08.21.2017 16:11
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

NƏQLİYYAT MÜQAVİLƏSİ HAQQINDA ÜMUMİ MÜDDƏALAR

ƏLİYEV E.Ə.,

Beynəlxalq Nəqliyyat

Akademiyasının həqiqi üzvü,

hüquq elmləri namizədi.

Hər bir ölkənin iqtisadi-təsərrüfat həyatında nəqliyyat xüsusi yer tutur. Sənayenin, kənd təsərrüfatının, tikintinin və digər vacib sahələrin inkişafı məhz onun səmərəli fəaliyyətindən asılıdır. Sənaye və kənd təsərrüfatı, eləcə də sənayenin ayrı-ayrı sahələri arasında əlaqə nəqliyyat vasitəsilə təmin olunur. Bu səbəbdən onu haqlı olaraq iqtisadiyyatın müxtəlif sektorlarını bir-birinə bağlayan halqa hesab edirlər. Qeyd etməliyik ki, istehsal olunmuş mallar istehsal sferasından dövriyyə sferasına nəqliyyat fəaliyyətinin köməyi ilə hərəkət edir. Bununla nəqliyyat fəaliyyəti istehsal prosesinin dövriyyə siklində (və bu sikl üçün) davamı kimi çıxış edir.

Nəqliyyat fəaliyyəti istehsal, daşıma və istehlak prosesini təmin etməyə yönəlmişdir. Belə ki, əgər maddi nemətlərin istehsalını, daşınmasını və istehlakını vahid proses hesab etsək, bu prosesdə nəqliyyat əlaqələndirici halqa rolunu oynayır. Təsadüfi deyil ki, buna görə nəqliyyat, obrazlı şəkildə yanaşsaq, ölkənin və onun iqtisadi təsərrüfat orqanizminin «qan damarları» sistemi adlandırılır. Nəqliyyatın köməyi ilə təkcə yük deyil, həm də sərnişinlər daşınır. Sərnişinlərin məkanda yerdəyişməsi nəqliyyatın ayrı-ayrı növlərindən istifadə edilməklə baş verir və nəticədə onlar mənzil başına çatırlar.

Nəqliyyat həm də beynəlxalq iqtisadi münasibətləri təmin edir; bu münasibətlərin effektli olması və inkişaf etməsi, şübhəsiz, nəqliyyat fəaliyyətindən asılıdır. Beynəlxalq ticarət sahəsində nəqliyyat xüsusilə vacib rol oynayır. Nəqliyyat bu sahədə elə bir vasitə hesab edilir ki, bunsuz xarici ticarət fəaliyyətini həyata keçirmək qeyri-mümkündür. Çoxdan bəridir ki, nəqliyyat xarici ticarət fəaliyyətinin tənzimləyicisi rolunu yerinə yetirir. Odur ki, nəqliyyat əməliyyatları kompleks xarakterli xarici ticarət əlaqələrinin əsasını təşkil edir. Buna görə də xarici ticarət daşımaları nəqliyyat xidmətinin xüsusi sferası sayılır.

Son zamanlar xarici ticarət əlaqələrini təmin edən nəqliyyat bir sıra ölkələrdə sürətli templə inkişaf edir. Bu da, öz növbəsində, həm beynəlxalq ticarətin, həm də xarici iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir.

Qeyd etmək vacibdir ki, nəqliyyat çoxcəhətli anlayışdır və o, bir neçə mənada işlədilir. Birinci mənada nəqliyyat dedikdə iqtisadiyyatın xüsusi sahəsi başa düşülür; iqtisadiyyatın xüsusi sahəsi kimi nəqliyyat müxtəlif iqtisadi sahələri bir-biri ilə əlaqələndirən halqadır. İqtisadi fəaliyyət subyektləri (müəssisələr) öz aralarında, rayon və ölkələr arasında nəqliyyat daşımalarını həyata keçirməklə, habelə iqtisadi əlaqələri təmin etməklə iqtisadiyyatın inkişafına mühüm təsir göstərir.

İkinci mənada nəqliyyat dedikdə xüsusi xarakterli istehsal sahəsi başa düşülür. Belə ki, nəqliyyat fəaliyyəti nəticəsində də məhsul istehsal olunur; ona nəqliyyat məhsulu deyilir. Lakin nəqliyyat maddi istehsaldan fərqli olaraq, əşya (maddi) xarakterli məhsul hazırlamır. Nəqliyyatın istehsal etdiyi məhsul nəqliyyat xidmətindən ibarətdir ki, bu xidmət yük, baqaj və sərnişinlərin daşınmasına yönəlir. Deməli, nəqliyyat hər hansı maddi əşya yaratmır, yalnız əşya (yük) və sərnişinlərin daşınmasını təmin edir.

İstehsal sahəsi kimi nəqliyyatın məhsulu olan nəqliyyat xidməti xüsusi xarakterli əmtəədir; buna görə də o, nəqliyyat bazarında alınıb satılır. Amma əmtəə kimi nəqliyyat xidmətinin istehsal prosesi zaman baxımından onun istehlak prosesi ilə üst-üstə düşür. Belə ki, nəqliyyat müəssisəsinin (daşıyıcının) istehsal etdiyi nəqliyyat xidməti dərhal da müştərilər (yük sahibləri, sərnişinlər) tərəfindən istehlak olunur. Bu, nəqliyyat fəaliyyətinin xüsusiyyətlərindən biridir. Ona görə ki, maddi istehsal prosesi zaman baxımından əmtəələrin istehlak olunma prosesi ilə üst-üstə düşmür. Bildiyimiz kimi, maddi istehsal prosesində hazırlanan əmtəələr əvvəlcə müəyyən müddət ərzində nəqliyyatın köməyi ilə istehlakçılara çatdırılır, sonra isə onlar tərəfindən istehlak edilir.

Üçüncü mənada nəqliyyat dedikdə təsərrüfat fəaliyyətinin vacib növlərindən biri başa düşülür. Təsərrüfat fəaliyyətinin növü kimi nəqliyyat anlayışı özündə aşağıdakıları birləşdirir:

– dəmir yol nəqliyyatı:

– dəniz nəqliyyatı;

– hava nəqliyyatı;

– avtomobil nəqliyyatı;

– su (çay) nəqliyyatı.

Bunlar nəqliyyatın beş əsas növüdür. Onlar hər bir ölkənin vahid nəqliyyat sistemini təşkil edir. Lakin hüquq ədəbiyyatı səhifələrində boru kəməri də nəqliyyatın növü kimi göstərilir. Söhbət neft-qaz boru kəmərlərindən gedir. Azərbaycan Respublikasının nəqliyyat qanunvericiliyi məhz boru kəmərini nəqliyyatın xüsusi növü, vahid nəqliyyat sisteminin tərkib hissəsi kimi müəyyənləşdirir. Nəqliyyatın bu növü ilə neft və qazın nəql olunması həyata keçirilir. Boru kəməri nəqliyyatının özünün iki növü fərqləndirilir:

– neft boru kəməri;

– qaz boru kəməri.

Neft boru kəmərindən neft və neft məhsullarının nəql edilməsi üçün istifadə olunur. Qaz boru kəməri isə qazın nəql olunmasını təmin edir. Boru kəmərinin bu növləri özünəxas spesifik xüsusiyyətlərə malikdir ki, həmin xüsusiyyətlər onları nəqliyyatın digər növlərindən fərqləndirməyə imkan verir. Hər şeydən əvvəl, boru kəməri ixtisaslaşdırılmış nəqliyyat növüdür; dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyat növlərindən fərqli olaraq, o, universal nəqliyyat sayılmır. Lakin, bu boru kəməri nəqliyyatının işinin iqtisadi göstəricilərinə heç də mənfi mənada təsir göstərmir. Əksinə, boru kəmərinin ixtisaslaşdırılmış nəqliyyat olması onun yaxşı iqtisadi göstəricilərlə fəaliyyət göstərməsinə müsbət təsir edir.

Nəqliyyatın ayrı-ayrı növlərinin fəaliyyət göstərməsi ilə bağlı olaraq müxtəlif məzmunlu və xarakterli münasibətlər əmələ gəlir ki, onlara nəqliyyat münasibətləri deyilir. Nəqliyyat münasibətlərinin əsas məqsədi təsərrüfat subyektlərini, iqtisadiyyatı və müəyyən bir yerə getmək istəyən sərnişinləri nəqliyyat xidməti ilə təmin etməkdən ibarətdir.

Nəqliyyat münasibətləri kifayət dərəcədə geniş spekterə malikdir. Bu münasibətlər özündə birləşdirir:

– yük və sərnişin daşımalarının təşkili üzrə münasibətlər;

– yük, baqaj və sərnişin daşıma münasibətləri;

– nəqliyyat-ekspedisiya münasibətləri;

– yedəyə alınma ilə bağıı olan münasibətlər;

– nəqliyyat vasitələrinin saxlanması ilə bağlı olan münasibətlər;

– nəqliyyat vasitələrinin icarəsi (kirayə) ilə bağlı olan münasibətlər və s.

Nəqliyyat münasibətləri hüquqi cəhətdən müqavilələrlə rəsmiləşdirilir ki, onlar nəqliyyat müqavilələri adlanır. Nəqliyyat müqavilələri nəqliyyat münasibətlərinin rəsmiləşdirilmə vasitəsidir; bu müqavilələrdən, məlum məsələdir ki, nəqliyyat öhdəlikləri yaranır.

Qeyd etmək lazımdır ki, həm nəqliyyat müqavilələri, həm də nəqliyyat öhdəlikləri hüquq ədəbiyyatı səhifələrində kifayət dərəcədə geniş işlənən terminlərdir. Xarici ölkələrin mülki və ticarət hüququnda da bu terminlərdən istifadə olunur. Xüsusən də «nəqliyyat müqavilələri» anlayışı mülki-hüquq elmində (doktrinasında) kök salmış və möhkəmlənmişdir.

Nəqliyyat müqavilələri anlayışı və sistemi. Nəqliyyat müqavilələri ümumiləşdirilmiş anlayışdır. Belə ki, o, özündə bir neçə növ müqaviləni birləşdirir. Həmin müqavilələrin məcmusuna nəqliyyat müqavilələrinin sistemi deyilir.

Nəqliyyat müqavilələrini üç qrupa bölmək olar.

– təşkilati nəqliyyat müqavilələri;

– daşıma müqavilləri;

– yardımçı nəqliyyat müqavilələri.

şkilati nəqliyyat müqavilələri dedikdə yük və sərnişin daşımalarının təşkili haqqında müqavilələr başa düşülür; bu müqavilə nəqliyyat müqavilələri sistemində xüsusi vəziyyətə malik olması ilə xarakterizə edilir. Bu qrup nəqliyyat müqavilələrinə hava, avtomobil, dəniz və su (çay) nəqliyyatında bağlanan yük və sərnişin daşımalarının təşkili haqqında müqavilələr aiddir. Lakin onlar nəqliyyatın ayrı-ayrı növlərində müxtəlif cür adlanır.

Daşıma müqavilələri dedikdə yük, sərnişin və baqaj daşıma müqavilələri başa düşülür. Nəqliyyat müqavilələri sistemində bu müqavilələr əsas və mərkəzi yer tutur. Bu, aydın məsələdir. Belə ki, daşıma prosesinin əsas məqsədi yük, sərnişin və baqajı təyinat yerinə çatdırmaqdan ibarətdir; yük, sərnişin və baqaj isə təyinat yerinə məhz daşıma müqaviləsi çərçivəsində çatdırılır. Bu səbəbdən nəqliyyat müqavilələri sistemində daşıma müqavilələri daha əhəmiyyətlidir.

Yardımçı nəqliyyat müqavilələri dedikdə, adətən, köməkçi funksiya yerinə yetirən, daşımanı təmin edən və ona xidmət göstərən nəqliyyat müqavilələri başa düşülür. Bu qrupa daxil olan müqavilələr törəmə xarakteri daşısa da, müstəqil hüquqi əhəmiyyətə malikdir. Buna görə də həmin müqavilələr müstəqil mülki-hüquqi müqavilələrdir. Məsələn, nəqliyyat-ekspedisiya müqaviləsi yardımçı nəqliyyat müqaviləsi sayılır.

Nəqliyyat müqavilələri sisteminə daxil olan müqavilələri iki əsas ümumi əlamət birləşdirir:

– birinci, nəqliyyat müqavilələri nəqliyyat fəaliyyəti sahəsində bağlanılır;

– ikinci, nəqliyyat müqavilələri, bir qayda olaraq, nəqliyyat təşkilatlarının iştirakı ilə bağlanılır.

Bunlara uyğun olaraq belə bir fikir formulə etmək mümkündür ki, nəqliyyat müqavilələri dedikdə nəqliyyat fəaliyyəti sahəsində istifadə edilən və bir qayda olaraq, nəqliyyat təşkilatının iştirakı ilə bağlanılan müqavilələr başa düşülür.

Nəqliyyat müqavilələri sisteminə daxil olan müqavilələri diqqətlə nəzərdən keçirdikdə görürük ki, buraya mülki-hüquqi müqavilənin ən müxtəlif növləri aiddir. Başqa sözlə desək, nəqliyyat müqavilələri anlayışı özündə ayrı-ayrı növ (tip) mülki-hüquqi müqavilələri birləşdirir: daşıma müqaviləsi, nəqliyyat-ekspedisiya müqaviləsi, yedəkləmə müqaviləsi, nəqliyyat vasitələrinin fraxt edilməsi (kirələnməsi) müqaviləsi və s. Bu müqavilələr mülki-hüquqi müqavilənin bu və ya digər növünə aid olunur. Məsələn, yedəkləmə və nəqliyyat-ekspedisiya müqavilələri xidmət göstərilməsi üzrə müqavilə növünə (tipinə) daxildir; nəqliyyat vasitələrinin fraxt edilməsi (kirələnməsi) müqaviləsi isə kirayə müqaviləsinin növü hesab edilir. Buna görə də nəqliyyat müqavilələrinə müstəqil mülki-hüquqi müqavilələr sistemində ayrıca və xüsusi yer tutan müqavilə kimi baxmaq olmaz. Məhz bu səbəbdən «nəqliyyat müqavilələri» termini mülki-hüquqi kateqoriya deyil, şərti və süni yaradılmış kateqoriya hesab edilməlidir. Bu termindən yalnız nəqliyyat fəaliyyəti sahəsində hansı mülki-hüquqi müqavilələrin tətbiq olunmasını müəyyənləşdirməkdən ötrü istifadə edilir. Başqa sözlə desək, «nəqliyyat müqavilələri» termini onu ifadə edir və bildirir ki, nəqliyyat müəssisələri nəqliyyat-daşıma xidməti göstərərkən müştərilərə (yük sahibi, sərnişin və digərləri) münasibətdə hansı növ mülki-hüquqi müqavilələrdən istifadə edə bilər. Şübhəsiz, nəqliyyat fəaliyyəti sahəsində tətbiq edilən əsas və başlıca müqavilə daşıma müqaviləsidir; nəqliyyat müqavilələri sisteminə daxil olan qalan digər müqavilələr isə yardımçı funksiya yerinə yetirərək köməkçi rol oynayır; onların əhəmiyyəti daşımaların həyata keçirilməsinə kömək etmək və xidmət göstərmək, onları təşkil və təmin etməkdən ibarətdir.

Təbii ki, «nəqliyyat öhdəlikləri» termininə də mülki-hüquqi kateqoriya kimi baxmaq olmaz; bu termin də şərti mənada işlədilərək yalnız onu bildirir və ifadə edir ki, nəqliyyat fəaliyyəti ilə bağlı nəqliyyat müəssisələri müştərilərə nəqliyyat-daşıma xidməti göstərərkən hansı mülki-hüquqi öhdəliklər yarana bilər; müstəqil mülki-hüquqi öhdəliklər sistemində ayrıca və xüsusi olaraq nəqliyyat öhdəliyi kimi növün fərqləndirilməsi üçün elə bir elmi zəmin yoxdur.

Nəqliyyat öhdəliklərinə görə, nəqliyyat müəssisəsi müştəriyə daşıma və digər növ nəqliyyat xidməti göstərir, müştəri isə ona göstərilən xidmətin əvəzini pulla ödəyir.

Nəqliyyat öhdəliklərinə də ayrı-ayrı, müxtəlif mülki-hüquqi öhdəliklər daxildir: daşıma öhdəliyi, nəqliyyat-ekspedisiya öhdəliyi, yedəkləmə öhdəliyi və s. Həmin öhdəliklər mülki-hüquqi öhdəliyin bu və ya digər növünə aiddir.

Yük daşımalarının təşkili haqqında müqavilə. Biz bir az əvvəldə nəqliyyat müqavilələrini şərti olaraq üç qrupa böldük. Lakin qeyd etməliyik ki, nəqliyyat müqavilələrinin yalnız iki qrupa – yük daşımalarının təşkili haqqında müqavilələr və daşıma müqavilələri kimi qruplara ayrılmasının elmi əhəmiyyəti və praktiki mənası vardır.

Yük daşımalarının təşkili haqqında müqavilə nəqliyyat müqavilələri sisteminə daxil olan müqavilədir; bu müqavilənin həmin sistemdəki vəziyyəti xüsusi xarakter daşıyır.

Azərbaycan Respublikasının MM-i nə yük daşımalarının təşkili haqqında müqaviləyə leqal anlayış verir, nə də onun hüquqi əlamətlərini müəyyənləşdirir. Amma «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanununda bu müqavilənin adı çəkilir, ona leqal anlayış verilir və həmin müqaviləni xarakterizə edən bəzi əlamətlər göstərilir. Adı çəkilən Qanunun 9-cu maddəsinin 3-cü bəndi məhz yük daşımalarının təşkili haqqında müqavilənin hüquqi tənzimlənməsinə həsr edilmişdir.

Yük daşımalarının təşkili haqqında müqaviləyə görə, bir tərəf (daşıyıcı) yükü müəyyən olunmuş müddətdə qəbul etməyi, digər tərəf (yükgöndərən) isə həmin yükü daşımaya təqdim etməyi öhdəsinə götürür.

Yük daşımalarının təşkili haqqında müqavilə öz hüquqi təbiətinə görə ikitərəfli (qarşılıqlı) müqavilədir. Belə ki, bu müqaviləni bağlayan tərəflər (yükgöndərən və daşıyıcı) bir-birinə münasibətdə qarşılıqlı hüquqlara malik olub, müvafiq vəzifələr daşıyır.

Yük daşımalarının təşkili haqqında müqavilə yükgöndərən üçün yükü daşımaya təqdim etmək kimi vəzifə nəzərdə tutur; bu müqavilənin bağlanmış hesab edilməsi üçün yükün daşıyıcıya təqdim olunması tələb edilmir. Tərəflər, yəni yükgöndərən və daşıyıcı razılığa gəldikləri andan müqavilə bağlanmış sayılır; məhz tərəflərin razılığa gəlmələri müqavilənin bağlanmış hesab edilməsi üçün kifayətdir; müqavilə bağlandığı andan isə tərəflər üçün hüquq və vəzifələr əmələ gəlir. Ona görə də göstərə bilərik ki, yük daşımalarının təşkili haqqında müqavilə konsensual müqavilədir. O ki qaldı yükgöndərənin yükü daşıyıcıya təqdim etməsinə, qeyd etmək lazımdır ki, onun bu hərəkəti müqavilənin bağlanmış hesab edilməsini deyil, icra olunmasını ifadə edir.

Yük daşımalarının təşkili haqqında müqavilə o halda bağlanır ki, müntəzəm daşımaların yerinə yetirilməsinə ehtiyac yaransın. Belə ki, müntəzəm daşımaların həyata keçirilməsi zərurəti yarandıqda, daşıyıcı və yükgöndərən belə daşımaların təşkili haqqında müqavilələr bağlaya bilərlər.

Yük daşımalarının təşkili haqqında müqavilə çərçivəsində daşıyıcı və yükgöndərən arasında dəfələrlə, ayrıca olaraq, bir neçə konkret yükdaşıma barədə müqavilə bağlanır. Buna görə də söyləyə bilərik ki, yük daşımalarının təşkili haqqında müqavilə çərçivə (haşiyə) müqaviləsidir; bu müqavilə o halda bağlanır ki, yükgöndərən və daşıyıcı öz birgə səyləri nəticəsində bir dəfə deyil, bir neçə dəfə yük göndərmək niyyətində olsunlar.

Yük daşımalarının təşkili haqqında müqaviləni tərəflər həm də o halda bağlayırlar ki, onlar daşımanı uzun vaxt dövrü ərzində həyata keçirmək niyyətində olsunlar. Bu isə onu göstərir ki, yük daşımalarının təşkili haqqında müqavilə uzunmüddətli müqavilə sayılır. Bir qayda olaraq, tərəfdaşlar arasında sabit, davamlı və arasıkəsilməz təsərrüfat-nəqliyyat münasibətləri mövcud olduqda uzunmüddətli müqavilə bağlanır.

Yük daşımalarının təşkili haqqında müqavilə hələ konkret yük daşınması müqaviləsinin özü deyildir. Belə ki, yük daşımalarının təşkili haqqında müqaviləyə görə, daşıyıcı və yükgöndərən həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə gələcəkdə konkret yük daşınması müqaviləsi bağlamağı öhdələrinə götürürlər. Bu isə onu deməyə əsas verir ki, yük daşımalarının təşkili haqqında müqavilə ilkin müqavilə, konkret yük daşınması müqaviləsi isə əsas müqavilədir (MM-in 402-ci maddəsinin 1-ci bəndi).

Qeyd etməliyik ki, yükdaşıma mürəkkəb proses olub, özündə iki mərhələni birləşdirir. Birinci mərhələ təşkilati mərhələ adlanır; bu mərhələdə yük daşımalarının həyata keçirilməsi üçün təşkilati zəmin yaradılır. Təşkilati zəmin dedikdə tərəflərin (daşıyıcının və yükgöndərənin) qarşıdakı daşımanın əsas şərtləri və gələcəkdə onlar arasında konkret yük daşınması müqaviləsi bağlanması barədə qabaqcadan razılığa gəlmələri başa düşülür. Yük daşımalarının təşkili üzrə müqavilə təşkilati zəmin yaratmağın əsas hüquqi rəsmiləşdirmə vasitəsidir. Buna görə də daşıma prosesinin birinci mərhələsi (təşkilati mərhələsi) həmin müqavilə ilə rəsmiləşdirilir. Odur ki, yük daşımalarının təşkili haqqında müqavilə mülki-hüquqi müqavilələrin təşkilati müqavilə kimi növünə aid edilir. Təsadüfi deyildir ki, Sovet dövründə yük daşımalarının təşkili haqqında müqavilələr «təşkilati müqavilələr» adı altında kifayət dərəcədə geniş tətbiq edilirdi.

O ki qaldı yük daşıma prosesinin ikinci mərhələsinə, qeyd etmək lazımdır ki, həmin mərhələ yükün bilavasitə daşınması, yəni təyinat yerinə çatdırılması mərhələsi adlanır; bu mərhələ isə yük daşınması müqaviləsi ilə rəsmiləşdirilir. Məhz yük daşınması müqaviləsi həmin mərhələnin hüquqi rəsmiləşdirmə vasitəsidir. Belə müqavilə isə əmlak müqaviləsi sayılır.

Yük daşımalarının təşkili haqqında müqavilənin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu müqavilə daşımaların planlaşdırma formasıdır; planlaşdırma isə yük daşımalarının mütəşəkkil surətdə həyata keçirilməsini təmin edir. Bu müqavilə imkan verir ki, yük plan üzrə göndərilsin, daşımalar plan əsasında həyata keçirilsin.

Yük daşımalarının təşkili haqqında müqavilənin növləri. Yük daşımalarının təşkili haqqında müqavilə nəqliyyatın ayrı-ayrı növlərində eyni deyil, müxtəlif cür adlanır. Bu isə o deməkdir ki, həmin müqavilənin istənilən nəqliyyat növündə bağlanması mümkündür. Məhz onlar yük daşımalarının təşkili haqqında müqavilənin ayrı-ayrı növləri sayılır.

Dəmir yolu nəqliyyatında yük daşımalarının təşkili haqqında müqavilə iki müxtəlif mülki-hüquqi müqavilə ilə əhatə olunur. Həmin müqavilələrə aiddir:

– əsas (magistral) yola çıxan dəmir yollarından istifadə haqqında müqavilə;

– vaqon verilməsi barədə müqavilə.

Göstərilən müqavilələrdə yük daşımalarının təşkilinə aid şərtlər (daşınmalı olan yüklərin həcmi, nəqliyyat vasitəsinin verilməsi, yüklərin daşınmaya təqdim olunması, müddət və digər şərtlər) nəzərdə tutulur; yük daşımalarının təşkili haqqında müqavilənin predmeti də məhz bu şərtlərdən ibarətdir. Digər tərəfdən, qeyd etdiyimiz müqavilələr həm də yük daşınması prosesi ilə sıx surətdə bağlı olub onun təşkilinə yönəlir, eləcə də əsas müqavilənin – dəmir yolu ilə yük daşınması müqaviləsinin bağlanmasına kömək edir, bu məsələdə yardımçı funksiya yerinə yetirir. Bunlardan əlavə, həmin müqavilələr nəqliyyat qanunvericiliyi ilə tənzimlənir və nəqliyyat müqavilələri sırasına aid edilir.

Bu xüsusiyyətlər belə bir fikir söyləməyə əsas verir ki, yuxarıda göstərdiyimiz müqavilələr dəmir yolu nəqliyyatında yük daşımalarının təşkili haqqında müqavilənin ayrı-ayrı növləridir. Təbii ki, həmin müqavilələr yük daşınması müqaviləsi sayılmır.

Sovet dövründə dəmir yolu nəqliyyatında yük daşımalarının təşkili haqqında müqavilə bağlanmırdı; SSRİ Dəmir Yolu Nizamnaməsində bu müqavilənin tənzimlənməsinə həsr olunmuş hər hansı norma nəzərdə tutulmamışdı. Bu, onunla izah olunurdu ki, dəmir yolu nəqliyyatında yük daşımalarının təşkili haqqında müqavilənin predmetini təşkil edən şərtlər (yüklərin həcmi, nəqliyyat vasitəsinin verilməsi, yüklərin daşınmaya təqdim olunması və digər şərtlər) dəmir yolu nəqliyyatında istifadə olunan yuxarıda göstərdiyimiz iki müqavilənin predmetinə daxil edilirdi.

Dəniz nəqliyyatı sahəsində yük daşımalarının təşkili haqqında müqavilə uzunmüddətli müqavilə adlanır. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 88-ci maddəsi məhz həmin müqavilənin tənzimlənməsinə həsr edilmişdir. Bu müqavilə o halda bağlanır ki, dənizlə müntəzəm yük daşımalarının həyata keçirilməsinə tələbat olduqda daşıyıcı ilə yük sahibi öz aralarında yük daşımalarının təşkili haqqında müqavilə bağlayır. Bu müqavilə çərçivəsində və ona əsasən konkret dəniz yük daşınması müqaviləsi bağlanır.

Hava nəqliyyatı sahəsində yük daşımalarının təşkili haqqında müqavilə «xüsusi müqavilə» anlayışı kimi nəzərdə tutulur. Azərbaycan Respublikasının qüvvədən düşmüş Hava Məcəlləsinin 90-92-ci maddələri xüsusi müqavilənin tənzimlənməsinə həsr olunmuşdu. Amma həmin Məcəlləni əvəz edən «Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu (2005) bu müqaviləni nizama salan maddələr nəzərdə tutmur. Lakin buna baxmayaraq, hava nəqliyyatı sahəsində xüsusi müqavilələrin bağlanması mümkündür. Belə ki, hava yolu ilə müntəzəm yük daşımalarının həyata keçirilməsinə zərurət yarana bilər. Belə halda müəyyən vaxt dövrü ərzində (məsələn, iki illik müddət ərzində və s.) aralarında təsərrüfat-nəqliyyat əlaqələri olan yükgöndərən və daşıyıcı xüsusi müqavilə bağlayırlar.

Avtomobil nəqliyyatı sahəsində də yük daşımalarının təşkili haqqında müqavilədən istifadə olunur. Həmin müqaviləyə uzunmüddətli müqavilə deyilir. Bu müqavilə «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun (2008) 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddədə göstərilir ki, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqaviləyə görə daşıyıcı yükü müəyyən olunmuş müddətdə qəbul etməyi, yükgöndərən isə şərtləşdirilmiş həcmdə yükü daşınmaq üçün təqdim etməyi öhdəsinə götürür.

Uzunmüddətli müqavilə əsasında konkret yükün daşınmasını nəzərdə tutan birdəfəlik müqavilə bağlanır. Əgər uzunmüddətli müqavilə daşıma prosesinin təşkilati mərəhələsini rəsmiləşdirirsə, birdəfəlik müqavilə daşıma prosesinin ikinci mərhələsini – yükün təyinat yerinə çatdırılma mərhələsinin rəsmiləşdirilməsini həyata keçirir.

Uzunmüddətli müqavilə, bir qayda olaraq, mütəmadi yük daşınmasının yerinə yetirilməsi zərurəti yarandıqda bağlanır. Əgər daşıyıcı və yükgöndərən arasında daim və arasıkəsilməz təsərrüfat-nəqliyyat münasibətləri olarsa, onlar uzunmüddətli müqavilənin qüvvədə olma müddətini uzada bilərlər.

Su (çay) nəqliyyatı sahəsində yük daşımalarının təşkili haqqında müqavilə naviqasiya müqaviləsi adlanır. SSRİ Daxili Su Nəqliyyatı Nizamnasməsinin 60-cı maddəsi naviqasiya müqaviləsinin tənzimlənməsinə həsr olunmuşdur.

Bunlardan başqa, yük daşımalarının təşkili haqqında müqavilə qarışıq daşımaların həyata keçirilməsində də tətbiq edilə bilər. Hüquq ədəbiyyatı səhifələrində bunun mümkün olması göstərilir.

Nəqliyyatın ayrı-ayrı sahələrində tətbiq edilən yük daşımalarının təşkili haqqında müqavilə növləri bir-birindən fərqli xüsusiyyətləri ilə seçilir. Bu, onunla izah olunur ki, nəqliyyatın ayrı-ayrı növlərində daşıma-nəqliyyat vasitələri bir-birindən fərqlənir, daşıma prosesinin həyata keçirilməsi eyni deyildir, habelə daşıma həcmi müxtəlifdir.

Yük daşımalarının təşkili haqqında müqavilənin elementləri. Subyekt tərkibi (tərəflər) yük daşımalarının təşkili haqqında müqavilənin elementlərindən biridir. Bu müqavilənin bağlanmasında iki subyekt (tərəf) iştirak edir: daşıyıcı, yük göndərən. Daşıyıcı funksiyasını, bir qayda olaraq, nəqliyyat müəssisəsi və təşkilatları yerinə yetirir. Yükgöndərən rolunda isə bu müqavilənin bağlanmasında həm fiziki şəxslər, həm bələdiyyələr, həm hüquqi şəxslər, həm də dövlət iştirak edə bilər.

Yük daşımalarının təşkili haqqında müqavilənin predmeti onun mühüm elementidir. Bu müqavilənin predmeti qismində qarşıdakı yük daşımalarını təşkil etmək, habelə gələcəkdə yükgöndərən və daşıyıcı arasında konkret yük daşınması müqaviləsi bağlamaq kimi münasibətlər çıxış edir. Yük daşımalarının təşkili dedikdə daşınmalı olan yükün həcminin müəyyən edilməsi, nəqliyyat vasitəsinin verilməsi, yükün daşınmaya təqdim olunması başa düşülür. Qeyd etmək vacibdir ki, yük daşımalarının təşkili haqqında müqavilənin predmeti onun təşkilati və ilkin müqavilə olması ilə müəyyənləşir:

– qarşıdakı yük daşımalarını təşkil etmək (onun təşkilati müqavilə olmasından irəli gəlir);

– gələcəkdə konkret yük daşınması müqaviləsi bağlamaq (onun ilkin müqavilə olmasından irəli gəlir).

Yük daşımalarının təşkili haqqında müqvvilənin müddəti onun elementlərindən biridir. Müddət dedikdə yük daşımalarının təşkili haqqında müqavilənin qüvvədə olma müddəti, yəni müqavilənin hansı müddətə bağlanması başa düşülür. Əvvəldə qeyd etmişik ki, yük daşımalarının təşkili haqqında müqavilə uzunmüddətli müqavilə sayılır; uzunmüddətli müqavilələr isə, adətən, bir və ya bir neçə il müddətinə bağlanır. Buna görə də yük daşımalarının təşkili haqqında müqavilənin qüvvədə olma müddəti bir və ya bir neçə il ola bilər ki, həmin müddət ərzində bu müqavilə çərçivəsində dəfələrlə konkret yük daşınması müqaviləsi bağlanır və daşımalar həyata keçirilir.

Yük daşımalarının təşkili haqqında müqavilənin formasına gəldikdə qeyd etməliyik ki, bu məsələ həmin müqavilənin ilkin müqavilə hesab edilməsindən asılı olaraq həll edilir. Belə ki, əsas müqavilə hansı formada olursa, ilkin müqavilə də həmin formada bağlanmalıdır. Başqa sözlə desək, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır (MM-in 402-ci maddəsinin 2-ci bəndi). Əsas müqavilə sayılan konkret yük daşınması müqaviləsi həmişə sadə yazılı formada bağlanır. Odur ki, ilkin müqavilə sayılan yük daşımalarının təşkili haqqında müqavilə də sadə yazılı formada bağlanmalıdır.

Yük daşımalarının təşkili haqqında müqavilədə digər şərtlər də nəzərdə tutula bilər. Daşımanın həcmi barədə şərt əsas şərtlərdən biridir. Bu şərt onu ifadə edir ki, müqavilənin qüvvədə olma müddəti ərzində nə qədər yük daşınmalıdır. Buna görə də daşımanın həcmi dedikdə yük daşımalarının təşkili haqqında müqavilə çərçivəsində və onun nəzərdə tutduğu müddət ərzində daşınmalı olan yükün kəmiyyəti (sayı, miqdarı, çəkisi) başa düşülür. Məsələn, beş min kisə sementin, yüz ton taxılın, dörd min litr benzinin və s. daşınması nəzərdə tutula bilər.

Yük daşımalarının təşkili haqqında müqavilədə tərəflər (daşıyıcı və yükgöndərən) hesablaşma barədə şərt də müəyyən edə bilər. Bu şərt onu ifadə edir ki, gələcəkdə konkret daşımalar həyata keçirilən zaman yük sahibi daşıma haqqını daşıyıcıya hansı formada ödəməlidir. Həm nağd, həm də nağdsız hesablaşma formasından istifadə olunması müqavilədə nəzərdə tutula bilər.

Yük daşımalarının təşkili haqqında müqavilənin məzmunu onun əsas elementlərindən biri sayılır. Tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu təşkil edir. Daşıyıcının əsas vəzifəsi yükü müəyyən olunmuş müddətdə qəbul etməkdən ibarətdir; həmin müddət müqavilədə göstərilir. Yük vurmaq üçün nəqliyyat vasitəsi vermək onun üstünə düşən digər vəzifədir. Daşıyıcı nəqliyyat vasitəsini nəzərdə tutulmuş müddətdə, şərtləşdirilmiş yerdə və müəyyənləşdirilmiş sayda verməlidir.

Yükgöndərinin isə üstünə düşən əsas vəzifə yükü daşınmaq üçün təqdim etməkdən ibarətdir: o, yükü daşınmaq üçün şərtləşdirilmiş müddətdə, nəzərdə tutulmuş həcmdə (miqdarda), zəruri olarsa-qiymətini elan etməklə, tara və qabda, markalamaqla (nişanlamaqla), adı barəsində düzgün məlumat verməklə, habelə onun çəkisini hökmən müəyyənləşdirməklə təqdim etməlidir.

Yük daşımalarının təşkili haqqında müqavilədə tərəflərin digər vəzifələri də nəzərdə tutula bilər. Məsələn, daşınma üçün verilən aylıq, ongünlük və sutkalıq yüklərin minimum və maksimum həcmi, yükvurma və yükboşaltma işlərinin görülməsi və bu işlərdə istifadə olunan mexanizmlər, daşımanın keyfiyyəti və digər məsələlər barədə vəzifələr müəyyənləşdirilməsi mümkündür.

Yük daşınması müqaviləsi, onun hüquqi tənzimetmə mənbələri və növləri. Yük daşınması müqaviləsi nəqliyyat müqavilələri sisteminə daxil olan müqavilələrdən biridir; nəqliyyat müqavilələri sisteminə aid edilən digər müqavilələrə münasibətdə o, baza müqaviləsi hesab olunur. Ona görə ki, sənaye mallarının, kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının və s. təyinat yerinə çatdırılması məhz yük daşınması müqaviləsi çərçivəsində həyata keçirilir; məhz bu müqavilənin sayəsində nəqliyyat ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri arasında əlaqə yaradır. Təsadüfi deyildir ki, yük daşınması müqaviləsi nəqliyyat müqavilələri sistemində üstün və mərkəzi yer tutur.

Yük daşınması müqaviləsinin mülki-hüquqi müqavilələr sistemində tutduğu yer mülki hüquq elmində (doktrinasında) ən çox müzakirə olunan məsələlərdən biridir; elmi müzakirələr bu gün də davam edir. Bu barədə bir-birindən fərqli üç müxtəlif fikir söylənilir.

Bir qrup alim göstərirlər ki, yük daşınması müqaviləsi podrat müqaviləsinin xüsusi növüdür; bununla onlar daşıma müqaviləsini mülki-hüquqi müqavilələr sistemində müstəqil müqavilə kimi tanımırlar.

Bəzi alimlər daşıma müqaviləsinə digər mülki-hüquqi müqavilələrin elementlərini birləşdirən xüsusi müqavilə kimi baxırlar. Bu müqavilələrə aiddir: tapşırıq müqaviləsi (daşıyıcı yükgöndərənin tapşırığını yerinə yetirərək yükü üçüncü şəxsə – yükalana verir); podrat müqaviləsi (daşıyıcı yükü təyinat yerinə çatdırmaq kimi iş görür); saxlanc müqaviləsi (daşıyıcı təyinat yerinə çatdırma halı kimi yükü saxlayır); əmlak kirayəsi müqaviləsi (daşıma vasitələrindən, yəni vaqonlardan, avtomobildən, gəmidən və s. yükgöndərənin mənafeyi üçün istifadə olunur).

Üçüncü qrup alimlər isə mülki-hüquqi müqavilələr sistemində daşıma müqaviləsini müstəqil növ müqavilə hesab edirlər. Onların fikrincə, yükdaşıma müqaviləsi mülki-hüquqi müqavilələrin müstəqil növüdür. Bu fikir hüquq ədəbiyyatı səhifələrində kifayət dərəcədə geniş yayılmışdır.

Hesab edirik ki, üçüncü qrup alimlərin mövqeyi həqiqətə daha yaxındır. Bu mövqe demək olar ki, müasir müəlliflərin əksəriyyəti tərəfindən dəstəklənir. Belə ki, daşıma müqaviləsinin iqtisadi məzmununu nəqliyyat xidmətinin özgəninkiləşdirilməsi ilə bağlı olaraq yaranan münasibətlər təşkil edir; bu münasibətlər yük daşınması müqaviləsindən başqa, hər hansı növ mülki-hüquqi müqavilə ilə rəsmiləşdirilə bilməz. Digər tərəfdən, daşıma müqaviləsinin əsas məqsədi daşıma prosesini həyata keçirməkdən, yəni yükün təyinat yerinə çatdırılmasını təmin etməkdən ibarətdir; daşıma müqaviləsindən başqa, digər hər hansı müqavilə belə məqsəd güdmür. Odur ki, daşıma müqaviləsi mülki-hüquqi müqavilələr sistemində müstəqil yer tutur.

Sovet nəqliyyat hüququ daşıma müqaviləsini müstəqil müqavilə növü kimi tanıyırdı. Azərbaycan Respublikasının müasir nəqliyyat hüququ da daşıma müqaviləsini mülki-hüquqi müqavilələrin müstəqil növlərindən biri kimi nəzərdə tutur.

Daşıma müqaviləsi xidmət göstərilməsi üzrə müqavilələrə aiddir; çünki daşıyıcı daşıma xidməti göstərir. Xidmət göstərilməsi üçün müqavilələr bir neçə qrupa bölünür ki, həmin qruplardan biri özündə faktiki xarakterli xidmət göstərilməsi üzrə müqavilələri birləşdirir. Daşıma müqaviləsi məhz bu müqavilələr qrupuna daxildir. Ona görə ki, daşıyıcı yük sahibinə faktiki xarakterli xidmət göstərir; həmin xidmət nəticəsində yükün təyinat yerinə çatdırılması təmin edilir, amma heç bir mülki hüquq və vəzifə (mülki-hüquqi nəticə) yaranmır; yalnız hüquqi xarakterli xidmət nəticəsində (məsələn, müqavilə bağlamaq və s.) mülki hüquq və vəzifələr əmələ gətirir. Şübhəsiz, yükü təyinat yerinə çatdırmaq hüquqi deyil, faktiki xidmətdir; faktiki xidmət isə hüquqi nəticənin deyil, faktiki nəticənin yaranmasına səbəb olur.

Daşıma müqaviləsini mülki-hüquqi tənzimetmə mənbələri. Daşıma müqaviləsinin əsas və başlıca tənzimetmə mənbəyi qanunlar hesab edilir. Qanunlar arasında, ilk növbədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi əsas yer tutur. Ölkənin ali iqtisadi qanunu – İqtisadi Konstitusiyası (ikinci Konstitusiyası) kimi tanınan Mülki Məcəllə daşıma müqaviləsinin tənzimlənməsində vacib rol oynayır. Məcəllənin XLVI fəslinə daxil olan maddələr (842-861-ci maddələr) məhz daşıma müqaviləsinin tənzimlənməsinə həsr edilmişdir. Həmin fəslin 1-ci paraqrafındakı maddələr (842-849-cu maddələr) sərnişin daşınması müqaviləsini, 2-ci paraqrafındakı maddələr isə (850-861-ci maddələr) yük daşınması müqaviləsini nizama salır. Bunlardan əlavə, daşıma müqaviləsini tənzimləmək üçün mülki-hüquqi müqavilələr haqqında ümumi normalar, eləcə də öhdəlik hüququnun müddəaları da tətbiq edilə bilər. Belə ki, daşıma müqaviləsi mülki-hüquqi müqavilələrin bir növü olub daşıma öhdəlik hüquq münasibətinin (daşıma öhdəliyinin) yaranmasına səbəb olur.

Daşıma müqaviləsinin tənzimlənməsində «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun (1999) rolu və əhəmiyyəti xüsusilə qeyd edilməlidir. Qanun göstərir ki, yüklərin, sərnişinlərin və baqajın daşınması qanunvericiliyə uyğun olaraq bağlanmış müvafiq müqavilələr əsasında həyata keçirilir (9-cu maddənin 1-ci bəndi). Şübhəsiz, söhbət daşıma müqavilələri (yük daşınması müqaviləsi, sərnişin daşınması müqaviləsi və baqaj daşınması müqaviləsi) haqqında gedir. Həmin Qanuna görə, daşıma şərtləri, habelə tərəflərin mülki-hüquqi (əmlak) məsuliyyəti daşıma müqaviləsi ilə müəyyən edilir. Qanunda daşıma müqaviləsinin elementləri (müqavilənin qiyməti, yəni daşıma haqqı, müqavilənin müddəti və s.) barədə vacib əhəmiyyətə malik olan hüquqi göstərişlər ifadə olunmuşdur.

Daşıma müqaviləsi ilə bağlı münasibətlər həm də nəqliyyat növləri üzrə məcəllə və nizamnamələrlə tənzimlənir, onlar daşıma müqaviləsinin əsas hüquqi tənzimetmə mənbəyidir. Qanunda göstərilir ki, nəqliyyatın fəaliyyəti ilə bağlı münasibətlər nəqliyyat növləri üzrə məcəllələrlə və nizamnamələrlə tənzimlənir.

Dənizlə daşıma müqaviləsi Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi (2001) ilə tənzimlənir; Məcəllə dəniz nəqliyyatında daşıma müqaviləsini nizama salan əsas normativ hüquqi aktdır. Onun 8-ci fəslində cəmləşən maddələrin (m.87-137) köməyi ilə dənizlə yük daşınması müqaviləsi, 9-cu fəslinə daxil olan maddələrin (m.138-151) vasitəsilə isə dənizlə sərnişin və baqaj daşınması müqaviləsi tənzimlənir. Bunlardan başqa, Məcəllədə dənizlə daşıma müqaviləsinin ayrı-ayrı növlərinin (taym-çarterin, berbout-çarterin və s.) tənzimlənməsinə həsr edilən müvafiq normalar da nəzərdə tutulmuşdur.

Hava yolu ilə daşıma müqaviləsinin əsas hüquqi tənzimetmə mənbəyi «Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu (2005) sayılır; Qanunun X fəsli hava daşımalarının tənzimlənməsinə həsr olunmuşdur. Hava daşımaları məhz bu fəslin müddəalarına uyğun olaraq həyata keçirilir. Həmin fəsil özündə həm sərnişin və baqaj daşınması müqaviləsini, həm də yük daşınması müqaviləsini nizama salan maddələri birləşdirir. Qanunun 46-cı maddəsi ilə sərnişin daşınması, 47-ci maddəsi ilə baqaj daşınması, 48-ci maddəsi ilə isə yük daşınması müqaviləsi tənzimlənir.

Daxili su (çay) nəqliyyatında daşımaları tənzimləməkdən ötrü SSRİ Daxili Su Nəqliyyatı Nizamnaməsi əsas rol oynayır. Məsələ burasındadır ki, Azərbaycan Respublikasında daxili su (çay) nəqliyyatı ilə daşımaları nizama salan hər hansı normativ akt qəbul edilməmişdir. Odur ki, əgər bizim ölkədə daxili su (çay) nəqliyyatı ilə (məsələn, Kür çayı ilə) daşımalar həyata keçirilərsə, onda bu sahədə müvafiq nizamnamənin qəbul edilməsi mümkündür. Amma Azərbaycan Respublikasında bu nəqliyyat növünün inkişaf etdirilməsi gələcəkdə su (çay) nəqliyyat daşımalarına yer verilməsi, regionların sosial iqtisadi inkişafı, turizmin genişlənməsi və s. amillərlə sıx surətdə əlaqəlidir. Yəqin ki, yaxın gələcəkdə bu növ daşımaların praktiki tətbiqinə başlanılacaq.

Dəmir yolu nəqliyyatında daşımaları tənzimləmək üçün SSRİ Dəmir Yolu Nizamnaməsi tətbiq edilə bilər ki, bu sənəd SSRİ Nazirlər Sovetinin 6 aprel 1964-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Ona görə ki, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatının fəaliyyətini tənzimləyən hər hansı normativ akt qəbul edilməmişdir. Nizamnamədə dəmir yolu ilə yük, sərnişin və baqaj daşıma müqavilələrinin tənzimlənməsinə həsr olunan müvafiq normalar nəzərdə tutulmuşdur. Lakin Nizamnamənin bir sıra normaları müasir bazar iqtisadiyyatı şəraitində öz aktuallığını itirmiş, köhnəlmişdir. Bu səbəbdən həmin normalardan dəmir yolu daşımalarının tənzimlənməsində istifadə oluna bilməz.

Dəmir yolu daşımalarını tənzimləmək üçün Azərbaycan Respublikası ərazisində həm də «Dəmir yolu nəqliyyatı haqqında» SSRİ Qanunu (1991) tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək həmin qanun öz hüquqi qüvvəsini saxlayır.

Azərbaycan Respublikasında avtomobil daşımalarını tənzimləyən xüsusi normativ akt «Avtomobil nəqliyyatı haqqında» Qanun (2008) qəbul olunmuşdur. Qanunun 28-ci maddəsi avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsini, 35-ci maddə baqaj daşınması münasibətlərini, 37-ci maddə isə yük daşınması müqaviləsini tənzimləyir. İlk dəfə olaraq qəbul edilmiş bu Qanunda avtomobil nəqliyyatı ilə daşımaların nizama salınması sahəsində təsbit olunmuş normalar xüsusilə əhəmiyyətlidir; burada həmin müqavilələrin leqal anlayışı formulə edilir.

Qanunlardan başqa, daşımaların tənzimlənməsində qanun qüvvəli aktlar da vacib rol oynayır. Söhbət Prezident fərmanlarından, Nazirlər Kabinetinin qərarlarından və idarəvi aktlardan gedir. Prezident fərmanları arasında «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 02.09. 2002-ci il tarixli 782 nömrəli Fərmanı xüsusilə əhəmiyyətlidir. Bu Fərmanla müəyyənləşdirilmiş siyahıya görə, daşıma müqaviləsinin tərəflərindən biri olan daşıyıcı daşıma fəaliyyəti ilə məşğul olmaq və müştərilərlə daşıma müqaviləsi bağlamaq üçün hökmən xüsusi razılıq (lisenziya) almalıdır. Xüsusi razılığın (lisenziyanın) verilməsi qaydaları isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmişdir.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə Azərbaycan Dövlət Dəmir Yolunun, Bakı Metropoliteninin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, «Azərbaycan Hava Yolları» Dövlət Konserninin (2008-ci ildən o, qapalı səhmdar cəmiyyətinə çevrilmişdir) və Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyinin əsasnamə və nizamnamələri təsdiq olunmuşdur; həmin sənədlər daşıma fəaliyyətinin hüquqi əsasını təşkil edir. Məsələn, Bakı Beynəlxalq Ticarət Limanının Nizamnaməsində göstərilir ki, liman dəniz nəqliyyat gəmiləri ilə yük, sərnişin və s. daşımalara xidmət edir; Əsasnaməsinə görə, Azərbaycan Dövlət Dəmir Yolu yük, sərnişin və baqaj daşımalarını həyata keçirir; «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan müəssisələr hava daşımalarını yerinə yetirir; Xəzər Dəniz Gəmiçiliyinin Nizamnaməsi onun üzərinə Azərbaycan Respublikasının limanları ilə xarici limanlar arasında, həmçinin xarici limanlar arasında yük və sərnişinləri daşımaq vəzifəsi qoyur və s.

İdarəvi aktlar dedikdə, hər şeydən əvvəl, daşıma qaydaları başa düşülür; daşıma qaydaları daşıma münasibətlərinin tənzimlənməsində xüsusi rol oynayır. Ona görə ki, nəqliyyat nizamnamə və məcəllələri daşımaları kifayət dərəcədə tam və əhatəli şəkildə nizama salmır. Daşıma qaydalarına gəldikdə isə, qeyd etmək lazımdır ki, bu akt yük, sərnişin və baqaj daşımalarını müfəssəl şəkildə tənzimləyir. Daşıma qaydaları yük, sərnişin və baqaj daşımalarının hüquqi tənzimlənməsini daha da konkretləşdirən sənəddir. Bu sənəddə yük, sərnişin və baqaj daşıma müqavilələrinə anlayış verilir, həmin müqavilələri hüquqi cəhətdən rəsmiləşdirilən daşıma sənədləri müəyyən olunur. Daşıma qaydalarında həmçinin müqavilə tərəflərinin hüquq və vəzifələri, müqavilənin əsas elementləri (daşıma haqqı, daşıma müddəti, müqavilənin forması və digər elementlər) tənzimlənir, nəqliyyat hüququnun əsas məsələsi sayılan daşıyıcının məsuliyyəti nizama salınır.

Daşıma qaydaları yalnız hava nəqliyyatı sahəsində qəbul olunmuşdur. Nəqliyyatın digər sahələrinə gəldikdə isə, qeyd etmək lazımdır ki, həmin sahələrdə bu günə kimi bazar münasibətlərinə və yeni sosial-iqtisadi şəraitə uyğun olaraq daşıma qaydaları qəbul olunmamışdır. Təbii ki, belə şəraitdə Sovet dövründə qəbul olan daşıma qaydaları tətbiq edilir. Şübhəsiz, daşıma qaydalarının yalnız müasir bazar iqtisadiyyatı baxımından öz aktuallığını itirməyən normalarından istifadə edilməlidir. Onun köhnəlmiş və indiki reallığa cavab verməyən normaları isə, məlum məsələdir ki, tətbiq oluna bilməz. Hesab edirik ki, Sovet dövrünün daşıma qaydalarının bazası əsasında ölkəmizdə müasir münasibətlərə uyğun gələn yeni daşıma qaydaları qəbul olunmalıdır.

Daşımaların hüquqi tənzimetmə mənbəyi olan qanunlar və qanun qüvvəli aktların məcmusuna nəqliyyat qanunvericiliyi deyilir. Məhz nəqliyyat qanunvericiliyi daşıma müqaviləsinin əsas hüquqi nizamasalma mənbəyi sayılır.

Yuxarıdakı definisiya nəqliyyat qanunvericiliyinə məhdud mənada verilən anlayışdır. Nəqliyyat qanunvericiliyi həm də geniş mənada işlədilir. Geniş mənada nəqliyyat qanunvericiliyi dedikdə qanunlar, qanun qüvvəli aktlar və beynəlxalq nəqliyyat sazişləri başa düşülür. Söhbət Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq nəqliyyat sazişlərindən gedir ki, onların bəziləri nəqliyyat konvensiyaları da adlanır. «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu nəqliyyat qanunvericiliyi anlayışını həm məhdud, həm də geniş mənada işlədir. Deməli, beynəlxalq nəqliyyat sazişləri də daşıma müqaviləsinin hüquqi tənzimetmə mənbəyidir. Söhbət həm çoxtərəfli, həm də ikitərəfli sazişlərdən gedir.

Çoxtərəfli sazişlərdən «Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında» Konvensiya beynəlxalq avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsini tənzimləyir. Konvensiya 1956-cı ildə Cenevrədə imzalanmış, 1961-ci ildə qüvvəyə minmişdir. Beynəlxalq praktikada o, daha çox «CMR» kimi fransız abbreviaturası ilə tanınır. Azərbaycan Respublikası 2000-ci ildən Konvensiyanın üzvüdür. Konvensiyanın əsas məqsədi beynəlxalq avtomobil yük daşınması müqaviləsini tənzim etməkdən ibarətdir.

«Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma sahəsində Gömrük Konvensiyası» beynəlxalq avtomobil daşımalarını nizama salan beynəlxalq nəqliyyat sazişlərindən biridir. 1959-cu ildə Avropa ölkələri tərəfindən imzalanan Konvensiya 1975-ci ildə yeni redaksiyada qəbul olunmuşdur. Azərbaycan Respublikası 1996-cı ildən Konvensiyada iştirak edir.

Konvensiya beynəlxalq avtomobil yük daşımalarının «TİR kitabçası» (Beynəlxalq Yol Daşıma kitabçası) əsasında həyata keçirilməsini nəzərdə tutur. Əgər daşıyıcı həmin kitabçaya malik olarsa, onun daşıdığı yük avtomobil nəqliyyatı tranzit sərhədini keçən zaman gömrük yoxlanmasından (nəzarətindən) azad edilir, habelə yükə görə gömrük rüsumu ödənilmir. «TİR» kitabçası birdəfəlik vahid beynəlxalq təminat sənədi hesab edilir.

Azərbaycan Respublikası beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli beynəlxalq müqavilələrin də iştirakçısıdır. Ölkəmiz Türkiyə (1992), Qazaxıstan (1996), Rumıniya (1996), Moldova (1997), Rusiya Federasiyası (2001), Latviya (2001), İran (2002), Niderland Krallığı (2004) və digər dövlətlərlə beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli beynəlxalq sazişlər imzalamışdır.

Beynəlxalq hava daşımalarının hüquqi rejimi isə Varşava sistemi ilə müəyyən edilir. Varşava sistemi normativ xarakterli beynəlxalq-hüquqi akt kimi beynəlxalq hava daşıma müqaviləsini tənzimləyir. Həmin sistemə üç əsas sənəd daxildir:

Varşava Konvensiyası (12 oktyabr 1929-cu il);

Haaqa Protokolu (28 sentyabr 1955);

Qvadalaxara Konvensiyası (18 sentyabr 1961-ci il).

Bunlardan əlavə, Varşava sisteminə 1 nömrəli Əlavə Protokol, 2 nömrəli Əlavə Protokol, 3 nömrəli Əlavə Protokol, 4 nömrəli Monreal Protokolu və Qvatemala Protokolu (1971) da daxildir.

Varşava Konvensiyası beynəlxalq hava daşımalarına aid bəzi qaydaları unifikasiya edən sənəddir. Dünyanın 120-dən çox ölkəsi bu Konvensiyanın üzvüdür. 1999-cu ildən Azərbaycan Respublikası Konvensiyanın iştirakçısıdır.

Varşava Konvensiyası beynəlxalq hava daşımalarını tənzim edir; burada həm yük, həm də sərnişin daşıma şərtlərini müəyyənləşdirən normalar nəzərdə tutulmuşdur.

Haaqa Protokolu Varşava Konvensiyasına düzəlişlər edən sənəddir; bu sənəd Varşava Konvensiyasının tərkib hissəsi sayılır. Ona görə ki, Haaqa Protokolu hər hansı yeni norma müəyyənləşdirmir. 1999-cu ildən Azərbaycan Respublikası Haaqa Protokolunun iştirakçısıdır.

Qvadalaxara Konvensiyası Varşava Konvensiyasını tamamlayan aktdır. Belə ki, Varşava Konvensiyası hava çarter daşımalarını və hava gəmilərinin kirayəyə götürülməsi ilə bağlı münasibətləri tənzimləmir. Qvadalaxara Konvensiyası həmin münasibətlərə malik olunması barədə göstəriş ifadə edir. Azərbaycan Respublikası 1999-cu ildən Qvadalaxara Konvensiyasının iştirakçısıdır.

Beynəlxalq hava daşımaları həm də ikitərəfli beynəlxalq müqavilələrlə tənzimlənir. Azərbaycan Respublikası beynəlxalq hava daşımaları sahəsində İran (2002), Avstriya (2000), Misir (1997), Özbəkistan (1996), Birləşmiş Ərəb Əmirlikləri (2003), Fransa (1998), Türkiyə (2000) və digər ölkələrlə ikitərəfli sazişlər bağlamışdır.

Beynəlxalq dəmir yolu daşımaları əsasən iki nəqliyyat konvensiyası ilə tənzimlənir:

KOTİF;

BDYS.

KOTİF Avropa ölkələrində beynəlxalq dəmir yolu müqaviləsini tənzimləyən başlıca sənəddir; bu sənəd 1980-ci ildə qəbul olunmuş, 1985-ci ildə isə qüvvəyə minmişdir. KOTİF Bern konvensiyalarını əvəz edir. Bern konvensiyaları isə KOTİF qəbul olunana kimi Avropada beynəlxalq dəmir yolu daşımalarını tənzimləyən əsas normativ hüquqi akt olmuşdur. Azərbaycan Respublikası KOTİF-də iştirak etmir.

BDYS isə Rusiya Federasiyasında və MDB üzvü olan ölkələrdə dəmir yolu ilə beynəlxalq yük daşımalarını tənzim edir. Sazişdə 22 dövlət (Baltikyanı dövlətlər, Ermənistandan başqa MDB üzvü olan ölkələr, İran, Çin, Bolqarıstan, Vyetnam, Albaniya və s.) iştirak edir. Azərbaycan Respublikası da BDYS-in iştirakçısıdır.

Dəmir yolu ilə beynəlxalq daşımalar həm də ikitərəfli beynəlxalq müqavilələrin nizamasalma predmetinə daxildir. Azərbaycan Respublikası Ukrayna, Rusiya Federasiyası, Gürcüstan, Özbəkistan, Tacikistan, Litva və digər ölkələrlə dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli sazişlər imzalamışdır.

Beynəlxalq dəniz daşımalarının tənzimlənməsində üç əsas beynəlxalq sənəd vacib rol oynayır:

Haaqa qaydaları (1924);

Haaqa-Visbi qaydaları (1968);

Hamburq qaydaları (1978).

Haaqa qaydaları dedikdə «Konosamentə aid bəzi qaydaların unifikasiyası üçün» beynəlxalq Brüssel Konvensiyası başa düşülür; bu Konvensiya konosamentlə rəsmiləşdirilən dənizlə beynəlxalq yük daşınması müqaviləsini tənzimləyir, müqavilə iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir.

Haaqa-Visbi qaydaları dedikdə Haaqa qaydaları ilə ona dəyişiklik və əlavələr edən Brüssel Protokolunun (Visbu qaydalarının) məcmusu başa düşülür; Brüssel Protokolu 1968-ci ildə imzalanmış, 1978-ci ildən qüvvəyə minmişdir; bu sənəd daşıyıcının məsuliyyət həddini artırır, Haaqa qaydalarının tətbiq sferasını genişləndirir.

Hamburq qaydaları dedikdə «Dənizlə yük daşınması haqqında» BMT Konvensiyası başa düşülür. Ona Hamburq Konvensiyası da deyilir. Hamburq Konvensiyası Brüssel Konvensiyasından fərqli olaraq istənilən yük daşınması müqaviləsini tənzimləyir; Brüssel Konvensiyası isə bir az əvvəldə qeyd etdiyimiz kimi, yalnız konosament daşımalarını nizama salır. Hamburq Konvensiyası həm də daşıyıcının məsuliyyətini genişləndirir.

Azərbaycan Respublikası göstərilən sənədlərdən heç birini qəbul etməmişdir. Amma bu sənədlərdə nəzərdə tutulan bir sıra vacib müddəalar Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində öz normativ əksini tapmışdır.

Azərbaycan Respublikasının bəzi dövlətlərlə bağladığı ikitərəfli sazişlərin beynəlxalq dəniş daşımalarının tənzimlənməsində vacib əhəmiyyəti vardır. Ölkəmiz Türkiyə, Qazaxıstan, Rumıniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Gürcüstan və digər ölkələrlə ticarət gəmiçiliyi sahəsində ikitərəfli saziş bağlamışdır.

Hüquqi adətlər, xüsusən də, onun növlərindən biri sayılan ticarət adətləri daşıma müqaviləsinin hüquqi tənzimetmə mənbəyidir. Ticarət adətləri, əsasən, beynəlxalq ticarət və dəniz gəmiçiliyi (dəniz ticarəti) sahəsində tətbiq olunur. Onlar «ticarət gəmiçiliyi adətləri», «dəniz ticarət adətləri» və «beynəlxalq dəniz adətləri» kimi müxtəlif adlar altında nəzərdə tutulur. Məsələn, qanunvericilikdə göstərilir ki, Azərbaycan Respublikasının tanıdığı ticarət gəmiçiliyi adətləri dəniz ticarətindən (ticarət gəmiçiliyindən) yaranan münasibətlərə tətbiq edilə bilər.

Daşıma müqaviləsini tənzimləmək üçün ticarət adətləri dövlət tərəfindən sanksiyalaşdırılmalı və ümumməcburi hüquqi qüvvə ilə təmin olunmalıdır. Belə ki, qanunda ifadə olunan göstərişə görə arbitraj məhkəməsi mübahisəli məsələləri həll etmək üçün qərar qəbul edərkən ticarət adətlərini hüquq norması kimi tətbiq edə bilər. Qanunun bu göstərişi məhz ticarət adətlərinin dövlət tərəfindən sanksiyalaşdırılmasını ifadə edir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Ali Məhkəmə Plenumunun qərarları, Beynəlxalq Arbitraj Məhkəməsinin aktları, mülki hüquq elmi (sivilistika doktrinası), məhkəmə pressedenti və məhkəmə praktikası hüquq norması yaratmır və buna görə də mülki hüququn mənbəyi kimi tanına bilməz. Odur ki, onlar daşıma müqaviləsinin hüquqi tənzimetmə mənbəyi sayılmır.

Daşıma müqaviləsinin növləri. Daşıma müqaviləsi ümumiləşdirilmiş anlayışdır. Belə ki, o, özündə müxtəlif növləri birləşdirir; onlar daşıma müqaviləsinin növləri sayılır.

Mülki qanunvericilikdə və sivilistika doktrinasında daşıma müqaviləsi müxtəlif meyarlara görə təsnif olunur. Nəqliyyat vasitələrinin növündən, yəni daşımaların hansı növ nəqliyyatın köməyi ilə həyata keçirilməsindən asılı olaraq, onları ayrı-ayrı növlərə bölmə daşıma müqaviləsinin əsas hüquqi təsnifi hesab edilir. Bildiyimiz kimi, hər bir dövlətin, o cümlədən Azərbaycan Respublikasının nəqliyyat sistemi özündə beş nəqliyyat növünü birləşdirir: dəmir yolu, avtomobil, dəniz, hava və daxili su (çay) nəqliyyatı. Bundan asılı olaraq daşıma müqaviləsi də beş növə bölünür:

dəmir yolu ilə daşıma müqaviləsi;

avtomobillə daşıma müqaviləsi;

dəniz nəqliyyatı ilə daşıma müqaviləsi;

hava yolu ilə daşıma müqaviləsi;

daxili su (çay) yolu ilə daşıma müqaviləsi.

Belə bölgünün hüquqi əhəmiyyəti vardır. Məhz həmin bölgü müvafiq daşımaya nəqliyyat qanunvericiliyinin hansı sahəsinin tətbiq ediləcəyinin müəyyənləşdirilməsinə imkan verir. Məsələn, hava daşımalarına hava qanunvericiliyi, avtomobil daşımalarına avtomobil qanunvericiliyi və s. tətbiq olunur.

Daşımanın obyektinə görə daşıma müqaviləsi üç növə bölünür:

yük daşınması müqaviləsi;

sərnişin daşınması müqaviləsi;

baqaj daşınması müqaviləsi.

Bu bölgünün də hüquqi əhəmiyyəti vardır. Belə ki, həmin bölgü müvafiq daşıma növü üçün nəzərdə tutulan daşıma şərtlərini və bu şərtləri tənzimləyən hüquq normalarını müəyyənləşdirməyə imkan verir.

Ərazi əlamətinə görə daşıma müqaviləsinin iki növü fərqləndirilir:

daxili daşıma müqaviləsi;

beynəlxalq daşıma müqaviləsi.

Daxili daşıma müqaviləsi müəyyən bir ölkə ərazisində həyata keçirilən daşımanı rəsmiləşdirir. Məsələn, yük Bakı şəhərindən Qazax rayonuna daşınarsa, onda daxili yük daşınması müqaviləsi bağlanır.

Beynəlxalq daşıma müqaviləsi dedikdə iki və ya daha çox dövlət arasında həmin dövlətlərin bağladıqları beynəlxalq sazişlərdə nəzərdə tutulan şərtlər əsasında həyata keçirilən daşımanı rəsmiləşdirən müqavilə başa düşülür. Məsələn, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bağlanmış beynəlxalq sazişə uyğun olaraq yük avtomobillə Bakıdan Təbrizə daşınır və s. Əgər həmin dövlətlər arasında belə saziş olmazsa, onda iki müxtəlif daxili daşıma müqaviləsi bağlanmalıdır; bu müqavilələrdən biri Azərbaycan ərazisində, digəri isə İran ərazisində həyata keçirilən daxili daşımanı rəsmiləşdirəcəkdir.

Göstərilən bölgünün hüquqi əhəmiyyəti ondan ibarətdir ki, daxili daşıma müqaviləsi dövlətin daxili qanunvericiliyi ilə tənzimlənir; daşıma hansı dövlətin ərazisində həyata keçirilərsə, həmin dövlətin də qanunvericiliyi tətbiq olunmalıdır. Beynəlxalq daşıma müqaviləsi isə beynəlxalq nəqliyyat sazişləri (nəqliyyat konvensiyaları) ilə tənzimlənir və həmin sazişlərdə nəzərdə tutulan daşıma şərtləri əsasında bağlanır.

Daşımanı rəsmiləşdirən nəqliyyat (daşıma) sənədindən asılı olaraq daşıma müqaviləsinin bir neçə növü fərqləndirilir:

qaimə daşıma müqaviləsi;

çarter daşıma müqaviləsi;

konosament daşıma müqaviləsi.

Əgər daşıma qaimə ilə rəsmiləşdirilərsə, buna qaimə daşıma müqaviləsi deyilir; əgər daşıma çarter adlı sənədlə rəsmiləşdirilərsə, bu növ müqavilə çarter daşıma müqaviləsi adlanır; daşıma əgər konosament kimi sənədlə rəsmiləşdirilərsə, belə halda konosament daşıma müqaviləsi bağlanır.

Daşımanın vaxtaşırı həyata keçirilməsindən asılı olaraq onun iki növü fərqləndirilir:

xətt daşıma müqaviləsi;

tramp daşıma müqaviləsi.

Xətt daşıma müqaviləsi dedikdə müntəzəm daşıma müqaviləsi başa düşülür; bu müqavilə müntəzəm daşımaları rəsmiləşdirir.

Müntəzəm daşımalar isə hərəkət cədvəlinə uyğun olaraq vaxtaşırı (məsələn, gündə bir dəfə, iki gündə bir dəfə və s.), bu və ya digər sənəddə (məsələn, daşıma qaydalarında) əvvəlcədən nəzərdə tutulmuş şərtlərlə həyata keçirilir; belə daşımaların həyata keçirilməsi üçün tərəflərin razılaşması rol oynamır. Belə ki, müntəzəm daşımaları qabaqcadan təyin olunmuş cədvəl üzrə hərəkət edən nəqliyat vasitəsi (məsələn, dəniz gəmisi) həyata keçirir; nəqliyyat vasitəsi yük, sərnişin və baqajı təyinat yerinə müntəzəm surətdə, sistemli şəkildə müəyyənləşdirilmiş daşıma xətləri ilə, əvvəlcədən təyin olunmiuş hərəkət istiqaməti və marşrut üzrə çatdırır. Məsələn, dəniz gəmisi Xəzər dənizi ilə hər gün Bakıdan Lənkərana sərnişin daşıyır. Başqa bir misalda, yük qatarları hər gün Bakıdan Azərbaycanın ayrı-ayrı rayonlarına yük daşıyır və s.

Tramp daşıma müqaviləsi dedikdə isə qeyri-müntəzəm daşıma müqaviləsi başa düşülür; bu müqavilə müntəzəm surətdə həyata keçirilməyən, yəni qeyri-müntəzəm daşımaları rəsmiləşdirir. Qeyri-müntəzəm daşımaları isə qabaqcadan müəyyənləşdirilmiş cədvəl üzrə hərəkət etməyən nəqliyyat vasitəsi həyata keçirir; nəqliyyat vasitəsi yalnız daşımaya zərurət yarandıqda qeyri-müəyyən (dəyişən) istiqamətlərdə tək-tək reyslər edir. Qeyri-müntəzəm daşımalar tərəflərin razılığı əsasında həyata keçirilir.

Daşıma prosesində iştirak edən nəqliyyat vasitələrinin növündən asılı olaraq daşıma müqaviləsi üç növə bölünür:

yerli daşıma müqaviləsi;

birbaşa daşıma müqaviləsi;

birbaşa qarışıq daşıma müqaviləsi.

Yerli daşıma müqaviləsi yerli daşımanı rəsmiləşdirir; yerli daşıma isə hər hansı nəqliyyat növü üzrə bir nəqliyyat təşkilatı tərəfindən həyata keçirilir; bu növ daşımada bir nəqliyyat təşkilatı iştirak edir, yəni yerli daşıma ancaq bir nəqliyyat təşkilatı çərçivəsində həyata keçirilir. Məsələn, yük dəmir yolu vasitəsilə Bakıdan Kürdəmirə daşınır və s.

Birbaşa daşıma müqaviləsi birbaşa daşımanı rəsmiləşdirir; birbaşa daşıma isə eyni bir daşıma sənədi (məsələn, qaimə və ya çarter və yaxud konosament) əsasında hər hansı nəqliyyat növünün iki və daha artıq nəqliyyat təşkilatı tərəfindən həyata keçirilir; bu zaman daşıma prosesində müəyyən nəqliyyat növünün bir neçə nəqliyyat təşkilatı iştirak edir. Məsələn, Bakı dəmir yolunun köməyi ilə yük Bakıdan Gəncəyə, Gəncədən isə Gəncə dəmir yolunun vasitəsilə Qazaxa çatdırılır. Bu misalda dəmir yol nəqliyyatının iki təşkilatı (Bakı dəmir yolu, Gəncə dəmir yolu) iştirak edir. Özü də daşıma yalnız bir daşıma sənədi (qaimə) əsasında həyata keçirilir.

Birbaşa qarışıq daşıma müqaviləsi isə birbaşa qarışıq daşımanı (ona kombinə edilmiş daşıma da deyilir) rəsmiləşdirir; birbaşa qarışıq daşımalar isə eyni bir daşıma sənədi əsasında müxtəlif nəqliyyat növlərinin ayrı-ayrı nəqliyyat təşkilatları tərəfindən həyata keçirilir. Məsələn, yük avtomobil nəqliyyatının vasitəsilə Daşkəsəndən Gəncəyə, dəmir yolu nəqliyyatının köməyi ilə Gəncədən Bakıya, dəniz nəqliyyatının vasitəsilə Bakıdan Xəzər dənizi ilə Türkmənistana daşınır; bu zaman daşımada üç nəqliyyat növünün (avtomobil, dəmir yolu və dəniz nəqliyyatlarının) üç nəqliyyat təşkilatı (avtomobil nəqliyyat təşkilatı, dəmir yol nəqliyyat təşkilatı, dəniz nəqliyyat təşkilatı) iştirak edir; daşıma prosesi üç daşıma sənədi əsasında deyil, vahid daşıma sənədi əsasında həyata keçirilir.

Əgər yükün xarici ölkəyə çatdırılması və beynəlxalq daşınmanın həyata keçirilməsi zamanı bir neçə nəqliyyat növü iştirak edərsə, buna intermodal daşıma deyilir; əgər beynəlxalq daşıma yalnız bir nəqliyyat növünün köməyi ilə həyata keçirilərsə, belə daşıma unimodal daşıma adlanır.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. Авчинкин Д.В. Международные перевозки. Минск, 1999.

2. Allahverdiyev S.S. Azərbaycan Respublikasının beynəlxalq mülki (xüsusi) hüquq kursu. Dərslik. Bakı, 2007.

3. Брагинский М.И.; Витрянский В.В. Договорное право. Книга 4. М., 2004.

4. Витрянский В.В. Договор перевозки. М., 2001.

5. Гафаров З.М., Алиев Э.А. Применение современного международного транспортного права в Азербайджанской Республике. М., 2002.

6. Гречуха В.Н. Транспортное право. Учебное пособие. М., 2002.

7. Егиазаров В.А. Транспортное право. Учебное пособие. М., 2007.

8. Əliyev E.Ə. Azərbaycan Respublikasının nəqliyyat hüququ. Dərs vəsaiti. Bakı, 2005.

9. Əliyev E.Ə. Beynəlxalq daşımaların hüquqi tənzimlənməsi. Dərs vəsaiti. Bakı, 2008.

10. Əliyev E.Ə. Qloballaşma dövründə beynəlxalq nəqliyyat daşımaları: hüquqi aspektlər. Bakı, 2006.

11. Иоффе О.С. Советское гражданское право. Курс лекций. Часть 2. Л., 1961.

12. Л. Жюллио де ла Морандьер. Гражданское право Франции. М., 1961, Том 3, с. 219.

13. Sabir Allahverdiyev. Nəqliyyat müqavilələri. I hissə. Bakı, 2005.

14. Сиваков О.В., Ермолаев В.Г., Маковский Ю.Б. Транспортное право. М., 2001.

15. Экономика и организация внешнеторговых перевозок. Учебник / Под ред. К.В.Холопова. М., 2000.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.