbaycanın demokratik quruculuq və milli inkişaf yolu spesifik yönümdə, onun milli xüsusiyyətləri və xalqın mənəvi dəyərləri nəzərə alınmaqla həyata keçirilmişdir. Bu xarüqüladə şəxsiyyətin bütün fəaliyyəti boyunca "milli amil" aparıcı xətt kimi özünü büruzə vermişdir. Heydər Əliyev siyasi fəlsəfəsinə görə, milli amil ölkənin iqtisadi-siyasi, sosial-psixoloji, mədəni həyatının potensiyasını hərəkətə gətirən, ona stimul verən təkmil mexanizmdir. Ulu öndərimiz çıxışlarında daim vurğulamışdır ki, müstəqil dövlət quruculuğunun nailiyyətini təmin edən əsas şərtlərdən birincisi məhz mənəvi-siyasi irsin varisliyidir. Bu siyasi irs Azərbaycanda milli dövlətçiliyin dini, siyasi və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqları kontek­s­tində intişar tapmış demokratik idarə­etmə fəlsəfəsini, mənəvi dəyərləri­mizin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsini, ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyasını, habelə hakimiyyətlə cəmiyyət arasında daimi həmrəyliyin yaradılmasının elmi əsaslarını konseptual formada özündə əks etdirir.

Tarixdən məlumdur ki, bir çox demokratik dövlətlər mütərəqqi dəyişikliklərə çevik uyğunlaşma siyasəti yürütməklə, yeniliklərin bütün müsbət potensialından səmərəli istifadəni təmin edən struktur və mexanizmlər yaratmaqla millilik və dövlətçiliyin ideal balansını, strateji perspektivini təmin edə bilmişlər. Bu nöqteyi-nəzərdən müasir dünyanın sosial-siyasi inkişafının magistral meyillərinin təhlil edilməsi qloballaşma prosesləri ilə üzvi vəhdət təşkil edir. Bütün planeti əhatə edən bu mürəkkəb proseslərdə Azərbaycanın yerini, rolunu, iştirak formalarını və imkanlarını bilmək üçün inkişaf etmiş bir çox dövlətlərin beynəlxalq inteqrasiya xüsusiyyətlərini, dəyişikliklərə və islahatlara necə nail olduqlarını dərindən öyrənmək vacibdir. Respublikamız könüllü olaraq qoşulduğu demokratiya magistralında qazandığı pozitiv nəticələrlə qətiyyən kifayət­lənmir, təkamülə əsaslanan bu yolda həllini gözləyən bir çox məsələlərin olduğunu obyektiv dəyərləndirir.

Bu günlərdə Prezidentin İcra Aparatının dəstəyi, Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçı­lığı ilə təşkil olunmuş "Keçid cəmiy­yətlərində demokratiya" mövzusunda beynəlxalq elmi-praktik konfrans məhz bu baxımdan xüsusi maraq doğurur. Beynəlxalq ekspertlərin, nüfuzlu politoloqların, görkəmli dövlət xadimlərinin, qeyri-hökumət təşkilat­ları rəhbərlərinin iştirakı ilə keçirilən konfrans müasir qloballaşma dövründə demokratiyanın inkişaf meyillərinin, forma və modellərinin bir daha nəzərdən keçirilməsi, keçid cəmiy­yət­lərin­də demokratik inkişaf tendensiyalarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konfransda demokratik inkişafın milli modellərinin tədqiqi ilə bağlı məru­zələr dinlənilmiş, demokratiya ilə bağlı bəzi qəlibləşmiş yanaşmaların çağdaş dövrün yeni politoloji nəzəriy­yələri ilə uzlaşmadığı, demokratik proseslərə yanaşma meyarlarının bəzi hallarda "ikili standart" səciyyə daşıdığı xüsusi vurğulanmışdır.

Azərbaycanın müasir fəlsəfi-siyasi fikrinin nüfuzlu tədqiqat­çıların­dan olan Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin konfransdakı dərin məzmunlu məru­zəsi elmi-praktik konfransın iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanmış, respublikamızın seçdiyi demokratik inkişaf yoluna fundamental yanaşma kimi diqqəti cəlb etmişdir. 40 ilə yaxın müddətdə qazandığı zəngin dövlətçilik səriştəsini, siyasi müşahidələrini, konseptual elmi-fəlsəfi biliklərini ulu öndərimiz Heydər Əliyevin unikal idarəçilik məktəbində daha da zənginləşdirmiş akademik Ramiz Mehdiyev həmin məruzədə demokratik düşüncənin tarixi inkişaf mərhələlərinə toxunmaqla yanaşı, respublikamızın siyasi-hüquqi islahatlar yolunda üstünlük verdiyi təcrübə və meyarlardan söz açmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti ideyasının praktik şəkildə gerçəkləşməsinə yönəlmiş tədbirlərin inamla davam etdirildiyini vurğulamışdır. Ulu öndərimiz Heydər Əliyevin şərəfli həyat yoluna, demokratik idarəçilik fəlsəfəsinə, zəngin dünyagörüşünə, hadisələrə yanaşma üslubuna dərindən bələd olan, böyük hakimiyyət ustadının etibarlı silahdaşı kimi onunla uzun illər çiyin-çiyinə çalışan Ramiz Mehdiyev məruzəsində Azərbaycanın keçdiyi demokratik inkişaf yolunun fəlsəfi-siyasi təsvirini vermişdir.

Akademik haqlı olaraq vurğulayır ki, müasir dünya köklü transformasiya dövrünü yaşayır. Bu, təkcə yeni dünya nizamının hərbi-siyasi aspektləri ilə deyil, eyni zamanda XXI əsrdə dünya inkişafının əsas istiqamətinə çevrilən qloballaşmanın sü­rəti­nin artması ilə bağlıdır. Qloballaşma dünya siyasi məkanının bütün subyektlərini hərəkətə gətirmişdir - siyasi, milli, iqtisadi və mədəni fəallığın bu planetar səviyyəsində həmin hərəkət axınından qıraqda qalmaq, sadəcə olaraq, mümkün deyildir. Bütöv dünyanı əhatə edən bu proses beynəlxalq münasibətlərin subyekti olan siyasi qurumları, istər-istəməz, özünə cəlb edir. Onu kənardan izləmək, qloballaşmanın təsirlərindən heç nə olmayıbmış kimi, yayınmaq, mümkün deyildir. Azərbaycan da uzun müddət keçmiş sovetlər məkanına daxil olan, bu prosesə qoşulmaq üçün heç bir zəruri hazırlıq mərhələsi keçməyən dövlət kimi qloballaşma "qasırğasına" düşmüşdür. Fəqət, ulu öndərimiz Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin yenilməz iradəsi, düşüncəsinin dinamizmi, dünyada ge­dən prosesləri anlamaq, təhlil edib modelləşdirmək, siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti Azərbaycanı davamlı demokratik inkişaf yoluna çıxarmışdır.

Akademik Ramiz Mehdiyev hesab edir ki, yeni minilliyin başlanğıcında formalaşan dünya nizamı qlobal inkişafdakı fərqlər nəzərə alınmaqla, müasir dövrün geosiyasi reallıqlarını əks etdirməli, özgünlüyü dağıtmamalı, əksinə, bütün aktorlara özgünlüyünü inkişaf etdirməkdə kömək etməlidir. Filosof keçid dövrü cəmiyyətləri üçün xarakterik olan bir məqama xüsusi toxunaraq qeyd etmişdir ki, həyata keçirilən hər hansı siyasi-hüquqi islahat ictimai şüur səviyyəsi ilə uzlaşmalı, təkamülə əsaslanmalı, anarxiya və xaos mühitinin formalaşmasına gətirib çıxarmamalıdır. Burada söhbət, ilk növbədə, demokratiyanın süni şəkildə ixrac edilməsinin doğura biləcəyi fəsadlardan gedir. Şübhəsiz, xalqın demokratik dəyərlərin ucuzlaşmasının və təhrif edilməsinin qarşısını almağa imkan verən yüksək sosial rifah halı, mənəvi və mədəni səviyyəsi olmadan demokratik dəyərlərin cəmiyyətdə möhkəmlənməsi də mümkün deyildir. Demokratik ölkələrin təcrübəsi də təsdiqləyir ki, kəskin sıçrayışlarla müşayiət olunan bütün islahatlar, təfəkkürün tez bir zamanda yenidən formalaşması praktik olaraq qeyri-mümkündür. Belə radikal islahatlar inkişafa deyil, keçid prosesinin ləngiməsinə gətirib çıxarır. İctimai şüurda "həzm olunmayan" demokratik normalar mövcud həyat forma və strukturları ilə münaqişəyə girir və son nəticədə cəmiyyət mütərəqqi yenilik­lərə qeyri-adekvat münasibət bəslə­məyə başlayır. Eyni zamanda demokratiya limitinin həddindən çox aşınması nəticəsində yaranmış hərc-mərclik, özbaşınalıq mühiti demokratik təsisatlara və cəmiyyətin özünə təhlükə doğurur. Bütün bunları peşəkarlıqda diqqətə çəkən akademik Ramiz Mehdiyev tamamilə doğru olaraq demokratik cəmiyyətin yaradıl­masında təkamül yoluna üstünlük verilməsi ideyasını ön plana çəkir. Filosof eyni zamanda bəzi Qərb dövlətlərinin "demokratiya pərdəsi" altında öz geosiyasi maraqlarını ger­çək­ləşdirmək cəhdlərini, "ikili standartlar"dan çıxış etməsini təndiq atəşinə tutur. "EDemokratiyanın müda­fiəsi" bayrağı altında ölkələrin daxili işlərinə kobudcasına qarışmaq, onlara siyasi təzyiq göstərmək, seçki proseslərinin, vətəndaş hüquqları və azadlıqlarının vəziyyətinin qiymət­ləndirilməsində ikili standartları zorla qəbul etdirmək cəhdləri demokratik dəyərləri universallaşdırmaq işinə ziyan vurur. Beləliklə, sual doğur: indən belə sivilizasiyalılığı və barbarlığı, təqsirin dərəcəsini və cəzanın həddini müəyyən etmək hüququ kimə və hansı prinsiplər əsasında verilmişdir? Tanınmış Rusiya politoloqu və iqtisadçısı Vladislav İnozemtsev haqlı olaraq yazır ki, "hər bir mədəni fenomen kimi, hər bir intellektual məhsul kimi, demokratiya da bəsitləşdirməyə dözmür - demokratiyanın zor gücünə tətbiq edilməsinin isə nəticəsi yalnız bu ola bilər" - deyən akademik vurğulayır ki, Qərb demokratiyasının qeyri-qərb cəmiyyətlərinin daxili institusional dayaqları ilə bir araya sığmaması yeni qlobal qarşıdurmanın əsasını təşkil edəcəkdir. Ramiz Mehdiyev hesab edir ki, demokratiya suveren olmalıdır və milli inkişaf strategiyasının uğurunun əsası məhz demokratiyanın suverenliyindədir. Demokratiya suveren olduğuna görə, universal dəyər­lərlə yanaşı, milli inkişafın daxili kontekstini, milli "Mən"in fəlsəfəsini və azərbaycançılığın sosiomədəni seqmentini də əks etdirməlidir. Demokratik proseslərin getməsi və inkişafı üçün mütləq ölkə daxilində real zəmin formalaşdırılmalıdır.

Etiraf etmək lazımdır ki, Azərbaycanda demokratiya istilahı uzun illər mahiyyəti üzrə başa düşülməmiş, ən yaxşı halda, ictimai rəy bunu 1993-cü ilin iyun hadisələrinə qədərki proseslər fonunda anarxist meyillər kimi qavramışdır. Ümummilli liderimiz Heydər Əliyev bu yanlış təsəvvürləri dəyişmək üçün hər şeydən əvvəl xalqla əl-ələ verərək hakimiyyət böhranını aradan qaldırmış, cəmiyyətdə yeni mübariz əhval-ruhiyyə yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti parçalanmaqdan xilas etmişdir. Xalqın milli-mənəvi sərvətinə çevrilmiş bu milli birlik sayəsində hazırda respublikamızda demokratik dəyərlər qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir. Azərbaycanda həqiqi demokratiya məhz Heydər Əliyevin milli dövlətçilik irsinin təcəssümü kimi formalaşmışdır. Bu siyasi irs demokratiyanın kütləvi özbaşınalıq kimi başa düşülməsinə və yaxud da ifrat Qərb demokratiyasının neqativ cəhət­lərini özündə ehtiva etməsinə yol vermir. Faktiki olaraq bu kursun bütün sahələrdəki tənzimləmə missiyası ideoloji müstəvidə də özünü doğrultmuşdur.

Bu qaçılmaz gerçəkliyi məru­zəsində konkret fakt və hadisələrlə sübuta yetirən Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanda kardinal dəyişikliklərə yol açan, demokratik düşüncə tərzinin inkişafını stimullaşdıran islahatların əsasının məhz 1993-1996-cı illərdə qoyulduğunu diqqətə çəkmişdir: "EYeni hakimiyyət siyasi və sosial-iqtisadi problemlərin dolaşıq düyünlərini açaraq, Avratlantik məka­na inteqrasiya xətti götürərək, tamamilə ayrı bir ictimai-siyasi və iqtisadi struktur yaratmağa başlamış, ölkənin təcrid vəziyyətindən çıxarılması və vətəndaş cəmiyyəti qurulması prioritetə çevrilmişdir. 1996-cı ildən, dövlət çevrilişləri təhlükələri aradan qaldırıldıqdan sonra ölkədə vəziyyət köklü surətdə dəyişməyə başlamışdır. 1990-cı illərin əvvəllərində Azərbay­canda hökm sürmüş siyasi və iqtisadi hərc-mərcliyə son qoyulmuş, ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Bu gün isə vətəndaş cəmiyyətinin bünöv­rəsi qoyulur. Daha heç kim şübhə etmir ki, Azərbaycan mərhələ-mərhələ dünya təsərrüfat sisteminə inteqrasiya edir. İqtisadiyyatın liberallaşdırılması ölkənin qlobal iqtisadi sistemə inteqrasiyası üçün əlverişli imkanlar yaratmışdır".

Keçid dövrü cəmiyyətlərində demokratiyanın inkişafı ilə yanaşı, dövlət maraqlarının qorunmasının vacibliyi də aktual məsələ kimi gündəmə gəlir. Ulu öndərimiz Heydər Əliyev böyük strateq olaraq liberal dəyərləri üstün tutan bir sıra beynəlxalq siyasi dairələrin "daha çox demokratiya, daha az dövlət" çağırışlarına cavab olaraq, Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi-siyasi regionda, həmçinin, ictimai inkişafın mövcud pilləsində dövlətçilik prinsipinin dominantlıq qazanması zərurətini ustalıqla əsaslandırmağı bacarmışdır. Məsələ bundadır ki, demokratik dəyərlər yalnız tam oturuşmuş, iqtisadi cəhətdən güclü olan, sabit ölkədə tam intişar tapa bilər. Bütün bunlar olmadan demokratik dəyərlərin genişmiqyaslı tətbiqinə yönəlmiş səylər, əslində, "don kixotluğa" bənzəyir və son nəticədə dövlətin dayaqlarının sarsılmasına gətirib çıxarır. Şübhəsiz, dövlət olmadan vətəndaşların demokratik hüquq və azadlıqlarını həyata keçirmək mümkün deyil. Lakin başqa tərəfdən, insanların hüquq və azadlıqlarını qoruya bilmədikləri dövlət də son nəticədə cəmiyyətin inkişafı üçün buxov və əngəl rolunu oynamağa məhkumdur. Ümummilli liderimiz Heydər Əliyev bu siyasi ideyaların hər ikisinin eyni dərəcədə düzgün olduğunu qəbul etmiş, onlar arasında elə uğurlu harmoniya yaratmışdır ki, nə dövlət vətəndaşların, nə də vətəndaşların hüquq və azadlıqları dövlətçilik təmayülünün labüd inkişafına xələl gətirməsin. Məhz bu amil Heydər Əliyevin milli xüsusiyyətləri nəzərə almaqla irəli sürdüyü demokratik və hüquqi dövlət ideyasının başlıca xəttini təşkil edir.

Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev dühası özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyət qurmuş, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet götürmüşdür. Müxtəlif tarixi dövrlərin siyasi təbəddülatları ümummilli problemlərin həllində cəmiyyətin Heydər Əliyev siyasi kursuna olan inamına zərrə qədər də təsir etməmiş, əksinə, bu inam günü-gündən güclənmiş, möh­kəm­lənmişdir. İctimaiyyət Heydər Əliyev siyasətinə olan yüksək etimadın müqabilində dövlətə, hakimiy­yətə inamını bərpa etmişdir. Məhz bu inam da cəmiyyəti anarxist meyillərə sürükləyən mənfi tendensiyalara qarşı güclü immunitet formalaşdırmışdır. Bu baxımdan, Heydər Əliyevin siyasi varislik irsinin altenativsizliyi təkcə praktik məsələlərdə özünü təsdiqlə­məmişdir - bu faktor cəmiyyətin ideoloji istiqamətləri baxımından da ciddi əhəmiyyətə malikdir.

Akademik Ramiz Mehdiyev bu fikirdədir ki, hər hansı cəmiyyətdə yaradılmış demokratiya modellərini doqma kimi götürmək, onu milli təcrübəyə olduğu kimi transformasiya etmək düzgün yanaşma deyildir. Filosof haqlı olaraq Azərbaycanın bəzi müxalifət nümayəndələrinin bununla bağlı yanlış mülahizələrini də konkret arqumentlərlə alt-üst edir: "Azərbay­ca­nın siyasi məkanının bəzi nümayən­dələri arasında belə fikir var ki, demokratiyanın milli modeli özlüyündə yoxdur, çünki demokratiyanın mahiy­yəti universaldır. Onların ağlına da gəlmir ki, universal olan sosial, siyasi və iqtisadi təzahür kimi cəmiyyətin demokratikləşməsi prosesinin özü deyil, demokratiyanın elementləri, tərkib hissələridir. Bizim müxalifətin "nəzəriyyəbaz" liderlərinin bu baxışının nə qədər səhv olduğunu yəqin etmək üçün demokratik dövlətlərin xəritəsinə ötəri nəzər salmaq kifayətdir. ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç və digər dövlətlər özlə­rinin yüksəlişinə görə demokratik quruluşa və demokratiyanın konkret modelinə borcludur. Ancaq hansı modelə? Heç bir ciddi tədqiqatçı iddia etməz ki, bu dövlətlərin hamısı özlərində formaca vahid demokratiya qurmuşdur. Bu dövlətlərdə demokratiyanın universal dəyərlərindən bəhrə­lənərək, demokratik inkişafı hər bir ölkənin mədəni-tarixi inkişafının xüsu­siyyətləri ilə uzlaşdırırlar".

Ulu öndərimiz Heydər Əliyev ic­timai-siyasi sabitliyi tam təmin edərək ardıcıl şəkildə həyata keçirdiyi çoxşaxəli islahatlarla sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Böyük strateq iqtisadi və hüquqi islahatların paralelliyini təmin etməklə məhz bu prinsipə əsaslanmışdır ki, demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibət­lərinin qaydaya salınmasının, cəmiy­yətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir. Əslində, bu gün bütün Qərb nəzəriyyəçilərinin də ümumi qənaəti bundan ibarətdir ki, demokratik dəyərlər yalnız iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə özünə möhkəm dayaqlar tapa bilər.

Ulu öndərimizin siyasi xəttinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev də iqtisadi inkişafa paralel olaraq demokratikləşmə proseslərinin sürətlə aparılmasını vacib sayır və bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın prioritet inkişaf xətti kimi əsaslandırır. Azərbaycan Prezidentinin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbay­canın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər: "Demokratikləşmə prosesi və sosial iqtisadi inkişaf. Bunlar hamısı vahid bir prosesin tərkib hissələridir. Birini o birindən ayırmaq mümkün deyildir. Əgər biz diqqətimizi ancaq iqtisadi məsələlərə yönəltsək, siyasi proseslər kənarda qalsa, demokratikləşmə get­məsə, ölkədə siyasi islahatlar get­məsə, uğur qazana bilmərik. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda, əgər iqtisadiyyat inkişaf etməsə, onda demokratikləşmə prosesi də təhlükə altına düşər. Çünki kasıb ölkədə, çoxlu sosial problemləri olan olkədə insanlar demokratiya, siyasi proseslər haqqında düşünmürlər. İnsanları ancaq gündəlik məsələlər düşündürür. Ona görə paralel şəkildə, hərtərəfli inkişaf Azərbaycanı yaxın zamanlarda çox güclü dövlətə çevirə­cəkdir".

Müasir dövrdə demokratik, hüquqi dövlət quruculuğunun konkret zamanla məhdudlaşmayan, strateji əhə­miy­yət daşıyan, daimi fəallıq və zəhmət tələb edən, sonu olmayan proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. İnsan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviy­yədə qorunmasının, vətəndaş cəmiy­yə­tinin tərəfdarı kimi çıxış edən Azərbaycan Prezidenti respublikadakı sosial-iqtisadi inkişafın sürətli tempinə adekvat olaraq demokratik yüksəliş sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçiril­məsini son dərəcə vacib sayır. Bu yöndə aparılan dövlət siyasətinin mahiyyəti Azərbaycanı müasir dünyaya demokratik dövlət kimi tanıtmaq, ölkənin nüfuzunu qaldırmaq, problem­lərinin tez bir zamanda həllinə nail olmaqdır.

Akademik Ramiz Mehdiyev məhz bu reallıqdan çıxış edərək məruzəsində 2003-cü ildən sonra Azərbaycanda demokratik inkişaf sahəsində keyfiyyətcə yeni mərhələnin başlandığını qeyd etmişdir. Filosof bu xüsusda ölkəmizin son illərdə əldə etdiyi uğurlu iqtisadi nəticələrə diqqət çəkir və haqlı olaraq qazanılan nailiy­yətlərin demokratikləşmə prosesinə mühüm töhfə verəcəyini vurğulayır. Həmçinin qeyd edir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin gerçəkləşdirilməsi qloballaşma layihə­lə­rində ölkənin önəmini əhəmiyyətli dərəcədə artırır, eyni zamanda, Avropa məkanının eneryi təhlükəsizliyi məsələlərini həll edir. Bununla yanaşı, ölkədə yerli sahibkarlığın investisiya imkanları artır, yeni investisiya proq­ramlarının gerçəkləşdirilməsi və neft satışından gələn gəlirlərdən bu layihələrdə istifadə edilməsi üçün geniş perspektivlər yaranır, əcnəbi sərmayədarlar fəal surətdə cəlb olunur. "Ekspertlərin proqnozlarına görə, ixrac edilən neftin həcmi 2008-ci ildə 50 milyon tona çatacaq. 1 barel neftin qiyməti 35 dollardan götürülərsə, dövlət xəzinəsinə əlavə 140 milyard ABŞ dolları gətirəcəkdir. "Qara qızıl"ın cari bazar qiymətinə əsasla­naraq demək olar ki, bu məbləğ yəqin ki, 200 milyard dollar təşkil edəcəkdir. Lakin güclü iqtisadiyyat təkcə karbohidrogen ehtiyatlarının ixracı hesabına yaradıla bilməz. Rabitə və informasiyanın yüksək texnolo­giya­larına yiyələnmək, eneryiyə qənaət, kənd təsərrüfatı məhsullarının istehsa­lını artırmaq uğrunda mübarizə aparılmadan, habelə təhsil və elm sistemini yenidən təşkil edib rəqa­bətədavamlılıq mənbəyinə çevirmədən səmərəli inkişafdan danışmaq çətin olacaqdır. Ona görə də son illər səylər yalnız "qara qızıl"ın ixracından asılı­lığın azaldılmasına və milli iqtisa­diy­yatın digər sahələrinin güclən­diril­məsinə yönəldilmişdir. Ümumilikdə götürdükdə, Azərbaycanda gerçəkləş­dirilən milli layihələr insana, onun həyatının keyfiyyətinin yüksəldilmə­sinə yönəldilmiş sərmayələrdir. Milli layihələrin xüsusiyyəti onların inno­vasiya yönümlü olmasındadır" - deyən akademik Ramiz Mehdiyev həmçinin əlavə etmişdir ki, BMT Baş Məclisinin qəbul etdiyi "Minilliyin inkişaf məqsədləri" Proqramı 2015-ci ilədək yoxsulluğun səviyyəsini yarıbayarı azaltmağı qarşıya məqsəd qoymuşdur. Azərbaycan bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirərək, cari ildə yoxsulluğun səviyyəsini 20 faizə endirmiş, bununla da həmin problemin aradan qaldırılması üçün zəmin yaratmışdır. Prezident İlham Əliyevin prezidentliyinin ilk beş ili sabit iqtisadi və siyasi sistem yaradılmasına, sosial vəzifələrin həllinə, əhalinin ödəmə qabiliyyətinin və rifahının yüksəl­dilməsinə, cəmiyyətin birləşməsinin təməlinin möhkəmlənməsinə yönəldil­mişdir. Bütün bunlar isə Azərbaycanı davamlı demokratiya məcrasına yönəl­tməyə imkan verir.

Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev hesab edir ki, hər bir müasir dövlət müəy­yən şəraitdə idarəçiliyin demok­ratik formasına nail ola bilər. Ancaq məsələ daha çox demokratiyanı saxla­maqdan, idarəçiliyin demokratik for­ma­sını sabit etməkdən ibarətdir. Bu məqsədə çatmaqdan ötrü isə müvafiq iqtisadi baza olmalıdır. Filosofun qəna­ətincə, Azərbaycan siyasi elitası­nın prioritet vəzifələrindən biri də iqtisadi nailiyyətləri yeni demok­ratik şü­urun formalaşdırılması amilinə trans­formasiya etməkdir.  "Keçid cə­miy­yətlərində demok­ra­tiya" mövzu­sun­da beynəlxalq elmi-praktik konf­ran­sın ümumi nəticələri deməyə əsas verir ki, dünya miqyasında qlobal­laşmaya, yeni iqti­sadi və milli istehsal sahələri yaran­mağa, insanın ümum­bəşəri dəyərlərə yiyələnməyə başladığı bir məqamda Azərbaycanın da dün­yanın bu yeni nizama qoşulması, qabaq­cıl dünyaya inteqrasiyası, de­mok­ratik şüur cəhət­dən tam yetkin­ləşməsi son dərəcə vacibdir. Fəqət, 2005-ci ilin parlament seçkiləri fo­nunda "məxməri inqilab" xülyasının puça çıxması göstərmişdir ki, Azər­baycan modelinə süni demok­ra­tiyanın, hər hansı inqilabın ixracı və digər məqamlar tamamilə yaddır.

Bu baxımdan, akademik Ramiz Mehdiyevin məruzəsi yeni dünya nizamı və yaxud nizamsızlığı şərai­tində öz iddiasını dünyaya qəbul etdirməyə çalışan, milli məxsusluğa arxa çevirib dünyaya yeni mövcudluq üsulu vermək istəyən ayrı-ayrı siyasi mərkəzlərə, alimlərə, ayrı-ayrı fikir sahiblərinə verilən cavabdır. Müəllif haqlı olaraq bildirir ki, bazar sub­yektlərinin, yaxud da ayrı-ayrı şəxs­lərin iqtisadi azadlığı olmayan cəmiy­yətdə həqiqi demokratiyadan danış­maq olmaz. Demokratiya həmişə iqtisa­di inkişaf, azadlıq və konsensusla bağlı olmuşdur. Kasıb ölkələr həmişə demokratiyaya can atsalar da, onlara nail olmur, çünki demokratik təsisat­ların təmin edilməsi üçün ölkənin özü inkişaf etməlidir. Azərbaycanın artan iqtisadi imkanları isə ölkəmizdə demokratiyanın yüksək səviyyədə inti­şar tapacağına və ictimai şüurda möhkəm­lənəcəyinə heç bir şübhə qoymur.

 

Мянбя: «Азярбайжан»  гязети,          6 ийун 2007-жи ил, с.6

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.