12.11.2017 04:33
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

AQIL ƏSƏDOV. AZƏRBAYCANDA BAŞ VERƏN YOL-NƏQLİYYAT HADİSƏLƏRİNİN NƏTİCƏLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

AQIL ƏSƏDOV,

AMEA İqtisadiyyat İnstitutunun

şöbə müdiri, iqtisad elmləri namizədi.

Son illər Azərbaycan Respublikasında nəqliyyat sisteminin, onun infrastruktur sahələrinin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir. Bütün ölkə ərazisində, o cümlədən regionlarda yeni yolların çəkilişi, mövcud yolların genişləndirilıməsi, yeni yol ötürücülərinin istifadəyə verilməsi, daxili nəqliyyat əlaqələrinin gücləndirilməsi, ölkə ərazisinin Şimal-Cənub və Şərq-Qərb kimi beynəlxlaq nəqliyyat dəhlizləri ilə əhatə olunması və s. nəqliyyat xidmətlərinin kəmiyyət və keyfiyyət baxımından artmasına ciddi təkan vermişdir.

Təbii ki, bütün bunlar, həm də ölkədə nəqliyyat vasitələrinin sayının artması ilə müşahidə olunmuşdur. Nəqliyyat vasitələrinin sayının çoxalması isə xidmətlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi ilə yanaşı, müəyyən mənfi təsirlər də yaradır. Aparılan statistik araşdırmalar da sübut edir ki, son onillikdə nəqliyyat vasitələrinin sayının artmasına paralel olaraq, ətraf mühitin və atmosfer havasının çirkləndirilməsi kimi ekoloji problemlər daha da kəskinləşmiş, yol-nəqliyyat hadisələrinin sayı çoxalmış və ağırlıq dərəcəsi yüksəlmişdir (4).

Qeyd etmək lazımdır ki, son illər hadisələrin sayında və ağırlıq dərəcəsində stabillik müşahidə edilməsinə baxmayaraq, bu problem hələ XX əsrin 30-cu illərindən başlayaraq cəmiyyəti narahat etməyə başlamış və müxtəlif dövrlərdə ciddi müzakirə obyektinə çevrilmişdir. O cümlədən, bu ümumbəşəri problem beynəlxalq təşkilatlar tərəfindən də müxtəlif dövrlərdə və yerlərdə irəli sürülərək geniş müzakirə edilmişdir. Belə ki, 2003-cü ildə BMT-nin Baş Məclisinin 57-ci sessiyasında müvafiq Qətnamənin qəbul edilməsi, eləcə də 58-ci sessiyada (2004-cü il) BMT Baş katibinin “Yol hərəkəti təhlükəsizliyi sahəsində qlobal böhran” mövzusunda çıxış etməsi, beynəlxalq təşkilatların da YNH-ni ciddi problem kimi qəbul etdiyini sübut edir. Daha sonra isə, Beynəlxalq Səhiyyə Təşkilatı, BMT-nin İP, BMT-nin Uşaq Fondu, Dünya Bankı və s. bir çox nüfuzlu beynəlxalq təşkilatların hazırladığı birgə sənəddə də YNH müasir insan cəmiyyəti üçün əsas təhlükə mənbələrindən biri kimi qeyd edilmişdir. Sənəddə insan tələfatı da nəzərə alınmaqla, YNH-nin sosial və iqtisadi sahələrə vurduğu zərərin miqdarı dövlətlərin diqqətinə çatdırılmışdır. Bu sənədə görə, bir il ərzində YNH-nin nəticəsində yaranan ziyanın miqdarı bütün ölkələrin istehsal həcminə bərabərdir və təqribən 500 milyard dollara çatmışdır (3) .

Son zamanlar, YNH ilə bağlı problemin ciddiliyini nəzərə alan, inkişaf etmiş ölkələrdə hadisələrin qarşısının alınması və ya ağırlıq dərəcəsinin azaldılması istiqamətində genişmiqyaslı tədbirlər görülmüşdür ki, nəticədə həlak olanların sayı xeyli azalmışdır. İnkişaf etməkdə olan ölkələrdə isə avtomobillərin sayının nisbətən az olmasına baxmayaraq, YNH-nin nəticələri daha narahatedici səviyyədədir. Bu da onunla əlaqədardır ki, zəif inkişaf etmiş dövlətlərdə, yol hərəkəti təhlükəsizliyi tədbirlərinə ayrılan vəsaitin həcmi kifayət qədər deyildir və genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə imkan vermir. Belə vəziyyət, xüsusilə, Asiya dövlətləri üçün xarakterikdir və demək olar ki, qitə dövlətlərinin 50%-i bu problemdən əziyyət çəkir. Göründüyü kimi, ayrı-ayrı dövlətlərdə hadisələrin təsirləri müxtəlif olsa da,YNH, onların nəticələri bütün dünyanı narahat edən bir problemdir (5).

Araşdırmalardan aydın olur ki, BMT-nin 2004-cü il üzrə hesablamalarına görə hər il dünya avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələri nəticəsində 300 mindən çox insan həlak olur, 8 milyona yaxın insan isə müxtəlif dərəcəli xəsarət alır. Yalnız 1999-cu ildə avtomobil nəqliyyatında baş verən hadisələr nəticəsində yaranan iqtisadi itkinin miqdarı 500 milyard dollar təşkil etmişdir. Yenə də BMT-nin hesablamalarına görə, yol-nəqliyyat hadisələri nəticəsində yaranan iqtisadi itkilər əksər dövlətlərdə ümummilli məhsulun 2-3%-nə bərabərdir. Eyni zamanda, avtomobil yollarında baş verən hadisələr dünyada insan ölümünə görə 3-cü yerdə dayanır. Konkret olaraq, qonşu Rusiya dövlətində hər il yol-nəqliyyat hadisələrində 30 min insan həlak olur, hadisələrin təsiri ilə 350-400 milyon-adam gün iş vaxtı itkisinə yol verilir. Hadisələrin iqtisadi itkisi isə 1 milyard dollar təşkil edir. Ümumilikdə, 32 milyona yaxın nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi Rusiya Federasiyasının avtomobil yollarında hər gün, orta hesabla, 450 yol-nəqliyyat hadisəsi baş verir, 80 nəfər həlak olur, 500 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alır. Yuxarıda qeyd olunduğu kimi, ümumilikdə il ərzində hadisələr nəticəsində yaranan iqtisadi zərər, təqribən 1 mlrd. dollar təşkil edir (2;6).

Analoji araşdırmanı Azərbaycan Respublikası üçün apardıqda məlum olur ki, il ərzində ölkə üzrə 100 mindən çox avtomobil ilkin qeydiyyata alındığı halda, yol-nəqliyyat hadisələrinin sayının və mənfi təsirlərinin azalması müşahidə olunmuşdur. Təbii ki, bunun əsas səbəblərindən biri yol-hərəkətinin təşkili sahəsində müvafiq tədbirlərin görülməsidirsə, digər bir əsas səbəb isə yol-nəqliyyat infrastrukturlarının yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində aparılan işlərdir. Məhz bunun nəticəsidir ki, 2008-ci il ərzində ölkə ərazisində 870 minə yaxın nəqliyyat vasitəsi olduğu halda və 2970 YNH-si qeydə alınmış, nəticədə 1052 nəfər həlak olmuş, 3232 nəfər yaralanmışır. Ötən illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 4,3%; 5,5% və 5,8% azalmışdır. Eyni zamanda, qeydə alınmış cəmi YNH-nin 91,8%-i sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 41,9%-i nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması səbəbindən baş vermişdir. Həmçinin YNH-nin 41,8 %-i, yəni 1242 ədədi piyadaların vurulması təşkil etmiş, nəticədə 360 piyada həlak olmuş, 975 nəfər isə yaralanmışdır ki, bu hadisələrin də 151 ədədi, bilavasitə piyadaların yol hərəkəti qaydalarını pozması səbəbindən baş vermişdir (7;8).

Nəzərə alsaq ki, 32 milyon nəqliyyat vasitəsinin qeydiyyata alındığı qonşu Rusiyada, hər gün 450 YNH baş verir və illik iqtisadi zərərin həcmi 1 mlrd. dollara bərabərdir, onda bir YNH-nin payına düşən zərər aşağıdakı kimi olacaqdır:

n = Z / N (1)

burada, n – bir YNH-nə düşən iqtisadi zərər, N – hesabat dövründə YNH-nin illik sayı, Z – isə bu dövrdə cəmi iqtisadi zərərdir. Onda:

n = Z / 365Ng » 6088.3

burada, 365 ilin təqvim günləri, Ng- isə YNH-nin gündəlik sayıdır.

Digər tərəfdən, məlumdur ki, ölkəmizdə istismar edilən nəqliyyat vasitələrinin təxminən 42-45%-i ekoloji normalara cavab vermir, onda Azərbaycan Respublikasında bir nəqliyyat vasitəsinin payına düşən iqtisadi zərərin miqdarının bir az da çox olduğu aydın olar. Konkret halda isə, qonşu Rusiyaya aid mövcud təcrübənin əsasında anoloji hesablamaları ölkəmiz üçün aparsaq, daha dəqiq nəticələr əldə edə bilərik.

Yuxarıda qeyd olunduğu kimi, 2008-ci ilin statistik məlumatlarına görə Azərbaycan Respublikasında 870 minə yaxın nəqliyyat vasitəsi olduğu halda 2970 YNH baş vermişdir. Əgər bir YNH-nin təsiri ilə yaranan illik iqtisadi zərərin 6088.3 dollar olduğunu nəzərə alsaq, ölkəmiz üçün avtonəqliyyat vasitələrinin təsiri ilə yaranan cəmi iqtisadi zərəri aşağıdakı kimi hesablaya bilərik. Başqa sözlə desək, N = 2970 ədəd, n » 6088.3 dollar olduğu halda, (1)-ə əsasən

Z = N*n » 18082251 (2)

Göründüyü kimi, 2008-ci ilin göstəricilərinə əsasən YNH-nin təsiri ilə yaranan illik iqtisadi zərər, təqribən 18.8 milyon dollara və ya 14.8 milyon AzN-ə bərabərdir (1 dol.= 0.82 AzN).

Hesablamalardan aydın olur ki, YNH-nin zərərli nəticələri kifayət qədər böyük rəqəmlərlə əks olunur. Burada iqtisadi zərərin tərkibinə itirilən adam saatların dəyəri, ekoloji təsirlər, avtonəqliyyat vasitələrinə dəymiş zərərin miqdarı və s. aiddir. Qeyd edilənlər bütün dövrlərdə və istənilən halda, hadisələrin qarşısının alınmasının, onların təsirlərinin aradan qaldırılmasının xüsusi aktuallıq kəsb etdiyini sübut edir. Eyni zamanda, YNH-nin nəticələrinin ölkənin iqtisadi durumunu xarakterizə edən makroiqtisadi göstəricilərlə münasibətlərini aydınlaşdırdıqda, bu, bir daha aydın olur. Digər tərəfdən, nəzərə alsaq ki, avtomobil nəqliyyatı ətraf mühiti və atmosferi çirkləndirən əsas mənbələrdən biridir, onda bu sahədə təkmilləşdirici tədbirlər görülməsi bir az da zəruriləşər.

Aydındır ki, ekoloji təsirlər də, yekunda bir rəqəmlə iqtisadi nəticə kimi təsvir edilə bilər. Amma nəzərə almalıyıq ki, müəyyən obyektiv və subyektiv səbəblərdən, ekoloji təsirlərin, eləcə də YNH-nin nəticələrinin dəqiq qiymətləndirilməsi qeyri-mümkündür. Bu baxımdan, avtomobil nəqliyyatının təsiri ilə yaranan iqtisadi zərərin hesablanmış qiyməti, bütün hallarda real vəziyyəti əks etdirmir. Ona görə də, ayrı-ayrı mənbələrdə fərqli rəqəmlərə rast gəlinməsi çox da təəccüblü qarşılanmamalıdır. Bütün hallarda isə, zərərin azaldılması, nəqliyyat sisteminin iqtisadi inkişafa verdiyi töfhələrə kölgə salan halların aradan qaldırılması və beləliklə də keyfiyyətli və təhlükəsiz nəqliyyat xidmətlərinin təşkili xüsusi aktuallıq kəsb edir.

Məlumdur ki, ölkənin iqtisadi inkişafını xarakterizə edən başlıca göstəricilərdən biri ümumdaxili məhsulun (ÜDM-in) həcmidir. Statistik məlumatlardan aydındır ki, 2008-ci ildə Azərbaycanda ÜDM-in həcmi 25228.1 milyon manata bərabər olmuşdur. Deməli, YNH-nin illik nəticələri ÜDM-in » 0.07%-i həcmindədir. Əlbəttə, əksər dövlətlərlə müqayisədə, bu nəticə o qədər də fərqli deyildir. Bir çox dövlətlərdə hadisələr ÜDM-in 1%-ə qədərini təşkil edir. Digər tərəfdən, nəzərə alsaq ki, yol hərəkəti təşkilatçılarının və tənzimləyicilərinin bütün səylərinə baxmayaraq, heç də hər bir YNH qeydiyyata alınmır, onda hadisələr nəticəsində yaranan itkilərin də daha çox olduğu məlum olar. İstənilən halda YNH cəmiyyəti narahat edən ciddi problemlərdən biridir. Eyni zamanda, nəzərə alsaq ki, əhalinin yaşayış səviyyəsi yüksəldikcə hadisələrin sayı və zərəri də artır, onda problemin ciddiliyi bir daha aydın olar (2; 8).

Araşdırmalardan aydın olur ki, dünyada hər 1000 ədəd avtomobilin illik istismarı nəticəsində, orta hesabla bir nəfər həlak olur. Konkret olaraq, 2000-ci ildə dünyada YNH nəticəsində 1 milyon 26 min nəfər həlak olmuşdur. Proqnozlara görə yaxın 20 il ərzində dünyada nəqliyyat vasitələrinin sayı 2 dəfəyədək artacaqdır ki, bu da qabaqlayıcı tədbirlər görməyi və bu sahədə lazımi təkmilləşdirmələr aparmağı zəruri edir. Eyni zamanda, Azərbaycan Respublikası kimi nəqliyyat vasitələrinin sayının çoxalması ilə paralel olaraq, sürətli əhali artımı da baş verirsə, onda tənzimləyici tədbirlərin həyata keçirilməsi daha da zəruriləşir (5).

Bütün qeyd olunanları yekunlaşdıraraq, ölkəmizdə YNH-nin sayının azaldılması, nəticələrinin yüngülləşdirilməsi və beləliklə də bu sahədə yaranan iqtisadi zərərin azaldılması məqsədilə aşağıda qeyd olunanların nəzərə alınması məqsədəuyğun hesab edilir:

– yol hərəkəti iştirakçılarının mütəmadi olaraq maarifləndirilməsi YNH-nin azaldılmasının və ya nəticələrinin yüngülləşdirilməsinin mühüm istiqaməti kimi qəbul edilə bilər. Bu məqsədlə telemüzakirələrin təşkili, reklam roliklərinin nümayiş etdirilməsi və s. səmərəli olardı;

– YNH-nin ağırlıq dərəcəsi, əsas etibarı ilə, insan tələfatından asılıdır ki, bu da əksər hallarda piyadaların hərəkət qaydalarını pozması səbəbindən baş verir. Ona görə də yol hərəkəti tənzimləyiciləri tərəfindən piyadalara qarşı inzibati tənbeh tədbirlərinin sərtləşdirilməsi mexanizminin hüquqi əsaslarını təsbit edən müvafiq normativ hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi zəruridir;

– avtomobil nəqliyyatının ətraf mühiti çirkləndirən əsas mənbələrdən biri olduğunu nəzərə alaraq, ekoloji normalara əməl edilməsinin vacibliyini əks etdirən bukletlərin hazırlanması və bütün hərəkət iştirakçılarına paylanması səmərəli ola bilər. Çünki, istər hadisələr zamanı, istərsə də nəqliyyat vasitələrinin istismarı zaman yaranan zərərli təsirlərdən biri də ekoloji pozuntularla bağlıdır;

– istər YNH-nin, istərsə də ekoloji təsirlərin əsas səbəblərindən biri də nasaz nəqliyyat vasitələrinin istismarıdır. Ona görə də avtonəqliyyat vasitələri sahiblərinin bu istiqamətdə maarifləndirilməsi, eləcə də, paralel olaraq, nasaz nəqliyyat vasitələri istismarçılarına qarşı inzibati tədbirlərin sərtləşdirilməsi məqsədəuyğun olardı;

– təhlil və araşdırmalardan aydın olur ki, xüsusilə ağır nəticəli YNH-nin baş verməsinin əsas səbəblərindən biri də avtomobil yollarında müəyyən edilmiş sürət məhdudiyyətlərinə əməl edilməməsidir. Bu baxımdan, sürət həddini aşan sürücülərə qarşı inzibati tədbirlərin sərtləşdirilməsi, konkret olaraq, təyin edilmiş cərimələrin dəfələrlə artırılması məqsədəmüvafiq hesab edilir.

Istifadə edilmiş ədəbiyyat:

1. E.Ə.Əliyev. Yol hərəkətinin beynəlxalq-hüquqi tənzimlənməsi və milli qanunvericilik. Dərs bəsaiti. Bakı, “Hüquq ədəbiyyatı” nəşriyyatı, 2003, 260 səh.

2. S.Y.Hüseynov, A.M.Əsədov. Социально-экологические последствие чрезвычайных ситуаций, возникших в транспортном секторе. Bakı, AMIU, “Fövqəladə hallarda təhlükəsizliyin idarə olunması”, Beynəlxalq Simpozium, 15-16 noyabr 2007, səh. 206-208.

3. E.Hacıyev. Yol hərəkəti sahəsində beynəlxalq aləmdə yaranmış qlobal krizis. // Bakı, “Nəqliyyat hüququ” jurnalı, 2004, №1, səh. 80-86.

4. Əsədov A.M. Transportnıy faktor, obuslovlivaöhiy obespeçenie gkonomiçeskoy bezopasnosti v usloviəx qlobalizaüii. Bakı, “Audit” jurnalı, BBU, 2008, № 1, səh.57-60.

5. Q.O.Odjaqov. Bezopasnostğ jiznedeətelğnosti çrezvıçaynıx situaüiəx. Baku, Çaşıoqlı, 2002, 290 str.

6. S.K.Şoyqu, M.İ.Faleev i dr. Uçebnik spasatelə. Krasnodar, «Sov. Kubanğ», 2002, st. 331-335.

7. www.dyp.gov.az

8. www.azstat.org.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.