04.26.2017 06:07
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Azərbaycan Respublikasında dənizlə beynəlxalq yükdaşımalarda dəmir yolu və avtomobil nəqliyyatının rolu

Hüquq və qanunvericilik anlayışları bir-biri ilə sıx əlaqədə olsalar da, bərabər deyildirlər. Onların fərqini hüquqi baxımdan izah etmək üçün bu anlayışlara verilən tərifləri müqayisə etmək kifayətdir. Çünki tərif anlayışının onu digər anlayışlardan fərqləndirən və təriflənən məfhumun mahiyyətini ifadə edən əlamətlərin məcmusu əks etdirilir. Beləliklə, əgər hüquq müəyyən subyektiv imkanların həddidirsə, onda qanun həmin həddin sərhədlərini müəyyən edən və subyektiv hüquqları təmin edən dövlət məramıdır. Dövlətin məramı çərçivəsində olan davranış qaydalarına hüquq normaları deyilir. Bu hüquq normalarının məcmusu hüquq, normativ aktların məcmusu isə qanunvericilikdir. Deyilənə müvafiq olaraq, nəqliyyat hüququ nəqliyyat fəaliyyətində yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının, nəqliyyat qanunvericiliyi isə normativ aktların məcmusudur.

Hüquq sistemini qanunvericilik sistemi ilə qarışdırmaq olmaz, lakin qanunvericilik sisteminin hüquq sisteminə yaxınlaşması ölkədə hüquqi dövlətin yaranmasına bir işarədir. Beləliklə, nəqliyyat münasibətlərini tənzimləyən normativ aktlar sisteminə nəqliyyat qanunvericiliyi deyilir. Nəqliyyat qanunvericiliyi obyektiv şəraitin təsirinə məruz qalan və qanunvericinin nəqliyyatın fəaliyyətini nizamasalma sahəsində qəbul etdiyi bu və ya digər qərarların məqsədəuyğunluğu haqqında subyektiv təsəvvürlərini əks etdirən hallar nəticəsində yaranmış xüsusiyyətlərə malikdir. Bununla yanaşı, xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının nəqliyyat qanunvericiliyi keçmiş SSRİ-dən qalan nəqliyyat qanunvericiliyinin bütün üstün müddəalarını özündə ehtiva etmişdir. Məsələn, yüklərin və sərnişinlərin daşınması, nəqliyyat vasitələrinin vaxtında verilməməsinə görə məsuliyyət, yüklərin və baqajın itirilməsi, xarab olması və çatışmaması və sair məsələlərə aid olan müddəalar öz hüquqi qüvvəsini SSRİ dövründən bu günədək saxlayır. Hal-hazırda qüvvədə olan nəqliyyat qanunvericiliyini keçmiş SSRİ-nin müvafiq qanunvericiliyi ilə müqayisə etdikdə nəqliyyat münasibətlərini tənzimləyən əsas müddəaların müəyyən varisliyi müşahidə olunur.

Müasir dövrün iqtisadiyyatında nəqliyyatın əvəzsiz rolu təkzibedilməzdir, iqtisadiyyatın xüsusi bir sahəsi kimi nəqliyyatın bütün növləri özünün bəhrəsini verməkdədir, lakin bu sahədə qanunvericiliyin yenidən işlənib-hazırlanması və təkmilləşdirilməsi həm nəqliyyatda təhlükəsizliyin təmin edilməsi istiqamətində, həm də iqtisadiyyatın səmərəliliyində onların inkişafına əhəmiyyətli dərəcədə xidmət etmiş olardı.

Müasir dövrün nəqliyyat qanunvericiliyi onunla fərqlənir ki, inzibati-amirlik münasibətləri, mərkəzləşdirilmiş planlı təsərüffat dövrü üçün səciyyəvi olan imperativ nəqliyyat qanunvericiliyi öz yerini müqavilə hüququna vermişdir. Daşıma şərtləri, nəqliyyat vasitələrindən istifadə qaydaları və nəqliyyatın fəaliyyəti ilə əlaqədar məsələlər, şübhəsiz, qanunla tənzimlənir, lakin bu məsələlər, eyni zamanda, həm də tərəflərin razılığı ilə müəyyənləşir, bağladıqları müqavilə ilə, bir-birinin mənafelərini nəzərə almaqla həll edilir. («Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas məqsədi «Əmlak dövriyyə iştirakçılarının hüquq bərabərliyi əsasında və üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki (əmlak) dövriyyə sərbəstliyini təmin etməkdən ibarətdir» (bax: Əliyev E.Ə. Nəqliyyat hüququnun əsasları. Dərs vəsaiti. Bakı, 2004, s. 50). Nəqliyyat hüququ, kompleks hüquq sahəsinə aid olunmaqla yanaşı, nəqliyyat hüquq münasibətlərinin yaranmasının əsasını təşkil etdiyindən, yuxarıda göstərilən mülki hüquq prinsipi nəqliyyat hüququna da şamil edilir.

Hərçənd ki, nəqliyyat münasibətlərinin nizama salınmasında nəqliyyatın növündən asılı olaraq, onun özünəməxsus əsasnamə və nizamnamələrlə tənzimlənməsi diqqəti cəlb edir. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 1995-ci il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Dövlət Dəmir Yolu haqqında» Əsasnamə ADDY-nun Azərbaycan Respublikasının əmlakı olduğunu bir daha qeyd edərək, klassik mülkiyyət hüququnun əşyaya sahiblik, əşyadan istifadə və ona sərəncam vermək hüququnun vəhdəti kimi başa düşülməsinə işarə edir. Lakin bu nəqliyyat növü sahəsini tənzimləyən müasir qanunvericilik hələ də tam formalaşmamışdır. Ümumiyyətlə, SSRİ-də 1920-ci ildən bəri Azərbaycan Respublikasına da şamil edilən səkkiz dəmir yolu nizamnaməsi qəbul edilmişdir.

1920-ci il Dəmir Yolu Nizamnaməsində cəmi 47 maddə olmuşdursa, 1922-ci il Dəmir Yolu Nizamnaməsində həmin rəqəm 76-ya çatmışdır. 1927-ci il Dəmir Yolu Nizamnaməsi isə 128 maddədən, o cümlədən dəmir yoluna pretenziyaların təqdim edilməsindən və bu pretenziyaya hansı sənədlərin əlavə edilməsinə dair maddələrdən ibarət idi. Yukgöndərən, daşıyıcı və yükalan arasında qarşılıqlı münasibətlərin planlaşdırılması və bununla bağlı təqdim edilə biləcək pretenziya sənədlərinin tərtibatına dair yeni bölmə 1935-ci il Dəmir Yolu Nizamnaməsində öz ifadəsini tapmışdır.

Yükgöndərənlə daşıyıcı arasında münasibətlərin təfsilatlı şəkildə tənzimlənməsi 1954-cü il Nizamnaməsində nəzərdə tutulmuşdur. Bundan əvvəlki nizamnamələrdən fərqli olaraq, 1954-cü il Dəmir Yolu Nizamnaməsində yüklərin qarışıq daşımalarının, habelə onların digər nəqliyyat növlərilə daşımalarının tənzimləməsinə xüsusi bölmə həsr edilmişdir.

Daşıyıcı ilə yükgöndərən arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə dair normaların təkmilləşdirilməsi 1964-cü il Dəmir Yolu Nizamnaməsində daha da dəqiqləşdirilmişdir.

Hal-hazırda Rusiya Federasiyasının 1998-ci il Dəmir Yolu Nəqliyyatı Nizamnaməsi məzmun etibarilə dövlətin bazar iqtisadiyyatına keçidini əks etdirir. 148 maddədən ibarət olan bu nizamnamədə ilk dəfə olaraq yük daşımalarının dövlət planlaşdırılması nəzərdə tutulmamışdır. Nizamnamədə göstərilir ki, dəmir yolu ilə yüklərin daşınması yükgöndərənlərin sifarişi əsasında həyata keçirilir. Bu isə yükgöndərənin hüquqlarının genişlənməsindən xəbər verir. 1998-ci il Dəmir Yolu Nəqliyyatı Nizamnaməsinə bərabərhüquqlu tərəf müqabillərin münasibətlərinin inkişafı üçün əsas verən, dəmir yolu nəqliyyatı ilə yükdaşıma iştirakçılarına qarşılıqlı razılaşma nəticəsində məsələlərini həll etmək imkanı verən dispozitiv normalar daxil edilmişdir. Eyni zamanda, yüklərin, sərnişinlərin daşınması, nəqliyyat vasitələrinin verilməsi, öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət və digər məsələlərlə bağlı əsas müddəalar dəyişməz qalmışdır ki, bu da dəmir yolu daşımalarında münasibətlərin tənzimlənməsinin sabitliyindən, müəyyən dərəcədə stabil olmasından xəbər verir.

Rusiya Federasiyasında ən yeni Dəmir Yolu Nəqliyyatı Nizamnaməsi 2003-cü ildə qəbul olunmuşdur və burada diqqəti cəlb edən məqamlardan biri də ilk dəfə dəmir yolu nəqliyyatının tam infrastrukturu, haqqında, o cümlədən ümumi istifadədə olan dəmir yolu xətlərinin, stansiyaların, bina və avadanlıqların həm hüquqi şəxslərin, həm də fərdi sahibkarların mülkiyyətində ola bilməsinə dair müddəaların olmasıdır (bax: V.A. Eqiazarov. Transportnoe pravo, M., 2004, s. 38-39.). Eyni zamanda, nizamnamənin normaları ilk dəfə olaraq, qeyri-ümumi dəmir yolu xətlərinin sahiblərinə də şamil edilmişdir.

Təəssüf ki, müstəqil Azərbaycan Respbulikasında Nəqliyyat Nazirliyinin təsis olmasına baxmayaraq, dəmir yolu nəqliyyatına dair Azərbaycan Respbulikasının heç bir yeni qanunu və ya müvafiq nizamnaməsi hələ də qəbul edilməmişdir və bu növ nəqliyyatda yükdaşıma və sərnişinlərin daşımaları ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsi artıq mövcud olmayan SSRİ-nin qanun-qaydaları ilə həyata keçirilir. Ümidvarıq ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaqdır.

Avtomobil nəqliyyatında da yüklərin və sərnişinlərin daşınmasına aid müvafiq qanunvericiliyin sistemləşdirilmiş külliyyatı demək olar ki, yoxdur. Ölkəmizdə nəqliyyatın bu sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin 28 may 1969-cu il tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR-in Avtomobil Nəqliyyatı Nizamnaməsi» ilə tənzimlənir. Həmin sənədin bir sıra müddəaları dövrün tələblərinə cavab vermədiyi üçün öz əhəmiyyətini itirmişdir. Lakin buna baxmayaraq, «Avtomobil Nəqliyyatı Nizamnaməsi avtonəqliyyat müəssisəsi ilə bu müəssisənin göstərdiyi daşıma xidmətindən istifadə edən müştərilər arasında yaranan münasibətləri nizama salan vacib normativ aktdır» (bax: Əliyev E.Ə., Nəqliyyat hüququnun əsasları. Dərs vəsaiti. Bakı-2004, səh.138.). Müstəqil Azərbaycan Respublikasında avtonəqliyyat münasibətlərinin nizama salınmasında «Avtomobil yolları haqqında» Azərbaycan Respublikasının Qanunu (22 sentyabr 1999-cu il), Bakı şəhər İcra Hakimiyyəti Başçısının 6 sentyabr 2002-ci il tarixli 528 saylı sərəncamı, «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu (11 iyun 1999-cu il tarixli, № 683-1Q) və müvafiq beynəlxalq nəqliyyat Saziş və Konvensiyaları mühüm əhəmiyyətə malik sənədlərdir (bax: Aliev G. «Mejdunarodnıe pravovıe aktı v oblasti avtomobilğnoqo transporta» // Mejdunarodnoe pravo, Baku, 2000., № 4-5, s.76-78.). Avtomobillə beynəlxalq yük daşımaları isə «Beynəlxalq yük daşıması müqaviləsi (BYDM) haqqında» Konvensiya ilə tənzimlənir. 19 may 1956-cı il tarixdə Cenevrədə qəbul edilmiş bu sənəd Azərbaycan Respublikasında 2000-ci ildə ratifikasiya edilmişdir.

Azərbaycan Respublikası MDB ölkələri çərçivəsində beynəlxalq avtomobil daşımalarını tənzimləyən konvensiyaların iştirakçısıdır. Bu sırada «Sərnişinlərin və baqajın beynəlxalq avtomobil daşımaları haqqında» Bişkek Konvensiyasını (1997-ci il), «Beynəlxalq avtomobil əlaqələri haqqında» Daşkənd Sazişini göstərmək olar. Daşkənd Sazişi MDB çərçivəsindən müəyyən mənada kənara çıxır (Saziş Özbəkistan, Çin Xalq Respublikası və Qırğızıstan Respublikası hökümətləri arasında bağlanılmışdır), lakin MDB-nin bir neçə ölkəsinin (Daşkənd Sazişinə Azərbaycan Respublikası 24 mart 2000-ci il tarixli 848-İQ №-li Qanunla qoşulmuşdur) avtomobil nəqliyyatı ilə əlaqələri olmadan, Çin Xalq Respublikası ilə iqtisadi və avtomobillə yükdaşıma əlaqələri mümkünsüz olardı.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında «Avtomobil daşımaları haqqında» Saziş 1995-ci ildən qüvvədədir. Bu cür ikitərəfli sazişlər Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası, Rumıniya, Moldova, Rusiya Federasiyası, Latviya və İran İslam Respublikasının Hökumətləri arasında da bağlanmışdır.

Bütün bu sadalanan sazişlər, konvensiyalar, eyni zamanda, Azərbaycan Respublikasının nəqliyyat (avtomobil nəqliyyatı) qanunvericiliyinin mənbələridir. Dəmiryol nəqliyyatı haqqında SSRİ qanununu (15 aprel 1991-ci il tarixli), sərnişinlərin və baqajın daşınması ilə bağlı münasibətləri tənzimləyən «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununu (1995-ci il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 1995-ci il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Dövlət Dəmir Yolu haqqında» Əsasnaməni nəqliyyat haqqında qanunvericiliyə daxil etmək olar.

«Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanununun (1999-cu il) 2-ci maddəsinə müvafiq olaraq beynəlxalq dəmir yolu daşıması haqqında Konvensiya (yüklərin və sərnişinlərin dəmir yolu ilə daşınması haqqında Bern Konvensiyası), yük vaqonlarının və konteynerlərinin birgə istifadəsi barədə 12 mart 1993-cü il tarixli MDB Sazişi beynəlxalq avtomobil daşımaları haqqında Azərbaycan Respublikasının daxili nəqliyyat qanunvericilik sisteminin tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, əgər həmin beynəlxalq müqavilələrə Azərbaycan Respublikası tərəfdar çıxarsa, nəqliyyat haqqında qanunvericiliyə daxil edilmiş beynəlxalq sənədlər daxili qanunvericilik aktlarına münasibətdə üstünlüyə malikdirlər (Azərbaycan Respbulikasının Konstitusiyası, maddə 151). Bu siyahıya Azərbaycan Respublikası və Ukrayna Hökumətləri arasında «Dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında» Sazişi (Azərbaycan Respublikasının 6 iyun 1997-ci il tarixli 305 1Q saylı Qanunu ilə təsdiq edilmişdir) və beynəlxalq hüquqi aktlar içərisində «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas çoxtərəfli Sazişi» (tarixi «İpək yolu»nun bərpası üzrə beynəlxalq konfransda imzalanmış, (Azərbaycan Respublikasının 30 oktyabr 1998-ci il tarixil 535-IQ saylı qanun ilə təsdiq edilmişdir) əlavə etmək olar.

Nəqliyyat hüququ kompleks hüquq sahəsi olduğundan bu sayda normativ hüquqi aktların mövcudluğu labüddür, lakin nəqliyyat hüququnun sahələr üzrə məcəllələşdirilmiş normalar məcmusu kimi olması praktiki fəaliyyətdə işlərin asanlaşmasına xidmət etmiş olardı.

Məlum olduğu kimi, yüklərin bir sənəd üzrə müxtəlif nəqliyyat növlərilə daşınmasına birbaşa qarışıq daşıma deyilir. Belə daşımalarda həm dəmir yolu, həm də avtomobil nəqliyyatları dəniz nəqliyyatı ilə qarışıq daşımalarda iştirak edir.

Birbaşa qarışıq yükdaşımaların əsas üstünlüyü ondan ibarətdir ki, yükgöndərən yükü yükvurma məntəqəsində daşıyıcılardan birinə təhvil verməklə yükdaşınma məntəqələrində, yükün bir nəqliyyatdan diqərinə yenidən yüklənməsi, saxlanması, təhvil verilməsi üzrə əməliyyatların aparlımasından azaddır.

Göndəriş məntəqəsindəki nəqliyyat müəssisəsi ilə bağlanmış yük daşınması haqqında müqavilə birbaşa qarışıq yükdaşımada iştirak edən bütün növ nəqliyyat vasitələri üçün məcburidir.

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində birbaşa qarışıq daşımalara aid fəsil yoxdur. Lakin, «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, birbaşa qarışıq yük daşıması dəniz nəqliyyatının iştirakı ilə həyata keçirilir və TGM-nin qaydaları yalnız qanunvericilikdə bilavasitə nəzərdə tutulduğu hallarda tətbiq edilir (maddə 10).

Beləliklə, Dəmir Yolu Nizamnaməsi birbaşa qarışıq daşımaların təşkili və dəmir yolunun iştirakı ilə müxtəlif növ nəqliyyat vasitələrinin qarşılıqlı məsuliyyətinə aid olan yalnız ümumi normaları müəyyən edir. Bir nəqliyyat növündən digərinə yüklərin yerinin dəyişdirilməsi, müvafiq qaydalarda daha müfəssəl şəkildə aydınlaşdırılır. Dəniz gəmiçiliyinin birbaşa qarışıq daşımalar üçün qəbul olunmuş yüklərin qorunub saxlanılmasına dair məsuliyyəti isə Ticarət Gəmiçiliyi Məcəlləsi ilə müəyyən edilir.

Dəmir yolları və gəmiçiliklər yükboşaltma məntəqələrində boşaldılan yüklərin altına vaqonların və gəmilərin müntəzəm, fasiləsiz verilməsini təmin etməlidirlər.

Su nəqliyyatı ilə nəql edilən tökmə yüklər, meşə məhsulları, habelə zəhərli və partlayıcı maddələr qarışıq daşımalar üçün qəbul edilmir.

Dəmir yolu - su birbaşa qarışıq əlaqələrində göndərilən yüklərin tərəflərin razılığı ilə boşaltma - yükləmə məntəqələrində çəkisi ölçülür (taralı və ədədlə yığılan yüklər istisna olmaqla) və yükalana çəki ilə də təhvil verilir.

Son zamanlar «Tokio qaydaları» adlandırılan sənəd əsasında geniş vüsət almış konosamentlər tətbiq edilir. Bu qaydalar beynəlxalq əlaqələrdə yüklərin daşınmasında məsafənin bir hissəsinin mütləq dənizlə keçəcəyi şərti ilə tətbiq edilir. Bu qaydalar yüklərin beynəlxalq nəqliyyat yolları ilə daşınması zamanı yalnız bir şərtlə məsafənin bir hissəsinin dəniz yolu ilə keçəcəyi halda tətbiq edilir. Bu cür konosamentlərin məzmununa görə daşıyıcı müqavilənin şərtlərini yerinə yetirmək üçün müxtəlif növ nəqliyyat vasitələrindən istifadə edərək və yükün itirilməsi, yaxud zədələnməsinə görə konosament sahibi qarşısında məsuliyyət daşıyaraq, yükün göndərildiyi məntəqədən təyinat məntəqəsinə təhvil verilməsini öz öhdəsinə götürür. Lakin daşıyıcının bu cür məsuliyyəti, əgər zərərin dəydiyi yer daşıma prosesinin mərhələsi məlumdursa, şəbəkə sistemi adlandırılan qayda üzrə müəyyən edilir. Sözü gedən qaydanın məğzi ondan ibarətdir ki, daşıyıcı yükün itirilməsi və ya zədələnməsinə görə o zaman məsuliyyət daşıyır ki, onunla iddiaçı arasında müvafiq yolla yükün daşınmasına dair bilavasitə bağlanmış müqavilə olsun. Məsələn, dəniz gəmiçiliyi Batumidən Kiyevə yükün daşınması üçün verilən konosamentlə daşımanı iki növ nəqliyyatla Batumidən Odessaya gəmi ilə, Odessadan Kiyevə avtomobil nəqliyyatı ilə başa çatdırır. Yükün zədələnməsinin Odessa - Kiyev hissəsində baş verildiyi müəyyən olunarsa, konosamenti verən daşıyıcı 1956-cı il Beynəlxalq avtonəqliyyat daşımaları haqqında müqaviləyə əsasən Konvensiyanın normaları ilə məsuliyyət daşıyır.

Şəbəkə sisteminin üstünlüklərindən biri də odur ki, bu sistem beynəlxalq qarışıq daşımalarda iştirak edən nəqliyyat növlərinin fəaliyyətini nizama salan müxtəlif nəqliyyat konvensiyaları arasında baş verəcək münaqişələrin sayının minimuma endirilməsinə imkan yaradır.

1980-cı ilin may ayında İsveçrədə «Yüklərin beynəlxalq qarışıq daşımaları haqqında» BMT Konvensiyası qəbul edilmişdir. Konvensiya normalarının əsasını 1978-ci ildə AFR-ın Hamburq şəhərində qəbul edilmiş «Hamburq qaydaları» təşkil edir. Konvensiyaya görə, qarışıq daşımanı həyata keçirən operator yükün qarışıq daşınması haqqında müqavilə bağlayır və agent kimi deyil, müqavilədə tərəf kimi və yaxud qarışıq daşımada iştirak edən yükgöndərən və ya daşıyıcının adından çıxış edir.

 

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2004.

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı, 2005.

3. S.S.Allahverdiyev. Azərbaycan Respublikasının mülki hüququ. II cild. Dərslik. Bakı, 2001.

4. Eqiazarov V.A. Transportnoe pravo. M., 2001.

5. E.Ə.Əliyev. Beynəlxalq nəqliyyat daşımalarının konvension təsbiti. Bakı, 2002.

6. E.Ə.Əliyev. Nəqliyyat hüququnun əsasları. Dərs vəsaiti. Bakı, 2004.

7. R.C.İmanov, V.Həsənov. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixi. Bakı, 2003.

8. M. Səfərov. Xəzər dəniz nəqliyyatının tarixi. Bakı, 2002.

9. H.İsakov. Qədim «İpək yolunun» bər-pasında dəniz nəqliyyatının rolu. «Tarix və onun problemləri». Bakı, 1999 № 1.

10. H.İsakov. Azərbaycan Respublikasında nəqliyyatın inkişaf tarixi (Avtoreferat). Bakı, 2000.

 

MÜNDƏRİCAT

Bakı-Tbilisi-Ceyhan Azərbaycan və bütün bölgə dövlətləri üçün yeni iqtisadi imkanlar açacaq
Qars-Axalkalaki-Tbilisi dəmir yolu Avropanı Mərkəzi Asiya ilə birbaşa birləşdirəcəkdir
Bunları bilmək maraqlıdır
Nəqliyyat tarixindən: Rayt qardaşları
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.