05.22.2017 19:33
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Peşəkar hüquqşünans-alim, vətənpərvər ziyalı

Respublika baş prokurorunun sabiq müavini, hazırda Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi işləyən İsa Nəcəfovun 2001-ci ildə çapdan çıxmış "Gecə yarısı qətl" kitabından götürdüyüm bu epizodla məqaləyə giriş verməyim təsadüfi deyil. İsa müəllimin təkzibedilməz faktlar əsasında qələmə aldığı, son dərəcə oxunaqlı olan sənədli povestində o illərdə respublikada baş vermiş və indiyədək qaranlıq qalan çox məqamlara aydınlıq gətirilmiş və bu gün haqqında söhbət açdığım tanınmış hüquqşünas İsaxan Vəliyevin fəaliyyətinə də toxunulmuşdur. O vaxt İ.Vəliyevə qarşı törədilmiş sui-qəsd cəhdinin arxasında hansı səbəblər dayanmışdı? Bu sualı doğru-dürüst cavablandırmaq üçün ilk növbədə həmin dövrdə respubilkada baş verən hadisələri, gedən prosesləri göz önünə gətirmək lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeritdiyi müstəqil siyasət, həyata keçirdiyi əsaslı islahatlar düşmənlərimizin, daxili və xarici bədxahlarımızın yuxularını ərşə çəkmişdi. Onlar ulu öndərin başladığı möhtəşəm işlərə mane olmaq üçün hər cür vasitələrə əl atır, o cümlədən ümummilli liderə sədaqətli kadrların fiziki cəhətdən məhv edilməsindən də çəkinmirdilər. İsaxan Vəliyev də prokurorluq orqanlarında çalışan gənc və perspektivli kadrlardan idi. Beş il Bakı şəhər prokuroru işlədikdən sonra ulu öndər 1993-cü ildə onu respublika baş prokurorunun müavini vəzifəsinə təyin etmişdi...

İsaxan Veysəl oğlu Vəliyev 1958-ci il noyabr ayının 15-də Şamaxı şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, Yasamal Rayon Prokurorluğunun müstəntiqi kimi əmək fəaliyyətinə başlamışdır. Qısa bir zamanda özünü yüksək səviyyəli hüquqşünas, məsuliyyətli işçi kimi tanıdan İ.Vəliyev 1987-ci ildə Azərbaycan Respublikası Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. Gənc hüquqşünasın uğurları İttifaq miqyasında yayılmış və o, 1989-cu ildə, 30 yaşında SSRİ Prokurorluğu tərəfindən Bakı şəhər prokuroru vəzifəsinə təyin olunmuşdur. Həmin dövrdə onun praktiki hüquq sahəsində iş təcrübəsi geniş təbliğ edilir və öyrənilirdi. İ.Vəliyevin uğurlarının əsasında onun şəxsi keyfiyyətləri – yüksək intellekti, mənəvi təmizliyi, daim öz üzərində işləməsi və hüquqi biliklərini artırması, qanuna və dövlətə həmişə sadiq olması kimi dəyərlər dururdu. Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev də İsaxan Vəliyevi məhz bu keyfiyyətlərinə görə qiymətləndirmiş, onu respublika baş prokurorunun müavini vəzifəsinə təyin etmişdi.

İ.Vəliyev baş prokurorun müavini işlədiyi dövrdə də dövlətçilik maraqlarını, qanunun aliliyini daim uca tutmuş, ümummilli liderimizin etimadını doğrultmağa çalışmışdır. Respublikamızda xaricdən dəstəklənən daxili irticanın baş qaldırdığı dövrdə bu, xüsusilə çətin idi, bəzən insanın həyatı bahasına başa gəlirdi. Onun prinsipiallığı, dövlətə və qanuna sədaqəti, nüfuzunun sürətlə yüksəlməsi dövlətçiliyimizə qənim kəsilən qüvvələrin maraqlarına uyğun gəlmirdi. Bu səbəbdən onlar İ.Vəliyevi fiziki cəhətdən məhv etmək qərarına gəldilər. Lakin bütün bunlar İsaxan Vəliyevi öz yolundan, əqidəsindən, dövlətə və qanuna sədaqətindən döndərə bilməzdi.

Hüquq-mühafizə orqanlarında çalışdığı müddətdə İ.Vəliyev elmi araşdırmalar aparmış və 1992-ci ildə "Cinayət hüququ" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 2002-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin siyasi fənlər kafedrasının dosenti işlədiyi dövrdə İ.Vəliyev göndəriş əsasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva Universitetinin doktoranturasına qəbul edilmiş və 2005-ci ildə həmin universitetin elmi şurasında "Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhlili əsasında" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Diplom Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınmışdır.

Hüquq elmləri doktoru İ.Vəliyev pedaqoji fəaliyyəti ilə yanaşı, elmi tədqiqatlarını da davam etdirir. O, iki monoqrafiyanın (bunlardan biri Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva Universiteti elmi şurasının qərarı ilə Moskva şəhərində çap edilmişdir), 4 dərs vəsaitinin və 50-dən artıq elmi məqalənin müəllifidir. İ.Vəliyev "Cinayət hüququ" ixtisası üzrə Rusiya Federasiyasının Biblioqrafik toplusuna adı düşmüş ilk azərbaycanlı hüquqşünas-alimdir. 2006-cı ilin may ayından etibarən o, Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri vəzifəsində çalışır. Şöbəyə rəhbərlik etdiyi müddətdə diqqəti ciddi elmi layihələrə yönəltmiş, elmi işlərin kəmiyyət və keyfiyyət göstəricilərinin xeyli dərəcədə yaxşılaşdırılmasına nail olmuşdur.

İsaxan müəllim vətənpərvər alim, ziyalı olaraq gənc alimlərin yetişdirilməsi, elmin gəncləşməsi kimi ümumxalq əhəmiyyətli məsələləri də daim diqqətdə saxlayır. O, onlarca aspirantın və dissertantın elmi rəhbəridir və elmin kəşməkeşli yollarında onlara uğurla bələdçilik edir.

İ.Vəliyev peşəkar hüquqşünas-alim kimi dövlət siyasətini fəal surətdə dəstəkləyir, mütəmadi olaraq dövri mətbuatda çıxış edir. "Xalq qəzeti"nin ümummilli liderin anım gününə həsr edilmiş 12 dekabr 2007-ci il tarixli sayında onun "Heydər Əliyev Azərbaycanda hüquq islahatları kursunun banisidir", 2008-ci il prezident seçkiləri ərəfəsində isə "İnsan hüquq və azadlıqlarının təminatçısı" ("525- ci qəzet", 2 sentyabr 2008-ci il) adlı məqalələri dərc edilmişdir. Sonuncu məqalədə Prezident İlham Əliyevin fəaliyyətinin əsas aspektləri ön plana çəkilmiş, həyata keçirilən hüquqi islahatların şərhi verilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti İsaxan Vəliyevi səmərəli elmi-pedaqoji fəaliyyəti və anadan olmasının 50 illiyi ilə əlaqədar bu günlərdə Fəxri Fərmanla təltif etmişdir. İsaxan müəllim yüksək səviyyəli mütəxəssis, görkəmli alim olmaqla yanaşı, xeyirxah insan, ailə başçısıdır.

İş yoldaşları, alim dostları adından onu yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, elmi-pedaqoji fəaliyyətində ona uğurlar, şəxsi həyatında cansağlığı və ailə xoşbəxtliyi arzulayırıq.

Rəna MİRZƏZADƏ,

Azərbaycan Prezidenti yanında

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, fəlsəfə elmləri doktoru.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.