06.28.2017 18:06
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

XƏZƏR DƏNİZİDNDƏ EKOLOJİ TƏHLÜKƏSİZLİYİN TƏMİN OLUNMASI ÜZRƏ XƏZƏRYANI DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIĞI VƏ AZƏRBAYCAN RESPUBLİKASININ FƏALİYYƏTİ

MƏHƏRRƏMOV A.A.,

hüquq elmləri namizədi.

Azərbaycan Respublikasında ekoloji təhlükəsizliklə bağlı əsas məsələlərin təhlili zamanı Xəzər dənizində ekoloji təhlükəsizliyin təmin olunması problemi xüsusi maraq doğurur. Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi özündə həm relikt flora və faunanın xüsusiyyətlərini, həm də vətəgə əhəmiyyətli bioloji ehtiyatları və mühüm karbohidrogen xammal yataqlarını birləşdirir. Məhz bu baxımdan dənizin biokimyəvi balansının qorunub saxlanması hazırda ekoloqları düşündürən əsas problemlərdən biridir (6, 87).

Lakin problemin təhlili, ilk növbədə, dəniz mühitinin mühafizəsi ilə bağlı beynəlxalq hüquq normaları baxımından tədqiq olunmalıdır. Problemin qlobal xarakteri də zəruri edir. Belə ki, O.N.Kolbasovun qeyd etdiyi kimi, dəniz mühitinin mühafizəsi bütövlükdə Dünya okeanının mühafizəsində «açar» rolunu oynayır (7, 168). Eyni zamanda dəniz ətraf mühitinin mühafizəsi artıq bir sıra müəlliflər tərəfindən beynəlxalq hüququn müstəqil prinsipi kimi göstərilir. Məsələn, T.M.Starjina-Bisti hətta dəniz mühitinin mühafizəsi sahəsində dövlətlərin riayət etməli konkret beynəlxalq qaydaların olduğunu göstərir: dövlətlərin öz yurisdiksiyası hüdudlarında fəaliyyəti zamanı digər dövlətlərin dəniz mühitinə zərər vurmaması öhdəliyi (14, 116); açıq dənizdə fəaliyyət zamanı çirkləndirmənin yolverilməzliyi; dövlətlər tərəfindən beynəlxalq standartların gözlənilməsi öhdəliyi; çirklənmə təhlükəsi yarandıqda dövlətlərin məsləhətləşmələr aparmaq öhdəliyi (13, 86).

Bəzi müəlliflər isə dəniz mühitinin mühafizəsini və ya dənizin çirklənmədən mühafizəsini dəniz gəmilərinin xilas edilməsinin formalarından biri kimi göstərilir. Belə ki, V.F.Sidorçenko və V.İ.Yeqorkin göstərirlər ki, Xilasetməyə dair 1989-cu il Beynəlxalq Konvensiyası bu istiqamətdə dövlətlər arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən sənəd kimi çıxış edir (12, 173-180). Dəniz ətraf mühitinin mühafizəsi istiqamətdə ilk cəhd olaraq 1926-cı ilin iyununda ABŞ Hökumətinin dəvəti ilə dünyanın 13 iri dəniz dövlətinin ekspertlərinin Vaşinqtonda dənizin gəmilərdən neftlə çirklənməsi məsələsinin müzakirəsi məqsədilə görüşü keçirildi (23, 777; 24, 81-83; 27, 285-286). Konfransda ABŞ tərəfi o dövr üçün qeyri-real mövqedən çıxış etdi: dəniz gəmilərin neft tullantılarının axıdılmasının tamamilə dayandırılması (16, 76). Konfransın əksər iştirakçıları bu təklifə hazır olmadıqlarından neftlə çirkləndirməni nəzarətdə saxlayacaq sahil zonaların sisteminin yaradılması qərara alındı (27, 286).

Müvafiq sahədə növbəti addım 1934-cü ildə Böyük Britaniyanın Millətlər Cəmiyyətinə (MC) müraciət etməsi ilə atıldı və MC tərəfindən Konvensiya layihəsinin hazırlanması ilə nəticələndi (25, 169-171). 1936-cı ildə MC Şurası müvafiq layihənin müzakirəsi məqsədilə konfransın çağırılmasını qərara aldı. Lakin II Dünya Müharibəsi ərəfəsində mövcud siyasi vəziyyət konfransın çağırılması mümkün olmadı. II Dünya Müharibəsindən sonra məsələnin aktuallığı yenidən gündəmə gətirildi. Müvafiq məsələ 1949-1951-ci illərdə BMT tərəfindən ətraflı olaraq araşdırıldı (23, 777-779). Lakin yenə də təşəbbüs Böyük Britaniya tərəfindən göstərildi və 1954-cü ildə Londonda neftlə çirkləndirmənin qarşısının alınması üzrə beynəlxalq konfrans çağırıldı (17, 431-432). Konfransın nəticə olaraq dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınması istiqamətində ilk sənəd olan Dənizin neftlə çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiya qəbul olundu (16, 79-88). Daha sonra 1958-ci ildə qəbul olunmuş 4 Cenevrə Konvensiyası da səthi şəkildə dəniz mühitinin neftlə və radioaktiv maddələrlə çirklənməsini qadağan edən müddəalar nəzərdə tuturdu. II Dünya Müharibəsindən sonrakı dövrdə dəniz ətraf mühitinin mühafizəsi istiqamətində qəbul edilən sənədlərdə əsasən dənizin neftlə və radioaktiv tullantılarla çirklənməsini nəzərdə tutulmasının əsas səbəbi həmin dövrdə neftin və radioaktiv tullantıların dənizin çirkləndirilməsinin əsas mənbələrini kimi göstərilməsi ilə yanaşı, onların praktiki olaraq yeganə çirkləndirmə mənbələri hesab olunması ilə bağlı idi (15, 46).

Dəniz mühitinin mühafizəsi sahəsində bu məsələyə həsr edilmiş MARPOL 1973/78 sənədlər sistemi də qeyd edilməlidir (18, 410-411). Belə ki, 1973-cü ildə qəbul edilmiş Gəmilərdən çirklənmənin qarşısının haqqında Beynəlxalq Konvensiya faktiki olaraq Dənizin neftlə çirkləndirilməsinin qarşısının alınması haqqında 1954-cü il London Konvensiyasını əvəz etmiş oldu. Konvensiya 1978-ci il Protokolu ilə birlikdə 1983-cü ildə qüvvəyə mindi (9, 200).

Lakin qeyd etmək lazımdır ki, beynəlxalq səviyyədə keçirilən konfranslar arasında dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı məsələ ətraflı olaraq yalnız BMT-nin Dəniz hüququ üzrə III Konfransında irəli sürülmüşdür (15, 28-29). Belə ki, 1971-ci ildə Dəniz dibi üzrə Komitə qarşıda duran məqsədlərin həlli məqsədilə üç yarımkomitə təşkil etməyi qərara aldı ki, bunların da sonuncusu dəniz mühitinin saxlanması (xüsusilə çirklənmədən qorunması da daxil olmaqla) üzrə əsas fəaliyyəti həyata keçirməli idi (31). III Komitədə müzakirəyə üç mühüm məsələ çıxarılmışdı: dəniz mühitinin saxlanılması, elmi tədqiqatlar və mövcud texnologiyaların inkişafı və mübadiləsi (26, 1-32). Komitənin fəaliyyətinin nəticəsi kimi (5, 133) BMT-nin 1982-ci il Dəniz hüququ üzrə Konvensiyasının 12-ci fəsli bütövlükdə dəniz mühitinin saxlanılması və mühafizəsinə həsr olundu (maddə 192-237). Konvensiyanın qüvvəyə minməməsinə baxmayaraq XII fəslin müddəalarının əksəriyyəti beynəlxalq hüquqşünaslar tərəfindən lex lata qismində nəzərdən keçirilir (3, 59-85). Konvensiyanın 192-ci maddəsinin birbaşa göstərişinə əsasən dövlətlər dəniz mühitini mühafizə etməli və saxlamalıdırlar. 194-cü maddənin 2-ci bəndinə görə dövlətlər onların yurisdiksiyası və nəzarəti altında həyata keçirilən fəaliyyətin digər dövlətlərə və onların dəniz mühitinə zərər vurmaması istiqamətində bütün zəruri tədbirlər görməlidirlər (20, 75). Həmin maddənin 3-cü bəndində dəniz mühitinin mühafizəsi üzrə dövlətlər tərəfindən görülməli olan zəruri tədbirlər nəzərdə tutulur. Məsələn, atmosferdə, dövlət ərazisində yerləşən mənbələrdən, gəmilərdən, dəniz dibinin və onun təkinin təbii ehtiyatlarının kəşfiyyatı və çıxarılması üçün istifadə edilən qurğulardan zərərli maddələrin dənizə atılmasına mümkün qədər yol verilməməsi, dənizdə aparılan bütün işlərin təhlükəsizliyinin təmini, qəzaların qarşısının alınması və fövqəladə şəraitin aradan qaldırılması və s. Bunlardan əlavə, Konvensiyanın 197-ci maddəsində dəniz mühitinin mühafizəsi ilə əlaqədar beynəlxalq və regional əməkdaşlıq məsələləri, 235-ci maddəsində isə dəniz mühitinin saxlanılması üzrə dövlətlərin öz beynəlxalq öhdəliklərini yerinə yetirməməyə görə məsuliyyəti təsbit olunmuşdur (15, 58-63).

Xəzər dənizinin dəniz ətraf mühitinin beynəlxalq-hüquqi mühafizəsi üzrə əməkdaşlıq məsələsinə gəldikdə, burada Xəzəryanı dövlətlərin mənafelərinin üst-üstə düşməməsi problemin həllini ləngidən əsas səbəblərdən biridir. Belə ki, beş Xəzəryanı dövlətin Xəzərin statusu ilə bağlı fikir müxtəlifliyi beş əsas blokda birləşdirilir: ekologiya, bioresurslar, gəmiçilik, sahilyanı dövlətlərin əməkdaşlıq mexanizminin yaradılması və Xəzərin mineral ehtiyatlarından istifadə (4). Eyni zamanda Xəzəryanı dövlətlərin Xəzərin ehtiyatlarından istifadə ilə bağlı ayrı-ayrılıqda öz aralarında əldə etdikləri müəyyən nəticələr bu istiqamətdə mühüm rol oynaya bilər (8). Lakin Xəzərin, xüsusilə də onun neft resurslarının Xəzəryanı dövlətlər arasında necə bölüşdürülməsindən asılı olmayaraq Xəzər bütövlükdə regionun ümumi ekoloji obyekti kimi çıxış edəcəkdir. Belə ki, Xəzər qapalı ekosistem olduğundan onun hər hansı bir hissəsində baş verə biləcək ekoloji fəlakət, şübhəsiz ki, hər bir Xəzəryanı dövlətin şəxsi planında və onun inkişaf perspektivlərində əks olunacaqdır. Bu baxımdan Xəzərdə ümumi ekoloji vəziyyətinin saxlanması yalnız Xəzəryanı dövlətlərin birgə nəzarətinin həyata keçirilməsi ilə mümkün ola bilər. Belə nəzarət Xəzəryanı dövlətlər tərəfindən yaradılacaq və müvafiq zəruri səlahiyyətlərlə (məsələn, neft layihələrinin ilkin ekoloji ekspertizasını həyata keçirmək hüququ, ekoloji təhlükə olduqda müvafiq layihələrin realizəsini dayandırmaq hüququ, ekoloji xarakterli birgə proqramların işlənib hazırlanması və həyata keçirilməsi və s.) təmin olunacaq dövlətlərarası ekoloji orqan vasitəsilə həyata keçirilə bilər (10, 16).

Xəzərin ekosisteminin mühafizəsi və ekoloji təhlükəsizliyin təmini üzrə Xəzəryanı dövlətlərin əməkdaşlığının inkişafı hazırda daha çox Xəzərin təbii ehtiyatlarının mənimsənilməsi ilə əlaqədar kompleks problemlərə dair birgə fəaliyyətlə bağlıdır. Bununla əlaqədar olaraq neft yataqlarının istismarı məsələləri getdikcə daha tez-tez xatırlanır. Lakin son dövrlərdə Xəzərin, xüsusilə də nərə balıqlarının əsas yayılma arealı hesab olunan Xəzərin şimal hissəsinin ekoloji problemlərinin həllinə xüsusilə diqqət yetirilir. Əksər rus alimlərinin qeyd etdiyi kimi, dənizin ekoloji təhlükəsizliyinin təmini vəzifəsi beynəlxalq səviyyədə ilk dəfə Xəzər üzərində Rusiyanın nəzarətinin saxlanılması ilə bağlı olaraq rus diplomatları tərəfindən irəli sürülmüşdür (4). Lakin tezliklə bu problem diplomatik çərçivədən çıxaraq siyasi gündəliyin ən mühüm problemlərindən birinə çevrilmişdir.

Xəzər dənizinin yuxarıda sadalanan problemlərin qarşısının alınması məqsədilə 4 Xəzəryanı dövlət (AR, Qazaxıstan Respublikası, İran İslam Respublikası və RF) Xəzər dənizinin dəniz ətraf mühitinin vəziyyətinin insan fəaliyyəti nəticəsində, həm dənizdə, həm də quruda yerləşən mənbələrdən zərərli təhlükəli maddələrin, tullantıların və digər çirkləndiricilərin axıdılması, atılması və yerləşdirilməsi nəticəsində pisləşməsini, Xəzər dənizinin bioloji ehtiyatlarının indiki və gələcək nəsillər üçün qorunması zərurətini, eləcə də Xəzər dənizinin səviyyəsinin dəyişməsi probleminin dəniz ətraf mühiti və onun səciyyəvi hidroqrafik və ekoloji xüsusiyyətləri üçün təhlükə törətməsini nəzərə alaraq, 4 noyabr 2003-cü ildə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Tehran Çərçivə Konvensiyasını qəbul etmişlər. Konvensiya AR-in 4 aprel 2006-cı il tarixli müvafiq Qanunu ilə təsdiq edilmişdir. Konvensiyanın başlıca məqsədi bioloji resursların mühafizəsi, saxlanılması, bərpası və rasional istifadəsi də daxil olmaqla, Xəzər dənizinin ətraf mühitinin mühafizəsidir. Onun tətbiqi dairəsi isə Xəzər dənizinin səviyyəsinin dəyişməsi və quruda yerləşən mənbələrdən çirklənmə nəzərə alınmaqla, onun dəniz ətraf mühitini əhatə edir.

Konvensiyanın məqsədlərinə nail olmaq və onun müddəalarını yerinə yetirmək məqsədilə Razılığa gələn Tərəflər öz fəaliyyətlərində inter alia aşağıdakı prinsipləri rəhbər tuturlar:

a) ehtiyat tədbirlər görmək prinsipi – bu prinsipə əsasən, Xəzər dənizinin ətraf mühitinə ciddi və ya qarşısıalınmaz təhlükə yaranarsa, dəyəcək zərərin qarşısını almaq üçün səmərəli tədbirlərin təxirə salınmasında tam elmi əsasların olmamasına istinad etmək səbəb kimi istifadə edilə bilməz;

b) «çirkləndirən ödəyir» prinsipi – çirkləndirən çirklənmənin qarşısının alınması, onun azaldılması və ona nəzarət də daxil olmaqla, əlaqədar tədbirlərin görülməsi ilə bağlı xərcləri ödəməlidir;

c) Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənməsi barədə məlumatın əldə edilməsi prinsipi – bu prinsipə əsasən Tərəflər müvafiq məlumatları bir-birinə tam həcmdə təqdim etməlidirlər.

Konvensiyada Xəzər dənizinin çirklənmə mənbələri kimi bunları qeyd edilir: quruda yerləşən mənbələrdən çirklənmə; dəniz dibindəki fəaliyyətlə bağlı çirklənmə; gəmilərdən çirklənmə; axıdılma ilə bağlı çirklənmə; digər antropogen fəaliyyətlə bağlı (torpaq meliorasiyası, sahilyanı dib dərinləşdirmə və bəndlərin tikintisi işləri və s.) çirklənmə. Konvensiyanın 13-cü maddəsi isə müvafiq çirkləndirmə halları ilə bağlı yarana biləcək fövqəladə hallarda insanların və dəniz ətraf mühitinin təbii fəlakətlərin və ya antropogen qəzaların nəticələrindən qorumaq üçün bütün müvafiq tədbirlərin görülməsini və bu sahədə Tərəflərin əməkdaşlığını nəzərdə tutur. Bunun üçün bərpaetmə tədbirləri də daxil olmaqla, preventiv, hazırlıq və cavab tədbirləri görülür. Preventiv və hazırlıq tədbirlərinin həyata keçirilməsi hər bir Tərəfin öz yurisdiksiyasında ekoloji fəlakətə səbəb ola biləcək təhlükəli fəaliyyətləri müəyyən etməsini və hər hansı bu cür planlaşdırılan və ya mövcud fəaliyyət barədə digər tərəfləri məlumatlandırmasını nəzərdə tutur. Bunun üçün Tərəflər sənaye qəzaları və fövqəladə ekoloji hallar barədə ilkin xəbərdarlıq sistemləri yaratmalıdırlar.

Xəzərin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası və səmərəli istifadəsi ilə bağlı Konvensiyada göstərilir ki, Tərəflər Xəzərin bioloji ehtiyatlarının qorunmasına, mühafizəsinə, bərpasına və səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirməli və mövcud olan ən yaxşı elmi məlumatlar əsasında müvafiq tədbirləri həyata keçirməlidirlər:

– insanların qida tələbatının ödənilməsində və sosial-iqtisadi məqsədlərə nail olunmasında ekoloji tarazlığın saxlanması, bərpası və səmərəli istifadəsi məqsədilə bioloji ehtiyat potensialının inkişafı və artırılması;

– növlər arasında nisbəti nəzərə alaraq, müvafiq ekoloji və iqtisadi faktorlarla müəyyən olunan dəniz canlılarının növlərinin, onların maksimum davamlı olmasını təmin edəcək səviyyədə populyasiyasının saxlanması və təmin edilməsi;

– həddindən artıq istismar nəticəsində dəniz bioloji növlərinin yox olma təhlükəsinə məruz qalmaması üçün müvafiq şəraitin təmin edilməsi;

– balıqçılıqda sənaye növlərinin ovlanmasında və qeyri-sənaye növlərinin tutulmasında itkiləri minimuma endirə biləcək seçmə üsullarının, metodlarının inkişafının və tətbiqinin təşviqi;

– endemik, nadir və kökünün kəsilməsi təhlükəsi altında olan dəniz bioloji növlərinin qorunması, mühafizəsi və bərpası;

– bioloji rəngarəngliyin, nadir və yox olma təhlükəsi altında olan növlərin, habelə həssas ekosistemlərin qorunub saxlanması.

Konvensiyanın 5-ci bölməsi Xəzərin ətraf mühitinin mühafizəsi ilə bağlı Tərəflər arasında həyata keçiriləcək prosedurlar (dəniz ətraf mühitinə təsirin qiymətləndirilməsi, Tərəflər arasında əməkdaşlıq, monitorinq, elmi tədqiqatlar və təkmilləşdirmələr, informasiya mübadiləsi və informasiya əldə etmə) və onların həyata keçirilmə əsasları nəzərdə tutulur.

Əməkdaşlığın başlıca təşkilati strukturu kimi Tərəflərin Konfransı yaradılır. Konfransda hər bir Tərəf bir nümayəndə ilə təmsil olunmaqla, bir səsə malikdir. Nümayəndələrin bir və ya daha çox məsləhətçisi də təyin oluna bilər. Konfransın sessiyaları ingilis əlifbası sırası ilə rotasiya qaydasında Tərəflərin ərazilərində, yaxud Katibliyin yerləşdiyi yerdə keçirilir. Konfransının funksiyaları kimi aşağıdakılar müəyyən edilir:

– Konvensiyanın, onun protokollarının və Fəaliyyət Planının yerinə yetirilməsinin nəzarətdə saxlanması;

– Konvensiyanın və onun protokollarının müntəzəm olaraq nəzərdən keçirilməsi;

– istənilən əlavə protokolun və ya bu Konvensiyaya, yaxud onun protokollarına istənilən düzəlişin nəzərdən keçirilməsi, qəbul edilməsi, Konvensiyaya və onun protokollarına əlavələrin qəbul edilməsi və dəyişdirilməsi;

– Tərəflərin təqdim etdiyi hesabatların qəbul edilməsi və nəzərdən keçirilməsi, Tərəflərin və ya hər hansı səlahiyyətli beynəlxalq və ya regional təşkilatın təqdim etdiyi hesabatlar əsasında dəniz ətraf mühitinin vəziyyətinin, xüsusilə çirklənmənin təsirlərinin xülasəsi və qiymətləndirilməsi;

– Konvensiya ilə bağlı Katiblik tərəfindən hazırlanmış hesabatların nəzərdən keçirilməsi;

– Konvensiyanın məqsədləri üçün zəruri olduğu təqdirdə, texniki və maliyyə xidmətləri üçün müvafiq beynəlxalq orqanlara və elmi institutlara müraciət edilməsi;

– Konvensiyanı və onun protokollarını yerinə yetirmək üçün zəruri hesab oluna biləcək köməkçi orqanların yaradılması;

– Tərəflərin bərabər təmsilçiliyini nəzərə alaraq, Konvensiyanın İcraçı Katibinin və zəruri hallarda digər heyətin təyin edilməsi.

Konvensiyanın mühüm təqdirəlayiq müddəalarında biri də dəymiş zərərə görə məsuliyyətin müəyyən olunması və müvafiq kompensasiyanın ödənilməsinin nəzərdə tutulmasıdır. Belə ki, 29-cu maddəyə görə Tərəflər beynəlxalq hüququn müvafiq prinsip və normalarını nəzərə alaraq, Konvensiyanın müddəalarının pozulması nəticəsində Xəzər dənizinin dəniz ətraf mühitinə dəymiş ziyana görə maddi məsuliyyətə və kompensasiyaya dair müvafiq qayda və prosedurlar işləyib hazırlamalıdırlar. Yaranacaq mübahisələrin isə yalnız məsləhətləşmələr, danışıqlar və ya öz Tərəflərin seçimlərinə əsasən digər dinc vasitələrlə həlli nəzərdə tutulur.

Xəzərin ətraf mühitinin mühafizəsi ilə bağlı 60-80-ci illərdə SSRİ və Azərbaycan SSR-də respublika səviyyəli bir çox partiya və dövlət qərarları Xəzərin ekoloji-hüquqi mühafizəsinin konkret forma və üsullarını müəyyən etmiş və onun çirklənməsinə qarşı mübarizə tədbirləri nəzərdə tutulurdu. Bu qərarlar içərisində SSRİ Nazirlər Sovetinin «Xəzər dənizinin çirklənməsinin qarşısının alınması tədbirləri haqqında» 23 sentyabr 1968-ci il Qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin «Xəzər dənizinin təmizlənməsi və çirklənməsinin qarşısının alınması haqqında» 6 noyabr 1968-ci il Qərarı, SSRİ Nazirlər Sovetinin «Dənizin insanların səhhəti və dənizin canlı ehtiyatları üçün zərərli olan maddələrlə çirklənməsi ilə mübarizənin gücləndirilməsi haqqında» 14 fevral 1974-cü il Qərarı qeyd oluna bilər (1, 74).

AR müstəqillik əldə etdikdən sonra Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik bir sıra dövlətdaxili normativ aktlar da qəbul olunmuşdur. Bu baxımdan, ilk növbədə, 26 dekabr 1997-ci il tarixli AR Qanunu ilə təsdiq edilmiş və 1 yanvar 1998-ci ildə qüvvəyə minmiş Su Məcəlləsi qeyd edilməlidir. 17 fəsil və 105 maddədən ibarət bu Məcəllə AR ərazisində suların daha səmərəli, elmi cəhətdən əsaslandırılmış qaydada istifadə olunmasında, suların çirklənmədən mühafizəsində böyük rol oynayır. Məcəllənin 5-ci maddəsinə görə AR-in su fonduna AR-in daxili suları və Xəzər dənizinin (gölünün) AR-ə mənsub olan bölməsi (su obyektləri) daxildir. Həmçinin qeyd olunur ki, təbiətdə yerləşməsinə, fiziki-coğrafi, inzibati-ərazi xüsusiyyətlərinə və digər əlamətlərinə görə AR-in su fondu yerüstü, yeraltı, sərhəd su obyektlərindən və Xəzər dənizinin (gölünün) AR-ə mənsub olan bölməsindən ibarətdir. Məcəllənin suların mühafizəsi adlı 81-ci maddəsi AR-in su fondunun bir hissəsi olan Xəzər dənizinin AR-ə mənsub hissəsinin ekoloji təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin maddəyə görə bütün sular (su obyektləri) onların fiziki, kimyəvi, bioloji xassələrinin dəyişməsi, təbii təmizlənmə qabiliyyətinin azalması, suların hidroloji və hidrogeoloji rejiminin pozulması nəticəsində əhalinin sağlamlığına zərər vura biləcək, habelə balıq ehtiyatlarının azalmasına, su təchizatı şəraitinin pisləşməsinə və digər əlverişsiz hallara səbəb ola biləcək çirklənməkdən, zibillənməkdən, tükənməkdən mühafizə olunmalı və qorunmalıdır.

Daha sonra AR Prezidentinin 28 sentyabr 2006-cı il Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı»ndan irəli gələn ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Bakı Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqlarının, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün AR Prezidentinin göstərişinə əsasən maliyyə vəsaitlərinin ayrılması bu problemlərin vaxtında həll edilməsini reallaşdırmağa xidmət edir.

Daha sonra AR Prezidentinin 20 iyun 2007-ci il tarixli «Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında» Sərəncamından irəli gələn məsələlərin həll edilməsi məqsədilə AR Prezidentinin Ehtiyat Fondundan 3,5 mln. manat vəsait ayrılmışdır. Bu Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular alınaraq Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan və Pirşağı qəsəbələrində quraşdırılmışdır. Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemləri kimi aşağıdakıları qısaca olaraq nəzərdən keçirək.

1 saylı Bilgəh stansiyası – burada gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğu və çirkab suyun tərkibinə uyğun olaraq əlavə nefttutucu qurğu quraşdırılmışdır. Stansiyanın quraşdırılmasında məqsəd gün ərzində axıdılan 500 m3 çirkab suların yol verilən qatılıq həddinədək təmizlənməsi və nəticədə Bilgəh-Zaqulba çimərlikləri akvatoriyasında dəniz sularının çirklənmədən azad olunması və mikrobioloji vəziyyətin normaya salınmasıdır.

2 saylı Mərdəkan stansiyası – bu stansiyada gündəlik gücü 150 m3 olan bioloji təmizləyici qurğu quraşdırılmışdır. Məqsədi – gölməçələrdəki və bu gölməçələri qidalandıran mənbələrdəki suyu yol verilən qatılıq həddinədək təmizləməsi və nəticədə bu sulardakı çirkabın Mərdəkan çimərliklərinə düşməsinin qarşısının alınması, akvatoriyadakı dəniz suyunun normaya salınmasıdır.

3 saylı Mərdəkan stansiyası – stansiyada gündəlik gücü 240 m3 olan dezinfektor qurulmuşdur.

4 saylı Buzovna stansiyası – gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğu və gündəlik gücü 240 m3 olan iki ədəd dezinfektor qurğusu quraşdırılmışdır. Yaradılmasında əsas məqsəd bataqlıqlaşmış qamışlıq sahə və bu sahəni qidalandıran mənbələrdəki suyun yol verilən qatılıq həddinədək təmizlənməsi və nəticədə bu sulardakı çirkabın Buzovna çimərliklərinə düşməsinin qarşısının alınması, akvatoriyadakı dəniz suyunun normaya gətirilməsindən ibarətdir.

5 saylı Buzovna stansiyası – gündəlik gücü 100 m3 olan bioloji təmizləyici qurğu quraşdırılmışdır. Məqsədi bataqlıqlaşmış göl və bu gölü qidalandıran mənbələrdəki suyun yol verilən qatılıq həddinədək təmizləməsi və nəticədə bu sulardakı çirkabın Buzovna çimərliklərinə düşməsinin qarşısının alınması, akvatoriyadakı dəniz suyunun normaya gətirilməsindən ibarətdir.

6 saylı Pirşağı stansiyası – stansiyada gündəlik gücü 350 m3 olan bioloji təmizləyici qurğu quraşdırılmışdır. Əsas məqsəd Pirşağı qəsəbəsinin və H.Əliyev adına «Neft Emalı Zavodu»nun istirahət evindən Şor göldən çəkilmiş xəttə müdaxilə edilən məişət-fekal mənşəli tullantı suların yol verilən qatılıq həddinədək təmizlənməsi və nəticədə bu sulardakı çirkabın Pirşağı çimərliklərinə düşməsinin qarşısının alınması, akvatoriyadakı dəniz suyunun normaya gətirilməsidir.

7 saylı Pirşağı stansiyası – gündəlik gücü 350 m3 olan bioloji təmizləyici qurğu quraşdırılmışdır. Məqsədi Qızılnohur gölü və bu gölü qidalandıran mənbələrdəki suyun yol verilən qatılıq həddinədək təmizlənməsi və nəticədə bu sulardakı çirkabın Pirşağı çimərliklərinə düşməsinin qarşısının alınması, akvatoriyadakı dəniz suyunun normaya gətirilməsindən ibarətdir.

Xəzərin Azərbaycan sektorunda Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması sahəsində atılmış növbəti addım AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2001-ci ildə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin yaradılması oldu. İdarə Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını, Nazirliyin Əsasnaməsini, əmr və sərəncamlarını, ratifikasiya edilmiş Beynəlxalq müqavilə, saziş və konvensiyaları rəhbər tutaraq Xəzər dənizinin Azərbaycan sektorunda və onun şimaldan-cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqin keçirilməsini təşkil edir və onu həyata keçirir. Monitorinqin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay, və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk, və s.) tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək, məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.

Keçirilən monitorinqlər zamanı Xəzər dənizi ilə əlaqəsi olan axarların təqribən 90%-ni təbii, 10%-ni isə bələdiyyə axarları təşkil etməsi müəyyən olunmuşdur. Bu axarlardan götürülmüş su və qrunt nümunələri üzərində mütəmadi olaraq fiziki-kimyəvi, kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji tədqiqatlar aparılmış və müşahidələr zamanı qeydə alınmış ekoloji problemlər haqqında məlumatlar toplanaraq İdarə tərəfindən tərtib edilən həftəlik və aylıq bülletenlərdə işıqlandırılıb aidiyyəti orqanlara çatdırılır.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin tərkibində 6 sektor (Monitorinq, İnformasiya, Modelləşdirmə və Proqnozlaşdırma, Analitik Tədqiqatlar, Biologiya və Ekotoksikologiya, Mikrobiologiya, Təsərrüfat işləri sektorları) və Donanma Xidməti Mərkəzi fəaliyyət göstərir.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi hesabat dövrü ərzində Xəzər dənizinin Azərbaycan sektorunda və 955,08 km-lik sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. 1367 monitorinq keçirərək, götürülmüş 3918 su və qrunt nümunələri üzərində 27335 kimyəvi, bioloji və ekotoksikoloji təhlillər aparmışdır (38). Son illərdə hər ilin «Beynəlxalq Dəniz Günü» (39) ilə əlaqədar olaraq 25-30 sentyabr tarixlərində Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin keçirilməsi, o cümlədən yerlərdə dəyirmi masalarda müzakirələr aparılır, sahil boyu ərazilərdə iməciliklər təşkil olunur.

AR Prezidentinin 28 sentyabr 2006-cı il tarixli «AR-də ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı»nın təsdiq edilməsi haqqında Sərəncamı və Kompleks Tədbirlər Planında Xəzər dənizinin ekoloji tarazlığının bərpasına yönəldilən tədbirlər daim müzakirə obyekti olmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirinin göstərişi ilə Sumqayıt-Pirallahı sahil zolağı boyu 61 km-lik məsafədə Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə 7 ədəd modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilmiş və daha belə 5 ədəd qurğunun inşası davam etdirilir. İstismara verilmiş qurğulara idarənin əməkdaşları tərəfindən vaxtaşırı monitorinq nəzarəti həyata keçirilir. Belə ki, qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində mütəmadi olaraq təhlillər aparılır. Bakının Bilgəh, Buzovna, Mərdəkan və Pirallahı qəsəbələrində dənizə axıdılan çirkab suların qarşısının alınması məqsədi ilə modul tipli lokal təmizləyici qurğuların quraşdırılmasında, eləcə də «Kompleks Tədbirlər Planı»nın müvafiq bəndlərinin yerinə yetirilməsində (Beynəlxalq Hava Limanı yerləşən ərazinin monitorinqi və layihələndirilməsi, Abşeron yarımadasında mövcud göllərin monitorinqi və s.), rayonlarda içməli suyun keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirlərdə və s. idarənin əməkdaşları fəal iştirak etmiş, götürülən nümunələr üzərində təhlillər aparılmışdır (38).

Beləliklə, göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında 2003-cü il Tehran Çərçivə Konvensiyasının müddəalarının daha səmərəli şəkildə həyata keçirilməsi, həmçinin Konvensiya ilə sahilyanı dövlətlərin üzərinə qoyulmuş öhdəliklərin praktiki təmini məqsədilə Konvensiyanın hər bir iştirakçı-dövlətində müvafiq məsələlərin dövlətdaxili tənzimlənməsinə yönəlmiş ümuməhatəli milli qanunvericilik aktı qəbul olunması məqsədəmüvafiq hesab edilə bilər. Həmin qanunvericilik aktında beynəlxalq hüququn primatlığı nəzərə alınmaqla, tənzimlənməli olan münasibətlərin xarakteri və hər bir dövlətin siyasi-hüquqi vəziyyəti mütləq şəkildə öz əksini tapmalıdır.

Ümumilikdə, təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, AR Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə dövlət hesab oluna bilər. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnməsinə və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunmasına yönəlməlidir. Şübhəsiz ki, həmin tədbirlər sırasında daha çox praktiki fəaliyyətin həyata keçirilməsinə diqqət yetirilməlidir. Çünki istənilən digər tədbirlərin (qanunvericilik, inzibati və s.) əsas realizə vasitəsi qismində məhz təcrübi fəaliyyət çıxış edir. Belə ki, real həyatda öz təsdiqini tapmayan və praktiki həyata keçirilməyən hər hansı norma yalnız səmərəsiz hüquqi davranış qaydası sayılır.

İstifadə edilmiş ədəbiyyat:

1. Hüseynov S., Sarıyev R. Ekologiyanın fəlsəfi və hüquqi məsələləri. Bakı, «Təknur», 2007.

2. Бараболя П.Д., Лазарев М.И., Иванащенко Л.А. Современное международное морское право. Научные исследования. Охрана морской среды. Торговое и военное мореплавание. Отв. ред. М.И.Лазарев. Академия наук СССР. Институт государства и права. М., Изд. Наука, 1978.

3. Виноградов С.В., Жукова Э.Г. Международно-правовые режимы защиты морской, воздушной и космической среды: сравнительный анализ. Международное морское, воздушное и космическое право: общее и особенное. Под ред. И.М.Вашкевича. М., Институт государства и права РАН, 1992.

4. Глушенкова Е.И. Проблемы экологической безопасности Каспийского региона. http://www.igpi.ru/monitoring/1047645476 /oct_97/ecol_secur.html

5. Доклад председателя ΙΙΙ Комитета. Официальные отчеты. Т. 11. 1976.

6. Исмаилов Т. Экологические и геоэкологические проблемы Азербайджана. Баку, Ziya-Nurlan, 2007.

7. Колбасов О.Н. Международно-правовая охрана окружающей среды. М., Международные отношения, 1982.

8. Мамедов Р.Ф. Международно-правовой статус Каспийского моря: вчера, сегодня, завтра. Монография. Баку, Азернешр, 2006.

9. Международное морское право. Отв. ред. И.П.Блищенко. М., Изд. Университета Дружбы Народов, 1988.

10. Мухамеджанов А. Снижение экологических рисков - условие использование ресурсов Каспийского моря. Экология и жизнь, 1998, №25.

11. Сапожников В.И., Высоцкий А.Ф., Головатый С.П. Охрана морской среды (правовые и экономические основы). Киев, Наукова Думка, 1984.

12. Сидорченко В.Ф., Егоркин В.И. Безопасность группового мореплавания. Международно-правовые аспекты. СПб., Юридический центр Пресс, 2004.

13. Старжина-Бисти Т.М. Кладовые дна мирового океана. Международно-правовые аспекты эксплуатации минеральных ресурсов морского дна. М., Междунар. отношения, 1980.

14. Ушаков Н.А. Невмешательство во внутренние дела государств. М., 1971.

15. Хакапаа К. Загрязнение морской среды и международное право. Пер. с англ. В.А.Киселева. Под ред. А.Л.Маковского. М., Прогресс, 1986.

16. Ballenegger J. La Pollution en droit international. Geneve, 1975.

17. Colombos D.J. The International Law of the Sea. Sixth Edition. London, 1967.

18. de Yturriaga Barberan J.A. Regional Conventions on the Protection of the Marine Environment. 162nd Recueil des cours 1979-I.

19. Ehmer J. Der Grundsatz der Freiheit der Meere und das Verbot der Meeresverschmutzung. Berlin, 1974.

20. Handl G. Territorial Sovereignty and the Problem of Transnational Pollution. 69th AJIL, 1975.

21. Johnson Bo. The Baltic Conventions. ICLQ. 1976, p. 1-13; 13th International Legal Materials. 1974.

22. Juda L. The Regional Effort to Control Pollution in the Mediterranean Sea. Recent Traeties. 1979.

23. Mann J.W. The Problem of Sea Water Pollution. The Department of State Bulletin. Vol. XXIX, № 754. December 7, 1953.

24. M’Gonigle R.M., Zacher M. Pollution, Politics and International Law. Berkeley-Los Angeles-London, 1979.

25. Pollution of the Sea by Oil. Memorandum by the Secretariat of the United Nations. UN Doc. A/CONF. 13/8 (1957), Official Records, 1958.

26. Stevenson J.R., Oxman B.H. The Preparation for the Law of the Sea Conference. 68 AJIL, 1974.

27. Sweeney J.C. Environmental Protection by Coastal States; The Paradigm from Marine Transport of Petroleum. London, Georgia J. Int’l and Comp., 1974.

28. Thacker P.S., Meith-Avein N. The Oceans: Health and Prognosis. Ed. by E.M.Borgese, N.Ginsburg. Yearbook 1978.

29. Tulokas M. Oljyvahingoista erityisesti aluksista aiheutuvien vahinkojen korvaamisen kannalta. Vammala, 1978.

30. Two Anti-Pollution Treaties Adopted at Kuwait Conference. 15th UN Monthly Chronicle, 1978.

31. UN Doc. A/AC. 138/SR. 45 (1971).

32. UNEP, Regional Seas. Geneva, 1979.

33. 13th International Legal Materials. 1974

34. 15th International Legal Materials. 1976.

35. 17th International Legal Materials. 1978.

36. 20th International Legal Materials. 1981.

37. 22nd International Legal Materials. 1983.

38. http://eco.gov.az

39. http://www.ecolex-az.org/az/calendar.html

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.