05.22.2017 19:35
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Abbasbəyli A.N. BEYNƏLXALQ SİYASİ MÜNAQİŞƏNİN NİZAMA SALINMASINDA «ÜÇÜNCÜ TƏRƏF»İN ROLU

Abbasbəyli A.N., professor,

tarix elmləri doktoru,

BDU «Beynəlxalq münasibətlər»

kafedrasının müdiri.

«Üçüncü tərəf» termini geniş və ümumi olub, «vasitəçi», «danışıqlar prosesinin müşahidəçisi», «arbitr» kimi mənalarda işlədilir. Üçüncü tərəf qismində vasitəçi, yaxud müşahidəçi statusu daşımayan, lakin tərəflər arasında münaqişəli vəziyyətlərin nizama salınması məsələləri ilə məşğul olan istənilən şəxs çıxış edə bilər. Vurğulamaq vacibdir ki, üçüncü tərəf münaqişəyə iştirakçılardan birinə yardım göstərmək məqsədilə deyil, məhz onun dinc yolla nizama salınması məqsədilə müdaxilə edir. Birinci halda müdaxilənin xarakterindən asılı olaraq üçüncü tərəf münaqişənin birbaşa, yaxud dolayı iştirakçısına çevrilir. Üçüncü tərəfin danışıqlar yoluna istiqamətlənməsi nəzərdə tutulduqda, adətən, vasitəçilik, xeyirxah xidmətlərin göstərilməsi, arbitraj fərqləndirilir.

Vasitəçilik dedikdə, bir qayda olaraq, qarşılıqlı surətdə məqbul qərarın axtarışı prosesinin asanlaşdırılması və optimallaşdırılması məqsədilə üçüncü tərəfin iştirakı başa düşülür.

Özünün məzmun etibarilə xeyirxah xidmətlər göstərmə anlayışı vasitəçiliyə yaxındır. Onlar özünün son məqsədinə – münaqişənin dinc yolla nizama salınmasına görə üst-üstə düşür, lakin ən yaxın vəzifələrinə, yəni bu istiqamətdə nəyin və necə edilməsinə görə fərqlənir. Xeyirxah xidmətlər münaqişə tərəflərini münaqişəni dinc vasitələrlə həll etməyə sövq etməyə və onlara belə həll üçün şərait təqdim etməyə yönəlmişdir. Bu halda üçüncü tərəf, məsələn, yalnız beynəlxalq siyasi münaqişənin iştirakçıları arasında görüşlərin keçirilməsi üçün öz ərazisini verməklə, yaxud «poçtalyon» rolunda çıxış edərək, bir münaqişə iştirakçısının məlumatlarını digərinə çatdırmaqla kifayətlənə bilər. Vasitəçilik isə, bir qayda olaraq, üçüncü tərəfin münaqişənin nizama salınmasında daha geniş iştirakını nəzərdə tutur. Onun vəzifəsi yalnız danışıqların təşkil edilməsi deyil, həm də onlarda iştirak edərək, qarşılıqlı surətdə məqbul həll düsturunu tapmağa kömək göstərməkdir. Buna görə də bəzən vasitəçiliyi və xeyirxah xidmətlər göstərilməsini üçüncü tərəfin münaqişənin nizama salınması prosesində oynadığı fəal (vasitəçilik), yaxud qeyri-fəal (xeyirxah xidmətlər göstərmə) rola görə fərqləndirmək təklif olunur.

Arbitrajın xarakterik əlamətləri (şərtləri) aşağıdakılardan ibarətdir:

1) onun qərarlarının mübahisə tərəfləri üçün məcburi hüquqi qüvvəsi (münaqişə iştirakçıları arbitrajın qərarı ilə razı olmasalar belə, ona riayət etməyə borcludurlar);

2) arbitri (arbitrləri) mübahisə tərəflərinin özlərinin seçməsi.

Sonuncu şərt həm vasitəçilik, həm də arbitraj üçün ümumidir. Vasitəçilik zamanı qarşıduran tərəflər münaqişənin nizama salınması barədə müstəqil surətdə qərar qəbul edirlər. Adətən, vasitəçi qarşılıqlı məqbul qərarın tapılmasında onlara kömək göstərir.

Üçüncü tərəfin münaqişə iştirakçılarına təsir vasitələrinin məcmusunda məhdudiyyətlər və məcburetmələr, məsələn, münaqişənin davam etdirilməsi halında iqtisadi yardım göstərməkdən imtina, iştirakçılara qarşı sanksiyaların tətbiqi, qarşıduran tərəfləri ayırmaq üçün sülhyaratma qüvvələrinin yeridilməsi, hərbi əməliyyatların həyata keçirilməsi istisna olunmur.

Bütün bu vasitələrdən silahlı münaqişə hallarında onun iştirakçılarını zorakılığa son qoymağa sövq etmək məqsədilə intensiv surətdə istifadə olunur. Lakin onlara çox vaxt tərəfləri dinc həll yolu tapmağa məcbur etmək üçün vasitəçiliklə eyni vaxtda müraciət olunur.

Məcburedici və məhdudlaşdırıcı tədbirlər bəzən razılaşma əldə edildikdən sonra da tətbiq olunur ki, sazişin yerinə yetirilməsi təmin olunsun.

Danışıqlar sadəcə münaqişənin başa çatdırılması, nizama salınması, həlli üsulu olmayıb, həm də münaqişədə iştirak üsulu, onun inkişaf formalarından biridir. Danışıqlara hazırlıq və bu prosesin gedişindəki labüd əməkdaşlıq daxil olmaqla, danışıqlar prosesinin özü həm münaqişənin mərhələlərindən biri kimi, həm də onun iştirakçılarının qarşıdurmasının idarə olunması üsulu kimi başa düşülə bilər.

İndiyə qədər «danışıqlar» anlayışının məzmununun dəqiq və aydın tərifi yoxdur. Bəzi alimlərin fikrincə, danışıqlar, ilk növbədə, ümumi mənafelər güdən əməkdaşlığı nəzərdə tutan tədbirdir. Danışıqlar zamanı təzahür edən rəqabət əslində əməkdaşlığın qələbəsini ifadə edir.

Digər alimlər onu əsas götürürlər ki, danışıqlar fərqli mənafelərin toqquşması zamanı reallaşdırılan strategiyadır, lakin bununla yanaşı, iştirakçı tərəflərin qarşılıqlı asılılığının bütün iştirakçılar üçün əlverişli razılaşmaya gəlməyə imkan verən müəyyən dərəcəsi mövcuddur. Şübhəsiz, tərəflər bir-biri ilə razılaşmayacaqdır, lakin onlar razılaşmaya gəlmək istərdi, çünki nə ləngimə, nə də öz mənafeləri uğrunda mübarizə onlara fayda gətirmir.

Danışıqların iştirakçılarının qüvvələr nisbətindən, onlardan hər birinin mənafelərinin məzmunundan və əhəmiyyətindən, danışıqçıların şəxsi üslubundan, danışıqların formasından, mərhələsindən və aparılma üsulundan asılı olaraq, qarşıdurma və əməkdaşlıq arasında balans gah bir, gah da digər tərəfə doğru dəyişir. Əlbəttə, danışıqlarda istər münaqişə iştirakçılarının qüvvələr nisbəti, istərsə də onların digər qarşıdurma formalarına qabil və hazır olması fövqəladə əhəmiyyətə malikdir, lakin başlıcası ondan ibarətdir ki, siyasi münaqişə danışıqlar mərhələsində, yaxud formasında əməkdaşlıq elementlərini ehtiva edir, deməli, daha idarəedilən olur.

Hamı, yəni ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, hakimiyyət orqanları ayrı-ayrı vətəndaşlar, vasitəçilər və bilavasitə maraqlı tərəflər münaqişələrdə iştirak edə, eləcə də danışıqlar apara bilərlər. Lakin təcrübə göstərir ki, bu fəaliyyət sahəsində ixtisaslaşmış, müvafiq hazırlıq keçmiş və zəruri ixtisasa malik şəxslər danışıqları daha uğurla aparırlar. Belə danışıqçının klassik nümunəsi başqası ilə dialoqda öz dövlətinin mənafelərini təmsil edən diplomatdır.

1990-cı illərin əvvəllərində soyuq müharibənin başa çatması həm də köhnə dünya qaydasının sonunu ifadə etdi. Bu, ikiqütblü dünya idi, beynəlxalq səhnədə əsas güc mərkəzlərini ABŞ və keçmiş SSRİ təşkil edirdi.

Müxtəlif ölkələrin alim və siyasətçiləri indiyə qədər bu qarşıdurmanın və onunla bağlı münaqişələrin başa çatmasının nəticələrini və əhəmiyyətini müzakirə edirlər. Bəzilərinin fikrincə, soyuq müharibədə ümumiyyətlə qalib olmamışdır və ola da bilməzdi, bütün iştirakçılar uduzmuşdur. Digərlərinin fikrincə, Qərbin soyuq müharibədə qələbəsi aşkardır və sübuta yetirilmişdir. Üçüncülərin fikrincə, SSRİ və ABŞ başda olmaqla iki dünya sisteminin ideoloji və hərbi qarşıdurmasının başa çatması soyuq müharibənin özü üzərində qələbəni ifadə etdi.

Lakin hələ ikiqütblü dünyanı hansı dünyanın əvəz etməsi və yeni dünyada hakimiyyət uğrunda mübarizədə dünya siyasətində hansı münaqişələrin yarana bilməsi suallarının qəti cavabı yoxdur.

Birinci sualın müzakirəsi müasir dünya elmi üçün xarakterik olan iki konsepsiyanı irəli sürməyə və əsaslandırmağa imkan vermişdir. Birinci konsepsiyaya görə, müasir dünya birqütblüdür. Faktiki olaraq mövcud olan bir qütb ABŞ başda olmaqla demokratik sənaye dövlərlərindən ibarətdir. İlk növbədə ABŞ-da yayılmış olan bu konsepsiyanın tərəfdarları arasında yalnız nəzəriyyəçi alimlər deyil, həm də ABŞ-ın siyasi xəttini işləyib hazırlayan və həyata keçirən əməli siyasətçilər vardır. Bir qayda olaraq, onlar etiraf edirlər ki, birtərəfli liderlik onun itirilməsinə gətirib çıxara bilərdi, buna görə də onlar vurğulayırlar ki, ABŞ-ın tək qütb çərçivəsində liderliyi bir dövlətin ona tabe xalqlar üzərində hökmranlığı deyil, bərabərlər və dostlar arasında birincilik xarakteri daşıyır. Bu nəticə ikinci sualın da cavabını təyin edir: təkqütblü dünyada münaqişələr tək qütblə qarşıdurma ilə bağlı olacaqdır. Çin, Rusiya, Hindistan, yaxud hər hansı başqa ölkə tək qütbə qoşulmadıqda onlara qarşı dura biləcək güclü və nüfuzlu dövlətin meydana çıxmasının qarşısını almaq ABŞ-ın və onun müttəfiqlərinin mənafelərinə uyğundur. Beləliklə, təkqütblülük konsepsiyası Pax Americana, yəni ABŞ-ın dünyada üstünlüyü ideyasını ehtiva edir. Bu zaman ABŞ-ın aparıcı rolu icra etməsi tabeçilikdə olanlarla münaqişəni şərtləndirir. Bu, özünün mahiyyəti etibarilə qlobal münaqişə olaraq, dünya meydanında hakimiyyət münasibətlərinin bütün sisteminə toxunmuş olardı.

Təəccüblənməyə dəyməz ki, Rusiyada, Avropada, Çində, Yaponiyada, müsəlman ölkələrində və bir çox başqa dövlətlərdə olduğu kimi, belə ideyalar özünə qızğın tərəfdarlar tapmır. Burada yayılan başqa bir konsepsiyaya görə, dünya bir neçə güc mərkəzinin və qütbün qarşılıql fəaliyyəti əsasında inkişaf etməlidir. Bu dünyanın müxtəlif modelləri Qərbi Avropa ölkələrinin müstəqilliyi, Çinin, habelə Asiya-Sakit okean regionunun digər ölkələrinin iqtisadi potensialının və beynəlxalq siyasi nüfuzunun artması kimi amilləri nəzərə alır. Lakin bu modellərin heç biri onun iştirakçıları arasında münaqişələri istisna etmir.

ABŞ-nın özündə verilən proqnozlar dünya səhnəsində dövlətlər arasında, sivilizasiyalar arasında hakimiyyət uğrunda mübarizənin saxlanmasını, yaxud hərbi münaqişələrin iqtisadiyyat səviyyəsinə keçirilməsini nəzərdə tutur. Lakin bu ssenarilərin heç birində dünya siyasətinin gələcəyi münaqişəsiz harmoniya səltənəti kimi təsvir olunmur. Nə Çin, nə də Rusiya qütblər, sivilizasiyalar, yaxud dövlətlər arasında ehtimali qarşıdurma sahəsindən kənar edilmir.

1990-cı illərin ikinci yarısında dünyada münaşiqələrin, habelə münaqişə regionlarının sayının azalmağa başlamasına baxmayaraq, müasir münaqişələr onların ifrat qloballaşması, ekoloji fəlakətlər nəticəsində bəşəriyyət üçün ciddi təhlükə doğurur. Soyuq müharibə illərində Şərq və Qərbin qlobal qarşıdurması müəyyən dərəcədə daha aşağı səviyyəli münaşiqələrə səbəb olurdu. Fövqəldövlətlər çox vaxt özlərinin hərbi-siyasi rəqabətində onlardan istifadə edərək, eyni zamanda, həmin münaqişələri nəzarət altında saxlamağa çalışırdılar, ən təhlükəli hallarda isə ikiqütblü dünyanın liderləri birbaşa toqquşmadan qaçmaq üçün gərginliyin aşağı salınması üzrə hərəkətlərini əlaqələndirirdilər.

Bu gün mövcud olan bir sıra əlamətlər müasir dünyada dövlətlərin rolunun azaldığını və beynəlxalq təşkilatların və beynəlxalq millətlərin qeyri-dövlət iştirakçılarının rolunun artdığını göstərir. Buna görə də «klassik» dövlətlərarası münaqişələr, demək olar ki, dünya səhnəsindən itmişdir. İsveçli tədqiqatçıların fikrincə, 1989-1994-cü illərdə dünyada mövcud olmuş 94 münaqişədən yalnız dördünü dövlətlərarası münaqişə hesab etmək olar. Bir sıra müasir münaqişələrdə tərəflərin biri onun dövlətlərarası xarakter daşımasında təkid edir. Klassik dövlətlərarası münaqişələrin yerini eyniləşdirmə münaqişələri tutur. Çox vaxt onlar dövlət əsası üzərində deyil, başqa, əsasən, milli, dini başlanğıclar üzərində cərəyan edir.

Lakin müasir dünyada hansı dəyişikliklərin baş verməsindən asılı olmayaraq, beynəlxalq münaqişələrin tezliklə beynəlxalq münasibətlər təcrübəsindən yoxa çıxacağını düşünməyə əsas yoxdur.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. Abbasbəyli A.N. Müasir dünyanın siyasi mənzərəsi. Bakı, 2008.

2. Abbasbəyli A.N. Beynəlxalq münasibətlər: nəzəri və konseptual yanaşmalar. Bakı, 2006.

3. Аклаев А. Этнополитическая конфликтология. Анализ и менеджмент. М., 2005.

4. Лебедева М.М. Политическое урегулирование конфликтов. М., 1997.

5. Фельдман Д.М. Конфликты в мировой политике. М., 1997.

6. Shikman S. Theory of political conflicts. NY, 1989.

7. Holsti K. Peace and the War Armed Conflict and International Order. NY, 1991.

8. James P. Crisis and War. Montreat. NY, 1988.

9. Pruitt D., Rubin J. Social conflict: escalation, stalement, settlement. NY, 1994.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.