05.22.2017 19:34
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Peşəkar hüquqşünas və sevimli müəllim

Oqtay Firidun oğlu Əfəndiyev 1939-cu il mayın 18-də anadan olmuşdur. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin «Hüquq» fakültəsini bitirmiş və 1963-1965-ci illərdə ordu sıralarında qulluq etmişdir. Gənc mütəxəssis O.Əfəndiyev 1965-1968-ci illərdə Sverdlovsk Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək «beynəlxalq hüquq» ixtisası üzrə «İnkişaf etməkdə olan ölkələrin daxili işlərinə dövlətlərin qeyri-silahlı üsulla qarışmasının formaları» mövzusunda namizədlik dissertasiya işini uğurla müdafiə etmiş və hüquq elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1968-1971-ci illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda Beynəlxalq dəniz hüququ sektorunda elmi əməkdaş, 1971-1974-cü illərdə P.Lumumba adına Xalqlar Dostluğu Universitetində «Beynəlxalq hüquq» kafedrasında baş müəllim işləmişdir.Beynəlxalq hüquqşünas kimi tanınmış O.Əfəndiyev sonralar 1974-1977-ci illərdə SSRİ-nin Hindistandakı səfirliyində diplomatik işdə çalışmış, 1977-1990-cı illərdə isə Moskva Maliyyə İnstitununun «Hüquq» kafedrasında dosent vəzifəsində işləmişdir. Peşəkar hüquqşünas və vətənpərvər ziyalı Oktay Əfəndiyev 1990-cı illərdə  doğma vətənə qayıdaraq Azərbaycan Respublikası Ali Sovetinin «Hüquq» şöbəsində aparıcı mütəxəssis kimi fəaliyyət göstərmişdir. 1991-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Hüquq» kafedrasının müdiri vəzifəsində işləmişdir. Hal-hazırda həmin təhsil müəssisəsində dosent vəzifəsində çalışır və hüquq fənlərindən dərs aparır. Hüquq elmləri namizədi, beynəlxalq hüquqşünas, dosent Oktay Əfəndiyev 1966-cı ildən SBHA-nın, 1982-ci ildən SDHA-nın, 1993-cü ildən Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Cəmiyyətinin və 2004-cü ildən «Nəqliyyat hüququ» elmi-nəzəri, təcrübi jurnalı Redaksiya Şurasının üzvüdür. Onun beynəlxalq hüququn müxtəlif problemlərinə həsr olunmuş 60-a yaxın elmi əsərləri işıq üzü görmüşdür, o cümlədən bu əsərlər sırasına aiddir: «Dünya okeanında yeni beynəlxalq iqtisadi qaydalar» (Moskva, 1989), «Yeni işə başlayan biznesmenlər üçün 300 termin» (Bakı, 1992), «Hərbi cinayətlər: Nyürenberqdən Qarabağadək – beynəlxalq hüquqi təhlil» (Moskva, 2000), «Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən terminlər. Xarici iqtisadi biliklərə dair azərbaycanca-rusca-ingiliscə lüğət-məlumat kitabı» (Bakı, 2005), «Müasir Azərbaycanın xarici iqtisadi fəaliyyəti» (Bakı, 2007) və s. Eyni zamanda, o, bir neçə elmi metodik vəsaitin, tədris proqramının və monoqrafiyanın müəllifidir. «Qafqazda hərbi münaqişələr və hərbi cinayətlər – beynəlxalq hüquqi təhlil» (Bakı, 2006) adlı monoqrafiya işi daha çox elmi maraq doğurur. O.Əfəndiyevin doktorluq dissertasiya işi də məhz bu mövzunun elmi tədqiqinə həsr olunmuşdur. Oqtay Əfəndiyev elmi yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Bakı Dövlət Universitetində və digər ali təhsil müəssisələrində təşkil edilmiş «beynəlxalq hüquq» ixtisası üzrə birdəfəlik dissertasiya şuralarının tərkibində dəfələrlə çıxış etmişdir. İstedadlı və zəhmətkeş alim O.F.Əfəndiyev elmi-potensial səviyyəsinin yüksəldilməsi istiqamətində daima öz üzərində müntəzəm surətdə çalışır və elmi yaradıcılıq fəaliyyətini davam etdirir. O, universitetin professor-müəllim və tələbə kollektivi arasında işgüzar, təvazökar, tələbkar və sevimli müəllim kimi hörmət qazanmışdır. Biz də «Nəqliyyat hüququ» elmi-nəzəri, təcrübi jurnalı kollektivi adından Redaksiya Şurasının üzvü, beynəlxalq hüquqşünas, hüquq elmləri namizədi, dosent Oqtay Firidun oğlu Əfəndiyevi şərəfli yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və elmi yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

  

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.