06.28.2017 18:08
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

(AVTOMOBİL NƏQLİYYATI TİMSALINDA)

Aqil ƏSƏDOV,

AMEA Iqtisadiyyat Institutunun

böyük elmi işçisi, i.e.n.

 

Ölkənin nəqliyyat sistemi cəmiyyətin daşımalara olan tələbatını ödəməklə istehsal prosesinin davamçısı, hazır məhsulların istehlakçılara çatdırılması vasitəsi və s. kimi mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə desək, nəqliyyat xidmətlərinin kəmiyyət və keyfiyyət göstəriciləri ölkənin iqtisadi inkişafını xarakterizə edən mühüm göstəricilərdəndir. Nəqliyyat xidmətlərinə dair göstəricilər isə daşıma proseslərinin operativ təşkili, sifarişlərin yerinə yetirilməsində iştirak edən infrastruktur sahələrin inkişaf səviyyəsi və s. kimi amillərlə yanaşı daşıma işlərinin təhlükəsizliyindən də xeyli dərəcədə asılıdır.

Ümumiyyətlə, nəqliyyatda həyat fəaliyyətinin təhlükəsizliyi dedikdə nəqliyyat proseslərində iştirak edənlərin normal, təhlükəsiz fəaliyyətinin təşkili nəzərdə tutulur. Başqa sözlə desək, daşıma prosesi yük göndərən, yük alan, yük sahibi, daşıma müəssisəsi və s. iştirakçılar üçün tam təhlükəsiz və maksimum səmərəli olmalıdır. Buradan isə belə bir nəticə çıxır ki, nəqliyyatda həyat fəaliyyətinin təhlükəsizlik səviyyəsi daşıma proseslərinin sosial-iqtisadi səmərəliliyinə birbaşa təsir edir. Eyni zamanda, məlumdur ki, bir nəfər insanın həyatı üçün təhlükəli olan hər hansı proses, digər göstəricilərindən asılı olmayaraq səmərəli hesab edilə bilməz. Ona görə də nəqliyyatda həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi hər zaman aktual və zəruri bir məsələdir. Digər tərəfdən, nə qədər ki insan cəmiyyəti mövcuddur, o qədər də nəqliyyat xidmətlərinə ehtiyac vardır. Digər tərəfdən, araşdırmalardan aydın olur ki, nəqliyyat sistemində ayrı-ayrı nəqliyyat növlərinin iştirakı ilə baş verən təhlükəli, fövqəladə hallara bütün dövrlərdə, eləcə də dünyanın hər bir yerində rast gəlinmişdir.

BMT-nin hesablamalarına görə hər il dünyada avtomobil nəqliyyatında baş verən yol-nəqliyyat hadisələri nəticəsində yaranan fövqəladə hallarda 300 min insan həlak olur, 8 milyon insan isə müxtəlif dərəcəli xəsarətlər alır. Təkcə 1999-cu ilin məlumatlarına görə, qeyd olunan hadisələr nəticəsində yaranan iqtisadi zərərin miqdarı 500 milyard dollara bərabər olmuşdur ki, bu da əksər ölkələrdə ümum- milli məhsulun 2-3% qədər və ya daha çoxdur. Ümumilikdə isə, avtoyol qəzaları dünyada insan ölümünə görə dünyada üçüncü yeri tutur. Son dövrlər dünya avtomobil nəqliyyatı sistemində baş verən hadisələrə və onların nəticələrinə dair statistik materiallarla tanış olaq:

– 2002-ci ildə ABŞ-ın Corciya ştatında avtomobil yollarını bürümüş qatı duman 100-dən çox avtomobilin toqquşmasına səbəb olmuş, nəticədə 10-dan çox insan həlak olmuş, 10-larla insan isə yaralanmışdır;

– 2002-ci ildə Moskvada Tverski küçəsində 15 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.

– 2001-ci ildə Qırğızstanda dağlıq ərazidə avtobus döngədə 10 metrlik yarğandan aşmış, 19 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdır;

– 2001-ci ildə Hindistanda sərnişinlə tam dolu avtobus uçurumdan çaya düşmüşdür. Nəticədə 50 nəfər həlak olmuşdur;

– 2001-ci ildə Türkiyədə tuneldən keçən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində, avtobus 100 metr dərinliyində uçuruma düşmüş, nəticədə 14 adam ölmüş, 35 nəfər isə ağır yaralanmışdır;

– 2001-ci ildə Çində sərnişin avtobusu körpüdən aşaraq 33 nəfərin ölümünə səbəb olmuşdur;

– 2001-ci ildə Rusiyada yük maşınının hərbi maşınla toqquşması nəticəsində 11 nəfər ölmüş, 5 nəfər yaralanmışdır;

– 2000-ci ildə Ispaniyada Barselona şəhəri yaxınlığında məktəbliləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 27 uşaq həlak olmuş, 13 nəfər isə yaralanmışdır;

– 1999-cu ildə hərbi Gürcü yolunda sərnişinlə dolu avtobus 150 metr hündürlükdən düşmüşdür. Nəticədə avtobusda olan 39 nəfər sərnişinin hamısı həlak ol-muşdur;

– 1998-ci ildə CAR-da 150km/saat sürətlə hərəkət edən avtobusun yük avtomobilinə dəyməsi nəticəsində 22 nəfər həlak olmuşdur;

– 1996-cı ildə Rostov şəhərində içərisində məktəblilər olan avtobusun dəmir yolu keçidində qatarla toqquşması nəticəsində 22 nəfər həlak olmuşdur;

– 1955-ci ildə Fransada 200km/saat sürətlə hərəkət edən avtomobilin divara dəyərək partlaması 83 nəfərin ölümü, 100-ə yaxın adamın isə yaralanması ilə nəticələnmişdir.

Məlumatlardan göründüyü kimi, avtomobil nəqliyyatında baş verən fövqəladə hadisələrə bütün ölkələrdə rast gəlinir. Məsələn, qonşu Rusiya Federasiyasında hər il yol-nəqliyyat hadisələrində 30 min insan həlak olur, hadisələrin təsiri ilə 350-400 milyon-adam gün iş vaxtı itkisinə yol verilir. Hadisələrin iqtisadi itkisi isə 1 milyard dollar təşkil edir. Ümumilikdə, 32 milyona yaxın nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi Rusiya Federasiyasının avtomobil yollarında hər gün, orta hesabla, 450 yol-nəqliyyat hadisəsi baş verir, 80 nəfər həlak olur, 500 nəfər isə müxtəlif zədələr alır. Yalnız 2000-ci ildə Rusiya avtomobil yollarında 29594 nəfər ölmüş, 179410 nəfər isə yaralanmışdır. Eləcə də hadisələrdən 16 yaşdan aşağı 21390 nəfər uşaq zərər çəkmiş, onlardan 1521 nəfəri ölmüş, 3 min nəfəri əlil olmuşdur. Hadisələrin nəticələrinin ağırlığı həm də lazımi ilkin yardımların vaxtında çatdırılmamasıdır. Yəni, hadisələr yolların müxtəlif hissələrində baş verir ki, oraya da tibbi və digər yardımların çatdırılması müəyyən vaxt tələb edir. Bu müddət çox olduqca isə, hadisələrin xoşagəlməz nəticələri də artır.

Azərbaycan Respublikasının beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşdiyini nəzərə alaraq ki, müvafiq təhlilləri Azərbaycan Respublikası üzrə aparaq. Eyni zamanda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən respublikamızın ümumi nəqliyyat sistemində, o cümlədən avtomobil nəqliyyatı sistemində təhlükəsizliyin təmin edilməsi zəruridir.

Bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da milli təsərrüfatın aparıcı sahələrindən biri cəmiyyətin yük və sərnişin daşımalarına olan tələbatının ödənilməsinə xidmət edən, eləcə də avtomobil, dəmir yolu, su, hava və boru-kəməri kimi nəqliyyat növlərindən ibarət olan nəqliyyat sistemidir. Eyni zamanda, araşdırmalardan aydın olur ki, nəqliyyat sistemi fövqəladə hadisələrin daha tez-tez rast gəlindiyi, bununla əlaqədar olaraq da daha çox insan tələfatı və digər itkilərin baş verdyi bir sahədir. Nəqliyyat növlərinin çoxluğunu və bu sahədə müxtəlif səbəblərdən baş verən FH-in zənginliyini nəzərə alaraq, araşdırmaların konkret olaraq avtomobil nəqliyyatı timsalında aparılması məqsədəuyğun hesab edilmişdir. Bu həm də ondan irəli gəlir ki, avtomobil nəqliyyatı qapıdan-qapıya çatdırma, kiçik tonajlı yüklərin daşınması, yüksək çeviklik, qısa zamanda manevr etmə və s. müsbət xüsusiyyətlərinə görə daha geniş yayılmışdır.

2007-ci il ərzində Azərbaycan Respublikasında qeydiyyatda olan avtomobillərin sayı 771893 ədəd olmuşdur. Nəzərə alsaq ki, istər ölkənin əksər avtomobil yollarının buraxıcılıq qabiliyyəti, yol verilən sürət həddi və s. baxımından bu rəqəm kifayət qədər böyük göstəricidir, onda ölkədə yol-nəqliyyat hadisələrinə dair vəziyyəti əvvəlcədən təsəvvür etmək mükündür. Konkret rəqəmlərə müraciət etdikdə aydın olur ki, yalnız bir il ərzində, 2007-ci ildə ölkə ərazisində 3104 YNH-si qeydə alınmış, nəticədə 1107 nəfər həlak olmuş, 3432 nəfər yaralanmışır. Ötən illə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 2,9% və 4,8% azalsa da, həlak olanların sayı 4,8% və ya 80 nəfər artmışdır ki, bu da YNH-nin ağırlıq dərəcələrinin yüksəldiyini sübut edir. Il ərzində yalnız Bakı şəhəri ərazisində 1532 YNH-si qeydə alınmış və bunların nəticəsində 399 nəfər həlak olmuş, 1736 nəfər yaralanmışdır. 2006-cı illə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 154 (9,1%) və 155 (8,2%) azalmış, həlak olanların sayı, yenə də 3,4% və ya 13 nəfər artmışdır. Respublika üzrə qeydə alınmış YNH-nin 90,1%-i sürücülərin hərəkət qaydalarını pozmaları, o cümlədən 44,2%-i nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23 %-i ötmə və qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxma, 10.3%-i isə digər səbəblərdən baş vermişdir.

2008-ci ilin ilk altı ayı ərzində ölkə ərazisində 1255 YNH-si qeydə alınmış, nəticədə 375 nəfər həlak olmuş, 1344 nəfər yaralanmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayının, uyğun olaraq 2,02%, 9,9% və 4% azalması deməkdir. O cümlədən bu müddət ərzində, təkcə Bakı şəhəri ərazisində 634 YNH-si qeydə alınmış və bunların nəticəsində 133 nəfər həlak olmuş, 708 nəfər yaralanmışdır.

Araşdırmalardan göründüyü kimi avtomobil nəqliyyatı insanların ən qəddar qatilinə çevrilmişdir. Bu statistik rəqəmlərə, hər gün bir sıra ölkələrdə avtomobil nəqliyyatının iştirakı ilə baş verən terror hadisələrinin nəticələrini də gəlsək vəziyyət daha da aydınlaşar. Eyni zamanda, müşahidələr göstərir ki, avtomobil nəqliyyatında baş verən fövqəladə hadisələrin başlıca səbəbi infrastruktur sahələrin lazımi səviyyədə olmamasıdır. Infrastruktur sahələr dedikdə, avtomobil nəqliyyatına daşıma sifarişlərinin yerinə yetirilməsində yardımçı olan bütün strukturlar başa düşülür. Başqa sözlə desək, avtomobil nəqliyyatının istismarı zamanı müşahidə edilən mənfi halların yaranmasına yolların istismara yararlılıq səviyyəsi, avtoservis müəssisələrində göstərilən xidmətlərin keyfiyyəti, hərəkəti tənzimləyən qurğuların yerləşdirilmə vəziyyəti və s. güclü təsir edir. Ümumiyyətlə, avtomobil nəqliyyatında baş verən hadisələrin əsas səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:

– avtomobil nəqliyyatı vasitələrinin sürət həddini aşması;

– nəqliyyat vasitələrinin təmir və texniki xidmət işlərinin keyfiyyətsizliyi;

– sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələrinin idarə olunmasına dair tələblərə cavab verməməsi;

– yollarda lazımi qədər tənzimləyici işarələrin quraşdırılmaması;

– avtomobil yollarının tələbata uyğun işıqlandırılmaması;

– hərəkətin təşkilində mövcud olan çatışmazlıqlar və s.

Avtomobil nəqliyyatında narahatlıq doğuran əsas səbəblərdən biri də texniki xidmət və təmir işlərini həyata keçirən infratsruktur müəssisələrin tələbata uyğun olmaması, yerinə yetirilən təmir işlərinin keyfiyyətinin zəif olmasıdır. Burada əsas problem kimi avtoservis müəssisələrində çalışan ustaların gördükləri işin keyfiyyətliliyinə heç bir zəmanətin olmamasıdır. Sifarişçi müraciət etdiyi təmir ustasının avtonəqliyyat vasitəsinin konstruksiyasına nə dərəcədə bələd olması haqqında məlumatsızdır. Onu maraqlandıran əsas məsələ isə, yerinə yetirilən işlərin keyfiyyətli olmasıdır. Buna isə zəmanət verən yoxdur. Əslində bu işlərə istismar müddəti və ya yürüş norması kimi göstəricilərlə zəmanət verilməsi daha məqsədəuyğun olardı. Ona görə ki, avtomobilə sərf edilən hər bir manat yürüş deməkdir.

Texniki xidmət və ya təmir işlərinin keyfiyyətsizliyi yol-nəqliyyat hadisələrinə səbəb olmaqla yanaşı, həm də ekoloji problemlərin yaranmasında da mühüm rol oynayır. Nəzərə alsaq ki, ölkədə nəqliyyat vasitələrinin 45%-ə yaxını 7-10 ildən artıqdır ki, istismar edilir, onda texniki xidmət və təmir müəssisələrinin daha geniş fəaliyyət göstərməsinin zəruriliyi məlum olar. Məhz göstərilən xidmətlərin keyfiyyət tələblərinə uyğun gəlməməsinin nəticəsidir ki, ətraf mühitin çirkləndirilməsində də avtomobil nəqliyyatı əsas mənbələrdən biridir.

Məlumdur ki, ekoloji problemlərin operativ həlli, ətraf mühitin mühafizəsinin gücləndirilməsi və s. tədbirlər daim müstəqil Azərbaycan dövlətinin, ayrı-ayrı dövlət strukturlarının diqqət mərkəzində olan bir məsələdir. «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün Kompleks Tədbirlər Planı»nın işlənib hazırlanması və qəbul edilməsi də, qeyd olunanları bir daha təsdiq edir. Ona görə də bu və ya digər Dövlət Proqramlarının və normativ sənədlərin tələblərinə uyğun olaraq, eləcə də ekoloji məsələlərin qlobal bir problem kimi bütün dünyanı narahat etdiyini nəzərə alaraq Azərbaycan Respublikasında da nəqliyyat sisteminin mənfi ekoloji təsirlərinin azaldılması istiqamətlərində mütəmadi tədbirlərin həyata keçirilməsi zəruridir. Ölkədə nəqliyyat infrastrukturlarının inkişaf etdirilməsi həm də bu zərurətdən irəli gəlir.

Yuxarıda qeyd olunanlardan və aparılan araşdırmalardan aydın olur ki, avtomobil nəqliyyatında yaranan fövqəladə hadisələrin əsas səbəblərindən biri də sürət həddinin qorunmamasıdır. Yəni sürücülərin avtonəqliyyat vasitələrinin texniki vəziyyətindən və avtomobil yollarının istismar imkanlarından asılı olan sürət məhdudiyyətinə əməl etməməsidir. Yol verilən sürət həddidini aşmasının qarşısını almaq, birbaşa yol hərəkəti təşkilatçıları və nəzarətçilərinin işidir. Bunu isə sürət həddini aşan avtonəqliyyat vasitələrinə qarşı inzibati tədbirlərin son dərəcə sərtləşdirilməsi ilə, qisməndə olsa tənzimləmək mümkündür. Eyni zamanda müxtəlif kütləvi informasiya vasitələrində maarifləndirici verilişlərin, roliklərin nümayiş etdirilməsi də səmərəli olardı.

ISTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. Учебник спасателя. С.К.Шойгу,

М.И.Фалеев, Г.Н.Кириллов и др.,

Краснодар: "Сов. Кубань", 2002. ст.

526.

2. E.Ə.Əliyev. "Qloballaşma dövründə beynəlxalq nəqliyyat daşımaları: hüquqi aspektlər". Bakı, "Zərdabı LTD" MMC, 2006, 360 s.

3. H.O.Ocaqov. "Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi". Bakı, Çaşıoğlu, 2002, 290 səh.

4. E.Əliyev, A.Əsədov. "Bakı şəhərində hərəkətin təhlükəsizliyinə təsir edən amillər və onların aradan qaldırılması yolları". "Nəqliyyat hüququ" elmi-nəzəri, təcrübi jurnal, Bakı, 2006, ¹ 2.

5. "Azərbaycanın statistik göstəriciləri – 2008", Bakı, "Səda", 2008, 650 s.

6. www.dyp.gov.az.

7. www.mot.gov.az.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.