10.20.2017 03:39
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Dövlətlərarası gömrük münasibətlərinin əlaqələndirilməsinin

əsas xarakterik xüsusiyyətləri

 

 

Gözəlov Əli Vəli oğlu,

Bakı Dövlət Universiteti,

gənc tədqiqatçı.

 

Məqalədə dövlətlərarası gömrük münasibətlərinin əlaqələndirilməsi və beynəlxalq gömrük hüququnun beynəlxalq hüquq sistemində yeri məsələləri beynəlxalq hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi əsasında təhlil edilir. Bu zaman xüsusi olaraq qeyd edilir ki, beynəlxalq hüquq ədəbiyyatlarında artıq bir sıra sahələrin beynəlxalq hüququn mühüm sahəsi kimi formalaşması istiqamətində kifayət qədər tədqiqatların olması bu problemə də diqqətlə yanaşılmanı tələb edir. Belə ki, bu sahədə mövcud münasibətlərin beynəlxalq hüquqla tənzimlənmə zərurəti, həmin münasibətlərin beynəlxalq hüququn digər sahələri ilə tənzimlənə bilməməsi, bu sahədə spesifik prinsiplərin işlənib hazırlanması, kifayət qədər beynəlxalq müqavilələrin qəbul edilməsi, beynəlxalq təşkilati mexanizmlərinin mövcudluğu beynəlxalq gömrük hüququnu beynəlxalq hüququn mühüm sahəsi kimi xarakterizə edir.

 

 

Dünyada baş verən qloballaşma dövründə beynəlxalq hüquq ədəbiyyatında ən  aktual məsələlərdən biri də beynəlxalq hüququn mühüm sahələrinin tədqiqidir. Bütövlükdə, beynəlxalq hüquq dövlətlər arasında onların əməkdaşlığı prosesində yaranan münasibətləri tənzim edən hüquq normalarının məcmusudur. Daha dəqiq desək, beynəlxalq hüquq nəinki dövlətlər arasında, həmçinin beynəlxalq hüququn digər subyektləri arasında yaranan münasibətləri tənzim edən hüquq normalarının məcmusudur. Beləliklə, beynəlxalq hüquq özünün tənzimetmə predmetinə malikdir ki, bu da dövlətdaxili hüququn tənzimetmə predmetindən əsaslı olaraq fərqlənir  (bax: Borisov K.Q. Mejdunarodnoe tamojennoe pravo. M.,1997, s.8).

 Dövlətlərarası münasibətlərin artdığı bir dövrdə gömrük münasibətlərinin də tənzimlənmə zərurəti ortaya çıxır. Bütövlükdə götürsək,  beynəlxalq münasibətlərin hüquqi tənzimlənməsi sahəsində beynəlxalq hüququn yeni mühüm sahələri yaranmışdır. Məsələn, beynəlxalq kosmos hüququ, beynəlxalq nüvə hüququ, ətraf mühitin beynəlxalq hüquqi mühafizəsi, beynəlxalq  humanitar hüquq,  beynəlxalq gömrük hüququ, beynəlxalq nəqliyyat hüququ  və s. Əgər beynəlxalq hüquq bütövlükdə beynəlxalq münasibətlər sferasında yaranan münasibətləri tənzim edirsə, beynəlxalq gömrük hüququ isə malların gömrük sərhəddindən keçirilməsi ilə əlaqədar dövlətlərarası münasibətləri tənzim edir. Yuxarıda göstərilənlərlə əlaqədar belə qənaətə gəlmək olar ki, beynəlxalq gömrük hüququ beynəlxalq hüququn tərkib hissəsidir və özünün spesifik xüsusiyyətlərinə malikdir.

  Beynəlxalq hüquq özünün əsas məqsədilə dövlətlər arasında əməkdaşlıq münasibətləri çərçivəsində dövlətlərin fərdi və kollektiv maraqlarını müdafiə edir, sülhü, beynəlxalq təhlükəsizliyi təmin edir. Müasir beynəlxalq hüququn əsas məqsəd və vəzifələri bütövlükdə beynəlxalq gömrük hüququnun məqsədləri ilə üst-üstə düşür. Ümumilik həm də beynəlxalq müqavilələrlə bağlıdır. Belə ki, hər birinin mənbəyi kimi beynəlxalq müqavilə və beynəlxalq-hüquqi adət çıxış edir. Digər bir xüsusiyyət isə beynəlxalq hüququn və beynəlxalq gömrük hüququnun spesifik prinsipləri ilə bağlıdır.

Müasir beynəlxalq hüquqda bir sıra spesifik normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktiki cəhətdən qeyri-mümkündür. Həmin normalar beynəlxalq hüququn əsas prinsipləridir. Beynəlxalq hüququn əsas prinsipləri bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir: onlar beynəlxalq hüququn ən mühüm normalarıdır; onlar öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır; onlar dünyanın bütün dövlətləri üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtanınmış normalarıdır; onlar ən yüksək hüquqi qüvvəyə malik imperativ jus cogens normalarıdır.

                        Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir, yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn bütün normaları beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olmalıdır. Beynəlxalq hüququn əsas prinsiplərindən kənarda və onlarsız beynəlxalq hüququn özü də yoxdur. Beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə balğlıdır və bir-birini şərtləndirir. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsində qeyd edilir ki, bu prinsiplərin tətbiqi və təfsiri zamanı onların hər biri digər prinsiplərlə sıx kontekstdə nəzərdən keçirilməlidir  (bax:  L.Hüseynov. Beynəlxalq hüquq. Bakı., 2000, s. 30.).

Qeyd etdiyimiz kimi, müasir beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsində (2-ci maddədə) öz əksini tapmışdır.  Sonralar dövlətlər bu prinsiplərin məzmununu dəqiqləşdirməyə çalışmışlar. Bu, BMT Baş Assambleyasının qətnaməsi əsasında BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il  Bəyannaməsinin qəbul olunması ilə nətiicələnmişdir. Doğrudur, Bəyannamədə beynəlxalq hüququn heç də bütün prinsipləri deyil, cəmi yeddi prinsip əks olunmuşdur: güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək prinsipi; beynəlxalq mübahisələrin dinc yolla həll edilməsi prinsipi; xalqların və millətlərin hüquq bərabərliyi və öz müqəddəratını təyin etməsi prinsipi; dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi; dövlətlər arasında əməkdaşlıq prinsipi; dövlətlərin suveren bərabərliyi prinsipi; beynəlxalq hüquqi öhdəliklərin vicdanlda yerinə yetirilməsi prinsipi. 1975-ci il ATƏM-in Helsinki Yekun Aktında isə beynəlxalq hüququn əsas, ümumtanınmış prinsipləri sırasına 3 əlavə prinsip də qeyd edilmişdir: sərhədlərin toxunulmazlığı prinsipi; dövlətlərin ərazi bütövlüyü prinsipi; əsas insan hüquq və azadlıqlarına hörmət prinsipi.

Beynəlxalq hüququn prinsiplərinin xarakterik cəhəti onların qarşılıqlı bağlılığıdır. İ.İ.Lukaşuk göstərir ki, məhz qarşılıqlı əlaqədə onlar öz funksiyalarını yerinə yetirə bilərlər. Belə ki, öz müqqədəratını təyin etmə prinsipi həyata keçirilərkən ərazi bütövlüyü prinsipi hökmən nəzərə alınmalıdır (bax: Lukahuk İ.İ. Mejdunarodnoe pravo. Obhaə çastğ. M., 1996, s.123.). Beynəlxalq hüqunun prinsipləri haqqında Bəyannamədə göstərilir ki, beynəlxalq hüququn prinsiplərininin təfsiri və tətbiqi zamanı onlar qarşılıqlı əlaqədə olur və hər bir prinsipinin başqa prinsiplərlə konteksdə nəzərdə  keçirilməsi zəruridir.

Beynəlxalq hüququn prinsipləri beynəlxalq gömrük hüququnun prinsiplərinin formalaşmasına önəmli təsir göstərir. Beləliklə, beynəlxalq hüququn prinsipləri beynəlxalq gömrük hüququnun prinsipləri üçün əsas və baza rolunu oynayır. Beynəlxalq gömrük hüququnun özünəməxsus bir sıra spesifik prinsipləri mövcuddur: qeyri-qarşılıqlıq prinsipi; yeni iqtisadi qaydanın formalaşdırılması və bu sahədə gömrük əməkdaşlığı prinsipi; dövlətin gömrük suverenliyinə qəsd edən birbaşa və dolayı hərəkətlərin qadağan olunması prinsipi;  daha əlverişli rejimin universal tətbiq sahəsinin genişləndirilməsi yolu ilə beynəlxalq ticarətin daha da genişləndirilməsi prinsipi; inkişaf etməkdə olan ölkələrin iqtisadi suverenliyinin möhkəmləndirilməsi məqsədilə inkişaf etməkdə olan ölkələrin və inkişaf etmiş ölkələrin iqtisadi inkişaf xüsusiyyətlərinin əlaqələndirilməsi prinsipi; gömrük əməkdaşlığı sahəsində beynəlxalq mexanizmin formalaşması və daha da inkişaf etdirilməsi prinsipi.

Beləliklə, beynəlxalq gömrük hüququnun prinsipləri beynəlxalq huququn prinsipləri əsasında formalaşır. Bütövlükdə, beynəlxalq hüququn prinsipləri beynəlxalq hüququn ayrı-ayrı sahələrinin spesifik prinsiplərinin formalaşmasına bilavasitə təsir edir. Məhz bu xüsusiyyətləri nəzərə alaraq beynəlxalq gömrük hüququnun beynəlxalq hüququn tərkib hissəsi kimi formalaşmasını sübut etmək olar. 

Yuxarıda göstərilənlərlə əlaqədar beynəlxalq gömrük hüququnu malların və nəqliyyat vasitələrinin dövlətin gömrük sərhəddindən keçirilməsi ilə əlaqədar, gömrük tariflərinin müəyyən edilməsi və unifikasiyası, gömrük rüsumlarının müəyən edilməsi, kontrabanda ilə mübarizədə dövlətlərin beynəlxalq əməkdaşlığı, dövlətlərin iqtisadi təhlüksizliyi ilə əlaqədar  beynəlxalq hüququn norma və prinsiplərin məcmusu kimi xarakterizə etmək olar (bax: Borisov K.Q. Mejdunarodnoe tamojennoe pravo. M., 1997, s. 20.).

                        Beynəlxalq gömrük hüququndan danışarkən beynəlxalq gömrük hüququnun sistemini nəzərdən keçirmək lazımdır. Beynəlxalq gömrük hüququnun sistemi beynəlxalq gömrük hüquq institutlarının müəyyən ardıcılıqla  düzülməsidir. Beynəlxalq gömrük hüququnun sistemi 2 hissəyə bölünür: ümumi hissə və xüsusi hissə. Ümumi hissədə aşağıdakı blok məsələlər əhatə edilir: beynəlxalq hüququn tərkib hissəsi kimi beynəlxalq gömrük hüququnun anlayışı və predmeti; gömrük münasibətlərinin milli-hüquqi və beynəlxalq-hüquqi tənzimlənməsi; beynəlxalq gömrük hüququnun hüquqi təbiəti və s. Beynəlxalq gömrük hüququnun xüsusi hissəsi   isə aşağıda göstərilən elementlər qrupunu əks etdirir: beynəlxalq gömrük hüququnda azad iqtisadi  zonalar institutu; beynəlxalq hüquqda və dövlətlər praktikasında gömrük ittifaqları və azad ticarət zonaları; gömrük məsələləri üzrə beynəlxalq təşkilatlar; gömrük proseduralarının sadələşdirilməsi və harmonikləşdirilməsi üzrə beynəlxalq standartlar və s.  (Sandrovskiy K.K. Mejdunarodnoe tamojennoe pravo. Kiev, 2001, s. 20-21.)

Beynəlxalq gömrük hüququ mənbələrinin təhlili də onun əsas xüsusiiyətlərini müəyyən etməyə imkan verir.  Beynəlxalq müqavilə beynəlxalq gömrük hüququnun əsas mənbələrindən biri olub, iki və ya daha artıq dövlət (və ya beynəlxalq hüququn digər subyektləri) arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələri müəyyən edən razılaşma kimi başa düşülür. Beynəlxalq müqavilə vasitəsilə dövlətlər və habelə beynəlxalq hüququn digər subyektləri, məsələn, beynəlxalq təşkilatlar öz aralarında ortaya çıxan müxtəlif xarakterli məsələləri həll edirlər. İndiki dövrdə beynəlxalq münasibətlərin elə sahəsini göstərmək olmaz ki, orada beynəlxalq sazişlər mövcud olmasın. Beynəlxalq müqavilələrdə dövlətlərin hüqüq və vəzifələri daha dəqiq və birmənalı təsbit olunur, onların beynəlxalq səviyyədə və dövlətdaxili hüquq sistemində həyata keçirilməsi üçün zəruri hüquqi mexanizm nəzərdə tutulur. Bu baxımdan,  beynəlxalq müqavilə müasir beynəlxalq hüququn ən mühüm mənbə növü  kimi çıxış edir.

                        Gömrük işi sferasında  bir sıra mühüm beynəlxalq müqavilələr imzalanmışdır. Məsələn, Tranzit azadlığı haqqında 20 aprel 1921-ci il Barselona Konvensiyası; Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında 3 noyabr 1923-cü il Cenevrə Konvensiyası; Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında 15 dekabr 1950-ci il Brüssel Konvensiyası; Turistlər üçün gömrük güzəştləri  haqqında 1954-cü il Nayrobi Konvensiyası; Xüsusi yol nəqliyyat vasitələrinin müvəqqəti idxalı haqqında 4 iyun Nyu-York Konvensiyası; Konteynerlərə aid 18 may 1956-ci il Gömrük Konvensiyası; ATA Konvensiyası-6 dekabr 1961-ci il Brüssel Konvensiyası; Elmi avadanlıqların müvəqqəti idxalı haqqında 11 iyun 1968-ci il Brüssel Konvensiyası; Pedaqoji materialların müvəqqəti idxalı haqqında 8 iyun 1970-ci il Brüssel Konvensiyası; Malların beynəlxalq tranziti haqqında 7 iyun 1971-ci il Vyana Konvensiyası; Konteynlər haqqında 2 dekabr 1972-ci il Cenevrə Konvensiyası; Gömrük proseduralarının sadələşdirilməsi və uyğunlaşdırılması haqqında 8 may 1973-cü il Kioto Konvensiyası; BYD Konvensiyası - 14 noyabr 1975-ci il Cenevrə Konvensiyası; Beynəlxalq qarışıq yük daşımaları haqqında 27 may 1980-ci il BMT Konvensiyası; Müvəqqti idxal haqqında 1990-cı il İstanbul Konvensiyası; QATT Uruqvay raundunun Yekun Aktı - Mərakeş 15 aprel 1994-cü il Sazişləri   (bax: Sandrovskiy K.K. Mejdunarodnoe tamojennoe pravo. Kiev, 2001, s. 181-185.).

Azərbaycan Respublikası gömrük işi sferasında qəbul edilmiş mühüm beynəlxalq müqavilələrin iştirakçısıdır.  Məsələn, 14 noyabr 1975-ci il tarixli BYD kitabçalarının tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası (Azərbaycan Respublikası Konvensiyaya 12 mart 1996-cı il Qanun ilə qoşulmuşdur); Sərhədlərdə yüklərə nəzarətin razılaşdırılmış şərtlərinin tətbiq edilməsi haqqında 21 oktyabr 1982-ci il tarixli Beynəlxalq Konvensiya (Azərbaycan Respublikası Konvensiyaya 11 fevral 2001-ci il tarixli Qanun ilə qoşulmuşdur); Yol-nəqliyyat vasitələrinin kommersiya və ticarət məqsədilə müvəqqəti idxalı haqqında 18 may 1956-ci il tarixli Beynəlxalq Konvensiya (Azərbaycan Respublikası Konvensiyaya  11 fevral 2000-ci il tarixli Qanunu ilə qoşulmuşdur); Konteynlərə münasibətdə 2 dekabr 1972-ci il tarixli Gömrük Konvensiyası (Azərbaycan Respublikası Konvensiyaya 12 dekabr 2000-ci il tarixli Qanunu ilə qoşulmuşdur); Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında 14 iyun 1983-cü il tarixli Beynəlxalq Konvensiya (Azərbaycan Respublikası Konvensiyaya 2 may 2000-ci il Qanunu ilə qoşulmudur) və s.

Yuxarıda qeyd edilənlərlə əlaqədar belə qənaətə gəlmək olar ki, əgər beynəlxalq hüquq bütövlükdə beynəlxalq münasibətlər sferasında yaranan münasibətləri tənzim edirsə, beynəlxalq gömrük hüququ isə malların gömrük sərhəddindən keçirilməsi ilə əlaqədar dövlətlərarası münasibətləri tənzim edir. Beynəlxalq gömrük hüququ beynəlxalq hüququn tərkib hissəsi olmaqla  onun müstəqil sahəsidir.

 

                                                           İstifadə edilmiş ədəbiyyat:

 

1. Əliyev Ə.İ. Azərbaycan Respublikasının gömrük siyasəti və gömrük işi sferasında beynəlxalq hüquqi əməkdaşlıq məsələləri. // Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakultəsinin 10 illiyinə həsr olunmuş elmi konfrasın materialları. Bakı, 2002, səh. 231-237.

2. Əliyev Ə.İ. Dövlətlərin gömrük işi sferasında əməkdaşlığının beynəlxalq-hüquqi tənzimlənməsi. // Azərbaycan hüquq jurnalı, 2002, № 1, səh. 97-104.

3. Əliyev Ə.İ. «Beynəlxalq gömrük hüququ» kursunun proqramı. Bakı, 2002.

4. Əliyev E.Ə. Beynəlxalq nəqliyyat daşımalarının konvension təsbiti. Bakı, 2002.

4. Hüseynov. L.H. Beynəlxalq hüquq. Bakı,2000.

5. Борисов К.Г. Международное таможенное право. М., 1997.

6. Габричидзе Б.Н. Российское таможенное право. М., 2001.

7. Дюмулен И.И. Всемирная торговая организация. М., 1997.

8. Козырин А.Н.  Таможенная политика. М., 1998.

9. Лукащук И.И. Международное право. Общая часть. М., 1996.

10. Международное право / Под ред. Ю.М.Колосова и В.И.Кузнецова. М., 1998.

11. Сандровский К.К. Международное таможенное право. Киев, 2001.

12. Шумилов  В.М. Международное экономическое право. М., 1999.

 

 

                                               Основные характерные особенности координации

  междугосударственных таможенных отношений

 

 

Гезалов Али Вели оглы,

Бакинский Государственный

Университет, молодой исследователь.

 

В статье, на основе существующих в литературе по международному праву разных мнений, анализируется вопросы координации межгосударственных таможенных отношений и место международного таможенного права в системе международного права. При этом особо отмечается, что в литературе по международному праву имеется достаточно большое количество исследований, посвященных формированию ряда отраслей в качестве важных сфер международного права, что требует более внимательного отношения к этой проблеме. Такие факторы, как необходимость международно-правового регулирования существующих в этой сфере отношений, невозможность регулирования этих отношений средствами других отраслей международного права, разработка специфических принципов в этой сфере, принятие достаточного числа международных договоров, существование международно-организационных механизмов характеризуют международное таможенное право как важную сферу международного права. Вышеотмеченные обстоятельства еще более обосновываются специфическими принципами международного таможенного права, формирующимися на основе принципов международного права. В частности, речь идет о принципе запрещения прямых и косвенных действий, покушающих на таможенный суверенитет, принципе расширения сфер внедрения применения наиболее благоприятного режима, принципе формирования и дальнейшего развития механизма таможенного сотрудничества и т. д.

 

 

 

 

 

 

 

 

 

The main principles of coordination intergovernmental custom relations.

 

 

Gozalov Ali Veli,

BSU, young reasercher.

 

 

In article analyzed problem of coordination intergovernmental custom relations and the place of international custom law in international law system according to the different opinions. It is mainly noted that there are a lot of research in international law literature devoted to the filing of international law, which claim more attention to this problem. Such facts as development of specific principles, acceptance of international contracts, being of organizational mechanisms show international custom law as important area. Above mentioned facts more supported with specific principles of international custom law, with based on the principles of international law.

 

MÜNDƏRİCAT

«İcbari ekoloji sığorta müqaviləsinin bağlanma Qaydası və icbari ekoloji sığorta müqaviləsi və şəhadətnaməsinin formaları»nın təsdiq edilməsi haqqında
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.