12.11.2017 04:34
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

BAKI METROPOLİTENİ XİDMƏTİN BEYNƏLXALQ SƏVİYYƏSİNƏ KEÇİD ASTANASINDA

 


Fərid Bağırov,
Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyi Sahibkarlığın inkişafı departa-
mentinin böyük məsləhətçisi


Məqalədə dünyada gedən qloballaşma prosesində metropolitenlərin mühüm bir nəqliyyat növü kimi həyatımızın ayrılmaz hissəsinə çevrildiyi göstərilərək, onun qısa tarixçəsi, istifadə sahəsi, təhlükəsizlik və rahatlıq baxımından əhəmiyyətli nəqliyyat növü olduğu barədə məlumat verilir. Qeyd edilir ki, müasir dövrdə Bakı Metrosunun əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, bu nəqliyyat sistemində dünya təcrübəsində uğurla istifadə edilən texniki imkanların tətbiqi də aktual olmalıdır.
Məqalədə müəllif tərəfindən inkişaf etmiş ölkələrin metropolitenlərinin təcrübəsinə toxunulur. Onun Bakı metropoliten sisteminə tətbiqi ilə bağlı bəzi təklif və tövsiyələr də verilir.

Dünyada gedən qloballaşma prosesi həmişə insanların həyat fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə, yeni-yeni kəşflərin meydana çıxmasına səbəb olub. Bu baxımdan, gündəlik istifadə etdiyimiz nəqliyyat vasitəsi olan metropoliten də vacib bir nəqliyyat növü kimi həyatımıza geniş şəkildə daxil olmuşdur. Metropoliten bütün dünyada insanların yüksək səviyyədə yaşamasını təmin etmək məqsədilə, sərnişinlərin təyinat məntəqələrinə vaxtında çatdırılmasını təmin edən rahat və təhlükəsiz nəqliyyat növü kimi qəbul edilir.
Metropoliten (metro) rels üzərində sərnişin nəqliyyat növü kimi, əsasən, tıxaclı küçə yol hərəkəti olan böyük şəhərlər üçün perspektivli sayılır. Sözü gedən nəqliyyat növünün saatda 45 km sürətlə hərəkət etməsi və bir istiqamətdə 1 saat ərzində 60 minə qədər sərnişin daşıma qabiliyyətinə malik olması bu nəqliyyat vasitəsinin əsas üstünlüklərindəndir. Metropoliten xətlərinin yeraltı tunellərlə yanaşı, məcburi hallarda yerüstü və estakadalar üzərindən də keçməsi mümkündür.
Müasir dövrdə artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmiş metropolitenin yaranma tarixinə nəzər salsaq görərik ki, bu əvəzolunmaz nəqliyyat növü ilk dəfə Londonda tikilmişdir. O zaman analoqu olmayan, uzunluğu 3,6 km olan ilk metropoliten xətti məhz bu şəhrdə 1863-cü ildə tikilib istifadəyə verilib. Qədim London metropoliteni hazırda 408 km uzunluğunda və 273 stansiyası ilə dünyanın ən inkişaf etmiş metropolitenləri sırasında yer tutur. Nyu-York şəhərində isə metropoliten nəqliyyat növü kimi 1868-ci ildən fəaliyyət göstərir. Avropa qitəsində metropoliten 1896-cı ildə Budapeştdə, 1898-ci ildə Vyanada və 1900-cu ildə Parisdə tikilib istifadəyə verilmişdir. Daha sonra Madriddə, Barselonda, Afinada, Stokholmda, Osloda və Tokioda metropoliten nəqliyyat vasitələri istifadəyə verilmişdir. Bu gün artıq dünyanın 200 şəhərində metro fəaliyyət göstərir.
Post sovet məkanında isə bu gün uzunluğu 220 kilometrdən artıq 161 stansiyası olan ilk metropoliten xətti 1935-ci ildə Moskva şəhərində, 1955-ci ildə isə Sankt-Peterburqda fəaliyyətə başlayıb.
Bəzi şəhərlərin metropolitenlərinin yaranma tarixinə nəzər salaq: -Azərbaycanda (Bakı) 1967-ci il; Gürcüstanda (Tiflis) 1966; Macarıstanda (Budapeşt) 1896-cı il; Özbəkistanda (Daşkənd) 1977-ci il; Ukraynada (Kiev) 1995-ci il, (Dnepropetrovsk) 1960-cı il, (Xarkov) 1975-ci il; Böyük Britaniyada (Liverpul) 1967-ci il, (London) 1863-cü il; Belorusiyada (Minsk) 1984-cü il; Rusiyada (Moskva) 1935-ci il, (Nijniy Novqorod) 1985-ci il, (Samara) 1987-ci il, (Sankt-Peterburq) 1955-ci il; ABŞ-da (Nyu-York) 1868-ci il; Fransada (Paris) 1900-cu il; Braziliyada (Rio-De-Janeyro) 1979-cu il; Cənubi Koreyada (Seul) 1974-cü il və Avstriyada (Vyana) 1898-ci ildə.
Metropolitenlərinin tarixi keçmişi ilə fərqlənən şəhərlər sırasına Bakı şəhərini də daxil etmək olar. Bu sırada dünyada metropolitenlərin yaranma tarixi siyahısında Bakı metropoliteninin fəaliyyətə başlaması 1967-ci ilə təsadüf edir. Bu baxımdan, Bakı metropoliteninin yaranma tarixinə nəzər salarsaq, onun şübhəsiz, MDB məkanında qədim metropolitenlərdən olduğunu görmək mümkündür. Qeyd etmək lazımdır ki, Bakı metropolitenenen tikintisinə 1960-cı ildə başlanılmış və 1967-ci ildə ilk dəfə bir istiqamətdə «28 May» keçid stansiyası istifadəyə verilmişdir. Deməli, xətt üzrə həmin ildə birinci «Bakı Soveti», «Nərimanov», 1968-ci ildə «28 May»-«Xətai», 1970-ci ildə «Nərimanov»-«Ulduz», 1972-ci ildə «Ulduz»-«Neftçilər», 1976-cı ildə «28 May»-«Nizami», 1979-cu ildə «Nərimanov»-«Bakmil», 1986-cı ildə «Nizami»-«Əcəmi», 1989-cu ildə «Neftçilər»-«Əhmədli», 1993-cü ildə «Xətai»-«Cabbarlı» birləşdirici xətti və 2002-ci ildə «Əhmədli»-«Həzi Aslanov» istiqaməti üzrə üzrə xəttlər istifadəyə verilib. Göstərilən stansiyalar arasında yeganə olaraq «Bakmil» stansiyası yerüstü xətt ikimi fəaliyyət göstərir.

  1967-ci ildən fəaliyyət göstərən Bakı metropoliteni bu gün 2 xətt üzrə 20 stansiya ilə şəhər əhalisinə xidmət göstərir. Metropolitenin əsas vəzifələrinə aşağıdakıları aid etmək olar:
-şəhər əhalisinin daşınmalara olan tələbatının tam və keyfiyyətlə ödənilməsi, sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi;
-qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi, mütərəqqi texniki vasitələrin, hərəkətin idarə olunmasının müasir sistem və üsullarının tətbiq edilməsi, tikililərin, qurğuların, texniki vasitələrin, qatarların saz vəziyyətdə saxlanılması və s.
Bakı metropoliteninin fəaliyyət dövrünü nəzərdən keçirsək görərik ki, 1970-ci ildə 48 vaqonla il ərzində 46.7 milyon, 2002-ci ilin göstəricilərinə görə isə 205 vaqonla il ərzində 106.0 milyon nəfər sərnişin daşınmışdır. Hazırda Bakı metrosuna gündəlik sərnişin axını 350 min nəfər təşkil edir. Ötən il ərzində isə Bakı metropoliteni ümumi 108 milyon nəfər sərnişin daşımışdır.
Əgər Bakı şəhərində 2 milyondan artıq əhalinin yaşadığını və sahəsinin genişləndiyini nəzərə alsaq, o zaman metropoliten nəqliyyat vasitəsinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Sözsüz ki, belə böyük şəhərdə metropoliten nəqliyyat vasitəsi olmadan keçinmək olmaz. Həmçinin son zamanlar əhalinin sosial-iqtisadi vəziyyətinin yüksəlməsi ilə əlaqədar ölkədə, o cümlədən də Bakı şəhərində avtomobil vasitələrinin artması yollarda tıxacların yaranmasına səbəb olur. Xüsusilə, nəqliyyatın ən qızğın və gərgin pik saatlarında (13:00-15:00 və 17:00-20:00 da) metropoliten nəqliyyat vasitəsi əhalinin rahatlığı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan metropoliten nəqliyyat növü Bakı əhalisinin həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Dövlət metronun şəhər sakinləri üçün əhəmiyyətli olduğunu nəzərə alaraq, hazırda sözü gedən nəqliyyat vasitəsini dotasiya hesabına saxlayır. Artıq 5 ildən çoxdur ki, metroda gediş haqqı 250 manat olaraq qalır. Qeyd etmək lazımdır ki, MDB ölkələri arasında ən aşağı gediş haqqı Bakı metrosundadır. Moskva və Sankt-Peterburq şəhərlərində gediş haqqı 6 dəfə, Tiflisdə isə 2-2,5 dəfə Bakı metrosundakı gediş haqqından yuxarıdır. Təbii ki, bu göstəricilər bir daha dövlətin xalqa qarşı diqqətini sübut edir.
Yaşadığımız müasir dövrdə dünyanın bir çox ölkəsində baş vermiş terror hadisələrinin metroda qarşısını almaq məqsədilə, təhlükəsizlik tədbirlərinin görülməsi zəruridir. Bu baxımdan təhlükəsizliyi təmin etmək məqsədilə Bakı metropolitenində bütün stansiyaların yalnız girişində deyil, həm də minik meydançalarında da kameralar quraşdırılmışdır.
Ümumiyyətlə, insanların təhlükəsizliyi baxımından metroda təhlükəsizlik tədbirlərini gücləndirmək, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etmək bu problemin həllinə təkan verə biləcək amillərdən biridir.
Yuxarıda qeyd edilən problemlərin həlli istiqamətində MDB ölkələri arasında, ilk dəfə olaraq, Bakı metropolitenində hələlik, vaqonların bir hissəsində kameraların quraşdırılması planlaşdırılır. Bu da inkişaf etmiş ölkələrin praktikasından istifadə etmək məqsədilə, atılan addımlardan biridir. Bütün görülən işlər onu göstərir ki, Bakı metropoliteni MDB ölkələri arasında tarixi keçmişi ilə yanaşı, bu gün də onlardan geri qalmır. Təbii olaraq, şəhər üçün vacib əhəmiyyət daşıyan Bakı metropoliteni bununla kifayətlənmir və bu istiqamətdə yeni işlər görməyi planlaşdırır. Metropolitenin qarşıda duran planlarından biri də daha 25 stansiyanın tikib istifadəyə verilməsidir. Bu stansiyalar Badamdar, Biləcəri və Bayıl qəsəbələrini əhatə edəcəkdir.
Tikilməsi planlaşdırılan stansiyaların siyahısına «Əzizbəyov»-«Binə» xəttini də əlavə etmək olar. Stansiyanın 12 km uzunluğunda yerüstü xətt üzərində tikilməsi nəzərdə tutulur.
Bakı metrosunun əhatə dairəsinin genişlənməsi ilə yanaşı, bu nəqliyyat sistemində dünya təcrübəsində müvəffəqiyyətlə istifadə edilən texniki imkanların tətbiqi də aktual olaraq qalır.
Ölkənin inkişaf tempini nəzərə alsaq, MDB ölkələri arasında qabaqcıl sırada olmaqla kifayətlənmək yetərli deyildir. Artıq inkişaf etmiş ölkələrin metropoliteninin təcrübəsi istiqamətində işlər görmək lazımdır. Bakı metropoliteninin London, Nyu-York, Tokio və digər inkişaf etmiş metropolitenlərin təcrübəsini və səviyyəsini qası müddətə əldə etməsi mümkün deyil. Amma metropolitendə aparılacaq islahatlar və yenidənqurma işlərində mümkün qədər bu ölkələrin təcrübəsindən istifadə etmək olar. Məsələn, Fransanın şəhərlərindən Lill metropoliteni ilk dəfə olaraq maşinistsiz metro sisteminə keçib. İndi bu təcrübədən bir çox şəhər metropolitenləri istifadə edir. Bu təcrübənin Bakı metropolitenində də tətbiq olunması məqsədəuyğundur. Digər ölkələrdə tətbiq olunan keçid sistemlərindən də istifadə etmək olar. Yəni keçid kartını kassalardan deyil, qurulmuş müəyyən aparatlar vasitəsilə əldə edilməsini buna misal olaraq göstərmək olar ki, bu da sərnişinlərin kassaların qarşısında növbələrdə vaxt itkisinə yol vermədən rahat şəkildə keçid haqqını aparata daxil edərək keçid kartını əldə etmək imkanını yaradar.
Yeni tikilməsi planlaşdırılan stansiyaların və xəttlər üzərində hərəkət edəcək vaqonların mümkün qədər müasir səviyyədə olması bu istiqamətdə metropolitenin işini rahatlaşdırar. Planlaşdırılan digər «Əzizbəyov»-«Binə» marşrutu üzrə xəttin yer üstündən keçəcəyini nəzərə alsaq, deməli bu xətt üzərindən keçəcək olan vaqonların müasir texnologiyaya uyğun olması həm sərnişinlərin, digər tərəfdən də metropoliten işçilərinin işini rahatlaşdırar, eləcə də şəhərin simasını gözəlləşdirər.
Belə ki, bütövlükdə şəhəri əhatə edəcək metropoliten yollarda müxtəlif istiqamətə hərəkət edən avtobus (mikravtobus) marşrutlarını müəyyən qədər əvəz edə bilər. Deməli, Bakı şəhərinin küçələrində qarşılaşdığımız tıxacların müəyyən qədər azalmasında, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında yeni tikiləcək və şəhəri tam şəkildə əhatə edəcək stansiyaların rolu indidən görünür.

İstifadə edilmiş ədəbiyyat:

1.İnternet səhifələrindən: www.travel.ru; www.metametrobaku.htlm.
2.Əliyev E.Ə. «Nəqliyyat hüququnun əsasları». Bakı, «Hüquq ədəbiyyatı» nəşriyyatı, 2004.
3.Большая Энциклопедия (Кирилла и Мефодия). CD disk şəklində.
4.Советский Энциклопедический словарь. Москва, «Советская энциклопедия», 1986. (Издания четвертое), Главный редактор А.М.Прохоров.
5.«Bakı Metropoliteni»nin Nizamnaməsi.

БАКИНСКИЙ МЕТРОПОЛИТЕН НА ПОРОГЕ ПЕРЕХОДА УСЛУГ НА МЕЖДУНАРОДНЫЙ УРОВЕНЬ



Фарид Багиров,
старший советник Департамента Развития Предпринимательства
Министерства Экономического
Развития Азербайджанской Республики


В статье указывается на то, что процессе глобализации метрополитен превратился в особый, ставший неотъемлемой частью нашей жизни вид транспорта, предоставляейся краткая информация об истории этого удобного и безопасного вида транспорта. Отмечается, что наряду с расширением Бакинского метро, на современном этапе в этой транспортной системе должно быть актуальным применение технических средств, которые с успехам используются в мировой практике.
В статье затронута практика использования метрополитенов в развитых странах и даны рекомендации и предложения, связанные с его применением в систему Бакинского метрополитена.

BAKI METROPOLITAN SERVICES MIGRATING TO INTERNATIONAL STANDARDS

Farid Bagirov,
Senior Advisor of Ministry of Economic
Development of Azerbaijan Republic,
The Department of entiepreneurship
development

It is mentioned in the article that in present time of globalisation process that takes place all around the world, subway being one of the most important means of transport comes into our life. The author gives brief information on the history, sphere of use, safety, and convenience of subway as an important mean of transport.
It is also mentioned that at the same time with issue of expansion of Baki subway system, the matter of successful use of latest technologies and world best practices is very important.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.