12.12.2017 03:02
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

MÜLKİ  AVİASİYAMIZ  QİTƏLƏRİ  BİRLƏŞDİRİR

 

 

Ölkənin bütün sahələrində olduğu kimi, mülki aviasiyamız da 1996-cı ildən sonra inkişafa başlamışdır. Biz indi bu inkişafın nəticələrini birlikdə görürük. Ümummilli liderimiz Heydər Əliyevin əsil memarı olduğu Azərbaycan Mülki Aviasiyası da sözün həqiqi mənasında özünün tərəqqi dövrünü yaşayır. Yüksəliş yolunun  başlanğıcı isə  artıq arxada  qalmışdır. Gəlin bir məqamı heç vaxt  unutmayaq ki, təqribən 10 il əvvəl mülki aviasiyamız bugünkü  inkişaf dövrünün tam  əksini  yaşayırdı.  İndi isə «Azərbaycan Hava Yolları» Dövlət Konserninin bütün sahələri artıq təzədən qurulmuş, müasirləşmişdir. Yeniləşmiş  infrastruktur göz qabağındadır.

 

 

                Heydər Əliyev Beynəlxalq Aeroportu, yeni Yerli Hava Xətləri Aerovağzalı binası və Naxçıvan Beynəlxalq Hava Limanı xalqımızın  xidmətindədir. Bu möhtəşəm  tikililərə  baxdıqca bir daha xoş  duyğularla dərk edirik ki, ədəbiyaşar ümummilli liderimiz Heydər Əliyev mülki aviasiyamızın  yüksəlişində müstəsna xidmətləri  olan çox  böyük  şəxsiyyətdir. Biz aviatorlar onun ideyalarına həmişə sadiq qalacaq, onu qəlbimizdə, nailiyyətlərimizdə  yaşadacağıq. 

Müstəqil Azərbaycan bu gün planetin ən mühüm regionu kimi tanınmaqdadır. O da məlumdur ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas hava dəhlizinin üzərində yerləşir. Bu amillər ölkəmizin təkcə regional layihələrdə deyil, beynəlxalq layihələrdə də əhəmiyyətini artırır.

Cari ilin mart ayında açılmış Bakı Yük terminalı Xəzər regionunda çox mühüm əhəmiyyətə malikdir. Beynəlxalq standartlara tam uyğun olan bu terminalın istifadəyə verilməsi, əlbəttə, ilk növbədə Azərbaycanın valyuta  gəlirinin daha da  artmasına, ölkəmizə investisiya qoyuluşuna müsbət təsir göstərməyə yönəldilib.

Yük daşımalarına olan tələbat son illər artaraq ümumregional səviyyəni aşmışdır. Bu gün artıq Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Lüksemburq, Almaniya, Çin, Əfqanıstan, Orta Asiya, Ukrayna və dünyanın bir çox başqa ölkələri üçün tranzit rolunu oynayan Heydər Əliyev Beynəlxalq Aeroportunda yük daşımalarının həcmi qısa müddətdə 600-700 dəfə çoxalmışdır.

Müqayisə üçün deyim ki, yük daşımalarının artımı regiondakı digər aeroportlarda 10 faizdən az olduğu halda, Heydər Əliyev Beynəlxalq Aeroportunda   orta illik artım 25 faizə çatır. Dünya üzrə bu göstərici cəmi 8 faiz təşkil edir.

Yeni Yük terminalı istifadəyə verildikdən sonra yük daşımalarının həcmi daha da artacaqdır. Əsasən yükün idxalı, ixracı və tranzit daşınması  üçün nəzərdə tutulmuş Bakı Yük terminalı, şübhəsiz, Azərbaycan Mülki Aviasiyasının tarixində yeni bir səhifə açacaqdır.

Mən Yük terminalının tikintisi ilə bağlı bəzi faktları diqqətə çatdırmaq istəyirəm:

Terminalın tikintisinin investoru 1999-cu ildən bu günə kimi Azərbaycan Mülki Aviasiyasına 40 milyon ABŞ dolları sərmayə qoymuş «İnterneşnl Həndlinq Kompani»  şirkətidir və bu şirkət Azərbaycan investisiya qoyuluşunu hava limanında mehmanxana  tikintisi ilə davam etdirəcəyini bildirmişdir.

Terminalın inşası isə Azərbaycanın «Xəzər» Şirkəti tərəfindən aparılıb. Hər gün 550 nəfər işçi cəlb edilən bu müasir binanın tikintisi cəmi 8 ay ərzində başa çatdırılıb.

Bakı Yük Terminalı 12000 kvadratmetr qapalı sahəyə malikdir və burada   24 saat ərzində 250 işçi çalışacaq. Terminalda quraşdırılmış müasir avadanlıq, 20000  kvadratmetr açıq sahə və 163000 kvadratmetr yeni perron «Boinq-747», «Antonov-124» - «Ruslan» kimi dünyanın ən ağır təyyarələrinə beynəlxalq standartlara uyğun xidmət göstərməyə imkan verir.

Bu terminal xüsusilə Avropa, Amerika, Müstəqil Dövlətlər Birliyi və şərq ölkələri regionu üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

Şübhəsiz, Yük terminalı mülki aviasiyamızda istifadəyə verilən son obyekt deyil. Növbədə Gəncə Hava limanıdır. Hazırda bu obyektin uçuş zolağında yenidənqurma işləri sürətlə davam etdirilir. Bu yaxınlarda aerovağzal kompleksinin tam layihəsi Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Bu yeni  kompleksin tikintisi başa çatdıqdan sonra Azərbaycanda yüksək səviyyəli üç  beynəlxalq aeroport fəaliyyət göstərəcək. Növbədə Lənkəran və Zaqatala  aeroportlarının yenidən qurulması nəzərdə tutulub. Ümumiyyətlə, «Azərbaycan Respublikası regionlarının  sosial-iqtisadi inkişafına dair Dövlət proqramı»na əsasən 2004-2008-ci illər «Azərbaycan Hava Yolları» Dövlət Konserni üçün əsil quruculuq dövrü olacaqdır.

Uğurlarımız möhtərəm Prezidentimiz İlham Əliyevin gündəlik nəzarəti sayəsində  indi də artır. Ən önəmlisi odur ki, mülki aviasiyamızdakı yeni obyektlərlə yanaşı, aviaparkımız da yeniləşir. Təkcə 2004-cü il ərzində 2  «Boinq-757», 1 «Airbus-320», 2 «AN-140» sərnişin təyyarəsi, 3 «İL-76» yük  təyyarəsi və 5 «Delfin» və «Super Puma» vertolyotları almışıq.

Lakin aviaparkımızın təzələnməsi bununla bitmir. Təzə təyyarələrin sayını daha da artıracağıq. Bu ilin sonunadək  daha dörd  «Airbus-319», iki «AN-140»  təyyarəsi alacağıq.

Heydər Əliyev Beynəlxalq aeroportuna gəldikdə, bu gün  burada ən müasir  avadanlıq istismar olunur. Uçuş zolağımıza İKAO-nun  standartlarına uyğun   «CAT III» kateqoriyası verilib ki, bu da ən çətin hava şəraitində belə uçuşları yerinə yetirməyə imkan yaradır.

Sərnişin daşıyan aviaşirkətlərimiz «Biz  sizin üçün yaradılmışıq» devizi altında xidimət keyfiyyətini daim  artırır. «AZAL» Milli aviaşirkətinin daşımalarına günbəgün artan tələbat buna sübutdur. Biz təkcə 2005-ci ilin yay mövsümündə 3 yeni marşrutun -Bakı-Hələb, Bakı-Kəraçi, Bakı-Dehli marşrutlarının istismarına başlayırıq. Azərbaycanın özəl aviaşirkətləri də bu il yeni uçuş  məntəqələrinə (Surqut-Rusiya, Bodrum-Türkiyə, Şarm-əl-Şeyx-Misir) reyslər açılır.

Yük aviasiya şirkətlərimiz regionda qabaqcıl yerlərdən birini tutur. Dünyanın 52 ölkəsinə uçuşlar yerinə yetirən şirkətimiz bu günlərdə respublikamızda keçirilən 12-ci Beynəlxalq neft və qaz  sərgisində  öz nailiyyətlərini layiqincə nümayəş etdirmişlər. Ümidvarıq ki, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasında istifadə olunan avadanlıqların əksəriyyəti bundan sonra məhz bizim şirkətlərin təyyarələri ilə daşınacaq.

Aviasiya sahəsində mütəxəssislərə olan ciddi tələbatları nəzərə alaraq bu cür kadrların hazırlığı Milli Aviasiya Akademiyası tərəfindən həyata keçirilir. Akademiyanın dünənki məzmunları artıq Qərb istehsalı olan «Boinq» və «Airbus» təyyarələrini uğurla mənimsəyib.

Mülki aviasiyamızı qarşıda daha böyük işlər gözləyir. Ən ümdə vəzifəmiz ümummilli liderimiz Heydər Əliyevin işıqlı ideyalarını yaşatmaq, bütün mövcud imkanlardan maksimum istifadə edib rəqabətdə uğur qazanmaqdır. Bir sözlə, Azərbaycanın çox qüdrətli və zəngin bir dövlətə çevrilməsi üçün biz əlimizdən gələni edəcək, mülki aviasiyamızın daha da sürətli inkişafına nail olacağıq.

Yeri gəlmişkən bu gün ölkəmizdə qeyri-neft sahəsinə investisiyalar qoyuluşu üzrə «Azərbaycan Hava Yolları» Dövlət Konserni birinci yeri tutur. İstehsalın həcminin artırılmasında da birincilər sırasındayıq.

Onu da qeyd  edim ki, Azərbaycan Mülki Aviasiyasının yenidən qurulması layihəsi sayəsində indiyədək 590 yeni daimi  iş yeri  açılmışdır. Amma bu, son rəqəm deyildir. Bu il daha 250 daimi iş yerinin açılmasını nəzərdə  tutmuşuq. Bu da yuxarıda adını çəkdiyim «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın yerinə yetirilməsinə bizim kiçik töhfəmizdir. 

Bir sözlə, mülki aviasiya işçiləri ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, müstəqil Azərbaycan dövlətinə və dövlətçiliyinə bundan sonra da daim sadiq qalacaq.

 

 

 

 

 Cahangir  Əsgərov,

«Azərbaycan Hava Yollar» Dövlət

Konserninin baş direktoru

MÜNDƏRİCAT

«İcbari ekoloji sığorta müqaviləsinin bağlanma Qaydası və icbari ekoloji sığorta müqaviləsi və şəhadətnaməsinin formaları»nın təsdiq edilməsi haqqında
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.