04.26.2017 06:08
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Azərbaycanın iqtisadi inkişafında «İpək Yolu» layihəsinin əhəmiyyəti

Əsədov Aqil Məhiyəddin oğlu,
Azərbaycan Texniki Universiteti
«Xidmət sahələrinin iqtisadiyyatı
və menecment» kafedrasının
aspirantı.

Cəmiyyətin inkişafında ən mühüm amillərdən biri də dövlətlərarası əlaqələrin mövcudluğudur. Bu əlaqələr müxtəlif sahələrdə yarandığı üçün geniş çeşidlidir. Dünya dövlətlərinin inkişafına təkan verən, onların biri-birinə siyasi, iqtisadi, mədəni və s. cəhətdən inteqrasiyasına şərait yaradan əsas amillərdən biri də dövlətlərarası nəqliyyat əlaqələridir. Hal-hazırda Beynəlxalq təşkilatların, xüsusilə Avropa Birliyi (AB) ölkələrinin dəstəyi ilə Azərbaycan Respublikasında da bu istiqamətdə TRASEKA, TAE FO, INOGATE kimi iri regional proqramlar həyata keçirilməkdədir. Bu proqramlar vasitəsi ilə iştirakçı dövlətlərarası əlaqələr yaranır və genişlənir. Keçmiş SSRİ dağıldıqdan sonra müttəfiq respublikalararası əlaqələrin pozulması bütün respublikaların iqtisadiyyatını, onun ayrı-ayrı sahələrini iflic vəziyyətə saldığını nəzərə alsaq, həyata keçirilən proqramlar vasitəsilə dövlətlərarası əlaqələrin yaranmasının, dövlətlərin biri-birinə inteqrasiyasının nə qədər əhəmiyyəti olduğu göz önündədir.
Bu baxımdan 26 oktyabr 1998-ci ildə 32 ölkənin və 13 beynəlxalq təşkilatın iştirakı ilə «Böyük İpək Yolunun Canlandırılması» mövzusunda keçirilən Beynəlxalq Bakı Konfransının qərarı ilə bərpa edilmiş Böyük İpək Yolunun (BİY) əhəmiyyəti əvəzedilməzdir.
1991-ci ildə Avropa Birliyi ölkələrinin təşəbbüsü ilə təsis edilmiş TASİS və 1993-cü ildə Brüsseldə qəbul edilmiş TRASEKA proqramlarından qidalanan BİY-nun bünövrəsi bizim eradan əvvəl II əsrdə qoyulmuşdur.
Bütün dünyada avtomobil nəqliyyatı bir çox üstünlüklərinə, xüsusən qapıdan-qapıya çatdırma imkanına görə daha çox kütləvilik kəsb edir. Ona görə də biz «İpək Yolu» layihəsinin avtomobil nəqliyyatı ilə bağlı hissəsini nəzərdən keçirəcəyik.
Hal-hazırda beynəlxalq standartlara uyğun tikilməkdə olan Bakıdan Gürcüstan sərhəddinədək avtomobil yolunun uzunluğu 550 km-ə yaxındır. Bu yolun yenidən qurulmasına tələb olunan vəsait (80 milyon ABŞ dolları) aşağıdakı kimi bölüşdürülmüşdür: Dünya Bankı 25 illik kredit şəklində 40 milyon, Avropa Yenidənqurma və İnkişaf Bankı 21 milyon, İslam İnkişaf Bankı 10 milyon, «Azəravtoyol» Dövlət Sirkəti 9 milyon dollar. Yolların təmiri ilə bağlı tender elanı nəzərdə tutulsa da, sevindirici haldır ki, əsas işlərin yerinə yetirilməsi «Azəravtoyol» Dövlət Sirkətinə həvalə edilmişdir. Bunun isə müsbət tərəfi xeyli sayda yeni iş yerlərinin açılması və nəticədə əhalinin məşğulluğunun daha da yaxşılaşdırılmasıdır. «Azəravtoyol» DS-nin hesablamalarına görə yalnız Bakı-Ələt-Qazıməmməd avtomobil yolunun bərpasında 90 nəfər xarici, 1400 nəfər isə yerli mütəxəssis işlə təmin olunacaqdır. Gələcəkdə isə belə iş yerlərinin artacağı şübhəşizdir. İpək Yolu tam gücü ilə istismara verildikdə 4-5 il müddətində 30-40 milyon dollar gəlir götürülməsi proqnozlaşdırılır. Təbii ki, bu vəsaitin cox hissəsi dövlətin daxili siyasətinin tərkib hissəsi kimi yeni iş yerlərinin acılmasına, respublika iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun inkişafına yönəldiləcək ki, bu da işsizlik probleminin aradan qaldırılmasına kömək edərək, əhalinin maddi rifahını yüksəltməklə yanaşı, «Yoxsulluğun aradan qaldırılması» haqqında Dövlət Proqramına da öz bəhrəsini verəcəkdir. Ümumiyyətlə, «İpək Yolu» layihəsindən ən çox gözləntiləri olan dövlət Qazaxıstan və Orta Asiya respublikalarından sonra Azərbaycandır. Buna əsas səbəb Azərbaycanın əlverişli coğrafi mövqeyi və bu layihədə həlledici rol oynamasıdır. Burada ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 22 mayda Avropa Parlamentinin nümayəndə heyətini qəbul edərkən söylədiyi nitqdən bir hissəni qeyd etmək istərdim: «Hələ 1992-93-cü illərdən başlayaraq AB-nin bizim regiona, Qafqaz, Orta Asiya regionuna marağı artmışdır. Bir neçə proqramların – TASİS, TRASEKA, INOGATE – yaranması AB-nin həqiqətən bizim regiona çox diqqətlə yanaşmasını göstərir. Bizim respublika bu proqramların həyata keçirilməsində fəal iştirak edir. Ölkəmizin coğrafi, coğrafi-strateji vəziyyəti elədir ki, bu proqramlar Azərbaycansız həyata keçirilə bilməz.»
Hələ İpək Yolunun tam istifadəyə verilməməsinə baxmayaraq, bu layihənin müsbət cəhətləri nəzərə çapmaqdadır. Belə ki, 1995-2000-ci illərdə respublika ərazisindən tranzit yük daşımaları 15 dəfə artaraq 355 min tondan 5,2 milyon tona çatmışdır. Statistik məlumatlara əsasən 1998-ci illə müqayisədə 1999-cu ildə yük daşımaları 800 min ton artaraq 5 milyon tona çatmışdır. Başqa sözlə, 1999-cu ildə əvvəlki ilə nisbətən yük daşımaları 37,2%, yük dövriyyəsi 39,5%, müvafiq olaraq sərnişin daşımaları 10,45%, şərnişin dövriyyəsi isə 17,03% artmış və bunun müqabilində yükdaşımalardan 169 milyon manat, sərnişindaşımalardan isə 7,9 milyon manat çox gəlir əldə edilmişdir. Əvvəldə qeyd etdiyimiz kimi, avtomobil nəqliyyatı bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da və eləcə də «İpək Yolu» layihəsində də aparıcı rol oynayır. «Azəravtoyol» Dövlət Sirkətinin hesablamalarına görə BİY ilə yük daşımalarının 55%-dən çoxu avtomobil nəqliyyatının payına düşəcəkdir. Bu daşımalar beynəlxalq avtomobil sənayesinin ağır tonnajlı avtomobilləri vasitəsilə həyata keçiriləcəkdir. Bakı şəhəri BİY layihəsində əsas qovşaqlardan biri olduğu üçün proqrama əsasən müxtəlif nəqliyyat növləri (avtomobil, dəmir yolu, su və hava yolları) vasitəsilə Bakı şəhərinə daxil olan müxtəlif təyinatlı yüklər Qərb və Cənub-Qərb istiqamətlərində Avropaya çatdırılmalıdır. Bu daşımaların keyfiyyətlə və vaxtında yerinə yetirilməsi üçün daşımalarda iştirak edəcək bütün yolların beynəlxalq standartlara uyğun təmiri və ya yenidən qurulması zəruridir. Bakı-Gürcüstan istiqamətindən sonra Bakı-Quba-Dağıstanla sərhəddə qədər avtomobil yollarının yenidən qurulması istiqamətində də mühüm addımlar atılmaqdadır. Bu yolun təmirində də Azərbaycan Respublikasının 1000-ə yaxın vətəndaşının işlə təmin edilməsi proqnozlaşdırılır. BİY Qara və Xəzər dənizlərindən keçməklə Avropa və Asiyanı birləşdirərək 54 ölkəni əhatə edir. Sevindirici haldır ki, belə bir iri regional proqramın - TRASEKA proqramının Daimi Katibliyi Bakıda yaradılmışdır. Burada əsas səbəb Avropa Birliyinin bizim regiona marağı və Azərbaycanın əlverişli coğrafi mövqeyidir. Bakı şəhərinin BİY-nin əsas qovşaqlarından biri olması, əlaqədar təşkilatlar (Bakı şəhər meriyası, Respublika Baş Dövlət Yol Polisi İdarəsi, «Azəravtoyol» DS, Respublika Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və s.) qarşısında mühüm vəzifələr yaradır. Həyata keçirilən proqramdan Azərbaycan Respublikasının dövlət siyasətinə və mənafeyinə uyğun olaraq maksimum səmərə əldə etmək və bu layihədən respublikamızın gözləntilərini doğrultmaq üçün əlaqədar təşkilatların öz işlərinə və qarşıya qoyulmuş vəzifələrin icrasına məsuliyyətlə yanaşması xüsusi əhəmiyyət kəsb edir.
«İpək Yolu» layihəsinin reallaşdırılması milli təsərrüfatın müxtəlif sahələrinin, xüsusən respublika nəqliyyat infrastrukturunun inkişafına təkan verəcəyi heç bir şübhə doğurmur. Nəqliyyatın iqtisadiyyatı, onun müxtəlif növlərinin inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir. Bu baxımdan nəqliyyat növləri arasında prioritet əhəmiyyət kəsb edən avtomobil nəqliyyatınin inkişafı iqtisadi inkişafın bir nümunəsidir. Digər nəqliyyat növləri kimi, avtomobil nəqliyyatınin da əsas vəzifəsi cəmiyyətin daşımalara (sərnişin və yük) olan tələbatını vaxtında, itkisiz və minimum məsrəflərlə ödəməkdən ibarətdir.
Keçmiş SSRİ dağıldıqdan sonra milli təsərrüfatın bir çox sahələri kimi avtomobil nəqliyyatı (xüsusilə yük avtomobil nəqliyyatı) da iflic vəziyyətə düşmüşdür. Bu sahədə 1995-ci ildən, tədricən başlayan dirçəlişlər «İpək Yolu» layihəsinin gündəmə gəlməsindən sonra daha çox nəzərə çarpmaqdadır. Yük və sərnişin daşımalarının istər respublikadaxili, istərsə də tranzit daşımalar üzrə statistik göstəriciləri də yuxarıda deyilənləri bir daha təsdiq edir. Avrasiya («İpək Yolu») nəqliyyat dəhlizi haqqında statistik göstəricilərə nəzər salaq.

Avrasiya («İpək Yolu») nəqliyyat dəhlizinin işi ( avtomobil nəqliyyatı timsalında):
Statistik məlumatlardan görünür ki, «İpək Yolu» layihəsi hələ tam reallaşmasa da, yolun bütün hissələrində keyfiyyət göstəriciləri ürəkaçan olmasa da, artıq nəzərə çarpacaq yüksəlişlər hiss edilməkdədir.
Yuxarıda qeyd etdiyimiz kimi, BİY boyunca daşımaların çox hissəsi avtomobil nəqliyyatının payına düşür. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün, ilk növbədə, istismar olunan nəqliyyat vasitələrinin texniki sazlığı və istismara yararlığı təmin edilməlidir. Ona görə də vacib məsələlərdən biri də avtomobil nəqliyyatınin infrastruktur sahələrinin yaradılması və ya müasir tələblərə uyğun inkişaf etdirilməsidir. Avtomobil nəqliyyatının infrastruktur sahələri dedikdə texniki xidmət və təmir müəssisələri, cari təmir bazaları, yoxlama-nəzarət məntəqələri, yol evləri, yanacaqdoldurma məntəqələri, sürücülər üçün istirahət evləri, yeməkxanalar, körpülər, tunellər və s. nəzərdə tutulur. Bu infrastrukturlar yerinə yetirilən texnoloji prosesdən asılı olaraq, tikinti və ya sənaye xarakterli olmaqla 2 qrupa ayrılır. Tikinti xarakterli infrastrukturlar daşıma prosesində birbaşa iştirak etmir və köməkçi rol oynayırlar. Sənaye xarakterli infrastrukturlar isə istismar edilən nəqliyyat vasitələrinin texniki sazlığını təmin etməklə və eyni zamanda, lazımi texniki xidmət və cari təmirlər aparmaqla daşıma prosesində birbaşa iştirak edirlər. Ona görə də BİY boyunca normativə uyğun olaraq, müəyyən məsafələrdə müasir tələblərə cavab verən sənaye xarakterli infrastruktirların yaradılması zəruridir. Yol boyunca müxtəlif regionlarda yaradılacaq belə müəssisələrdə 100-lərlə vətəndaş işlə təmin olunar ki, bu da «Regionların inkişaf etdirilməsi» haqqında Dövlət Proqramına uyğun olmaqla bərabər «Yoxsulluğun aradan qaldırılması» haqqında Dövlət Proqramı istiqamətində də öz bəhrəsini verər.
Ümumiyyətlə, həyata keçirilməkdə olan reğional TRASEKA proqramının əsasını təşkil edən «İpək Yolu» layihəsinin istər siyasi və iqtisadi, istərsə də sosial və mədəni inkişaf baxımından istirakçı ölkələrə böyük səmərə verəcəyi heç kimdə şübhə doğurmur. «İpək Yolu»nun özəyini təşkil edən, onun mərkəzində yerləşən Azərbaycan Respublikasının da bu layihədən laziminca bəhrələnəcəyi şübhəsizdir. Ancaq biz «İpək Yolu» layihəsinin respublika iqtisadiyyatına, onun mədəni və siyasi həyatına gətirdiyi və gətirəcəyi müsbət cəhətləri alqışlamaqla yanaşı, yaranacaq problemləri də nəzərdən qaçırmamalıyıq. Məlumdur ki, müasir standartlara uyğun bərpa edilməkdə olan BİY eyni vaxtda nəqliyyat vasitəsinin 6-7 cərgəli yanaşı hərəkətinə imkan verəcək, ildən-ilə yük və sərnişin daşımaları yüksələn xətlə inkişaf edəcəkdir. Bu isə vahid zamanda hərəkətdə olan nəqliyyat vasitələrinin sayını artıracaq və beləliklə də nəqliyyat vasitələrinin intensivliyi yüksək həddə çatacaq. Belə vəziyyətdə isə, ilk növbədə, yaranacaq vacib problemlərdən biri də ətraf mühitin və atmosferin çirklənməsi, təbiətdən istifadə qaydalarının pozulması və s. kimi ekoloji problemlərdir. Beynəlxalq aləmdə ekoloji problemlərə silahların azaldılmasından sonra, qlobal bir problem kimi yanaşıldığı vaxtda, təbii ki, Azərbaycan Respublikasında da bu istiqamətdə nəzarətin gücləndirilməsi vacib hesab edilir. 1991-92-ci illərdə, hansı ki, o vaxtlar BİY bərpa edilməmişdi. Bakı şəhərinin nəqliyyat intensivliyi sıx olan mərkəzi küçələrindən götürülmüş hava nümunəsinin təhlili nəticəsində məlum olmuşdu ki, havanın çirkləndirilməsi proqnozlaşdırılan normativdən 40-50 dəfə çoxdur. Təbii ki, belə ekoloji göstəricilər ətraf mühitin zəhərlənməsində, yaşıllıqların deqradasiyaya uğramasında, xəstəliklərin və xəstə doğuşların artmasında və digər belə arzuolunmaz halların yaranmasında mühüm rol oynayır. Son illər respublikamızda avtomobil parkının yüksək templə genişləndiyini və avtonəqliyyat vasitələrinnin sayının 1990-ci ildə 398761 ədəd, 1995-ci ildə 392165 ədəd, 2000-ci ildə 440626 ədəd, 2003-cü ildə 479460 ədəd təşkil etdiyi halda 2005-ci ildə bu rəqəmin 500 min ədəddən çox olduğunu nəzərə alsaq, ekoloji problemlərə ciddi yanaşmağın zəruriliyi məlum olar. İstər «İpək Yolu» boyunca nəqliyyat vasitələrinin hərəkəti zamanı, istərsə də əvvəldə təklif edilən infrastruktur müəssisələrin yaradılması və istismarı zamanı ekoloji tarazlığın gözlənilməsi zəruridir.
Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin və nəqliyyat-yol komplekslərinin (nəqliyyat növləri və onlarla əlaqədar müəssisələr nəzərdə tutulur) fəaliyyəti hüquqi baxımdan Azərbaycan Respublikası Prezidentinin 11 iyun 1999-cu il tarixli Fərmanı ilə qəbul edilən və 27 iyul 1999-cu il tarixli Fərmanı ilə qüvvəyə minən «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu ilə və 10 iyun 2003-cü il tarixli Fərmanla təsdiq edilən Azərbaycan Respublikasınin «Nəqliyyat Nazirliyi haqqında» əsasnamə ilə tənzimlənir.
Nəqliyyat daşıma münasibəti iştirakçılarının – daşıyıcı, sifarişçi, yükgöndərən, yükalan və digər iştirakçıların vəzifə, hüquq və məsuliyyətlərini əks etdirən bu normativ sənədlərdə, eyni zamanda, ekoloji vəziyyətlə bağlı müddəalar da əks etdirilmişdir (əsasnamə: 3-cü bənd, 9.38, 9.42, 10.10 və s., «Nəqliyyat haqqında» Qanun: maddə 22).
Əsasnamədə nəzərdə tutulur ki, Nəqliyyat Nazirliyi səlayihətləri daxilində müasir tələblərə uyğun kadrların hazırlanmasını, onların günün tələbləri baxımından maarifləndirilməsi və təkmilləşdirilməsini həyata keçirir. Bu zaman yeni kadrların hazırlanmasında ekoloji maarifləndirməyə xüsusi fikir verilməsi zəruri hesab edilməlidir. Digər nəzərə alınmalı vacib məsələ odur ki, yolun qrafiki elə qurulmalıdır ki, əkinə yararlı torpaq sahələrinin, yaşıllıqların itkisi minimum olsun.
Ümumiyyətlə həyata keçirilən bu proqram zamanı yarana biləcək ekoloji problemlərin qarşısını maksimum almaq üçün beynəlxalq təcrübəyə əsaslanaraq Ekoloji Auditin tətbiq edilməsi məqsədəuyğun hesab edilir. Bu audit vasitəsilə fəaliyyətdə olan və yaradılacaq müəssisələrin, eyni zamanda orada istismar edilən avadanlıqların ekoloji normaya uyğunluğuna nəzarət etmək, çatışmazlıqlar barədə lazımi instansiyaları vaxtında məlumatlandırmaq və beləliklə də ətraf mühiti daha effektli mühafizə etmək olar.
Həyata keçirilməkdə olan TASİS, TRASEKA kimi proqlamların, «İpək Yolu» layihəsinin Azərbaycan iqtisadiyyatında, respublikamızın nəqliyyat sistemində, xüsusilə avtomobil nəqliyyatı sahəsində inkişafa zəmin yaratdığını, bu sahələrin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə təkan verdiyini, əhalinin maddi və mənəvi rifahının yaxşılaşdırılmasında, yoxsulluğun aradan qaldırılmasında və bu kimi digər vacib istiqamətlərdə əhəmiyyətli rol oynadığını qiymətləndirməklə yanaşı, gələcəkdə yaranacaq problemlərin minumuma endirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruri hesab edilir:
– yol boyunca günün tələblərinə cavab verən infrastruktur müəssisə-lərinin təşkili məqsədəuyğundur;
– mövcud olan və yaradılacaq texniki xidmət və təmir bazalarının, eləcə də avtoservis müəssisələrinin müasir avtomobillərin konstruksiyalarına və beynəlxalq standartlara uyğyn nəzarət-ölçü cihazları, diaqnostik aparatlar, ehtiyyat hissələri və köməkçi materiallarla təmin edilməsi zəruri hesab edilir;
– yolların bərpasında və yeni müəssisələrin yaradılmasında yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsi diqqətdə saxlanılmalıdır;
– «İpək Yolu» layihəsində əldə ediləcək gəlirlərin yeni iş yerlərinin açılması və qeyri-neft sektorunun inkişafı istiqamətində istifadəsi məqsədəuyğun olardı;
– yollarda DYP işçiləri ilə yanaşı, sırf ekoloji vəziyyətə nəzarət edən xüsusi qrupların fəaliyyəti gələcəkdə nəzərdən keçirilsin;
– yollarda və müəssisələrdə ekoloji vəziyyətə nəzarəti gücləndirmək üçün Ekoloji Auditin təşkili zəruri hesab edilir;
– nasaz avtomobil istismarçılarına qarşı inzibati tədbirlər daha da sərtləşdirilsin (böyük məbləğdə cərimələr, müəyyən müddət sürücülük huququndan məhrum etmə və s.);
– hərəkətin təhlükəsizliyini və yüklərin toxunulmazlığını təmin etmək üçün yollarda nəzarətin daima gücləndirilməsi vacibdir.

 

İSTİFADƏ  EDİLMİŞ 
ƏDƏBİYYAT:

1. «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan qəzeti, 1999, №170;
2. Azərbaycan Respublikasının «Nəqliyyat Nazirliyi haqqında» Əsasnamə. Azərbaycan qəzeti,11 iyun 2003;
3. Əliyev E. Ə. Beynəlxalq nəqliyyat daşımalarının konvensiyon təsbiti. Bakı, «Hüquq ədəbiyyatı» nəşriyyatı, 2002;
4. Z. S. Məmmədov «İqtisadi inkişafın nəqliyyat faktoru», Bakı, Elm, 2003;
5. «İpək Yolu» Respublika elmi-təcrübi konfransının materialları, Bakı, 2000;
6. «İpək Yolu» Respublika elmi-təcrübi konfransının materialları, Bakı, 2001;
7. Azərbaycan Texniki Univertsiteti, Aspirant və gənc tədqiqatçıların elmi-texniki konfransının materialları, Bakı, AzTU, 2002.

ЗНАЧЕНИЕ  ПРОЕКТА  «ШЕЛКОВЫЙ  ПУТЬ»  В
ЭКОНОМИЧЕСКОМ  РАЗВИТИИ  АЗЕРБАЙДЖАНА


Асадов Агиль Махияддин оглы,
  аспирант кафедры «Экономика
  сферы услуг и менеджмент»
  Азербайджанского Технического
  Университета.


Статья посвящена реализации проекта «Шелковый путь», который предпологает большой толчок развитию межгосударственных экономическо-транспортных отношений.
Автором даны некоторые предположения в направлении решения возможно возникающих проблем во времени реализации проекта.

 

SIGNIFICANCE  OF  SILK  ROAD  PROJECT  FOR
DEVELOPMENT  OF  AZERBAIJAN  ECONOMY


Asadov Agil,
Post-graduate student of «Management
And Economics in Non-Manufacturing
Business» chair.


Present article describes the great impulse that will be given to development of intergovernmental economic and transport relations by realization of «Silk Road» Project.
The problems that could arise during the project implementation and possible solutions are also touched in the article.

MÜNDƏRİCAT

Bakı-Tbilisi-Ceyhan Azərbaycan və bütün bölgə dövlətləri üçün yeni iqtisadi imkanlar açacaq
Qars-Axalkalaki-Tbilisi dəmir yolu Avropanı Mərkəzi Asiya ilə birbaşa birləşdirəcəkdir
Bunları bilmək maraqlıdır
Nəqliyyat tarixindən: Rayt qardaşları
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.