12.12.2017 03:02
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Gəncə Beynəlxalq hava limanının açılış mərasimində Prezident İlham Əliyevin nitqi

– Əziz gəncəlilər!
Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və Gəncənin yeni aeroportunun açılışı münasibətilə təbrik edirəm.
Bu aeroport dünyanın ən yüksək standartlarına cavab verir. Burada ən müasir avadanlıq quraşdırılıbdır və aeroportun xarici görünüşü də çox gözəldir. Mən xatırlayıram, biz aeroportun tikintisinə hazırlaşanda qərara gəldik ki, Gəncədə geniş müşavirə keçirək. Çünki Gəncə ictimaiyyətinin bu işlərdə iştirakını çox vacib sayırdıq. Ötən ilin may ayında burada keçirilmiş geniş iclasda aeroportun tikintisi məsələləri həll olundu və eyni zamanda, aeroportun xarici görünüşü haqqında geniş fikir mübadiləsi aparıldı. Mən məsələni belə qoymuşdum ki, Gəncəyə xas olan üslubda aeroport tikilsin və ictimaiyyətin nümayəndələri də bu fikirlə razılaşmışdılar. Beləliklə, bu aeroportun yaradılması bizim hamımızın zəhmətidir, hamımızın xidmətidir. Bu gözəl aeroport uzun illər - onilliklər ərzində Gəncə şəhərinə və gəncəlilərə xidmət edəcəkdir.
Gəncə Azərbaycanın ikinci şəhəridir, qədim şəhərdir və mən çox istəyirəm ki, burada yaradılan hər bir yeni tikili, hər bir yeni müəssisə yüksək standartlara cavab versin. Bu gün biz bunu görürük. görürük ki, Gəncə gözəlləşir, yeni yollar salınır, binalar tikilir, abadlıq işləri gedir. Bu, məni çox sevindirir və bundan sonra da Gəncəni daim dəstəkləyəcək, Gəncənin inkişafına köməyimi əsirgəməyəcəyəm. Bununla yanaşı, onu da qeyd etməliyəm ki, mən Gəncə icra orqanlarının fəaliyyətini də yüksək qiymətləndirirəm. Burada göstərilən təşəbbüslər, görülən işlər məni çox sevindirir. Belə olan halda, işlərimiz daha da sürətlə gedir. Biz düzgün qərarlar qəbul edə, vəsait ayıra bilərik və bunu edirik də. Ancaq əgər yerlərdə bizim göstərişlərimiz icra olunmursa, yaxud da yerli rəhbərlik təşəbbüs göstərmirsə, əlbəttə ki, işimiz istənilən nəticəni verməz. Gəncənin timsalında hər iki amili görürük – həm dövlət qayğısı və əlavə vəsaitin ayrılması, eyni zamanda, yerli icra orqanlarının səmərəli fəaliyyəti. Bunun nəticəsində Gəncə gözəlləşir, abadlaşır və ən müasir şəhərə çevrilir.
Aeroportun tikintisi bütövlükdə bu regionun inkişafına böyük təkan olacaqdır. Çünki bilirsiniz ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının məqsədi məhz regionların inkişaf etdirilməsidir. Regionun da inkişaf etdirilməsi üçün orada müasir infrastruktur obyektləri olmalıdır. Aeroport, avtomobil yolları, sosial infrastruktur obyektləri - bütün bunlar olmalıdır və artıq var. İndi Gəncə-Qazax avtomobil yolunun tikintisi gedir. Bu yol Bakı-Qazax avtomobil yolunun tərkib hissəsidir. Gələn ilin sonuna qədər bu yolun tikintisi başa çatmalıdır və beləliklə, ən müasir, dünya səviyyəli avtomobil yolu yaradılacaqdır. Aeroport tikiləndə vəzifə qoyulmuşdu ki, oradan magistrala qədər olan yol da tikilsin. çünki bir halda ki, belə gözəl aeroport tikilir, onun ətrafı da gözəl olmalıdır və bu gün mən bunu görürəm. İndi bura çox gözəl, abad yerdir. Amma siz də yaxşı xatırlayırsınız, mən də yaxşı xatırlayıram ki, bura nə gündə idi. Aeroportun binası faktik olaraq dağılmışdı. Çox görkəmsiz bir mənzərə var idi. Bu gün isə həm xarici görünüşü, həm də abadlıq işləri ən yüksək standartlara cavab verir. Eyni zamanda, burada aeroport infrastrukturunun bütün parametrləri mövcuddur.
Biz nəqliyyat sektorunun inkişafına çox böyük diqqət göstəririk. Çünki Azərbaycanın coğrafi vəziyyəti çox əlverişlidir. Biz əgər güclü nəqliyyat imkanlarına malik olsaq, ölkəmizi daha da inkişaf etdirə biləcəyik. Bu məqsədlə yeni aeroportlar tikilir. Bu gün Gəncədə aeroport açılır, ondan sonra Lənkəranda, Zaqatala şəhərində yeni aeroportlar istifadəyə veriləcəkdir. Azərbaycanda avtomobil yollarının tikintisi sürətlə gedir. Bütün istiqamətlərdə Azərbaycanı qonşu ölkələrlə birləşdirən magistral yollar tikilir: Bakı-Gürcüstan sərhədi, Bakı-Rusiya sərhədi və Bakı-İran sərhədi. Bununla bərabər, şəhərlərarası yollar, kənd yolları çəkilir. Yol infrastrukturu bütün başqa sahələrə daha da sürətli inkişaf gətirəcək, böyük təkan verəcəkdir. Ona görə buna böyük əhəmiyyət veririk.
Eyni zamanda, nəqliyyat sektorunda mühüm rolu olan gəmiçilik sistemində islahatlar gedir. Yeni yük gəmiləri, tankerlər alınır. Xəzər dənizinin şərqində yerləşən ölkələrdən Azərbaycan ərazisi ilə yükdaşımaların həcmi artır. Dəmir yolunun bərpası və infrastrukturunun inkişafı da indi diqqət mərkəzindədir. Yeni təyyarələr alınır. Yəni ki, bütün sahələrdə işlər gedir. Bütün bunlar Azərbaycanda güclü nəqliyyat sektorunun yaranmasına xidmət göstərir və biz bu gün buna artıq nail olmuşuq.
Azərbaycan istər siyası, istər iqtisadi, istərsə də nəqliyyat baxımından bölgənin mərkəzidir. Belə olan halda, əlbəttə ki, bizim gücümüz, təsiretmə imkanlarımız artır. ölkəmiz hərtərəfli inkişaf edir. İnsanlar bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda daha da yüksək xidmət alırlar. Bütün başqa sahələrdə də biz bunu görürük.
Mən bu gün Gəncədə yeni tikilən üzgüçülük hovuzunun açılışında da iştirak edəcəyəm. Bu hovuzun tikintisi də şəhərin infrastrukturu üçün, idmançılar, şəhər sakinləri üçün çox önəmlidir. Siz, yəqin, yaxşı xatırlayırsınız ki, Milli Olimpiya Komitəsi tərəfindən Gəncədə tikilmiş Olimpiya kompleksinin açılışında ulu öndər Heydər əliyev iştirak etmişdir. Olimpiya kompleksi tikiləndən sonra biz qərara gəldik ki, mütləq üzgüçülük hovuzu da tikilsin. Bu gün də bu, reallığa çevrilibdir. Deyə bilərəm ki, Heydər Əliyevin Gəncəyə o səfəri Gəncənin yeni dövrünün başlanması demək idi. Mən yaxşı xatırlayıram, o vaxt burada olan nöqsanlar, şəhərin bərbad vəziyyətdə olması, infrastrukturun dağıdılması Prezident Heydər Əliyevi çox narahat etmişdi. Məhz o səfərdən sonra islahatlar başlandı, yeni rəhbərlik təyin olundu. Gəncənin inkişaf və tərəqqi dövrü başlandı.
Bu gün Gəncə çox sürətlə inkişaf edən şəhərdir. Gəncənin çox gözəl tarixi abidələri, özünəməxsus xüsusiyyətləri, bənzərsiz siması var. Bütün bunlar qorunub saxlanmaqla bərabər, şəhər müasirləşir. Yeni yollar, xiyabanlar, binalar, aeroport, bütün başqa infrastruktur Gəncənin inkişafı deməkdir. Bu, Azərbaycanın inkişafı deməkdir. Mən çox şadam, çox sevinirəm ki, bütün bu işlərdə bizim hamımızın əməyi var, qəbul etdiyimiz bütün qərarlar vaxtlı-vaxtında icra edilir, bütün proqramlar həyatda öz əksini tapır. Bu, çox vacibdir. Çünki biz istəyirik və Prezident kimi mən çox istəyirəm ki, bütün sahələrdə, – infrastruktur, sosial sektor, məktəblər, xəstəxanalar, - inkişaf sürətlə getsin. Gəncədə indi yeni diaqnostika və müalicə mərkəzi tikilir. Onun təməlini biz birlikdə qoymuşduq. Yəqin ki, yaxın zamanlarda onun da açılışını qeyd edəcəyik. Bu, tibbi xidmətin səviyyəsini artıracaqdır. Orada ən müasir avadanlıq quraşdırılacaq və insanlar yüksək tibbi xidmət alacaqlar.
Azərbaycanın inkişafı bundan ibarətdir – güclü iqtisadiyyat, güclü infrastruktur və güclü sosial siyasət. Bütün bu amillər birləşəndə, biz uğura nail ola bilirik. Azərbaycanda maaşlar, pensiyalar artırılır, məktəblər, xəstəxanalar, bütün başqa infrastruktur obyektləri tikilir, iş yerləri açılır, – o cümlədən Gəncə şəhərində yeni müəssisələr işə düşür, – investisiyalar qoyulur, istilik-elektrik mərkəzinin tikintisi başlanmışdır.
Bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, Gəncədə yeni müasir, çoxmərtəbəli binalar tikiləcəkdir. Amma indi bu reallıqdır və məndə olan məlumata görə, tələbat daha da artır. Yəni insanların imkanları artır və yeni evlərin tikilməsi bunun göstəricisidir. Yeni binaların tikilməsi və bütövlükdə tikinti sektorunun inkişafı hər bir ölkənin ümumi inkişafından xəbər verir. Bakıda tikinti çox sürətlə gedir. O qədər sürətlə gedir ki, indi biz bunu bir az dayandırmağa çalışırıq. Gəncədə isə bu proses təzə-təzə başlayır. çox vacibdir ki, tikilən bütün binalar gözəl memarlıq standartlarına cavab versin. Yəni xarici görünüşü də gözəl olsun, daxili quruluşu da müasir səviyyəyə cavab versin. Mən şübhə etmirəm ki, Azərbaycanın bütün bölgələri, o cümlədən Gəncə şəhəri bundan sonra da sürətlə inkişaf edəcəkdir. Bunu etmək üçün bütün imkanlar var. Elə möhkəm təməl qoyulub ki, bu təməl üzərində istənilən məsələni həll etmək mümkündür.
Bizim məqsədimiz çox konkret və çox sadədir – Azərbaycanın güclənməsi, güclü iqtisadiyyatın yaranması, siyasi sistemin möhkəmlənməsi və insanların həyat səviyyəsinin yaxşılaşdırılması. Bütün bunlar biri-birilə bağlı olan məsələlərdir. Bunları etmək üçün bütün imkanlar var və ən önəmlisi güclü iradə və xalqın dəstəyi var. Bu dəstəyə arxalanaraq, mən bütün islahatları inamla aparıram və sizə söz verirəm ki, gələcək fəaliyyətimdə də bu siyasətə sadiq olacağam.
Üç il bundan əvvəl, oktyabrın 31-də mən Prezident kimi öz fəaliyyətimə başladım. Üç il ərzində görülən işlər haqqında çox danışmağım, bəlkə də, düzgün deyildir. Amma sizə səmimi deyirəm, çox böyük qürur hissi keçirirəm ki, verdiyimiz bütün vədlər həyatda öz əksini tapır, gördüyümüz bütün işlər Azərbaycanın güclənməsinə xidmət edir, bütün siyasətimiz insanların yaxşı yaşamasına yönəldilibdir və biz bu gün bunun gözəl nəticələrini görürük. Bir daha sizə demək istəyirəm ki, mən bundan sonra da əlimdən gələni edəcəyəm ki, doğma xalqıma, Vətənimə sədaqətlə xidmət edim, sizin etimadınızı daim doğruldum.
Əziz bacılar və qardaşlar, əziz gəncəlilər!
Bu gözəl, tarixi gündə mən bir daha sizin hamınızı ürəkdən salamlayır, gözəl aeroportun açılışı münasibətilə sizi təbrik edirəm, hər birinizə cansağlığı, səadət arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı).

MÜNDƏRİCAT

Qars-Tbilisi-Bakı Avropanı Asiya ilə birləşdirən dəmir yoludur
«Azərbaycan Hava Yolları» Dövlət Konserni Avropa ölkələrinin Birləşmiş Aviasiya İdarəsinə üzv qəbul edilmişdir
Rəsmi sənədlər
Azərbaycan Respublikasının Dövlət büdcəsinin tərkibində «Avtomobil yolları» məqsədli Büdcə Fondunun yaradılması haqqında
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.