12.12.2017 02:57
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Beynəlxalq ekologiya hüququnun prinsiplərinin beynəlxalq ekoloji təhlükəsizliyinin rəhbər başlanğıclarının formalaşmasında rolu

MƏhƏrrƏmov A.A.,
BDU «Beynəlxalq ümumi hüquq» kafedrasının dosent əvəzi,  hüquq elmləri namizədi.


Beynəlxalq hüququn müstəqil sahələrindən biri sayılan və özünəməxsus tənzimetmə obyektinə malik olan beynəlxalq ekologiya hüququnun (bəzi ədəbiyyatlarda beynəlxalq hüququn müvafiq sahəsi ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsi, beynəlxalq ətraf mühit hüququ və s. adlandırılır) sistemyaradıcı elementlərindən biri qismində çıxış edən sahəvi prinsiplərlə bağlı məsələlərin təhlili zamanı həm elmi-nəzəri fikirləri, həm də beynəlxalq normativ əsası tam nəzərə almaq məqsədəmüvafiq olardı.
Hətta qərb doktrinasında göstərilir ki, beynəlxalq hüququn bütün əsas prinsipləri insanın ətraf mühitinin mühafizəsi və rasional istifadəsi sferasında mövcud olan hüquq münasibətlərinin tənzimləyicisi qismində çıxış edir. Bundan əlavə, beynəlxalq ekologiya hüququ özünün spesifik rəhbər başlanğıclarına malikdir [29, 144-148].
Beynəlxalq ekologiya hüququnun sahəvi prinsiplərinin müxtəlif istiqamətlərdə təhlilinə keçməzdən əvvəl ümumilikdə sahəvi rəhbər başlanğıcların hüquq sistemində yeri barədə elmi fikirlərə nəzər salmaq yerinə düşərdi. Hətta bunu alimlər arasındakı fikir ayrılığı da sübut edir. Məsələn, N.A.Uşakovun fikrincə, sahənin əsas meyarlarından biri qismində sahəvi prinsiplərin erga omnes normalarını fərqləndirmək tam məqsədəmüvafiq olardı [26, 221]. Bir sıra hallarda isə göstərilir ki, xüsusi prinsiplərin mövcudluğu hüquqi normalar sisteminin beynəlxalq hüququn sahəsi qismində tanınmasının şərti kimi qiymətləndirilməlidir [13, 21].
Xüsusi prinsiplər beynəlxalq hüquq sisteminin elementi qismində çıxış edən beynəlxalq hüquq normalarının özünəməxsus vəhdəti kimi beynəlxalq ətraf mühit hüququ haqqında mühakimə yürütmək imkanı verir. Bundan əlavə, həmin rəhbər başlanğıclar ətraf mühitdən istifadə və onun mühafizəsi ilə bağlı normalar arasında əlaqəni təmin etməklə yanaşı, beynəlxalq ekologiya hüququ sahəsində beynəlxalq münasibətlərin harmonizasiyasına və müvafiq sferanın müstəqil institutlarının formalaşmasına kömək edir. Göstərilənlərlə bərabər, yeni xüsusi prinsiplərin təzahür etməsi sahənin konseptual inkişafı barədə özünəməxsus ideyaların yaranmasına gətirib çıxarmışdır [23, 111-112]. E.T.Usenko isə hesab edir ki, sahələrin fərqləndirilməsinin başlıca meyarı kimi xüsusi sahəvi prinsiplərin mövcudluğu tam zəruri haldır [25, 123-124].
Bundan başqa, hüquq ədəbiyyatında ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin prinsipləri hüquqi qüvvəsinə görə məcburi və qeyri-məcburi olmaq etibarilə, iki qrupda təsnifləşdirilir [27, 568-572]. Bu məsələ hüquq ədəbiyyatında digər alimlər tərəfindən ətraflı tədqiq edilmişdir [20, 38-41]. İ.İ.Lukaşuk isə qeyd edir ki, ətraf mühitin mühafizəsinin prinsipləri adı altında həm hüquq normaları (prinsip-norma), həm də qeyri-hüquqi kateqoriyalar (prinsip-ideyalar) başa düşülməlidir [12, 5-6].
Bununla belə bir sıra müəlliflər tərəfindən beynəlxalq hüququn əsas ümumtanınmış prinsiplərindən biri kimi ətraf mühitin mühafizəsi prinsipi göstərilərək ondan irəli gələn spesifik prinsiplərin formalaşdırılması əsaslandırılır[24, 34-35]. N.S.İvançenko isə hesab edir ki, ətraf mühitin mühafizəsi prinsipi beynəlxalq hüququn əsas prinsipləri sırasına aid edilməlidir. Belə ki, müvafiq rəhbər başlanğıc təbii resursların optimal istifadəsi üzrə ətraf mühitin qorunması, bərpası, yeniləşməsinə dair razılaşdırılmış tədbirlərə ciddi əməl olunması ilə bağlı beynəlxalq münasibətlərin iştirakçılarına yönəlmiş imperativ hüquqi tələbləri ifadə edir [8, 72-73].
Beynəlxalq ekologiya hüququ sahəsində aparılan tədqiqatlarda müvafiq sahəvi prinsiplər müxtəlif formada təhlil olunaraq müəyyən istiqamətlərdə inkişaf etdirilir. Məsələn, K.A.Bekyaşev aşağıdakı sahəvi prinsiplərin mövcudluğunu xüsusilə vurğulayır: ətraf mühit - bəşəriyyətin ümumi qayğısı prinsipi; dövlət sərhədlərindən kənarda təbii ətraf mühitin bəşəriyyətin ümumi mülkiyyəti olması prinsipi; ətraf mühitin və onun komponentlərinin tədqiqi və istifadəsi azadlığı; ətraf mühitin rasional istifadəsi prinsipi; ətraf mühitin tədqiqi və istifadəsinə beynəlxalq əməkdaşlığın yardımı prinsipi; ətraf mühitin mühafizəsi, sülh, inkişaf, insan hüquqları və əsas azadlıqlarının təmin olunmasının qarşılıqlı asılılığı prinsipi; ətraf mühitə ehtiyatlı yanaşma prinsipi; inkişaf hüququ; ziyanın qarşısının alınması; ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması; dövlətlərin məsuliyyəti; beynəlxalq və ya xarici məhkəmə orqanlarının yurisdiksiyasından immunitetdən imtina prinsipi; «kim çirkləndirirsə, o da ödəyir» və ya «çirkləndirici ödəyir» prinsipi; ümumi, lakin fərqli məsuliyyət prinsipi; ətraf mühitə dair məlumatlara çıxış prinsipi [18, 745-753].
N.A.Sokolovun fikrincə, xüsusi (sahəvi) prinsiplər ətraf mühitdən istifadə və onun mühafizəsinə dair normalar arasındakı əlaqəni təmin edir, həmçinin mövcud sahədə beynəlxalq münasibətlərin harmonizasiyasına, beynəlxalq ətraf mühit hüququnun müstəqil institutlarının formalaşmasına yardım göstərir. Müvafiq sahədə ətraflı tədqiqatlar aparan tədqiqatçı-alim ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin rəhbər başlanğıclarının mövcudluğunu aşağıdakı əlamətlər əsasında üzə çıxarılmışdır: onların daha çox hissəsinin beynəlxalq müqavilələrdə, xüsusilə universal xarakterli beynəlxalq-hüquqi aktlarda və beynəlxalq adət formasında təsbit olunması; beynəlxalq hökumətlərarası təşkilat və konfransların rolunun, o cümlədən onlar tərəfindən işlənib hazırlanan və qəbul edilən sənədlərin qiymətləndirilməsinin nəzərə alınması; ətraf mühitə dəymiş ziyanın ödənilməsi, o həmçinin digər məsələlərlə bağlı mübahisələrə dair beynəlxalq məhkəmə və arbitraj orqanlarının qərarları.
O, həmçinin beynəlxalq ekologiya hüququnun (və ya müəllifin qeyd etdiyi kimi beynəlxalq ətraf mühit hüququnun) sahəvi prinsiplərinin bəzi funksiyalarının olmasını da xüsusilə vurğulamışdır: ətraf mühitdən istifadə və onun mühafizəsi sahəsində münasibətlərin tənzimlənməsi üzrə optimal rejimin yaradılması; proqnozlaşdırma; beynəlxalq ətraf mühit hüququ və milli ekologiya hüququnun qarşılıqlı təsirinin yolları və perspektivlərinin müəyyənləşdirilməsi.
Bundan əlavə, müəllif müasir beynəlxalq ətraf mühit hüququnun rəhbər başlanğıcları qismində aşağıdakı müddəaların mövcudluğunu göstərmişdir: 1) təbiətlə harmoniyada hər bir kəsin sağlam ətraf mühit hüququ; 2) fasiləsiz sosial-iqtisadi inkişaf prosesində ekoloji hüquqların və insan maraqlarının prioriteti; 3) təbii ehtiyatlar üzərində dövlətin ayrılmaz suverenliyi; 4) davamlı inkişaf (buraya, həmçinin ekoloji-təhlükəsiz, sosial və iqtisadi inkişaf da aid edilir); 5) bərabər ekoloji təhlükəsizlik; 6) ekoloji təcavüzün qadağan olunması; 7) milli və regional səviyyədə ekoloji vəziyyət barədə müntəzəm informasiya mübadiləsi; 8) fövqəladə ekoloji vəziyyətlərdə əməkdaşlıq; 9) ətraf mühitin mühafizəsi üzrə razılaşdırılmış tədbirlərin yerinə yetirilməsinə nəzarət; 10) ətraf mühitə transsərhəd təsirlərlə əlaqədar mübahisələrin dinc yolla həlli; 11) dövlətin yurisdiksiyası və ya nəzarəti altında olan ərazidə ətraf mühitə dəymiş ziyana görə beynəlxalq məsuliyyət və kompensasiya [23, 111-154].
Bu sahədə ətraflı tədqiqatlar aparan V.M.Dikusar ətraf mühitin mühafizəsi sahəsində mövcud olan prinsipləri həm hüquq norması, həm də qeyri-hüquqi kateqoriya kimi təhlil etmişdir. Bundan əlavə, müəllifin fikrincə, beynəlxalq ətraf mühit hüququnun (N.A.Sokolova kimi V.M.Dikusar da beynəlxalq ekologiya hüququnu beynəlxalq ətoraf mühit hüququ adlandırmışdır) prinsiplərinin inkişafına təsir edən iki beynəlxalq konfransın rolunu xüsusilə qeyd etmək lazımdır. Onlardan birincisi 1972-ci ildə Stokholmda çağırılan Ətraf mühitin mühafizəsi üzrə BMT Konfransı, digəri isə 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Ətraf mühit və İnkişaf üzrə BMT Konfransı sayılır. Onun fikrincə, həmçinin, beynəlxalq ətraf mühit hüququnun əsas prinsip-normaları qismində Stokholm Bəyannaməsinin 21, 22 və 24-cü prinsiplərinin, Rio-de-Janeyro Bəyannaməsinin 11,13, 26 və 27-ci prinsiplərinin müddəaları çıxış edir. Göstərilənlərlə yanaşı, tədqiqatçı-alim hesab edir ki, beynəlxalq ətraf mühit hüququ sahəsində beynəlxalq hüquqyaradıcılığının bütün prosesi yuxarıda adları çəkilən rəhbər başlanğıclara əsaslanmalıdır.
Bundan əlavə, prinsip-ideyaların inkişaf tendensiyasını təhlil edən müəllifin fikrincə, onların prinsip-normalara çevrilməsi üçün yaxşı imkanlar mövcuddur [5, 15-17].
Stokholm və Rio-de-Janeyro bəyannamələrində təsbit olunmuş prinsiplərin təhlili əsasında N.M.Kopılov beynəlxalq ekologiya hüququnun bir sıra rəhbər başlanğıclarını - transsərhəd zərərin yolverilməzliyi prinsipi, təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış şəkildə rasional istifadəsi prinsipi; Dünya okeanının ekoloji sisteminin mühafizəsi prinsipi, radioaktiv maddələrin istifadəsi ilə əlaqədar həm dinc, həm də müharibə dövründə ətraf mühitə radioaktiv zərərinin yolverilməzliyi prinsipi, ətraf mühitə hərbi və ya düşməncəsinə təsirin qadağan edilməsi prinsipi, ekoloji təhlükəsizliyin təmin edilməsi prinsipi, ətraf mühitə dəyən ziyana görə dövlətlərin beynəlxalq-hüquqi məsuliyyəti prinsipini xüsusilə fərqləndirmişdir [11, 15].
Aparılan elmi araşdırmalarda beynəlxalq ekologiya hüququnun digər sahəvi prinsiplərinin mövcudluğu da xüsusilə vurğulanır. Məsələn, qarşılıqlı məsləhətləşmə [4, 450]; ətraf mühitin mühafizəsinə dair beynəlxalq müqavilələrin icrası üzərində nəzarət prinsipi [17, 598-601] və s.
Müəyyən qrup tədqiqatçılar isə beynəlxalq ekologiya hüququnun (onu da qeyd etmək lazımdır ki, həmin alimlər tərəfindən beynəlxalq hüququn müvafiq sahəsi beynəlxalq ətraf mühit hüququ adlanır) prinsiplərini 1972-ci il Stokholm Bəyannaməsi, 1992-ci il Ətraf mühit üzrə Rio-de-Janeyro Bəyannaməsi əsasında təhlil edərək, beynəlxalq ekologiya hüququnun (və ya beynəlxalq ətraf mühit hüququnun) bir sıra digər rəhbər başlanğıclarının da mövcudluğunu qeyd edirlər. Məsələn, dövlətlər tərəfindən ekoloji baxımdan təhlükəli fəaliyyətin həyata keçirilməsinə dair qarşılıqlı məsləhətləşmə prinsipi; planlaşdırılmış fəaliyyətin transsərhəd ekoloji nəticələrinin qiymətləndirilməsi prinsipi; ekoloji təhlükəsizliyin inkişafı prinsipi [9, 526] və s.
Bir sıra müəlliflər isə beynəlxalq ekologiya hüququnun deyil, yalnız təbiəti mühafizənin rəhbər başlanğıcları kontekstindən müvafiq məsələləri təhlil etmişdir: dəniz mühitinin çirkləndirilməsinin qadağan olunması prinsipi; ətraf mühitin radioaktiv zəhərlənməsinin yolverilməzliyi prinsipi; təbii mühitə təsir vasitələrinin hərbi və ya digər düşməncəsinə məqsədlərlə istifadəsinin qadağan edilməsi prinsipi [14, 187].
Elmi-nəzəri fikirlərlə yanaşı, beynəlxalq ekologiya hüququnun sahəvi prinsiplərinin formalaşmasında normativ müddəaların da özünəməxsus rolu vardır. Lakin qeyd etmək lazımdır ki, beynəlxalq müqavilə praktikasında beynəlxalq hüququn istənilən sahəsinin rəhbər başlanğıclarının təsbit olunduğu beynəlxalq normativ aktları fərqləndirmək çox çətindir. Belə ki, bu və ya digər adda yaxud normativ məzmunda istənilən məcəllələşdirmə aktının qəbulundan sonra sahəvi prinsiplərin konkret sayı ilə bağlı ziddiyyətləri məqamlar meydana çıxır [19, 53-63].
Müvafiq prinsiplərin müəyyənləşdirilməsinin beynəlxalq-hüquqi baxımdan normativ əsası qismində isə 1972-ci ilin iyun ayının 5-16-da keçirilmiş İnsanın ətraf mühit problemləri üzrə Stokholm Konfransında qəbul edilmiş Bəyannamənin mühüm rolu xüsusilə göstərilməlidir. Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığın əsas prinsiplərinin məcmusunu özündə ifadə edən adıçəkilən beynəlxalq sənəd struktur baxımından iki hissədən - preambula və prinsiplər hissəsindən ibarətdir.
Preambulada təsbit olunan ətraf mühitin mühafizəsi və əsas insan hüquqlarının qarşılıqlı əlaqəsi məsələsi Bəyannamənin 1-ci prinsipində daha da təkmilləşdirilmiş formada əks etdirilmişdir. Müvafiq normada insanın əlverişli ətraf mühit hüququndan, həmçinin onun ətraf mühitin qorunması, yaxşılaşdırılmasına görə məsuliyyətindən bəhs edilir. Bəyannamənin 2-5-ci prinsipləri müxtəlif növ təbii ehtiyatların insan üçün əhəmiyyəti, onlardan səmərəli istifadə və mühafizəsinin zəruriliyini özündə təsbit edir. Belə ki, 3-cü və 5-ci prinsiplər bərpa olunan və bərpa olunmayan ehtiyatlardan səmərəli istifadəni, 4-cü prinsip isə canlı təbiətin qorunmasına görə məsuliyyəti nəzərdə tutur.
Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, antropogen amil daim ikili istiqaməti özündə əks etdirmişdir. Belə ki, bir tərəfdən insanın təbii ətraf mühitdəki müsbət fəaliyyəti xüsusilə göstərilməli, digər tərəfdən isə insanın təbiətə vurduğu zərər də diqqətdən kənarda qalmamalıdır. Onu da qeyd etmək lazımdır ki, elmi-texniki tərəqqi ilə əlaqədar insanın ətraf mühitə zərər yetirmək risqi artmışdır. Çünki son dövrlər təbii obyektlərə təsir metodları intensivləşmişdir ki, bu da həmin obyektlərin özünəməxsus və dəyərli xüsusiyyətlərinin qorunub saxlanılmasına daha həssas yanaşmağı tələb edir. Müvafiq obyektlərin qorunub saxlanması və bərpası məsələsi isə həm hər bir dövlətin, həm də bütövlükdə bəşəriyyətin ən ümdə vəzifəsidir.
Bəyannamənin 6-cı prinsipində toksik və ətraf mühitə ziyan vurmaq qabiliyyətinə malik digər maddələrin ətraf mühitə daxil edilməsini qadağan edən müddəalar nəzərdə tutulur. 7-ci prinsip dövlətləri dəniz mühitinin çirklənməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri həyata keçirməyə çağırır. Onu da qeyd etmək lazımdır ki, 1972-ci il Stokholm Bəyannaməsinin tövsiyə xarakterli olmasına baxmayaraq, 7-ci prinsipin mətnində adətən beynəlxalq müqavilələrdə tətbiq edilən və dövlətlərin öhdəliyini müəyyən edən formuladan istifadə olunmuşdur. 7-ci prinsipdə əks olunmuş müddəalar sonralar iki mühüm beynəlxalq-hüquqi sənəddə - 1972-ci ildə qəbul edilmiş Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasının beynəlxalq qaydaları haqqında Konvensiya, Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında Konvensiyada bir daha möhkəmləndirilmişdir.
Təhlil olunan aktın 8-ci prinsipində iqtisadi və sosial inkişafın ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması prosesinin ayrılmaz tərkib hissəsi olması, həmçinin onun inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin maraqları arasında yaranacaq toqquşmadan qaçmaq üçün imkan yaratması göstərilir. Bəyannamənin 9-cu prinsipində isə ətraf mühitə dair problemlərinin həll edilməsinin mühüm üsulu kimi maliyyə və texniki yardımlar hesabına inkişafın sürətləndirilməsindən bəhs edilir. Bu prinsipi tamamlayan 12-ci prinsip isə inkişaf etmiş dövlətlərin ətraf mühitin mühafizəsində iştirakı ilə inkişaf etməkdə olan dövlətlərə onların xahişi ilə beynəlxalq maliyyə və texniki yardım göstərilməsi zərurətini birbaşa əlaqələndirir.
Adıçəkilən sənədin digər müddəası - 10-cu prinsipi ətraf mühitin mühafizəsi üzrə keçirilən tədbirlərin beynəlxalq ticarətə təsiri məsələsinə həsr edilmişdir. Bəyannamənin 11-ci prinsipində isə «ətraf mühit - inkişaf» sistemində qarşılıqlı fəaliyyətin xarakteri müəyyən edilərək göstərilir ki, bütün dövlətlərin ətraf mühit sahəsindəki siyasəti inkişaf etməkdə olan ölkələrin mövcud və gələcək inkişaf potensialını yüksəltməlidir. Müvafiq beynəlxalq sənədin 13-cü prinsipinə əsasən təbii ehtiyatların rasional istifadəsi reciminin təmin edilməsi və ətraf mühitin yaxşılaşdırılması ekoloji faktorları nəzərə alan planlaşdırma əsasında mümkündür. Səmərəli planlaşdırmanın ətraf mühitin mühafizəsi və inkişafın tələbləri arasında meydana çıxan hər hansı uyğunsuzluğu tənzim edən vasitə kimi qiymətləndirilməsi isə 14-cü prinsipin məzmunundan irəli gəlir.
Ətraf mühitin qorunması və yaxşılaşdırılmasında elm və texnikanın əhəmiyyətini xüsusilə vurğulayan 18-ci prinsipdə isə qeyd edilir ki, elmi-texniki tərəqqi öz nailiyyətlərini ətraf mühit probleminin həll edilməsinə yönəltməlidir. Həmçinin ətraf mühit problemlərinin həllində xüsusi elmi-tədqiqat və təcrübə-konstruktor işinin mühüm əhəmiyyətinin olmasını əsas norma kimi özündə təsbit edən 20-ci prinsipdə elmi məlumatların, təcrübənin geniş şəkildə mübadiləsi də tövsiyə edilir. Bəyannamənin bir çox prinsipləri, o cümlədən 21-24-cü prinsipləri ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin mühüm problemlərinə həsr edilmişdir. Belə ki, Bəyannamənin 21-ci prinsipində dövlətlərin öz ərazisində təbii ehtiyatlar üzərində suverenliyinin mövcudluğundan və digər dövlətlərin təbii ehtiyatlarına, eləcə də beynəlxalq xarakterli təbii ehtiyatlara vurulan zərərə görə məsuliyyətdən bəhs edilir. Ətraf mühitin mühafizəsinin tənzimlənməsində məsuliyyət probleminin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alan 22-ci prinsipdə məsuliyyət və vurulmuş zərərin ödənilməsi ilə bağlı beynəlxalq hüququn inkişaf etdirilməsi məqsədilə dövlətlərin əməkdaşlığının mühümlüyü vurğulanır. Bəyannamənin 26-cı prinsipi isə çox mühüm qlobal problem olan kütləvi qırğın silahlarının ləğv edilməsi və bu istiqamətdə razılaşmanın əldə edilməsinə dövlətlərin nail olması ilə bağlı müddəanın normativ təsdiqi sayılır.
Göstərilənlərlə yanaşı, onu da qeyd etmək lazımdır ki, mövcud rəhbər başlanğıcların hüquqi qüvvəsi məsələsi də hüquq ədəbiyyatında geniş təhlil edilir. Məsələn, O.S.Kolbasovun fikrincə, Stokholm Bəyannaməsində hüquqi xarakterli 7, 21-24-cü prinsiplər istisna olmaqla, təsbit olunmuş prinsiplərin əksəriyyəti ümumi fikir, məlumat xarakteri daşıyır [10, 37]. Fransız hüquqşünası A.Kiss isə qeyd edir ki, Bəyannamədə təsbit olunmuş prinsiplərin ənənəvi vasitələrlə tətbiq olunması qeyri-mümkündür, lakin dövlətlər onları nəzərə almalıdır. Lakin nəticə etibarilə həmin prinsiplərin beynəlxalq hüququn mənbəyi sayılması xüsusilə vurğulanır [30, 25].
Ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin prinsipləri BMT Baş Məclisi tərəfindən 1988-ci ilin oktyabr ayının 28-də qəbul edilmiş Ümumdünya Təbiəti Mühafizə Xartiyasında təsbit olunmuş və daha da inkişaf etdirilmişdir. Belə ki, burada aşağıdakı prinsiplər öz əksini tapmışdır: 1) bioloji ehtiyatlar yalnız onların təbii bərpa olunma imkanları daxilində istifadə edilməlidir; 2) torpağın istehsal qabiliyyəti onun uzunmüddətli məhsuldarlığının və üzvi maddələrin parçalanma prosesinin qorunub saxlanması, erroziyanın və öz-özünə dağılmanın istənilən başqa formalarının qarşısının alınması üzrə tədbirlər hesabına saxlanılmalı və yaxşılaşdırılmalıdır; 3) su da daxil olmaqla dəfələrlə istifadə edilən ehtiyatlar təkrar istifadə edilməli və ya onların yenidən dövriyyəsi təmin edilməlidir; 4) bir dəfə istifadə edilən bərpa olunmayan ehtiyatlar onların həcmi, istehlak üçün emal olunmasının rasional imkanları və təbii sistemlərin fəaliyyəti ilə onların istismarının vəhdəti nəzərə alınmaqla istismar edilməlidir; 5) radioaktiv və zəhərli tullantıların ətraf mühitə atılmasına yol verməmək məqsədilə xüsusi tədbirlər həyata keçirilməlidir; 6) təbiətə aradan qaldırıla bilməyən zərər vuracaq fəaliyyətdən çəkinmək lazımdır; 7) insanın fəaliyyəti nəticəsində tənəzzülə uğramış regionlar, onların təbii potensialı və orada yaşayan əhalinin rifah halının normal olması tələbi nəzərə alınmaqla, bərpa edilməlidir [7, 551-552].
1992-ci ilin iyun ayının 3-14-də Rio-de-Janeyroda keçirilmiş Beynəlxalq Konfransda qəbul edilmiş Ətraf mühitin mühafizəsi və inkişaf üzrə Bəyannamə isə dövlətlər, ictimaiyyətin aparıcı bölmələri və insanlar arasında əməkdaşlığın yeni səviyyələrinin yaradılması yolu ilə yeni, ədalətli və qlobal əməkdaşlığın qurulması məqsədini güdmüşdür. Həmin məqsədlərə nail olunması bütün xalqların mənafelərinə hörmət edilməsini və ətraf mühitin qlobal sisteminin bütövlüyünün mühafizəsini təmin etməlidir. Ətraf mühit və inkişaf haqqında Bəyannamə Yer kürəsinin bəşəriyyətin ümumi evi kimi kompleks və qarşılıqlı əlaqədə olan xarakterini əsas tutaraq, ətraf mühitin mühafizəsi, ekologiyadan istifadə və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində yeni prinsipləri təsbit etmişdir. Onu da qeyd etmək lazımdır ki, aşağıdakı müddəalar üzrə əks olunmuş həmin rəhbər başlanğıclar müasir dövrdə ekoloji məsələlərə dair beynəlxalq əməkdaşlığın əsasını təşkil edir:
1. İnsanlar davamlı inkişafın əsas bələdçisi və əsas qayğı predmetidir. Onlar təbiət ilə vəhdət təşkil edən sağlam və məhsuldar həyat tərzi hüququna malikdir.
2. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq, dövlətlər ətraf mühit və inkişaf sahəsində dövlət siyasətinin həyata keçirilməsində öz ehtiyatlarından istifadə etmək kimi suveren hüquqa malikdir. Bu dövlətlər, həmçinin öz səlahiyyətləri və ya nəzarət hüdudları daxilindəki fəaliyyətləri ilə milli yurisdiksiyanın hüdudlarından kənarda yerləşən rayonların və ya digər dövlətlərin ətraf mühitinə ziyan vurmamasına görə də məsuliyyət daşıyır.
3. İnkişaf hüququ indiki və gələcək nəsillərin inkişaf və ətraf mühit sahəsində ehtiyaclarının ədalətli təmin edilə biləcəyi şəkildə həyata keçirilməlidir.
4. Davamlı inkişafa nail olmaq məqsədilə ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsini təşkil etməli və ondan ayrıca, müstəqil şəkildə nəzərdən keçirilməməlidir.
5. Bütün dövlətlər və xalqlar həyat səviyyəsindəki boşluqları aradan qaldırmaq və dünyada insanların bir çoxlarının tələbatlarını daha yaxşı təmin etmək üçün davamlı inkişafın zəruri şərti kimi yoxsulluğun aradan qaldırılması vəzifəsinin həyata keçirilməsində əməkdaşlıq etməlidir.
6. Ən təxirəsalınmaz diqqət inkişaf etməkdə olan ölkələrin, xüsusilə daha az inkişaf etmiş ölkələrin və ekoloji baxımdan daha zəif dövlətlərin xüsusi vəziyyətinə və tələbatlarına ayrılmalıdır. Ətraf mühit və inkişaf sahəsində beynəlxalq fəaliyyət bütün ölkələrin maraqlarını və tələbatlarını nəzərə almalıdır.
7. Dövlətlər Yer kürəsinin ekosisteminin bütövlüyünün və sağlamlığının qorunması, mühafizəsi və bərpa olunması məqsədilə qlobal tərəfdaşlıq ruhunda əməkdaşlıq etməlidir. Qlobal ətraf mühitin vəziyyətinin daha da pisləşməsinə müxtəlif töhfələr nəzərə alınmaqla, dövlətlər ümumi, lakin fərqli məsuliyyət daşıyır. Cəmiyyətin qlobal ətraf mühitə və malik olduqları texnologiyalara, o cümlədən maliyyə ehtiyatlarına göstərdikləri təzyiqi nəzərə almaqla, inkişaf etmiş ölkələr davamlı inkişafın təmin olunması üzrə beynəlxalq şəraitdə daşıdıqları məsuliyyəti etiraf edir.
8. Bütün insanlar üçün daha yüksək səviyyəli həyat tərzinə və davamlı inkişafa nail olmaq məqsədilə dövlətlər istehsalın və istehlakın qeyri-rasional modellərini ixtisar və ləğv etməli, həmçinin zəruri demoqrafik siyasət həyata keçirməlidir.
9. Dövlətlər elmi-texniki biliklərin mübadiləsi vasitəsilə elmi düşüncənin yaxşılaşdırılması və yeni, o cümlədən yenilikçi texnologiyaların inkişafına, adaptasiyasına, yayılmasına və texnologiyaların ötürülməsinə yardım yolu ilə davamlı inkişaf üçün endogen potensialın möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq etməlidir.
10. Ekoloji məsələlər bütün maraqlı vətəndaşların müvafiq səviyyədə iştirakı zamanı daha yaxşı həll olunur. Hər bir insan milli səviyyədə icmalarda həyata keçirilən təhlükəli fəaliyyət və materiallar haqqında informasiya da daxil olmaqla, ətraf mühitə dair dövlət orqanlarının malik olduqları informasiyaya lazımi şəkildə çıxış, eləcə də qərarların qəbulu prosesində iştirak etmək imkanına malikdir. Dövlətlər informasiyaya geniş çıxışın təmin olunması yolu ilə əhalinin məlumatlandırılmasına və iştirakına yardım göstərməlidir. Məhkəmə və inzibati istinataqa, o cümlədən hüquqi müdafiənin daxili vasitələrinə səmərəli çıxış üçün təminat verilməlidir.
11. Dövlətlər ekoloji sahədə səmərəli qanunvericiliyi həyata keçirməlidir. İdarəetmə sahəsində ekoloji standartlar, məqsədlər, həmçinin prioritetlər ətraf mühit və inkişaf sahəsində onlara qarşı tətbiq olunan şərtləri əks etdirməlidir. Bir qisim ölkələrdə tətbiq olunan standartlar digər dövlətlərdə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə yararsız və ya həddən artıq sosial-iqtisadi itkilərlə tamamlana bilər.
12. Dövlətlər ətraf mühitin çirklənməsi ilə bağlı problemlərin səmərəli həlli məqsədilə bütün ölkələrdə iqtisadi artıma və davamlı inkişafa gətirib çıxaran açıq və dəstəklənən beynəlxalq iqtisadi sistemin yaradılmasına yardım göstərmək məqsədilə əməkdaşlıq etməlidir. Transmilli və ya qlobal ekoloji problemlərə toxunan ətraf mühitin mühafizəsi məqsədilə qəbul olunan ticarət siyasəti sahəsindəki tədbirlər imkan daxilində beynəlxalq konsensusa əsaslanmalıdır.
13. Dövlətlər çirklənməyə və digər ekoloji ziyana görə məsuliyyət, həmçinin onun qurbanlarına kompensasiyaların ödənilməsinə dair milli qanun işləyib hazırlamalıdır. Dövlətlərin yurisdiksiyası və ya nəzarəti altında, yaxud onun yurisdiksiyasından kənarda olan fəaliyyətin vurduğu ekoloji ziyanın əlverişsiz nəticəsinə görə məsuliyyət və kompensasiyaya dair beynəlxalq hüququn sonrakı inkişafı məqsədilə dövlətlər səmərəli və qətiyyətli əməkdaşlıq etməlidir.
14. Dövlətlər ətraf mühitin çirklənməsinə səbəb olan və insan sağlamlığı üçün zərərli materialların və fəaliyyətin istənilən növlərinin digər dövlətlərə ötürülməsinin və ya yerləşdirilməsinin qarşısının alınması və ya təşviqi üçün səmərəli şəkildə əməkdaşlıq etməlidir.
15. Ətraf mühitin mühafizəsi məqsədilə dövlətlər öz imkanlarına müvafiq olaraq, ehtiyat tədbirlərini geniş şəkildə tətbiq etməlidir. Ciddi və ya bərpa olunmayan ziyanın vurulması təhlükəsi zamanı mükəmməl elmi anlayışın mövcud olmaması ekoloji tənəzzülün qarşısının alınması məqsədilə rentabelli tədbirlərin qəbul olunması müddətinin uzadılması üçün bəhanə kimi istifadə olunmamalıdır.
16. Milli orqanlar «çirkləndirici ödəyir» prinsipinin dövlət maraqlarını, həmçinin beynəlxalq ticarət və investisiyalar üçün ziyan vurmadığını nəzərə almaqla, ekoloji itkilərin beynəlmiləlləşməsinə və iqtisadi mexanizmlərin istifadəsinə imkan verməyə səy göstərməlidir.
17. Ətraf mühitə əlverişsiz təsir göstərən və səlahiyyətli milli orqanın qərarı ilə həyata keçirilən fəaliyyətin nəzərdə tutulan növlərinin ekoloji nəticələrinə verilən qiymətdən milli vasitə kimi istifadə etmək lazımdır.
18. Dövlətlər digər dövlətləri ətraf mühit üçün gözlənilməz məhvedici nəticələr törətməyə qadir olan istənilən təbii fəlakətlər və ya digər fövqəladə vəziyyətlər barədə təxirəsalınmadan xəbərdar edir. Beynəlxalq birlik ziyanın dəymiş olduğu dövlətlərə kömək etmək üçün bütün müvafiq tədbirləri görməlidir.
19. Dövlətlər ətraf mühit üçün əlverişsiz nəticələrə malik olan fəaliyyət haqqında informasiyanı və xəbərdarlığı potensial təhlükə ilə üzləşən dövlətlərə vaxtında və ya vaxtından əvvəl təqdim edir, belə dövlətlərlə ilkin mərhələdə və ya könüllü iradə şəraitində məsləhətləşmələr həyata keçirir.
20. Qadınlar ətraf mühitin və inkişafın mənimsənilməsində vacib rol oynayır. Deməli, davamlı inkişafa nail olmaq üçün onların bu proseslərdə tam iştirakı mühüm əhəmiyyət kəsb edir.
21. Davamlı inkişafa nail olmaq və hər bir şəxs üçün daha yaxşı gələcəyin təmin olunması məqsədilə qlobal tərəfdaşlığın müəyyənləşdirilməsi üçün dünya gənclərinin yaradıcı imkanları, idealları və cəsarətini səfərbərliyə almaq zəruridir.
22. Bilikləri və ənənəvi təcrübələri sayəsində ətraf mühitin və inkişafın mənimsənilməsində yerli əhali və onların icmaları, eləcə də digər yerli icmalar həyati əhəmiyyətli rol oynayır. Dövlətlər onların mövcudluğunu, mədəniyyətini və maraqlarını lazımi qaydada tanımalı və dəstəkləməli, həmçinin onların davamlı inkişafa nail olmaq işində səmərəli iştirakını təmin etməlidir.
23. Əsarət, asılılıq və işğal şəraitində yaşayan xalqın ətraf mühiti və təbii ehtiyatları mühafizə olunmalıdır.
24. Müharibə, mahiyyət etibarilə, davamlı inkişafa pis təsir göstərir. Buna görə də dövlətlər silahlı münaqişələr zamanı mühitin mühafizəsini nəzərdə tutan beynəlxalq hüquqa hörmət etməli və zəruri hallarda beynəlxalq hüququn sonrakı inkişafı işində əməkdaşlıq etməlidir.
25. Sülh, inkişaf və ətraf mühitin mühafizəsi qarşılıqlı əlaqədədir və bölünməzdir.
26. Dövlətlər bütün ekoloji mübahisələri dinc vasitələrlə və BMT Nizamnaməsində nəzərdə tutulan mexanizmlərin köməyi ilə həll edir.
27. Dövlətlər və xalqlar Bəyannamədə və davamlı inkişaf sahəsində beynəlxalq hüququn sonrakı inkişafı prosesində öz əksini tapan prinsiplərin həyata keçirilməsində tərəfdaşlıq və könüllülük ruhunda əməkdaşlıq edir [6, 56-59].
Beləliklə, yuxarıda göstərilən müddəalar 1972-ci il Stokholm konfransında irəli sürülən ətraf mühitin mühafizəsi üzrə prinsiplərini inkişaf etdirmiş və yeni kontekstdə nəzərdə tutmuşdur [22, 107].
1991-ci il Tunis Bəyannaməsi isə fransız dilli dövlətlərin əməl etməli olduqları prinsiplər sırasında aşağıdakı müddəaların mövcudluğunu aydın şəkildə ifadə etmişdir:
Qarşısını alma öhdəliyi və ehtiyatlılıq;
İnkişafın hər bir mərhələsində sərhədyanı zonalar da daxil olmaqla, ətraf mühitə təsirin qiymətləndirilməsi zəruriliyi;
Ətraf mühitə ziyan vuran şəxsin məsuliyyəti;
Çirkləndirilməyə görə ödəmə prinsipinin tətbiq edilməsi;
Təbii ehtiyatlardan istifadə edən şəxsin məsuliyyətinin müəyyənləşdirilməsi;
Beynəlxalq konvensiyalara, xüsusilə Dünya okeanının çirkləndirilməsinə dair konvensiyalara əməl olunması və onların yerinə yetirilməsində əməkdaşlığın təmin edilməsinə cəhd göstərilməsi;
İstənilən dövlətdə müvafiq inkişaf layihəsinin həyata keçirilməsi nəticəsində digər dövlətin ətraf mühitinə toxunan məsələlər barədə xəbərdarlıq və məsləhətləşmə prosedurlarının müəyyənləşdirilməsi;
Ətraf mühitin mühafizəsi siyasətinin işlənib hazırlanması və həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının və digər yerli ictimai təşkilatların iştirakı şəraitinin yaxşılaşdırılması [2, 8-9].
1995-ci ildə Beynəlxalq Təbiəti Mühafizə İttifaqı və Ətraf mühit hüququ üzrə Beynəlxalq Şuranın mütəxəssisləri tərəfindən işlənib hazırlanmış Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Paktın Layihəsi beynəlxalq ekologiya hüququ sahəsində mövcud olan müqavilə və adət normaları, həmçinin Stokholm Bəyannaməsi (1972), Ümumdünya Təbiəti Mühafizə Xartiyası (1982) və Rio-de-Janeyro Bəyannaməsinin (1992) müddəalarından istifadə etmişdir. Paktın Layihəsində aşağıdakı rəhbər başlanğıclar öz təsbitini tapmışdır:
– insanın konstitusion ekoloji hüquqlarına riayət edilməsinin təmini;
– ətraf mühitə transsərhəd zərərin vurulmasının yolverilməzliyi;
– təbii ehtiyatların ekoloji cəhətdən əsaslandırılmış rasional istifadəsi;
– ətraf mühitin radioaktiv çirkləndirilməsinin yolverilməzliyi;
– Dünya okeanının ekoloji sisteminin mühafizəsi;
– təbii mühitə təsir vasitələrinin hərbi və istənilən digər düşməncəsinə istifadənin qadağan edilməsi;
– ekoloji təhlükəsizliyin təmin edilməsi;
– ətraf mühitə dəymiş ziyana görə dövlətlərin beynəlxalq-hüquqi məsuliyyəti;
– ehtiyatlılıq və ya ehtiyatlı yanaşma [16, 754-761].
Hüquq ədəbiyyatında həmin beynəlxalq sənədlərdə əks olunan prinsip-normaların ətraflı təhlili əsasında ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin spesifik prinsipləri 9 qrupda birləşdirilir: 1) əlverişli ətraf mühit və davamlı inkişafa dair insan hüquqlarının prioritetliliyini təsbit edən prinsiplər; 2) dövlətlərin öz təbii ehtiyatları üzərində suverenliyini təsbit edən prinsiplər; 3) ətraf mühitin mühafizəsi işində vətəndaşların, sosial qrupların və ictimai hərəkatların rolunu xarakterizə edən rəhbər başlanğıclar; 4) ətraf mühitin mühafizəsinə görə məsuliyyəti bəyan edən prinsiplər; 5) təbii ehtiyatların istifadəsində prioritet istiqamətləri müəyyənləşdirən prinsiplər; 6) ətraf mühitin çirklənməsinin qarşısının alınmasına yönəlmiş prinsiplər; 7) ətraf mühitin mühafizəsi sahəsində səmərəli və ardıcıl beynəlxalq əməkdaşlığı müəyyən edən prinsiplər; 8) informasiya almaq hüququnu təmin edən prinsiplər; 9) silahlı münaqişələr dövründə ətraf mühitin mühafizəsi öhdəliyini müəyyənləşdirən rəhbər başlanğıclar [3, 42-29].
Beynəlxalq ekologiya hüququnun sahəvi prinsiplərini təhlil edərkən, həmçinin ayrı-ayrı dövlətlərin milli ekologiya hüququnu da nəzərdən keçirmək məqsədəmüvafiq olardı. Çünki beynəlxalq hüququn milli hüquq üzərində primatlığının mövcudluğuna baxmayaraq, milli-hüquqi sistemlərin, o cümlədən dövlətlərin təcrübəsinin də beynəlxalq hüquqa təsirini qiymətləndirməmək qeyri-mümkündür. Çin Xalq Respublikasının ekologiya hüququnda və müvafiq qanunvericiliyində rəhbər başlanğıclarla bağlı məsələ müəyyənləşdirilərkən ətraf mühitin mühafizəsinin prinsiplərinin və bu sahədə dövlət tədbirləri sisteminin məcmusu kimi müəyyən edilən dövlətin ekoloji siyasətinin həyata keçirilməsində onların rolu çox yüksək qiymətləndirilir. Onu da qeyd etmək lazımdır ki, Çin qanunvericiliyində, ilk növbədə, «Ətraf mühitin mühafizəsi haqqında» ÇXR Qanununda təsbit edilən əsas kurs, ekologiya sahəsində dövlət idarəetməsinin əsas qaydası sayılır.
Ekologiya hüququnun prinsiplərinin içərisində əsas yeri harmonik (davamlı) inkişaf prinsipi əsas yerlərdən birini tutur. Adıçəkilən rəhbər başlanğıc ətraf mühitin mühafizəsi üzrə tədbirlərin vahid planlaşdırılması ilə sıx əlaqəyə malikdir. «Ətraf mühitin mühafizəsi haqqında» ÇXR Qanununun 4-cü maddəsinə uyğun olaraq, dövlət tərəfindən qəbul olunan ətraf mühitin mühafizəsinə dair planlar dövlətin iqtisadi və sosial inkişaf planlarına daxil edilməlidir. Bundan əlavə, dövlət iqtisadi kursu həyata keçirərək ətraf mühitin mühafizəsi üçün müvafiq əlverişli tədbirlər qəbul edir, eyni zamanda ətraf mühitin mühafizəsi işinin harmonik inkişafına, o cümlədən iqtisadi və sosial tərəqqiyə yardım göstərir.
Qanunvericilik səviyyəsində təsbit olunan rəhbər başlanğıclardan biri də ətraf mühitin elmi mühafizəsi prinsipidir. Onun mahiyyətinə əsasən dövlət ekoloji təhsilin inkişafını, ətraf mühit sahəsində tədqiqat və innovasiyaları təşviq edir, ətraf mühitin mühafizəsinin texniki səviyyəsinin yüksəldilməsi və ekoloji biliklərin daha çox məşhurlaşmasına yardım göstərir.
İlk dəfə olaraq, 1979-cu il tarixli «Ətraf mühitin mühafizəsi haqqında» ÇXR Qanununda nəzərdə tutulan yoxlama və nəzarət prinsipi isə ətraf mühiti çirkləndirən təşkilat və şəxslərə münasibətdə hər bir vətəndaşın müşahidə, yoxlama və nəzarət həyata keçirmək hüququnu özündə təsbit edir. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, 1989-cu il Qanununda müvafiq normaya bütün təşkilat və vətəndaşların ətraf mühiti mühafizə etmək öhdəliyi də əlavə olunmuşdur.
1989-cu il Qanununda öz normativ təsbitini tapan digər rəhbər başlanğıca - təşviq etmə prinsipinə əsasən ətraf mühitin mühafizəsi sahəsində mühüm uğurlara malik olan təşkilat və şəxslərə münasibətdə dövlət hakimiyyəti orqanları təşviq etmə tədbirləri və ayrı-ayrı ekoloji qanunlarla müəyyənləşdirilən konkret mexanizmlər həyata keçirir.
Çin qanunvericiliyində ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin mühüm rəhbər başlanğıcları içərisində əsas yerlərdən birini də vahid idarəetmə prinsipi tutur. Bununla yanaşı, mövcud prinsip özündə aşağıdakı iki elementi birləşdirir:
«profilaktika və dəyişikliklərin uyğunlaşdırılması» formulası onu göstərir ki, dövlət ekoloji problemlərin meydana gəlməsi və ekoloji vəziyyətin pisləşdirilməsinin qarşısının alınması məqsədilə «profilaktika ilə məşğul olmaq, problemin meydana çıxmasına yol verməmək» adlı ümumi prinsipi həyata keçirərək müxtəlif tədbirlərin keçirilməsini təmin edir;
Digər elementin mahiyyətinə əsasən çirkləndirici dəyişikliklərin nəticələrinə, təbii ehtiyatların istifadəçisi isə onların qorunub saxlanmasına görə məsuliyyət daşıyır. Göstərilən məsuliyyət çirkləndiricinin hərəkətinə adekvat şəkildə tətbiq edilir. Digər tərəfdən, qeyd edilən müddəa təbiətdən istifadə edən təşkilat və vətəndaşların təbii ehtiyatların və ətraf mühitin qorunması öhdəliyini müəyyənləşdirmişdir [15, 19-20].
Almaniyanın milli hüquq sistemində isə ekologiya hüququnun əsas və əlavə prinsipləri olmaq etibarilə, iki qrup rəhbər başlanğıclar fərqləndirilir. Belə ki, əsas prinsiplər özündə ehtiyat prinsipi, zərər vurulması prinsipi (əksər hallarda bunu «çirkləndirici ödəyir» prinsipi də adlandırırlar) və kooperasiya prinsipini birləşdirir. Ehtiyat prinsipinin əsas məqsədi mümkün risklərin, təhlükələrin, həmçinin ətraf mühitə əlverişsiz təsirlərin meydana çıxmasının qarşısının alınması və təbii resurslardan ehtiyatla istifadə etmək yolu ilə onların gələcək nəsil üçün saxlanılmasından ibarətdir. Bundan əlavə, adıçəkilən rəhbər başlanğıc özündə iki komponenti təsbit edir: 1) konkret ekoloji təhlükələrin qarşısının alınmasını özündə birləşdirən təhlükələrin klassik şəkildə qarşısının alınması; 2) ekoloji risklərdən qaçılması və onların minimuma endirilməsi.
Zərər vurulması prinsipi isə məsuliyyətin və pozulmuş vəziyyətin bərpa edilməsi öhdəliyinin tətbiq olunmasının əsası qismində çıxış etməklə, həm hüquqazidd, həm də hüquqauyğun davranışlar nəticəsində istifadə edilir. Bundan əlavə, adıçəkilən rəhbər başlanğıc bir tərəfdən hüquqi göstəriş və qadağaların ifadə edilməsi, o cümlədən müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edirsə, digər tərəfdən dəymiş ziyanın ödənilməsinə görə nəzərdə tutulan kompensasiyanın hesablanmasına münasibətdə özünəməxsus rol oynayır [34, 4-6].
Onu da qeyd etmək lazımdır ki, müvafiq prinsip beynəlxalq-hüquqi sənədlərdə də aydın şəkildə öz təsbitini tapmışdır. Məsələn, Neftlə çirkləndirilmə hallarında hazırlığın təmin edilməsi, onunla mübarizə və əməkdaşlıq üzrə 1990-cı il Beynəlxalq Konvensiyasının preambulasında «çirkləndirici ödəyir» prinsipi beynəlxalq ətraf mühit hüququnun ümumi prinsiplərindən biri kimi göstərilmişdir [5, 14].
Yuxarıda qeyd edilən iki prinsipdən fərqli olaraq, kooperasiya prinsipi ekoloji problemlərin birgə həll edilməsi üçün dövlətlərin, vətəndaşların və onların birliklərinin, iqtisadçıların, o cümlədən kapital sahiblərinin səylərinin birləşdirilməsini özündə ifadə edir. Hətta bir sıra müəlliflərin fikrincə, kooperasiya prinsipi ətraf mühitin mühafizəsinin dövlətlərin müstəsna vəzifəsi olmaması ideyasını təsbit etsə də, mövcud problemlərin bütün maraqlı şəxslərin birgə səyi və işi ilə həll edilməsinin vacibliyini vurğulayır [31, 37]. S.Vestfal isə qeyd edir ki, kooperasiya prinsipi iki hissədən - ətraf mühitin mühafizəsi üzrə tədbirlər və hüquqi nəticədən (yəni dövlətin və cəmiyyətin birgə işindən) ibarətdir [35, 1000]. Bundan əlavə, ekoloji hüquq nəzəriyyəsində kooperasiya prinsipinə iki aspektdən yanaşılır: vasitə qismində və maddi baxımdan. Birinci mənada söhbət hüququn həyata keçirilməsinin vasitələrindən gedir. Burada isə əsas yeri hüquqi normaların səmərəliliyi və onların qəbul oluna bilmək qabiliyyəti tutur. Kooperasiya prinsipinin maddi aspekti isə ətraf mühitin mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə görə dövlətlərin və vətəndaş cəmiyyətinin birgə məsuliyyətini özündə biruzə verir [21, 148-149].
Göstərilənlərlə yanaşı, alman ekologiya hüququnda bir sıra əlavə rəhbər başlanğıcların mövcudluğu - ətraf mühitin mühafizəsinin sərhədlərarası prinsipi [28, 30-31], informasiya prinsipi [32, 13-14] və davamlılıq prinsipinin [33, 62-69] adları çəkilir.
Rusiya Federasiyasının 10 yanvar 2002-ci il tarixli «Ətraf mühitin mühafizəsi haqqında» Qanununun 3-cü maddəsinə əsasən ekologiya hüququnun aşağıdakı prinsipləri sadalanır: insanların əlverişli ətraf mühit hüququna əməl edilməsi; ətraf mühitin mühafizəsi sahəsində nəzarətin müstəqilliyi; təsərrüfat və digər fəaliyyətin planlaşdırılması və həyata keçirilməsində ərazinin təbii və sosial-iqtisadi xüsusiyyətlərinin nəzərə alınması; ekoloji sistemlərin, təbii landşaftın və təbii komplekslərin qorunub saxlanılmasının prioritetliliyi; ətraf mühit sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət; ekoloji təhsil, tərbiyə sistemlərinin təşkili və inkişafı, ekoloji mədəniyyətin formalaşması prinsipi; ətraf mühitin mühafizəsi məsələlərinin həllində vətəndaşların, ictimai və digər qeyri-kommersiya birliklərinin iştirakı prinsipi; təbiətdən istifadənin ödənişliliyi və ətraf mühitə dəymiş ziyanın əvəzinin ödənilməsi; təsərrüfat və digər fəaliyyətin həyata keçirilməsi barədə qərarların qəbulu zamanı ətraf mühitə təsirin qiymətləndirilməsinin məcburiliyi; ətraf mühitin mühafizəsi üzrə fəaliyyətdə Rusiya Federasiyasının dövlət hakimiyyəti orqanlarının, Rusiya Federasiyası subyektlərinin dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, ictimai və digər qeyri-kommersiya birliklərinin, hüquqi və fiziki şəxslərin iştirakının məcburiliyi; bioloji müxtəlifliyin saxlanılması; ətraf mühitin mühafizəsi sahəsində Rusiya Federasiyasının beynəlxalq əməkdaşlığı və s. [1, 40-67]
Beləliklə, beynəlxalq ekologiya hüququnun prinsipləri beynəlxalq hüququn müvafiq müstəqil sahəsinin formalaşmasında sistemyaradıcı element kimi yaxından iştirak edir.

 


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. Abanina E.N., Zenökova O.V., Suxova E.A. Kommentariy k Federalğnomu zakonu "Ob oxrane okrujaöhey sredı". Postateynıy. M., "Osğ-89", 2006.
2. Alğ-Vaxşat Ziad Muxammed. Mejdunarodno-pravovıe problemı obespeçeniə reqionalğnoy gkoloqiçeskoy bezopasnosti. Avtoref. diss. na soisk. uçen. step. kand. örid. nauk. M., 1999.
3. Balaşenko S.A., Makarova T.İ. Mejdunarodno-pravovaə oxrana okrujaöhey sredı i prava çeloveka. Minsk, 1999.
4. Vinoqradov S.V. İstoçniki  i prinüipı mejdunarodnoqo prava okrujaöhey sredı. M., Örid. lit., 1994.
5. Dikusar V.M. Mejdunarodno-pravovıe problemı oxranı okrujaöhey sredı. Avtoref. diss. na soisk. uçen. step. dokt. örid. nauk. M., 2007.
6. Dubovik O.L., Kremer L., Löbbe-Volğff Q. Gkoloqiçeskoe pravo. Uçebnik. M., 2005.
7. Erofeev B.V. Gkoloqiçeskoe pravo Rossii. Uçebnik. İzdanie 2-e pererab. i dop. M., 1996.
8. İvançenko N.S. Gkoloqiə i razorujenie v sisteme mejdunarodnoy bezopasnosti. SPb., İzd-vo SPb universiteta, 1992.
9. Kalamkarən R.A., Miqaçev Ö.İ. Mejdunarodnoe pravo. Uçebnik. M., İzd-vo Gksmo, 2004.
10. Kolbasov O.S. Mejdunarodno-pravovaə oxrana okrujaöhey sredı. M., Mejdunarodnıe otnoşeniə, 1982.
11. Kopılov M.N. Pravo na razvitie i gkoloqiçeskaə bezopasnostğ razvivaöhixsə qosudarstv (mejdunarodno-pravovıe voprosı). Avtoref. diss. dok. örid. nauk. M., 2001.
12. Kurs mejdunarodnoqo prava v semi tomax. Tom 2. Otv. red. İ.İ.Lukaşuk. M., 1989.
13. Lazarev M.İ. Teoretiçeskie voprosı sovremennoqo mejdunarodnoqo morskoqo prava. M., Nauka, 1983.
14. Lukaşuk İ.İ., Şinkareükaə Q.Q. Mejdunarodnoe pravo. Glementarnıy kurs. Uçeb. posobie. 2-e izd., pererab. i dop. M., Öristc, 2004.
15. Lö Xun Ənğ. Razvitie gkoloqiçeskoqo prava Kitaə i Rossii. Avtoref. diss. na soisk. uçen. step. kand. örid. nauk. M., 2005.
16. Mejdunarodnoe pravo. Uçebnik. Otv. red. V.İ.Kuzneüov, B.R. Tuzmuxamedov. 2-e izd. pererab. i dop. M., NORMA, 2007.
17. Mejdunarodnoe pravo. Uçebnik. Otv. red. Ö.M.Kolosov, G.S. Krivçikova. M., Mejdunarod. otnoşeniə, 2000. 
18. Mejdunarodnoe publiçnoe pravo. Uçebnik. Otv. red. K.A.Bekəşev. 3-e izd., pererab. i dop. M., TK Velbi, İzd-vo Prospekt, 2004.
19. Movçan A.P. Mejdunarodnıy pravoporədok. M., 1996. 
20. Muxin İ.A. Prinüipı mejdunarodnoqo prava v oxrane okrujaöhey sredı i ix rolğ v sisteme gkoloqiçeskoqo zakonodatelğstva Rossii. Mejdunarodnoe publiçnoe i çastnoe pravo, 2006, ¹ 2.
21. Prinüipı gkoloqiçeskoqo prava Qermanii. (Obzor). Qosudarstvo i pravo. Referativnıy jurnal 2002-2. Soüialğnıe i qumanitarnıe nauki. Seriə 4: Oteçestvennaə i zarubejnaə literatura. M., 2002.
22. Sovremennoe gkoloqiçeskoe pravo v Rossii i za rubejom. M., 2001.
23. Sokolova N.A. Teoretiçeskie problemı mejdunarodnoqo prava okrujaöhey sredı. İrkutsk, İzd-vo İrkut. Un-ta, 2002.
24. Speranskaə L.V., Tretğəkova K.V. Mejdunarodnoe pravo okrujaöhey sredı. M., 1995.
25. Usenko E.T. O sisteme mejdunarodnoqo prava. Sov. qosudarstvo i pravo, 1983, ¹ 4.
26. Uşakov N.A. Problemı teorii mejdunarodnoqo prava. M., Nauka, 1981.
27. Gkoloqiçeskoe pravo. Otv. red. Q.E. Bıstrov, N.Q.Savoronkova, İ.O.Krasnova. M., 2007.
28. Bender B., Sparwasser R., Engel R. Umweltrech. Grundzüge des öffentlichen Umweltschutzrechts. 3. Aufl. Heidelberg, Müller  Verl, 1995.
29. Birnie P.W., Boyle A.E. International Law and the Environment. Second Ed. Oxford, 2002.
30. Kiss A. Jh. Survey of Current Developments in International Environmental Law. Morges, 1994.
31. Klöpfer M. Umweltrecht. 2. Aufl. München, Beck, 1998. 
32. Peters H.J. Umweltverwaltungsrecht. 2. Aufl. Heidelberg, Müller Verl, 1996.
33. Sanden J. Umweltrecht. Baden-Baden, Nomos Verlagsgesellschaft, 1999. 
34. Schmidt R., Müller H. Einführung in das Umweltrecht. 4. Aufl. München, Beck, 1995.
35. Westphal S. Das Kooperationsprinzip als Rechtsprinzip. Die öff. Verwaltung. Stuttgart, 2000, H. 23.
Rolğ  prinüipov  mejdunarodnoqo  gkoloqiÇeskoqo  prava  v  formirovanii  osnovopolaqaöhix  naÇal  mejdunarodnoy  gkoloqiÇeskoy  bezopasnosti

Maqerramov A.A.,
i.o.doüenta kafedrı "Mejdunarodnoe publiçnoe
pravo" BQU, kandidat öridiçeskix nauk.

Pri analize problem, svəzannıe otraslevımi prinüipami mejdunarodnoqo gkoloqiçeskoqo prava, sçitaöhiysə samostoətelğnoy otrasley mejdunarodnoqo prava i obladaöhiy svoeobraznım predmetov requlirovaniə, nado rassmatrivatğ i nauçno-teoretiçeskie mnenii, i mejdunarodnuö normativnuö sistemu. Tak, v zapadnoy doktrine pokazıvaetsə, çto vse osnovnıe prinüipı mejdunarodnoqo prava vıstupaöt kak requliruöhie pravovıx otnoşeniy v sfere oxranı i raüionalğnoy ispolğzovanii okrujaöhey sredı çeloveka. Druqie avtorı podxodət gtoy probleme v soverşenno druqom kontekste.
V üelom, prinüipı mejdunarodnoqo gkoloqiçeskoqo prava zakreplenı v razliçnıx mejdunarodnıx dokumentax (Stokqolğmskaə Deklaraüiə 1972 q., Deklaraüiə Rio-de-Janeyro 1970 q. i t.d.).


The  role  principles  of  international  ecological
law  in  the  formation  of  ecological 
security  principles

Magerramov A.A.,
acting dosent of "International public law"
chair of Baku State University, candidate of law.

It`s need to pay attention both of scientific-theoretical ideas and international norm system in relation with analyze of international ecological law principles which have its regulation object and is independent sphere of international law. Besides, the public principles are indicated as regulator of legal relations which exist at the sphere preservation and rational using of environment in the western doctrine. The others underline different aspects.
Generally, the principles of international ecological law are secured at the different international documents (Stockholm Declaration 1972, Rio-de-Janeiro Declaration 1992 and etc.).

MÜNDƏRİCAT

Ибрагим Кулиев, Азад Ибрагимли. Конституционность полномочий Президента Азербайджанской Республики и его взаимодействие с Конституционным Судом
Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.