07.28.2017 18:45
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

NƏQLİYYAT-YOL KOMPLEKSİ DİNAMİK SÜRƏTLƏ

İNKİŞAF EDİR.

 

 

Ziya Məmmədov,

Azərbaycan Respublikasının

nəqliyyat naziri 

 

 

Hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti həm də onun malik olduğu  nəqliyyat kommunikasiyalarının inkişaf səviyyəsi ilə ölçülür. Geniş və çoxşaxəli, mükəmməl infrastruktura malik, dövrün tələblərinə cavab  verən  nəqliyyat-yol şəbəkəsi olmayan hansısa dövlətin dinamik inkişafından söz açmaq qeyri-mümkündür. Bu reallığı ümumilli liderimiz Heydər Əliyev də müdrikliklə  yüksək  qiymətləndirib.

1994-cü ilin sentyabrında Azərbaycanın bütün həyatı əhəmiyyəti sahələrdə inkişafın əsasını qoyan «Əsrin müqaviləsi»nin  imzalanması ilə  respublikanın iqtisadi qüdrəti və tranzit potensialı xeyli dərəcədə artdı. Şərqlə Qərb arasında  starteji körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit əhəmiyyətli dövlətlərdən biri kimi bölgədəki lider  statusunu təmin etdi.

Tarixi İpək yolunun bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər əlverişli coğrafi mövqedə  yerləşən  respublikamızın geostrateji əhəmiyyətini daha da artırdı. Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq əhəmiyyətli  bu layihənin reallaşması  ulu öndərimiz Heydər Əliyevin gərgin fəaliyyətinin və qətiyyətinin nəticəsidir.

Qürur hissi ilə deyə bilərik ki, respublikanı dinamik inkişafa, tərəqqiyə, davamlı sabitliyə və yüksəlişə aparan Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və  qayğısı iqtisadiyyatın bütün sahələrində olduğu kimi,  nəqliyyat-yol kompleksinin dinamik inkişafı üçün böyük imkanlar yaradır. Elə məhz ötəniliki çıxışlarının birində  möhtərəm  cənab Prezident İlham Əliyev demişdir: «Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir.  Biz bütün imkanlarımızdan  istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub  nəqliyyat  dəhlizləri layihələrinin həyata  keçirilməsində fəal rol oynayır. Hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir. Beləliklə, indi Azərbaycanda bütün sferaların, o cümlədən də nəqliyyatın inkişafı üçün kifayət qədər münbit şərait var».

2003-cü il 10 iyun tarixli fərmanla təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq Nəqliyyat Nazirliyi dəmir yolu, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahəsində vahid dövlət  siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası  münasibətləri  tənzimləyən mərkəzi icra orqanı kimi fəaliyyət göstərir. Nazirliyin əsas vəzifəsi nəqliyyat-yol kompleksinin inkişafını təmin etmək, yük və sərnişin daşımaları sahəsində vahid dövlət siyasətini formalaşdıraraq həyata keçirmək, bu kompleksə daxil olan sahələrin fəaliyyətini əlaqələndirmək, dövlət mənafelərini qorumaqdır.

2005-ci ilin yekunlarından danışarkən, ilk növbədə, qeyd etmək yerinə düşər ki, ötən il Azərbaycan Respublikasının «Nəqliyyat siyasəti»nin və «tranzit strategiyası»nın layihələri tərtib edilib. «Avtomobil nəqliyyatı haqqında», «Dəmir yolu nəqliyyatı haqqında» qanun layihələri işlənib hazırlanıb, «Aviasiya haqqında» yeni qanun qüvvəyə minib, bir sıra digər normativ-hüquqi aktların layihələrinin hazırlanması isə davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin     28 dekabr 2005-ci il tarixli «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi  haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanına əlavə və dəyişikliklər edilməsi barədə» fərmanı bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin mənafeyinə xidmət etməklə yanaşı, nəqliyyatda pərakəndəliyin aradan qaldırılmasına, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat vasitələrinin dəqiq uçotunun günün tələbləri  səviyyəsində  aparılmasına və gəlirlərin tam həcmdə büdcəyə yönəldilməsinə  şərait yaradan və vergidən  yayınmaların qarşısını alan  bir sənəddir. Bu fərman həmçinin avtomobil nəqliyyatıyla bağlı  rəqabət mühitinin və sahibkarlığın inkişafına müsbət təsir göstərəcəkdir.

Eyni zamanda  sərnişin daşıyan avtomobil nəqliyyatı vasitələrinin texniki müayinəsi ötən il mütəmadi olaraq davam etdirilib.  Fərqlənmə nişanlarının verilməsi məsələsi də həll olunmaq üzrədir.

Ötən il nəqliyyatçılar üçün uğurlu olub. Belə ki, 2005-ci iln yanvar-noyabr aylarında yükdaşımalar ötən ilin müvafiq dövrünə nisbətən 109,7 faiz göstərici ilə yerinə yetirilib. Sərnişindaşımada bu rəqəm 104,5 yük dövriyyəsində 114,9 sərnişin dövriyyəsində isə 106,6 faiz təşkil edib.

2005-ci ildə dəmir yolunda 75 km yol təmir edilib, 8 lokomotiv, 2 elektrik qatarı, 890 yük və 50 sərnişin vaqonu əsaslı təmir olunub, 65 yük vaqonu bərpa edilərək istismara  qaytarılıb. Yeri gəlmişkən, onu da deyək ki, 2005-ci il dəmiryolçular üçün sevindirici və tarixi bir il oldu. Belə ki, cənab Prezidentin fərmanı ilə 13 oktyabr- Dəmiryolçular günü təsis edildi və bu münasibətlə bütün nəqliyyatçılar adından ölkə başçısına dərin təşəkkürümüzü bildiririk.

Bütün bunlardan əlavə, 2005-ci ildə Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında ən müasir tələblərə cavab verən yük terminalı istifadəyə verildi, yeni mehmanxana kompleksinin tikintisinə başlanıldı. Hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə 6 ədəd  helikopter, 2 ədəd «Aerobus-319» tipli yeni sərnişin təyyarəsi alınaraq sərnişinlərin  xidmətinə verildi.  Bu il əlavə olaraq daha    2 ədəd də «Aerobus» tipli təyyarənin gətirilməsi nəzərdə tutulub. Gəncə və Lənkəran hava limanlarında  yenidənqurma işləri davam etdirilir. Hələb,  Dehli, Kəraçi, Milan şəhərlərinə hava reysləri açılıb.

Xəzər Dəniz Gəmiçiliyi tərəfindən yükgötürə qabiliyyəti 13,4 min ton olan  «Şah İsmayıl Xətai» tankeri istismara verilib ki, bu da son 2 ildə istismara verilən bu tipli üçüncü gəmidir. 2006-cı ildə bu tipli daha 2 tankerin alınması nəzərdə tutulub.

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının Dəniz Vağzalında yenidənqurma işləri aparılıb.

Avtomobil nəqliyyatının işini tənzimləyən müvafiq tədbirlər həyata keçirilib, özəl sektorun vəsaiti hesabına tikilən Bakı Beynəlxalq Avtovağzal kompleksində işlər davam etdirilib.

Özəl qurumlar  tərəfindən respublikaya 55 ədəd iri tutumlu sərnişin avtobusu gətirilərək istismara buraxılıb.

Avtomobil yollarının tikintisi nəqliyyat-yol kompleksinin prioritet sahələrindən biridir və ölkə başçısı bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında Nəqliyyat Nazirliyinin üzərinə düşən vəzifələr üzrə kompleks tədbirlər davam etdirilib. Nazirlər Kabinetinin 2004-cü il 28 fevral tarixli  avtomobil yollarının təhkim və mühafizə zolağı ilə bağlı sərəncamına uyğun  olaraq avtomobil  yollarının kənarlarındakı qeyri-qanuni tikililərin inventarlaşdırılması və sökülməsi prosesi ardıcıl şəkildə həyata keçirilib. Ancaq təəssüf ki, bəzi icra orqanları və bələdiyyələr yolların standartlara uyğun qurulması kimi dövlət əhəmiyyətli işə laqeyd  münasibət göstərirlər.

Məlumat üçün deyim ki, ötən il ərzində 436 km avtomobil yolu təmir olunub, Xanlar, Qəbələ və Astara rayonları ərazisində 3 yeni körpü tikilib, Salyan, Kürdəmir və Ucar rayonları ərazisində 3 körpü bərpa olunub.

Uzunluğu 50 km olan Lənkəran-Lerik avtomobil yolu yenidən qurularaq istifadəyə verilib, Masallı-Yardımlı avtomobil yolunda  yenidənqurma işlərinə başlanıb və bu il başa çatdırılması nəzərdə tutulub.

Eyni zamanda Qazax rayonunda Ağstafa çayı üzərində uzunluğu 114 metr olan yeni körpü istifadəyə verilib, Şamaxı rayonunda Çuxuryurd-Qızmeydan avtomobil yolunun Pirsaat çayı üzərindəki 10 metr uzunluğunda körpünün tikintisinə başlanılıb.

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı və Quba-Xınalıq avtomobil yollarının bərpasında 35 milyard manat həcmində işlər yerinə yetirilib.

Uzunluğu 19 kim olan Biləsuvar-İran sərhədi avtomobil yolunun tikintisinə başlanılıb. Bünya Bankı tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilən, uzunluğu    94 km olan Gəncə-Qazax avtomobil  yolunda əsas tikinti işləri yerinə yetirilib,    2006-cı ilin birinci yarım ilində istismara verilməsi nəzərdə tutulub.

Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən, uzunlduğu  80,6 km olan Hacıqabul-Kürdəmir avtomobil yolunda 2005-ci ilin may ayında tikinti işlərinə başlanılıb, yolun bu hissəsində işlər 2007-ci ilin birinci yarısında başa çatdırılacaq. Bakı-dairəvi avtomobil yolunun tikilməsinə isə 2006-cı ilin birinci rübündə başlanılacaq.

Bu il Bakı-Quba avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində birinci dərəcəli 4 zolaqlı  yolun tikintisinin maliyyə məsələləri tam həll olunub, bu ilin sonunadək tikinti başa çatmalıdır.

Eyni zamanda Ələt-Astara avtomobil yolunun tikintisinin maliyyələşdirilməsiylə bağlı Bünya Bankı və Asiya  İnkişaf Bankı ilə danışıqlar aparılıb və ilkin razılıq əldə olunub.

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun yenidən qurulmasının TİƏ-si hazırlanıb, işçi layihəsi yekunlaşdırılır. Dünya Bankı bu yolun tikintisini  maliyyələşdirmək təklifini verib.

Bakı-Hacıqabul-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul-Qazax  hissəsində birinci dərəcəli 4 zolaqlı yolun tikilməsi üçün bir çox maliyyə qurumlarından alınan təkliflər nəzərdən keçirilib.

Ümumiyyətlə, beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşağında yerləşən Azərbaycanda avtomobil yollarının tikintisinə investisiya ayırmaq istəyən  maliyyə qurumları kifayət qədərdir. Buna həm Şərq, həm də Qərb ölkələri böyük maraq göstərirlər.  Avropa İttifanı ilə də Yeni Qonşuluq Siyasəti Proqramı çərçivəsində nəqliyyat sahəsində inteqrasiyanın daha da genişləndirilməsi, korporativ islahatların aparılması, normativ-hüquqi bazanın və beynəlxalq sazişlərin  uyğunlaşdırılması  istiqamətində məqsədyönlü  işlər aparılır.

Azərbaycan Respublikasının tranzit potensialının artırılması məqsədilə     «Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu bağlantısı» və  «Şimal-Cənub» layihələri  üzrə hazırlıq işləri aparılır. Qars-Axalkalarki  dəmir yolunun tikintisinin Texniki İqtisadi Əsaslandırılması və İşçi Layihəsi 2006-cı ilin birinci yarısında tamamlanacaq. TRASEKA proqrammı çərçivəsində Poti-Bakı-Aktau-Almatı konteyner qatarının fəaliyyətə başlaması da bu layihənin uğurla həyata keçirilməsini şərtləndirən amillərdəndir.

2005-ci ildə nəqliyyatçıların əmək  haqlarının artırılması və yeni iş yerlərinin açılması baxımından da əlamətdir olmuşdur. Bu sözləri biz nəqliyyat sahəsində  hökumətlərarası və investisiya qoyuluşunun artımı barəsində də söyləyə bilərik.

Bir sözlə  görüləsi işlər çoxdur, həlli vacib olan problemlər də az deyil və biz Azərbaycanın nəqliyyat strategiyasının təkmilləşdirilməsi istiqamətində  ardıcıl və kompleks tədbirlərimizi davam etdiririk. Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin  fərman və sərəncamlarından irəli gələn vəzifələr biz nəqliyyatçıların üzərinə böyük məsuliyyət qoyur. Dövlətçiliyimizin inkişafına xidmət edən bütün məsələlərin yerinə yetirilməsi və mövcud problemlərin həlli istiqamətindəki səylərimizi bundan sonra da davam etdircəyik.

 

 

 

 

Mənbə:                                 «Respublika» qəzeti, 12 yanvar 2006-cı il.

MÜNDƏRİCAT

Rəsmi sənədlər:
М.Джафаркулиев. Рецензия на монографию Эфендиева О.Ф.
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2006-cı il tarixli qərarı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.