05.26.2017 02:02
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən terminlər

«MÜASİR BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏRDƏ

İSTİFADƏ  EDİLƏN TERMİNLƏR»

 

1.ADİ VEKSEL – vekseli verən şəxsin  imzası ilə təsdiq edilmiş vekselin digər şəxsə verilməsi barədə şərtsiz yazılı vəddir. Həmin şəxs tələbə görə və ya təyin olunan müd­dət­də veksel sahibinə və ya veksel sahibinin göstərdiyi şəxsə, yaxud təqdim edənə müəyyən edilmiş məbləği ödəyəcəyi barədə öhdəlik  götürür.

2.ADVALOR  RÜSUMLARI gömrük rüsumlarının bir növü. Məbləği malın gömrük dəyərinin  faizi nisbətində müəyyənləşdirilir (ad valorem). Milli gömrük tariflərində rüsumların böyük əksəriyyətinin məbləği advalor formada müəyyənləşdirilir. A.R. gömrük ödənişlərinin həcmini idxalın (ixracın) dəyərindən asılı edir  və bununla da gömrük rüsumunu xarici iqtisadi dövriyyənin tənzimlənməsinin səmərəli vasitəsinə çevirir.

3.AFFİDEVİT and içmə mərasimini icra etmək səlahiyyətinə malik olan şəxsin iştirakı ilə ifadə verən şahidin öz imzası ilə təsdiq etdiyi yazılı sənəd.  Bir sıra ölkələrdə (məsələn, Fransada)  A.  termini  müvəqqəti olaraq xaricdə yaşayan xarici qiymətli kağızlar sahibinin and içərək təqdim   etdiyi   vergi  bəyannaməsidir. Burada məqsəd, iki ölkə arasında ikiqat vergitutmaya cəlb edilməmək haqqında saziş olduğu halda,  həmin şəxslərin daimi yaşadığı  ölkədə gəlirlərindən ikiqat vergitutmaya  cəlb edilməsinin qarşısının alınmasıdır.

4. AFRİKA  İNKİŞAF  BAN­KI  - Afrikanın müstəqil ölkələrinin beynəlxalq maliyyə təşkilatı. BMT-nin Afrika iqtisadi komissiyasının qərarı ilə yaradılmış və  1 iyul 1965-ci ildən fəaliyyət göstərir (Abican şəhərində yerləşir). A.İ.B. üzvləri  53 Afrika ölkəsi (CAR istisna olmaqla)  və 24 başqa  dövlətlərdir. Səhmdar kapitalın nəzarət paketi Afrika ölkələrinə məxsusdur, başqa ölkələrin payına isə kapitalın 1/3 hissəsi düşür. Bankın başında Müdirlər şurası və İdarə heyəti durur, icraçı orqanı isə Direktorlar şurasıdır. Bankın fəaliyyəti kreditlər ayrılmasına, həmçinin Afrika ölkələrinin milli iqtisadiyyatlarının yüksəldilməsini dəstəkləyən layihələr üçün kreditlərə zəmanət verilməsinə yönəldilmişdir. A.İ.B. əsas diqqəti Afrika ölkələrində çayların, dəmir yollarının, avtomobil yollarının üzərindən körpü tikilməsi kimi müştərək layihə-     lərin maliyyələşdirilməsinə yönəldir. A.İ.B.  ərzaq özünütəminatının əldə edilməsinə  və bankın üzvü olan ölkələrin borcları probleminin həllinə yönəlmiş tədbirlərə əhəmiyyətli  diqqət yetirir.

  5.AGENTdigər bir şəxs (prinsipal) üçün alqı-satqı, o cümlədən də xarici ticarət əməliyyatları həyata keçirən hüquqi və ya fiziki şəxs. Brokerdən fərqli olaraq, satıcı və ya alıcıların mənafelərinin kifayət qədər daimi təmsilçisidir. A. aldığı və ya satdığı mallar üzərində mül­kiyyət hüququna malik olmur və təşkil etdiyi sövdələşmələr üçün komisyon haqq alır.

  Bir neçə növ A. fərqləndirilir:  a) istehsalçıları təmsil edən A. onların hər biri ilə qiymətlər, fəaliyyət göstərəcəyi ərazi, tədarük, keyfiyyətlə bağlı zəmanətlər, komissiya haqqının həcmi barədə formal razılaşmaya gəlir; b) satışla məşğul olan A. isə razılaşma şərtləri əsasında istehsalçının bütün məhsulunun satışına cavabdeh olur. Bir qayda olaraq, belə agentlər üçün fəaliyyət göstərəcəkləri ərazi ilə bağlı məhdudiyyət qoyulmur, onlar qiymətlər və satışın digər şərtləri (məsələn,  kredit, malın göndərilmə müddəti şərtləri və s.) ilə bağlı danışıqlar aparmaq səlahiyyətinə malik olurlar;  c) alış üzrə A., adətən, alıcılarla bir sıra məsələlər, məsələn, malın alınması, anbarda, stansiyada    və ya limanda qəbulu, keyfiyyətinin yoxlanması, saxlanması və  alıcılara  göndərilməsi və s. barədə uzunmüddətli müqavilələr əsasında fəaliyyət göstərir. ç) komisyon ticarət üzrə A. mal partiyalarını müəyyən edilən  (istehsalçı ilə razılaşdırılan minimal səviyyədən daha yuxarı olan)  qiymətə satır, öz paylarına düşən komisyon haqqı və digər məsrəfləri çıxır, gəlirin qalan hissəsini isə istehsalçıya verir.                 

  Xarici iqtisadi münasibətlərdə qeydiyyat, transfert, gəmi sahibini təmsil edən, gəmi fraxtı üzrə A. tipləri də geniş yayılmışdır. Belə ki, gəmi sahibinin agenti meydana  çıxan istənilən mübahisədə kapitana yardım göstərə bilər, çünki gəmi fraxtı üzrə agentlər, ilk növbədə, özlərinin və yalnız bundan sonra gəmi sahiblərinin mənafelərini müdafiə edirlər.

6. AGENT  HAQQI vasitəçilik xidmətləinə görə agentə verilən ödəniş. A. H.-nın məbləği agent razılaşması ilə müəyyənləşdirilir və  yerinə yetirilən tapşırıqlardan asılı olur. Ticarət agentləri üçün, adətən, satılan mal və ya xidmətdən əldə edilən məbləğin faizi şəklində müəyyənləşdirilir. Gəmi limanda dayanarkən ona xidmət göstərən agentlər üçün A. H.  həm yükün həcmindən və növündən, həm də gəminin tonnajından  asılı olur. Bir qayda olaraq,  A. H. müəyyən məbləğdə təyin edilir və bəzən çarterdə müvafiq  A. H.  məbləği qabaqcadan nəzərdə tutulur.

7.AGENT  SAZİŞİagentlə onu icarəyə  götürən şəxs (prinsipal) arasında razılaşma. Burada agentin prinsipalın adından üçüncü şəxslərə münasibətdə hərəkətlərinin bütün şərtləri razılaşdırılır, tərəflərin hüquq və vəzifələri, fəaliyyət dairəsi və müddəti, mükafatın həcmi, razılaşma pozulduğu halda tətbiq olunacaq sanksiyalar və sairə müəyyənləşdirilir. Mahiyyət etibarilə A. S. sırf konfidensialdır və münasibətlərin, adətən aşağıdakı üç növünü meydana çıxarır:  a) prinsipalla agent arasında;  b) prinsipalla üçüncü şəxs arasında; c) agentlə üçüncü şəxs arasında. Sənaye mülkiyyəti sahəsində  A. S.  sənaye mülkiyyəti obyektlərinə dair iş icraatı ilə bağlı məsələlərdə patent müvəkkili ilə ərizəçi arasında, həmçinin məhkəmə işləri zamanı bağlanır.

8.«AXSAQ ÖRDƏK» fond birjasının öz borclarını ödəyə bilməyən üzvüdür və bu səbəbdən də onun borcu  ödəmə qabiliyyətinin olmadığı hamıya açıq elan edilməlidir.

9.AKKREDİTİV– idxalçının xahişi və göstərişinə müvafiq olaraq bankın ixracatçıya ödənişi həyata keçirməsi barədə öhdəlik. Müəyyən məbləğ hüdudlarında və müddətdə, bir qayda olaraq, konosament, sığorta polisi və hesab-faktura əsasında nağd hesablaşmada tətbiq edilir. Ödəniş və ona zəmanət qismində  A.  daha çox, beynəlxalq alqı-satqı sövdələşmələrində istifadə      olunur.  A. a)təmiz və b) sənədli kimi fərqləndirilir. Ödənişin daha etibarlı olması və ixrac ödənişinin daha tez alınmasının mümkünlüyü sayəsində, ikinci növ ixracatçı üçün daha əlverişli hesablaşma formasıdır. Bundan başqa, bankların məsuliyyət dərəcəsindən asılı olaraq,  A. aşağıdakı növlərə də bölünür: - geri çağırıla bilən və geri çağırılmayan, bölünən və bölünməyən, birdəfəlik və         öz-özünə təzələnən («revolver A.» adlandırılan), təsdiq olunmuş və olunmamış, təminatlı və təminatsız («ehtiyat A.» adlandırılan). Sonuncu A. növü, öz növbəsində, təminat üsuluna görə fərqlənir. Belə ki, məsələn, təminatlı A. açılarkən, onu açan bank, yəni bank-emitent, eyni zamanda, ixracatçı üçün ödəniş mənbəyi olan valyutanı da köçürür. A. üçün açılma və qüvvədə olma müddətləri malın (xammal, ərzaq, maşınlar, avadanlıq və s.) xarakterindən, saxlanma və daşınma şəraitindən, həmçinin kontraktda nəzərdə tutulmuş  A.  məbləğindən asılıdır.

  10.AKSEPTdaxili və xarici dövriyyədə olan pul və mal sənədlərini ödəmək üçün razılıq. Məsələn, köçürmə veksel, tratta üçün  A.  ödəyicinin vekseli ödəməklə bağlı razılığını bildirir və vekselin üz tərəfində akseptantın müvafiq imzası ilə rəsmiləşdirilir.  

  Mülki-hüquqi münasibətlərdə isə  A.  qismində ofertanın ünvanlandığı şəxsin onu qəbul etməsi barədə cavabı qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409-cu maddəsinin I bəndinə əsasən, A. tam və şərtsiz olmalıdır. A. ilə bağlı digər normalar isə adı çəkilən məcəllənin  həmin maddəsinin  2-9-cu   bəndlərində təsbit edilmişdir.  

  Ödəyici hər bir ödəniş tələbnaməsini ödəmək barədə yazılı razılıq verdiyi halda (xarici ticarətdə bu hal demək olar ki, tətbiq edilmir), inkasso edilmiş sənədlərlə bağlı  A.  müsbət ola bilər. Ödəyici  A.  ilə əlaqədar  razılığını ondan imtina üçün müəyyən olunmuş müddət ərzində təqdim etmədiyi halda da  A.  mənfi ola bilər.

  A.  ilkin və  ya sonrakı da ola bilər. İxrac və idxal edilən mallar üçün tətbiq edilən ilkin  A.  zamanı ondan imtina banka ödəniş vaxtı çatmazdan əvvəl təqdim edilir. Sonrakı  A.  zamanı isə ondan imtina mal haqqında sənədlər ödəniləndən sonra nəzərdə tutulmuş müddət ərzində banka təqdim olunur.

11.AKSEPTANT təqdim olunmuş hesab, veksel üzrə ödənişlərə dair öhdəlik qəbul etmiş şəxs.

12.AKSEPT  KREDİT malların satışının kreditləşdirilməsinin xarici ticarət əlaqələrində geniş tətbiq olunan formalarından biri.

Bank ixracatçı tərəfindən ona ünvanlanan trattanı akseptləşdirir, öz vəsaitlərinə toxunmur, ödəniş vaxtı çatdıqda trattanı ödəmək barədə öhdəlik götürmür. Deməli, formal olaraq, idxalçıya krediti ixracatçı təqdim edir. Bank tərəfindən aksept edilmiş tratta pul bazarında nəzərə alına bilər.

13.AKSEPT-RAMBURS KREDİTİ – ixracın kreditləşdirilməsinin geniş yayılmış formalarından biri. İxracatçının akseptləri ilə idxalçının bank-akseptantın vəsaitini ödə­məsinin (ramburslama) uzlaşdırılmasına əsaslanır. Adətən, idxalçının konkret xarici iqtisadi kontrakt üzrə ödənişlər etməsi üçün ixracatçının bankı tərəfindən idxalçının bankına təqdim edilir.

  A.R.K.  mexanizmi bir neçə mərhələdən keçidi nəzərdə tutur: aksept barədə razılaşma, geri çağırıla bilməyən aksept akkreditiv açılması, malın yola salınması, trattanın nəzərə alınması və sənədlərin banka təqdim edilməsi, trattanın yenidən qeydiyyatı, mal sənədlərinin göndərilməsi və onların idxalçının təminatına təqdimi, vekseldəki məbləğin köçürülməsi və təminatiın qaytarılması (ramburs), vekseldəki məbləğin bank-akseptanta köçürülməsi, ödəmə müddəti çatarkən köçürmə vekselin ödəniş üçün təqdimi. İxracatçı trattanı  idxalçının bankına ünvanlayır, bu bank trattanı akseptləşdirir, ixracatçının bankına geri çağırıla bilməyən aksept akkreditiv ünvanlanır. Öz növbəsində, həmin bank mal sənədlərini idxalçı şirkətə təqdim edir, ixracatçının bankı aksept olunmuş trattanı yenidən qeydə alır. Veksel üzrə ödənişin vaxtı çatmazdan əvvəl idxalçı daha əvvəl verdiyi təminatın əvəzinə öz bankına valyuta ödəyir, idxalçının bankı ixracatçının bankına tratta məbləğini onun ödəniş vaxtından əvvəl köçürür. A.R.K.  zamanı həm köçürmə veksellərdən, həm də aksept akkreditivdən istifadə olunması mümkündür.

14.AKSİZpul şəklində rüsum, müəyyən istehlak mallarından (bir qayda olaraq, spirtli içkilər, tütün məmulatları, neft məhsulları, qəhvə   və s.), bir sıra dövlətlərdə isə yanacaqdan, yollardan, aeroportlardan, dəniz limanlarından istifadəyə və s. görə tutulan  dolayı vergi növlərindən biri. A. dərəcəsi, adətən, 10-30%  arasında olur.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 182-ci maddəsinə görə     (b. 1), A. - aksizli malların sa­tış qiymətinə daxil edilən vergidir. Vergidən azad edilən mallar istisna olmaqla, Azərbaycan Respublikası ərazisində istehsal edilən mallar aksiz vergisinə cəlb  edilir (bax: Azərbaycan Respublikasının Vergi  Məcəlləsi,  XII fəsil, m. 182-195).

Ümumi qaydaya görə, aksiz tutulan mallar idxal edilərkən, onların üzərinə  A. qoyulur və o, malın idxal rüsumu-nun tutulduğu qiymətinə daxil edilir.

15.AKTİVLƏRşirkətə (mü­ə­­ssisəyə) məxsus olan maddi dəyərlər      (torpaq, tikililər, binalar, avadanlıq, xammal və material, hazır məhsul ehtiyatları və s.), qiymətli kağızlar, banklardakı müxtəlif qəbildən  olan əmanətlər, nağd pul, həmçinin qeyri-maddi aktivlər («qudvill», patentlər, müəllif şəhadətnamələri, ticarət maar­kaları və s.).  A. a) likvid    b) qeyri-likvid kimi fərqləndirilir. Likvidlərə qısa bir zaman ərzində   nağd pula çevrilə bilənlər aid  edilir.

 

Tərtib etdi: Elşad Vəliyev, müəllim.

 

 

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.