10.20.2017 03:46
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Alim ömrünün elmi təfəkkürə köklənmiş kodları

Görkəmli alim 1960-1964-cü illərdə Moskva şəhərində «QİREDMET» İnstitutunda aspirant olmuş, 1966-cı ildə «Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə «Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri» mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
AMEA-nın həqiqi üzvü, Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Mir Cəlal oğlu Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır. Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olmuşdur.
Funksional elektronikanın müstəqil elmi istiqaməti olan neqatronika sahəsi keçən əsrin sonunda ilk dəfə olaraq Azərbaycanda məhz akademik Arif Paşayevin elmi məktəbində aşkarlanmış və öz inkişafını tapmışdır.
Akademik Arif Paşayevin ideyaları və şəxsiyyəti müstəqil respublikamızda müasir təhsil və elmi-tədqiqat işlərinin inkişaf etdirilməsinə böyük töhfələr verməkdə davam edir. Geniş elmi maraq dairəsi, verdiyi ideyaların fundamentallığı və orijinallığı onu nəinki Azərbaycanda, hətta ümumbəşəri elmi ictimaiyyətin ön sırasında görməyə əsas verir.
Akademik Arif Paşayev elmi məktəbinin əlamətdar xüsusiyyətlərindən biri də onun ümumi iş ətrafında birləşmə, kollektivin hər bir üzvünə, xüsusən də gənc mütəxəssislərə qayğıkeşliklə yanaşmasıdır. Elmi yaradıcılığında maraqların geniş dairəsi və müxtəlifliyi, məqsəd, sistematiklik və nəhayət, həyata keçirilən dərin düşünülmüş strategiya vəhdət təşkil edərək başlanılan işlərdə həmişə uğurla nəticələnir. Akademikin 400-ə yaxın elmi əsəri dərc olunmuşdur. O, 20-yə yaxın kitabın, monoqrafiyanın müəllifidir. Alim 40-dan artıq ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, qızıl, qümüş medallarla və diplomlarla təltif olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə «SSRİ-nin ixtiraçısı» medalına, Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüş, «VEKTOR» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «Azərbaycanın tanınmış alimləri» beynəlxalq layihəsinin qalibi olmuş və «XXI əsrin tanınmış alimi» beynəlxalq diplomu ilə təltif edilmişdir.
Yorulmaz elm fədaisi Arif Paşayev ilk dəfə yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləmiş və bu üsulları reallaşdıran elmi cihazlar yaratmışdır. Bu səpkidən silindr formalı yarımkeçirici şayba və hissələrin xüsusi müqavimətinin kontaktsız ölçülməsi üçün «Siqma» seriyalı cihaz; yüksək aşğarlanmış yarımkeçiricilərin və yarımmetalların kontaktsız tədqiqi üçün «RO» seriyalı cihaz; lövhə və silindrvari nümunələrin qeyri-həmcinsliyinin kontaktsız ölçülməsi üçün «BİN» seriyalı cihaz; nazik qat və lövhələrin parametrlərini kontaktsız ölçmək və yarımkeçirici materialların fəal texnoloji nəzarəti üçün cihazlar geniş elmi içtimaiyyətə yaxşı məlumdur.
Akademik Arif Paşayev müxtəlif quruluşa malik elektromaqnit sahəsinin keçirici mühitə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatının cərəyan burulğanları ilə nəzarəti üçün yeni üsullar və qurğular yaratmışdır. Elektron mikrometri; dərinlik nasoslarının içliklərinin diametri; dərin deşikləri ölçmək üçün proqram təminatlı xüsusi elektron qurğular; SD-1 kondisionerlərinin diaqnostikası üçün stend və sair bu qəbildəndir.
Dəqiq inteqral miniatür çeviricilərin temperatura, təzyiqə, nəmliyə, gücə, təcilə, aşınmaya və titrəyişə həssas elementlərin yaradılması sahəsində Arif Paşayev mühüm nəticələr əldə etmişdir. Bu elementlər gəmiqayırmada, neftmaşınqayırmada, müdafiə və tibb sənayelərində və digər sahələrdə geniş tətbiq edilən, yüksək çevikliyə malik nəzarət sistemlərinin yaradılmasında istifadə olunur. Bunlar hərarət ölçən möhkəm gövdəli «Dalğa» qurğusu; «Tranzistor» seriyalı elektron termometri; yüksək cəldliyə malik termometri; «Dalğa» seriyalı inteqral təzyiqölçənlər və «Kremniy» seriyalı elektron monometrləri, elektron termometrləri, endoskopik tədqiqatlar üçün termometrlər, təzyiq və temperatur ölçənlərin tədqiqatı üçün stend və sairdir. Qeyd etmək lazımdır ki, akademik Arif Paşayev 1993-1997-ci illərdə fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini tədqiq etmiş və bu effekti bir sıra radiofizika və radiotexnika məsələlərinin həllində tətbiq etmişdir. A.Paşayev siqnalların zaman təhriflərinə korreksiyasının, çevrilməsinin, tezlik modulyasiyalı siqnalların izləyici qəbulunun akustooptik üsullarını və bu üsulları reallaşdıran qurğuları sintez etmiş, onların parametrlərini araşdırmışdır. Alınmış nəticələr bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində çap edilmişdir.
Arif Paşayev ilk dəfə yüksəktemperaturlu, infrakeçirici materialların xüsusiyyətlərini öyrənmişdir. Y=Ba=Cu=O sistemlərində infraqırmızı əksetdirmə spektrləri tədqiq edən alim radiasiyaya olan davamlılığı öyrənmiş, bu sistemdə atomların bir qisminin əvəz edilməsinin xarakterik keçid temperaturuna təsirini müəyyənləşdirmişdir. Bunun sayəsində keçid xarakteristikalarını dəqiq öyrənmək üçün orijinal, proqram təminatlı eksperimental qurğu yaradılmışdır. Bu istiqamətdə aparılmış tədqiqatların nəticələrinə 1988/90-cı illərdə Rusiya Elmlər Akademiyasının «Sverxprovodnikovaya elektronika» Elmi Şurasının qrantı (500000 rubl məbləğində) verilmişdir.
Akademik Arif Paşayev 1959-cu ildən Azərbaycan MEA Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin vaxtda o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxmışdır. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur.
Alimin gəldiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir çox sənaye müəssisələrində tətbiq edilmişdir.
Arif Paşayevin rəhbərliyi şəraitində çoxsaylı aspirant və dissertantlar namizədlik dissertasiyası müdafiə etmişlər. O, doktorluq dissertasiyalarının məsləhətçisi, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada, Azərbaycanda müdafiə olunmuş çoxlu doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmişdir.
1971-ci ildən 1996-cı ilədək Azərbaycan MEA Fizika İnstitutunun «Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları» laboratoriyasına rəhbərlik etmişdir. Bu müddət ərzində o, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirmiş, Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak etmişdir.
Akademik Arif Paşayev 1996-cı ildən indiyədək «AZAL» Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyasının rektorudur. Akademiyada tədris prosesini, elmi-metodiki işləri çox yüksək səviyyədə təşkil etmişdir. Alim bir sıra beynəlxalq və respublika elmi konfranslarının iştirakçısıdır. O, avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsində kompleks işlər üçün 1991-ci il mayın 26-da respublika Dövlət mükafatına layiq görülmüşdür.
Akademik Arif Paşayev Avropa Əqli Mülkiyyətin Qorunması Cəmiyyətinin qızıl medalı ilə təltif olunmuşdur. O, Azərbaycan Respublikası AAK-ın Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, Azərbaycan Respublikası MEA-da Cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.
Milli Aviasiya Akademiyasında rektor vəzifəsində işlədiyi dövrdə «İqtisadiyyat və hüquq», «Avianəqliyyat istehsalatı», «İxtisasartırma», «Qiyabi», «Hazırlıq» fakültələri, çoxlu yeni kafedra və yeni ixtisaslar açılmışdır. Burada ilk dəfə Azərbaycan dilində təhsilin aparılmasına başlanmışdır. Akademiyanın ərazisində yeni tədris korpusları, müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana və digər binalar inşa edilmiş, mövcud binalar yenidən qurulmuşdur.
Akademiyanın elmi fəaliyyəti dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasına və s. yönəldilmişdir.
Azərbaycan Milli Aviasiya Akademiyasının akademiki Arif Paşayevin rəhbərliyi ilə impuls yüksək gərginliklər tətbiq etməklə sənayenin müxtəlif sahələrində, tibb və məişət sahəsində geniş tətbiq tapmış ozonator qurğuları layihələndirilir, hazırlanır və müxtəlif texnoloji proseslərdə tətbiq olunur.
Onun rəhbərliyi altında Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə «Mülki Aviasiya ali təhsil müəssisəsi» sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasında Milli Aviasiya Akademiyası məhz akademik Arif Paşayevin rəhbərliyi nəticəsində aparıcı elm-təhsil mərkəzinə çevrilərək inkişaf tapmışdır. MAA-da respublikamızda oxşarı olmayan, dünya standartları səviyyəsində Akademiya şəhərciyinin salınması işində gərgin yaradıcılıq fəaliyyəti, müntəzəm şəkildə apardığı islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsi ilə bağlı şəxsi nəzarəti, təhsil ocağında sağlam elmi-pedaqoji mühit yaratması, yüksək ixtisaslı mütəxəssisləri ali məktəbə dəvət etməsi, bir çox elmi müəssisələrin iştirakı ilə keçirilən ümumrespublika elmi-praktik seminarına rəhbərlik etməsi onun yüksək elmi potensiala və təşkilatçılıq qabiliyyətinə malik olmasına sübutdur.
Akademik Arif Paşayev yüksək elmi-praktiki potensiala malik olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri ilə yaşayıb-yaradan, respublika əhəmiyyətli işlərdə, xüsusən ölkəmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf edən, gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmalarını xüsusi diqqətdə saxlayan qayğıkeş rəhbər, səmimi insan və ətrafında olan hər bir işgüzar, yaradıcı əməkdaşın yaxın məsləhətçisi və köməkçisidir. İnkişaf, tərəqqi, yüksəliş yolumuzun ön cərgəsində irəliləyən elm adamlarımızdan biri olan akademik Arif Paşayev respublikamızın həyatında taleyüklü məsələlərin həllində səylərini əsirgəməyərək öz xalqına əvəzsiz xidmətlər göstərir.
Yubiley bir də onunla əlamətdardır ki, müasir səviyyədən ötən illərdə yerinə yetirilən işlərin nəticələrinə əsaslanaraq gələcəkdə görüləcək işləri proqnozlaşdırmaq olar.
Görkəmli akademikin milli elmin inkişafı sahəsindəki misilsiz xidmətləri ölkə rəhbərliyi tərəfindən də layiqli qiymətini alır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Arif Paşayev «Şərəf» ordeni ilə təltif edilmişdir. Bu, görkəmli akademikin vətən və xalq qarşısındakı xidmətlərinə verilən ən yüksək qiymətdir.
Həmkarımız akademik Arif Mir Cəlal oğlu Paşayevi şərəfli yubileyi münasibətilə təbrik edir, müstəqil respublikamızda elmin, texnikanın və təhsilin inkişafında xidmətlərini yüksək qiymətləndirir, vətənimizin xoşbəxt gələcəyi naminə gördüyü işlərdə və əməli yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Mahmud KƏRİMOV,
akademik, AMEA-nın prezidenti

   Mənbə: «Azərbaycan» qəzeti,
2009, 15 fevral, № 36.

MÜNDƏRİCAT

Ибрагим Кулиев, Азад Ибрагимли. Конституционность полномочий Президента Азербайджанской Республики и его взаимодействие с Конституционным Судом
Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.