10.18.2017 15:00
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

      STRATEJİ MƏQSƏDİMİZ AZƏRBAYCANIN TRANZİT

   ÖLKƏ KİMİ ƏHƏMİYYƏTİNİ DAHA DA ARTIRMAQDIR

 

 

      Nəqliyyat naziri Ziya Məmmədov ölkənin yol nəqliyyatı kompleksinin

                  inkişafında yeni mərhələnin başlandığı qənaətindədir

 

 

Son 10 ildə ölkə iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrində müşahidə olunan pozitiv inkişaf və tərəqqi özünü nəqliyyat-kommunikasiya sistemində də qabarıq göstərir. Sosial-iqtisadi inkişafa təkan verən bu şəbəkənin tamamilə yenidən qurulması və modernləşdirilməsi  istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın avtomobil, dəmir yolu, su və hava nəqliyyatı komplekslərində yük və sərnişin  daşımalarının illik həcminin kəskin surətdə artımı ilə müşahidə olunur. Yol nəqliyyatı sisteminin, xüsusilə də  magistral avtomobil yollarının əsaslı təmiri və bərpası məsələsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında da strateji vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Nəqliyyat naziri Ziya Məmmədov nəqliyyat sektoru ilə bağlı bu və digər məsələlərlə geniş aydınlıq gətirmişdir.

 

                İnteqrativ proseslərin geniş  vüsət aldığı müasir qloballaşma şəraitində hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti həm də onun malik olduğu nəqliyyat-kommunikasiya kompleksinin inkişaf səviyyəsi ilə ölçülür. Geniş və çoxşaxəli, mükəmməl infrastruktura malik, dövrün tələblərinə cavab verən       yol-nəqliyyat  şəbəkəsi  olmayan hansısa dövlətin dinamik inkişafından söz açmaq qeyri-mümkündür. Bu reallığı böyük müdrikliklə yüksək  qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikanın əlverişli geostrateji mövqeyini, eləcə də  beynəlxalq əhəmiyyətli, qlobal kommunikasiya xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşdiyini nəzərə alaraq, yol-nəqliyyat  sisteminin tamamilə yenidən qurulmasını və modernləşdirilməsini özünün dərin elmi  əsaslara söykənən iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Böyük  öndər Azərbaycanın perspektiv iqtisadi inkişafına hesablanmış təkmil fəaliyyət konsepsiyasına  əsaslandığından, yol-nəqliyyat kompleksinin müasir tələblərə uyğun  qurulmasını son dərəcə vacib sayırdı.   «Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir» - deyən ümummilli liderimiz Heydər Əliyev dəmir yolu, su, avtomobil, hava nəqliyyatı sahələrinin dinamik inkişafına Azərbaycanın xarici iqtisadi, ticari, humanitar və mədəni əlaqələrinin inkişafı baxımından da qiymət verirdi.

                Bu həssas və qayğıkeş rəhbər münasibəti həm də real vəziyyətin  kritikliyi ilə şərtlənirdi. Dövlət  müstəqilliyinin ilk illərində Azərbaycanda hakimiyyətdə olan təsadüfi, naşı qüvvələrin yeritdiyi uğursuz iqtisadi siyasət nəticəsində Azərbaycanın yol-nəqliyyat kompleksində də dərin böhran hökm sürürdü. İctimai siyasi sabitliyin olmadığı, özbaşınalağın, xaosun hökm sürdüyü bir şəraitdə Azərbaycana əlverişli tranzit zona kimi etimad  azalmış, respublikanın ərazisindən yük və sərnişin  daşınmalarının həcmi kəskin surətdə aşağı düşmüşdü.            Lakin ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və prinsipiallığı, habelə uzaqgörən daxili və xarici siyasəti nəticəsində bu böhranlı vəziyyəti qısa müddətdə aradan qaldırmaq mümkün oldu. Azərbaycanın bir sıra aparıcı qonşu dövlətlərlə  münasibətlərinin sivil məcraya yönəldilməsi xarici iqtisadi-ticari əlaqələrin bərpasına və bilavasitə nəqliyyat-kommunikasiya kompleksinin yüksəlişinə təkan verdi.

                1994-cü ilin sentyabrında Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrdə inkişafının əsasını qoyan «Əsrin müqaviləsi»nin imzalanması ilə respublikanın iqtisadi  və tranzit-kommunikasiya əhəmiyyəti xeyli dərəcədə artdı. Şərqlə-qərb arasında strateji körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit  əhəmiyyətli dövlətlərdən biri kimi bölgədəki lider statusunu təmin etdi. Tarixi İpək yolunun bərpası ideyasının əfsanədən reallığa çevrilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın geostrateji və coğrafi əhəmiyyətini daha da artırdı. Xüsusi  vurğulamaq lazımdır ki, beynəlxalq əhəmiyyətli bu layihənin reallaşması məhz ulu öndərimiz Heydər Əliyevin gərgin və çoxşaxəli fəaliyyətinin, qətiyyətinin nəticəsidir.

                TRASEKA layihəsi 1993-cü ildə Brüsseldə keçirilən Avropa  İttifaqının sammiti zamanı Orta Asiya ölkələri, cənubi Qafqaz respublikaları və təşkilatla imzalanmış sazişə əsasən həyata keçirilir. Layihənin icrasında ən mühüm mərhələ isə 1998-ci il sentyabrın 8-də  Bakıda «Böyük İpək yolunun bərpası» mövzusunda keçirilən beynəlxalq konfrans hesab edilməlidir. Ümumilikdə 32 dövlət və 13 beynəlxalq  təşkilatın nümayəndələrinin iştirak etdiyi bu irimiqyaslı tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin  inkişafı  üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş imzalanmışdır. Bu saziş onu imzalayan ölkələr arasında beynəlxalq yük  və sərnişin daşımalarını, həmçinin üçüncü ölkələrlə tranzit daşımalarını tənzimləyir. Konfrans nəticəsində həmçinin TRASEKA layihəsinin daimi katibliyinin Bakıda yerləşməsi haqqında qərar da qəbul edilmişdir. Bu, bir daha Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin formalaş-dırılmasında Azərbaycana necə böyük əhəmiyyət verildiyini təsdiqləyir.

Hazırda TRASEKA layihəsinin həyata keçirilməsi üzrə  bir neçə tenderin elan olunması üçün hazırlıq işləri aparılır. Birinci tender Mərkəzi Asiyanın  dəmir yollarının telekommunikasıyası  layihəsi üzrə elan olunacaq. Bu layihə üzrə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanın  dəmir yollarının optik lifli kabel sisteminin yaradılması nəzərdə tutulur. İkinci tender Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün  naviqasiya  avadanlıqlarının alınması layihəsi üzrə keçiriləcək. Sözügedən layihə Bakı, Aktau və Türkmənbaşı limanlarının beynəlxalq  konvensiyalara  uyğun naviqasiya avadanlıqları ilə təchizatını,  həmçinin həmin limanlarda gəmilərin və sərnişinlərin  təhlükəsizliyinin təmin olunmasını, habelə su məkanının çirklənmədən müdafiəsini nəzərdə tutur. Üçüncü tender isə tranzit  rüsumları və tarifləri üzrə vahid siyasət  haqqında layihə üzrə elan olunacaq. Bu layihə TRASEKA-nın rəqabət qabiliyyətliliyini artırmaq üçün  nəqliyyat daşımalarına tətbiq olunan  rüsum və tariflərin rasional  səviyyəsinin müəyyən edilməsini nəzərdə tutur. Dördüncü  tender Fərqanə düzənliyi, Bişkek və Qaşqar arasında yeni dəmir yolu rabitəsinin texniki əsaslandırılması layihəsi üzrə keçiriləcək. Layihə ilə göstərilən xəttin Çin-Qırğızıstan (Qaşqar-Orş) dəmir yolu qoluna  birləşdirilməsinin texniki-iqtisadi  əsaslandırılması  hazırlanacaq. Bütün bu layihələrin həyata keçirilməsinə  maliyyə dəstəyi isə Avropa İttifaqının TASİS proqramı çərçivəsində veriləcəkdir.

Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizində iştirakı da ölkəmizin iqtisadi və strateji maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. 2001-ci ilin aprelində  Tehranda Rusiya və İran arasında nəqliyyat sahəsində imzalanmış memorandumda qeyd edilir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin  genişləndirilməsi üçün məqsədəuyğun  istiqamətlərdən biri də Rusiya-Azərbaycan-İran dəmir yolu marşrutunun inkişaf etdirilməsidir. Hazırda  hər üç ölkənin dəmir yolu xətlərinin birləşdirilməsi üçün Astara-Rəşt dəmir yolu xəttinin çəkilməsi zəruridir ki, bu məsələ də perspektivdə reallaşmaq üzrədir.  Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında iştirak etməklə böyük iqtisadi dividendlər qazanacaq. Təkcə 2004-cü ildə bu dəhlizlə daşınan yüklərin həcmi     25 milyon ton olmuşdur və gələcəkdə bu rəqəmin artacağı şübhəsizdir.

Beləliklə,  Azərbaycanın əlverişli geoiqtisadi mövqeyi ona həm Şərq-Qərb, həm də Şimal-Cənub əlaqələrində «açar» əhəmiyyətli ölkələrdən biri kimi çıxış etməyə  imkan verir. Azərbaycan  faktiki  olaraq iki nəhəng nəqliyyat dəhlizinin kəsişmə nöqtəsində yerləşir.  Bu dəhlizlərdə  iştirak edən respublikamız iqtisadi müstəqilliyini artırmaqla yanaşı, Avropa və dünya bazarlarına  alternativ  nəqliyyat marşrutları ilə  çıxmaq imkanı qazanır. TRASEKA Avropadan Asiyaya uzanan ən qısa yollardan biridir. Təsadüfi deyildir ki, 1999-cu illə müqayisədə bu dəhlizlə yük  daşımalarının həcmi 1,7, sərnişindaşıması isə 2,4 dəfə artmışdır. Yalnız 2004-cü ildə bu dəhlizlə 40,8 milyon ton yük daşınmışdır.  

1993-cü ildən etibarən   Azərbaycanın yol nəqliyyatı kompleksinin dinamik inkişafı, infrastrukturun  yeniləşdirilməsi,  bu sahədə müasir texnologiyaların tətbiqi istiqamətində ciddi nailliyyətlər əldə  olunsa da, dövlət  siyasətini həyata keçirən mərkəzi icra orqanı yox  idi. Ümummilli liderimiz Heydər Əliyevin belə bir nazirliyin yaradılması ilə bağlı müdrik qərarı da məhz vahid  nəqliyyat kompleksinin  yaradılması  zərurətilə  şərtlənirdi. Belə bir nazirliyin  yaradılması həm də Azərbaycanın böyük  enerji və kommunikasiya layihələrinin lokomotivi qismində çıxış etməsi, regional inteqrasiya proseslərində aparıcı rol oynaması ilə bağlı idi.

Böyük  öndərin 2003-cü il 10 iyun tarixli  fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə müvafiq  olaraq Nəqliyyat Nazirliyi dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı  və avtomobil yolları sahəsində  vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən sahələrarası  münasibətləri tənzimləyən mərkəzi icra orqanı kimi fəaliyyət göstərir.  Nazirliyin əsas vəzifələri nəqliyyat-yol  kompleksinin inkişafını təmin etmək, yük və sərnişin daşımaları  sahəsində  vahid dövlət siyasətini formalaşdıraraq həyata  keçirmək, bu Kompleksə daxil olan sahələrin fəaliyyətini əlaqələndirmək, dövlət əmlakının səmərəli istifadə olunmasına nəzarət etmək, dövlət mənafelərini qorumaqdır.

Nəqliyyat Nazirliyi öz funksiyasına müvafiq  olaraq yol nəqliyyatı kompleksində  islahatların və struktur  dəyişikliklərinin  aparılması barədə  təkliflər verir, normativ hüquqi  aktları və bu sahə standartlarını hazırlayıb  təsdiqləyir, ayrı-ayrı müəssisələrin maliyyə vəziyyətini təhlil edir, avtomobil yollarının inkişafı və istismarı ilə bağlı tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi son iki il müddətində nazirlik qarşısında duran vəzifə və funksiyaların, eləcə də, hüquqların həyata keçirilməsi istiqamətində səylə çalışmış, ümummilli liderimiz Heydər Əliyevin fərman və göstərişlərini, tövsiyyələrini hər zaman əldə rəhbər tutmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, ümummilli liderimizin layiqli siyasi davamçısı-Azərbaycan Prezidenti İlham Əliyev də ölkənin yol-nəqliyyat və kommunikasiya sisteminin dinamik inkişafına çalışır və bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirir.

Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev respublikanı dinamik  inkişafa, tərəqqiyə, davamlı sabitliyə və yüksəlişə xidmət edən strateji siyasi kursu layiqincə  davam etdirir.  Bu, cənab Prezidentin  sosial-iqtisadi  islahatların sürətləndirilməsinə, regionların  davamlı və tarazlı inkişafına xidmət  edən dövlət  proqramlarının qısa müddətdə Azərbaycana gətirdiyi dividendlərdən də aydın görünür. Cənab İlham Əliyevin imzaladığı 24 noyabr 2004-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərmanı və 11 fevral tarixli «Azərbaycan Respublikası  regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» ölkənin      yol-nəqliyyat kompleksində də həllini gözləyən bəzi problemlərin kompleks həlli, bu sistemin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından vacib əhəmiyyət kəsb edir. Hər iki fərmanda ölkə  həyatının  digər strateji  sahələri kimi,  nəqliyyat-kommunikasiyası şəbəkəsinin modernləşdirilməsinə və yenidən qurulmasına da xüsusi diqqət ayrılmışdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu baxımdan 2008-ci ilədək yol-nəqliyyat  sistemində həyata keçiriləcək tədbirlərin əhatə dairəsini dəqiq müəyyən  edir. Proqramda infrastrukturun  yeniləşdirilməsi tədbirləri sırasında magistral yolların əsaslı təmiri və yenidən qurulması, yol  nəqliyyatı şəbəkəsinin genişləndirilməsi kimi  tədbirlər xüsusi yer tutur. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, ilk növbədə,  sahibkarlığın, özəl sektorun inkişafı məqsədilə yol nəqliyyatı kompleksində  mövcud problemlərin aradan  qaldırılmasına çalışır. Şübhəsiz, əlverişli yol nəqliyyatı sisteminə malik olmayan bir ölkədə  sahibkarlığın, o cümlədən xarici iqtisadi əlaqələrin  yüksək templi  inkişafından söhbət gedə bilməz.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Nəqliyyat Nazirliyinin və aidiyyəti dövlət qurumlarının qarşısında Bakı-Xıudat-Rusiya sərhədinədək uzanan avtomobil yolunun yendən  qurulmasını, Qazıməmməd-Kürdəmir və Kürdəmir-Ucar avtomobil yolunun bərpasını, habelə rayonlararası, rayondaxili yolların bərpası və inkişafı, yol nəqliyyatı sisteminin yaxşılaşdırılması kimi mühüm vəzifələr qoyulmuşdur. Bu proqramda yol nəqliyyatı kompleksində nəzərdə tutulmuş çoxşaxəli tədbirlərin reallaşdırılması üçün təxminən 1,5 milyard ABŞ dolları məbləğində investisiya tələb olunur. Onu da bildirim ki, müxtəlif beynəlxalq investisiyalar və respublikanın daxili imkanları hesabına bu sahəyə 500 milyon ABŞ dollarından artıq vəsait qoyulmuşdur. Hesablamalar göstərir ki, 2008-ci ilədək yalnız yolların bərpasına 800 milyon ABŞ dolları tələb olunur. Əgər indiyədək ölkənin iqtisadi  imkanları  belə böyük məbləğdə vəsait  ayırmağa imkan vermirdisə, hazırda vəziyyət köklü surətdə dəyişmişdir. Azərbaycanın 2008-ci ilədək xarici və daxili investisiyalar hesabına bu işi həyata keçirmək, yollarda əsaslı bərpa və yenidənqurma işləri aparmaq imkanı yaranmışdır. Bu məqsədlə müxtəlif beynəlxalq maliyyə  institutları ilə sıx  əməkdaşlıq nəzərdə tutulmuşdur.

Bundan əlavə, Nəqliyyat Nazirliyində «Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2005-2014-cü illər) Dövlət Proqramı» hazırlanaraq hökumətin müzakirəsinə təqdim edilmişdir.Proqram avtomobil yolları şəbəkəsinin əsaslı təmiri və yenidənqurulmasını, çəkilişini, habelə nəqliyyat  sisteminin inkişafını nəzərdə tutur. Proqramın birinci mərhələsində nəqliyyat sektorunun struktur baxımdan  yeniləşdirilməsi təmin ediləcək. İkinci mərhələdə isə strateji əhəmiyyət daşıyan və bilavasitə ölkəmizin  uzunmüddətli sosial-iqtisadi və geopolitik inkişaf prioritetlərilə  bağlı nəqliyyat sisteminin inkişafına diqqət ayrılacaq. Bundan başqa, Nəqliyyat Nazirliyi «Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2005-2014-cü illər) Dövlət Proqramı»nı da işləyib hazırlamışdır.

Nəqliyyat Nazirliyi 2004-2005-ci illərdə çoxşaxəli yol-nəqliyyat kompleksi  infrastrukturunun yaradılması, avtomobil, su, hava, dəmir yolu nəqliyyatı sahələrinin inkişafı istiqamətində böyük işlər görmüşdür. Məsələn, dəmir yolu nəqliyyatı üzrə Biləcəri yuyucu-buxarlayıcı stansiyasında yenidənqurma işləri davam etdirilir və o, cari ilin sonunadək başa çatdırılacaqdır. Bakı dəmir yolu vağzalının əsaslı təmiri də davam etdirilir. Araz çayı üzərində dəmir yolu körpüsünün yenidən qurulması layihəsi həyata keçirilir və layihənin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. Həmin müddətdə 771 vaqonda yük və sərnişin vaqonlarının əsaslı təmiri həyata keçirilmiş, Bakı-Sverdlovsk və          Bakı-Sankt-Peterburq sərnişin qatarları istismara buraxılmış, Bakı-Dərbənd qatarı Mahaçqala şəhərinə qədər uzadılmışdır. Bundan əlavə, Bakı-Böyük Kəsik     optik-lifli rabitə xəttinin səmərəliliyinin artırılması üçün yeni avadanlıq quraşdırılmış, 165 kilometrlik Yevlax-Balakən rabitə kabeli bərpa edilmişdir.       74 kilometrlik dəmir yolu orta və əsaslı təmir edilmiş Zəyəm və Şəmkir çayları üzərində körpülər möhkəmləndirilmişdir. Son illərdə Avropa Yenidənqurma və İnkişaf Bankından alınmış 20 milyon dollar məbləğində vəsaitin 17 milyonu dəmir yollarının reabilitasiyasına yönəldilmiş, habelə 60 kilometr uzunluğunda yeni yol çəkilmişdir.  Daha 30 milyon dollar məbləğində kredit götürərək bu vəsaiti lokomotiv sənayesinə yönəltmək fikrindəyik. Onu da qeyd edim ki, TRASEKA-nın rəqabət qabiliyyətliliyinin artırılması üçün dəhlizin Azərbaycan hissəsində yükdaşımalara görə tariflərdə 20-50 faiz güzəşt tətbiq olunmuşdur.

Su nəqliyyatı üzrə 2 ədəd 13,4 min ton dedveytə malik tankerlər istismara buraxılmış, 1 ədəd 13,4 min ton dedveytə malik tankerin tikintisi isə davam etdirilir. Azərbaycanda su idmanının inkişafına xidmət edən «Yaxt klub» idman-əyləncə  kompleksinin tikilib istifadəyə  verilməsini də vurğulamaq  lazımdır. Bundan əlavə, Bakı Buxtasında «Gəmilərin hərəkətinin  idarəetmə sistemləri» yaradılmış,  yeni naviqasiya nişanları quraşdırılmışdır. Dəniz vağzalında və bərə keçid körpüsündə əsaslı təmir  işləri davam etdirilir. Son ildə Xəzər Dəniz Gəmiçiliyinin daxili  imkanları hesabına 13,2 min ton  yükgötürmə qabiliyyətinə malik olan «Prezident Heydər Əliyev» və «Babək» tankerləri alınıb istifadəyə verilmişdir.

Hava nəqliyyatı sahəsində də böyük uğurlar qazanılmış, Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli hava xətləri sahəsi istifadəyə verilmiş,  habelə limanda yeni  naviqasiya və informasiya-məlumat sistemləri quraşdırılmışdır. Beynəlxalq standartlara uyğun yük terminalı (100 min ton) tikilib istifadəyə verilmişdir.Naxçıvan Beynəlxalq Hava Limanı yenidən  qurularaq istismara verilmiş, Gəncə hava limanının yenidən qurulması layihəsinin həyata keçirilməsinə başlanılmışdır.

Avtomobil nəqliyyatı sahəsində də görülən işlər də kompleks tədbirləri əhatə edir. Bu nəqliyyat sahəsində infrastruktur xidmətlərinin yaxşılaşdırılması məqsədilə 8 regional qurum yaradılmışdır. Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksinin tikintisi həyata keçirilir və 2007-ci ildə başa çatdırılacaqdır. Avtomobil yollarının əsaslı təmir-tikinti, yenidənqurma  işlərinin aparılması, yeni yolların çəkilişi də nazirliyin qarşısında duran başlıca vəzifələrdəndir. Belə ki, bu məqsədlə dövlət büdcəsindən 2003-cü ildə 70,     2004-cü ildə 83,3, 2005-ci ildə isə 150,2 milyard manat vəsait ayrılmışdır. 2005-ci ilin beş ayında yolların  bərpasına 56,3 milyard manat xərclənmişdir. Ayrılmış vəsaitlər  hesabına şəhərlərarası və rayonlararası avtomobil yollarında  əsaslı (26,8 km), orta (226,1 km) və cari təmirlər həyata keçirilmişdir.                        Ələt-Qazıməmməd  (46 km) avtomobil yolu, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Gəncə-Şəmkir hissəsi (21 km) istismara verilmişdir.

Respublika əhəmiyyətli Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 21-55 km hissəsində, Qaraməryəm-İsmayıllı-Şəki  avtomobil yolunun     52-62 km hissəsində təmir işləri  aparılmışdır. Biləsuvar-İran avtomobil yollarında isə yenidənqurma işləri həyata keçirilmişdir. Hazırda Bakı-Ələt avtomobil yolunun (47 km) yenidən qurulması işləri davam etdirilir. Bundan başqa,          Bakı-Xudat-Rusiya dövlət sərhədi avtomobil yolunda, Lənkəran-Lerik avtomobil yolunda yenidənqurma  işləri həyata keçirilir. Yol nişanları zavodunun tikilib istifadəyə verilməsi də görülən işlər sırasında qeyd oluna bilər.

Həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, yol nəqliyyat  kompleksi üzrə yük və sərnişin daşımalarının həcmi ildən-ilə artır. Belə ki, əgər 2003-cü ildə ölkədə yük daşınmalarının həcmi 92,7 milyon ton olduğu halda, 2004-cü ildə bu rəqəm 99,7 milyon tona qədər yüksəlmişdir. Cari ilin 5 ayının göstəricisinə əsasən həmin rəqəm 40,2 milyon ton təşkil etmişdir. Bu isə 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 104,8 faiz artım deməkdir.

Sərnişin daşımaları sahəsində əldə olunmuş uğurlar da göz önündədir. Belə ki, 2003-cü ildə ümumilikdə 791,2 milyon sərnişin daşındığı halda, 2004-cü ildə bu rəqəm 816,1 milyon nəfərə yüksəlmişdir. 2005-ci ilin beş ayı ərzinddə 335,2 milyon sərnişin daşınmışdır və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 103,4 faiz artım deməkdir. Bu rəqəmlər nəqliyyat-yol kompleksində əldə olunmuş uğurların yalnız kiçik bir hissəsini əks etdirir.

Qazanılan nailiyyətlər yeni iş yerlərinin açılması və nəqliyyat yol sistemində çalışan insanların sosial rifah halının yüksəlməsində də özünü qabarıq göstərir. Belə ki, 2003-cü ildə bu sahədə orta əmək haqqı 443 min manat təşkil etdiyi halda, 2004-cü ildə bu məbləğ 607 min manata yüksəlmişdir. 2003-cü ildən etibarən sistemdə 3650 yeni iş yeri açılmışdır və bu iş Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasətin mahiyyətinə uyğun olaraq həyata keçirilir.

Sonda bildirmək istərdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı  ölkənin bütün sahələrində olduğu kimi, yol-nəqliyyat kompleksinin dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır. Nəqliyyat Nazirliyinin 2004-cü il üçün büdcə ödənişi 175 milyard manat təşkil  etmişdir. 2005-ci ildə bu rəqəm daha da artacağı proqnozlaşdırılır. Bir sözlə, ölkənin avtomobil, dəmir yolu, su, hava nəqliyyatı dinamik inkişaf yolundadır. Strateji məqsədimiz Azərbaycanın bölgədəki  əlverişli tranzit əhəmiyyətini daha da gücləndirmək, bu sahənin inkişafından dövlət büdcəsinə  daxil olan gəlirləri ildən-ilə artırmaq, bir sözlə, ölkə  iqtisadiyyatının inkişafında yaxından iştirak etməkdir. Nəqliyyat Nazirliyi bu məqsədlərə nail olmaq üçün bundan sonra da əzmlə, səylə çalışacaq, dövlət başçısının fərman və sərəncamlarından, tövsiyələrindən irəli gələn tapşırıqların düzgün və vaxtında icrasına nail olacaqdır.

 

 «Azərbaycan»  qəzeti 28.06.2005-ci il.

MÜNDƏRİCAT

«İcbari ekoloji sığorta müqaviləsinin bağlanma Qaydası və icbari ekoloji sığorta müqaviləsi və şəhadətnaməsinin formaları»nın təsdiq edilməsi haqqında
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.