08.21.2017 16:11
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Nəriman MƏMMƏDOV. NƏQLİYYAT OBYEKTLƏRİNDƏ YANĞINLARIN SÖNDÜRÜLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ

Azərbaycan Respublikası

Fövqəladə Hallar Nazirliyi

DYMX-nin əməkdaşı,

daxili xidmət kapitanı

Nəriman MƏMMƏDOV.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınmasını, onların nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunmasını, ölkədə mülki müdafiə işinin təşkilini və həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.

FHN öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanun və qanun qüvvəli aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, FHN haqqında Əsasnaməni və digər normativ hüquqi sənədləri rəhbər tutur.

FHN yarandıqdan sonra qısa zaman ərzində yanğından mühafizə (YM) bölmələri müasir xilasetmə və yanğınsöndürmə vasitələri ilə, o cümlədən yeni, daha müasir yanğın avtomobilləri ilə təchiz edilmişdir. Bu vasitələr onlara yanğınlarda yaranmış ən mürəkkəb şəraitlərdə tapşırıqları yerinə yetirməyə imkan verir.

Yanğınların söndürülməsində əsas məqsədə həlledici istiqamətin düzgün təyin edilməsi, qüvvə və vasitələrin vaxtında cəmləşdirilməsi və yeridilməsi, bölmələrin döyüş hərəkətlərinin bacarıqla idarə edilməsi, yüksək taktiki bacarıq, fəal və cəsarətli hərəkətlər nəticəsində nail olunur.

Elmi-texniki tərəqqi şəraiti yanğınsöndürmə rəhbərindən, idarəetməyə elmi cəhətdən yanaşmağı, müxtəlif elmlərin obyektiv qanunauyğunluqlarından səmərəli şəkildə istifadə etməyi tələb edir.

Mürəkkəb şəraitlərdə böyük yanğınların söndürülməsi zamanı yanğından mühafizənin şəxsi heyətinin şüurlu intizamı və psixoloji hazırlığının vacibliyini xüsusi qeyd etmək lazımdır. Yanğınlarda YM bölmələrinin işini hərbçilərin döyüş şəraitində taktiki hərəkətləri ilə müqayisə etsək, səhvə yol vermərik. Həm döyüş meydanında, həm də yanğında insan hər dəqiqə, hər saniyə təhlükəyə məruz qalır. Yanğınsöndürmə – odla döyüşdür. Bu çətinlikləri və təhlükələri keçməkdir, həm də qələbə və yaxud məğlubiyyəti ola bilən döyüşdür.

Yanğın təhlükəsizliyi münasibətləri «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir (25 iyul 1997-ci il). Bu Qanun insanların həyat və sağlamlığının, milli sərvətin, mülkiyyətin bütün növlərinin yanğından qorunması məqsədilə fəaliyyət göstərən yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsasını və prinsiplərini müəyyən edir.

Yanğın təhlükəsizliyi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, «Yanğın təhlükəsizliyi haqqında» Qanundan və digər qanunvericilik aktlarından ibarətdir.

Yanğın təhlükəsizliyi sahəsində normativ hüquqi tənzimləmə səlahiyyəti dövlət orqanları tərəfindən yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların qəbul edilməsindən ibarətdir.

Əgər müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə qüvvələri və vasitələri, habelə həyat təminatlı xidmətləri yanğının ləğvinə kifayət etmirsə, fövqəladə hala çevrilmiş yanğını söndürmək və onun nəticələrini aradan qaldırmaq üçün «Fövqəladə vəziyyət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada zəruri olan əlavə YM qüvvələri və vasitələri cəlb edilir.

Yanğından mühafizə xidmətinin qarşısında qoyulmuş tapşırığın uğurlu həlli xidmət və döyüş hazırlığının gələcəkdə də gücləndirilməsindən, komandirlərin və döyüşçülərin əqidəcə mətanətli tərbiyəsindən, siyasi düşüncəsindən, xalqına sadiqliyindən, xidməti borcunu dərin başa düşməsindən və mülkiyyət formasından asılı olmayaraq əmlakın qorunmasında şəxsi cavabdehliyindən asılıdır.

İndi isə ayrı-ayrı nəqliyyat növləri üzrə nəqliyyat obyektlərində yanğınların söndürülməsi məsələlərini nəzərdə keçirək.

Dəmir yolu nəqliyyatından yanğınların söndürülməsi xüsusiyyətləri. Nəqliyyatın yüksək yanğın təhlükəli olması, həm yanar materialların geniş tətbiq edilməsi, həm də kütləvi sərnişin və yük laqımaları ilə bağlıdır.

Nəqliyyat vasitələri yol hərəkəti zamanı çox vaxt qəzalar və ya yanğın zamanı lazımi köməklik göstərilə biləcək yerlərdən uzaqlarda, avtonom vəziyyətdə olur.

Nəqliyyat öz funksiyalarını müxtəlif, o cümlədən də xüsusi şəraitlərdə, yer üstündə, yer altında, havada və suda həyata keçirir.

Dəmir yolları vasitəsilə bir neçə min adda yanğın-partlayış təhlükəsinə görə müxtəlif xüsusiyyətli yüklər daşınır.

Dəmir yollarında yük dövriyyəsinin inkişafı, yüksək yükgötürmə qabiliyyətinə malik və ağıryüklü dəmir yolu nəqliyyat vasitələrinin hamısının istifadə edilməsi, yanğınların böyük miqyasda yayılması ehtimalını artırır.

Dəmir yolu stansiyalarında baş verə biləcək yanğınların qarşısının alınması xüsusi qaydada həyata keçirilir. «Dəmir yolu stansiyalarının yanğına qarşı müdafiəsi» Tövsiyələrinə əsasən üçdən artıq yolu olan stansiyalarda hər 150 metrdən bir relslərin altından, hər qanovdan iki şlanq xətti çəkmək üçün şpallararası qanovlar düzəldilməlidir.

Stansiyalarda 10 və daha çox yol olduqda hər 150 metrdən bir, diametri 77-89 mm olan quru boru kəmərləri qurğusu nəzərdə tutulmalıdır. Yanğın haqqında məlumat verildiyi andan odsöndürücü maddələr verilənə qədər, kontakt (birləşmə) qovşağının açılması və gərginliyin çıxarılması vaxtı 10 dəqiqədən artıq olmamalıdır.

Stansiyalar üzrə növbətçilərin YMQ-nun MRQ ilə birbaşa telefon əlaqəsi olmalıdır. Böyük yanğınların və qəza hallarının ləğv edilməsini təmin etmək məqsədilə dəmir yolu bölmələrində 10 tondan az olmayaraq, köpükəmələgətirici maye ehtiyatı və hər birində yanğın texnikası ehtiyatı olan dayaq məntəqələrini yaradırlar.

Tövsiyələrdə dəmir yol stansiyaları üçün digər yanğınsöndürmə parametrləri də verilmişdir. Tövsiyələr dəmir yolu stansiyalarında yanğınların və qəza halların ləğv edilməsi planının tərkibini elan edir.

Dəmir yolu nəqliyyatında yanğınların özünəməxsus xüsusiyyətləri var və yanğından mühafizə bölmələrinin döyüş hərəkətlərinin mürəkkəbliyi ilə fərqlənir.

Mürəkkəbliyi ondan ibarətdir ki, yanğın zamanı çox vaxt yükün fiziki-kimyəvi xüsusiyyətlərini aydınlaşdırana və yanan dəmir yolu nəqliyyatı vasitələrinin hamısından elektrik birləşmə qovşağını ayırana qədər, odsöndürücü maddələrin verilməsi ləngidilir.

Dəmir yolu stansiyalarının və bütün növ qatarların yanğın təhlükəsi səciyyələnir:

– müxtəlif yanar, tezalışan, yanğın-partlayış təhlükəli mayelər, maye qazlar və bərk yanar materiallarla dolu, çoxlu sayda müxtəlif qatarların (bağlı yük vaqonları, yarımvaqonlar və s.) mövcudluğu ilə;

– sahələrdə, tərtibat və yük stansiyalarında anbar və s. tikililərin çox sıxlığı, eləcə də hərəkət edən dəmir yolu vasitələrilə doldurulması ilə;

– tərtibat, yük və sahə stansiyalarında çoxlu sayda yollarda paralel dayanmış müxtəlif tipli yüklü qatarların mövcudluğu ilə;

– qatarlar arasında alovun tez bir vaxtda böyük sahələrə yayılmasına səbəb olan, darısqal uzun ara məsafələrin mövcudluğu ilə;

– yanğın avtomobillərinin keçməsini və şlanq xəttlərinin çəkilməsini çətinləşdirən, qatarlarla tutulmuş, çoxşaxəli dəmir yollarının mövcudluğu ilə;

– kifayət qədər gücü olmayan və zəif inkişaf etmiş yanğına qarşı su təchizatı şəbəkəsi ilə.

Böyük dəmir yolu stansiyaları hərəkət edən dəmir yolu vasitələrinin texniki qulluğu və təmiri üzrə müəssisələri, açıq və bağlı anbarları, vağzalları, habelə mərkəzləşdirilmiş elektrik postlarını özündə cəmləşdirən müxtəlif təyinatlı bina və qurğuların məcmusundan ibarət olur. Onların tərkibinə, eləcə də çoxlu sayda dəmir yolları olan qəbul-göndəriş və tərtibat parkları daxildir. Stansiyanın sahəsi 150 hektara, ümumi uzunluğu 16 kilometrə, yolların sayı isə 80-ə qədər çatır. Böyük stansiyaların 6-8 işçi parkı ola bilər. Stansiyada eyni zamanda müxtəlif yüklərlə dolu 3 minə qədər vaqon yerləşə bilər. Stansiyanın işinin təşkili və qaydaları, texnoloji proses və texniki-sərəncam aktları (TSA) ilə müəyyən edilir. TSA-na stansiyanın sxematik planı və lazımi təlimatlar əlavə edilir, onlardan çıxarışlar stansiya üzrə növbətçinin, manevr dispetçerlərinin, park və tərtibat qüllələri üzrə növbətçilərin otaqlarında olmalıdır. Onlarda, qatarların hərəkətinin və manevr işlərinin aparılmasının təhlükəsizliyinə cavabdeh işçilərin məsuliyyəti müəyyən edilməlidir.

Yanğına qarşı cəhətdən daha təhlükəli, tərtibat parklarında vaqonların yığılması halları sayılır. Yanğın təhlükəsi, qatarların tərtibatı zamanı texnoloji prosesi pozarkən artır. Vaqonların təyin edildiyindən yüksək sürətlə birləşdirilməsi yüklərin zədələnməsinə, qəza vəziyyətində oddan təhlükəli maye və qazların dağılıb axmasına gətirir.

Hazırkı dövrdə dəmir yol stansiyalarında yanğına qarşı bayır su təchizatı üçün, su kəmərləri qovşağında qoyulmuş yanğın hidrantlarından və su hovuzlarından istifadə edirlər. İşçi parklarında qıraqdakı dəmir yollarının yanında yanğın hidrantları qoyurlar. Lazım gəldikdə yanğınsöndürmə məqsədləri üçün şəhər su kəmərləri qovşağının və qonşu obyektlərin su mənbələrindən istifadə edirlər. Dəmir yolu stansiyalarının su-basqı qüllələrinin çənlərində, yanğınsöndürmə məqsədləri üçün daim toxunulmaz su ehtiyatı saxlanılır. İşçi parklarında hərəkət edən qatarların yanğınlarının söndürülməsi üçün lazımi avadanlıqlar saxlanılan postlara malik meydançalar düzəldirlər.

Əksəriyyət dəmir yolu stansiyalarının yanğından mühafizə qarnizonlarının MRQ ilə birbaşa telefon əlaqəsi vardır.

Dəmir yolu nəqliyyatı obyektlərini yanğın qatarları (komandaları) mühafizə edir. Yanğın qatarı dəmir yolunun ərazilərində yerləşən və onun yanğın yerinə çatma müddəti 1,5 saatdan çox olmayan obyektlərinə xidmət göstərir. Yanğın haqqında məlumat alındıqdan sonra qatara lokomotiv 10 dəqiqə ərzində verilir.

İlin yaz-payız aylarında yanğınsöndürmə məqsədləri üçün yanğın qatarlarına əlavə olaraq su ilə doldurulmuş 1-2 ədəd dəmir yolu çəni qoşurlar. Belə çənləri işçi parklarının dalan yollarında da (YM xidməti ilə razılaşdırılmış yerlərdə) saxlayırlar.

Dəmir yolu nəqliyyatının özünə xas xüsusi iş rejiminə görə yanğın qatarlarının yanğınların söndürülməsinə cəlb edilməsi cəldliyinin aşağı olmasını nəzərə almaq lazımdır. Bunun nəticəsində yanğın yerinə 40 dəqiqəyə qədər vaxt ərzində, əsasən, hər iki yanğın qatarından biri və 1-2 saat ərzində hər dörd qatardan biri gəlir. Orta hesabla yanğın qatarlarının yanğın yerinə yürüş müddəti 55 dəqiqə, cəlb olunduqları məsafə isə 50 km təşkil edir.

Yanğınların söndürülməsinin xüsusiyyətlərinə diqqət yetirək. Dəmir yolu stansiyalarında hərəkət edən, sürülüb aparılan yürüş yolunda qatarlarda yanğınların baş verdiyi zaman müdiriyyət, dispetçer, maşinistlər və digər dəmir yolu nəqliyyatı işçiləri idarə təlimatının tələblərinə əsasən hərəkət edirlər. Onlar təmin etməlidirlər:

– yanğından mühafizə qarnizonunun MRQ-na dərhal yanğın haqqında məlumatın verilməsini;

– sərnişinlərin təxliyəsini;

– qatarı ayırıb vaqonları təhlükəsiz məsafəyə çəkməyi;

– qonşu qatarların təxliyəsini;

– yanğının üzərindəki birləşmə naqillərindən qalıq gərginliyin çıxarılmasını;

– ilkin yanğınsöndürmə ləvazimatları ilə yanmanın ləğv edilməsi üçün tədbirlərin görülməsini;

– TAM və YM-in axmasının kəsilməsini və onların təhlükəsiz yerlərə axıdılmasını və s.

Yanğından mühafizə bölmələri gələnə qədər yanğının söndürülməsinin təşkilinə və ona rəhbərlik edilməsinə, sərnişinlərin xilas edilməsinə, habelə qatarların və yüklərin təxliyəsinə cavabdehlik həvalə edilir:

– stansiyalarda – stansiya rəisinə, onun müavininə və onlar olmadıqda stansiya üzrə növbətçiyə;

– stansiyalararası yollarda (yürüş yolunda) – yük və dizel-elektrik qatarlarının maşinistlərinə (birləşdirilmiş qatarlar üçün – qabaqda gedən qatarın maşinistlərinə, sərnişin qatarlarının rəislərinə; refrijerator qatarlarında – seksiya rəislərinə; poçt-yük və xüsusi vaqonları müşayiət edən şəxslərə);

qatarların texniki qulluğu və təmiri üzrə müəssisələrdə – müəssisə rəhbərlərinə və ya onların müavinlərinə, onlar olmadıqda isə növbə rəislərinə həvalə edilir.

Yanğından mühafizə bölmələrinin yanğın yerinə gəlməsi ilə FHN YM bölmələrinin böyük əməliyyat rəisi yanğının söndürülməsi üzrə işlərə rəhbərlik edir və yanğının ləğv edilməsində iştirak edən YM bölmələrinin idarə olunmasını həyata keçirir.

Yanğından YSR əməliyyat qərargahı heyətinə daxil olan müdiriyyət nümayəndəsinin köməyilə aşağıdakıları yerinə yetirməyə borcludur:

– yanan və qonşu vaqonlarda olan materialların növünü müəyyən etməyə;

– yanan vaqonların açılması və onların xüsusi meydançalara və ya təhlükəsiz yerlərə çıxarılması üzrə tədbirlər görməyə;

– söndürməyə başlayana qədər, yanğından mühafizə bölmələrinin işlədiyi sahələrdə birləşmə elektrik qovşaqlarından gərginliyin çıxarılması haqqında yazılı təsdiqedici vərəqə tələb etməyə.

Yanan materialların növünü aşkar etdikdən sonra YSR müdiriyyət ilə birlikdə qəza kartoçkaları üzrə onların xüsusiyyətlərini, yanğın təhlükəsini və lazımi odsöndürücü maddələri müəyyən edir.

Yanğının söndürülməsi üçün YSR aşağıdakı döyüş sahələrini (DS) yaradır: qatarın təxliyəsinin təmin edilməsi, qatarın müdafiəsi, eləcə də yanğının söndürülməsi və yanğın zonasından çıxarılmış dəmir yolu sisternalarının (vaqonlarının) soyudulması üzrə. Göstərilən sahələr onların idarə olunması mürəkkəbləşdikdə ayrı-ayrı sektorlara bölüşdürülə bilər.

Qatarın yanğın zonasından təxliyə edilməsi üçün DS-in rəisinə stansiyasının rəhbər heyətindən olan köməkçilər lazımdır. Onların üzərinə qatarların təxliyəsi və dağılmış mayenin yayılmasının məhdudlaşdırılması kimi cavabdehlik qoyulur.

Dəmir yolu stansiyalarında qəzaların ləğv edilməsinin və yanğınların söndürülməsinin təşkilinin mürəkkəbliyini nəzərə alaraq, YSR rabitə məsələlərinə, əsasən də, yanğından əməliyyat qərargahı ilə dəmir yolu nəqliyyatı işçiləri arasında olana xüsusi diqqət yetirir.

Şlanq xətlərini dəmir yollarının altından və dəmir yolları boyunca çəkirlər. Döyüş açılışı üçün daha az sayda kəsişən yolların olduğu (yolayıran qurğulara qədər, parkların girişində) və onlarda qatarların olmadığı sahələri seçirlər. Müstəsna hallarda lülələrin tez verilməsini təmin etmək üçün şlanq xətlərini dəmir yolları üzrə (magistral şlanq xətlərinin yolların altından çəkilişi qurtarana qədər) çəkmək olar.

Dəmir yollarının sayından asılı olaraq döyüş açılışı eyni zamanda bir neçə istiqamətdə aparıla bilər. Şlanq xətlərinin qarşılıqlı istiqamətlərdən çəkilişi üsulu daha məqsədəuyğun sayılır. Bu zaman yolların altından iki magistral xəttin çəkilməsi üçün qanov açırlar.

Dəmir yolu tunellərində yanğınların söndürülməsi xüsusiyyətlir. Gərginlik altında olan tunel qurğularının dəmir yol nəqliyyatı vasitələrində yanğınların söndürülməsi üçün yanğından mühafizə bölmələrinin şəxsi heyəti yalnız YSR, rayon birləşmə qovşağı elektrik montyorunun enerji dispetçerinin əmrinin nömrəsi və gərginliyin çıxarılması vaxtı göstərilməklə yazılı və ya radiorabitə üzrə icazəsini aldıqdan sonra buraxılır (NN-nin DYTX ilə qarşılıqlı əlaqə təlimatları).

Gərginlik çıxarılmadan söndürməyə yalnız o hallarda icazə verilir ki, yanğın vaqonun içərisində baş vermişdir və onu qatarın briqadası tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə ləğv etmək mümkündür.

Yanğına qarşı avadanlıqların saxlanılması üçün tunelin uzunluğu boyunca hər 150 metrdən bir kameralar, insanların daldalanması üçün isə hər 30 metrdən bir şahmat qaydasında divar oyuqları yerləşdirirlər.

Uzunluğu 1000 metrdən çox olan tunellərdə paralel dəhlizlər və 500-700 m məsafədə birləşdirici yeraltı yollar, eləcə də mexaniki işə salınan ventilyasiya sistemi nəzərdə tutulur.

Xilasetmə işlərini təşkil edərkən və yanğını söndürərkən, tuneldə yanğının inkişafının xüsusiyyətlərini nəzərə almaq lazımdır.

Tuneldə saxlanılmış sərnişin qatarında yanğın zamanı onun yaxınlığında yanğının təhlükəli amillərinin böhranlı həddi artıq 4-6 dəqiqədən sonra biryollu tunellər üçün və 6-8 dəqiqədən sonra isə ikiyollu tunellər üçün baş verir.

Yanğın əsasən ventilyasiya axını istiqamətində yayılır, sahəsi bir neçə yüz kvadrat metrə çata bilər, söndürmə amilini nəzərə almaqla yanğınların davamiyyəti 0,5-dən 6 saata qədər təşkil edir.

Biryollu tunellər üçün istilik zonası təsirinin uzunluğu yanğın mənbəyindən 300 metrdən, iki yollu tunellər üçün isə 600 metrdən çox olur.

Konvektiv istilik axınlarının zonası 50-80 m təşkil edir.

TAM və YM-lə dolu sisternalar yandıqda, mayenin axıb getməsi tunelin enişi üzrə baş verir, lakin yanma sahəsi hava mübadiləsi ilə məhdudlaşır və 100-200 m2 hədlərinə çatır, tunelin həcmində yanar qazların və buxarların alışması (partlaması) mümkündür. Nəqliyyat Nazirliyinin yanğından mühafizə qüvvələri ilə tuneldə qəzanın və yanğının ləğv edilməsi üçün planlar tərtib edilir. Planların surətləri NN-nin YMX-də və DİN DYTX qarnizonunda saxlanılır.

Metropoliten stansiyalarında yanğınların söndürülməsi.

Metropolitenin əsas qurğularına aiddir: stansiyalar və stansiya yaxınlığındakı qurğular, tunellər və tunel yaxınlığındakı qurğular, elektrik deposu.

Metropolitendə yanğınların söndürülməsi taktikasına və əsas təşkilatçılıq məsələlərinə, müəssisələrarası DYTX regional (yerli) idarələrinin və metropolitenin sənədlərində baxılır. Birgə təlimat (plan, tövsiyələr) tərəflərin əsas qarşılıqlı əlaqə istiqamətlərini müəyyən edir. Metropoliten üzrə növbətçiyə (baş qatar dispetçerinə) funksional vəzifələr tərtib edilir, orada yanğın haqqında xəbər verilməsinə və onun söndürülməsinə dair tədbirlərin görülməsi üzrə onların hərəkətləri müəyyən edilir. Şəhərin YMX, dərhal qarnizonun çıxış cədvəlinə əsasən, YM bölmələrini yanğın yerinə göndərir. Qarnizonun YM bölmələri gələnə qədər yanğının söndürülməsinə və qəza-xilasetmə işlərinin aparılmasına rəhbərliyi metropoliten işçisi həyata keçirir.

Yanğın yerinə çatan kimi DYTX-nin böyük əməliyyat rəisi, metropolitenin vəzifəli işçisindən yanğın haqqında məlumatlar alır.

Metropoliten rəhbərliyi tərəfindən qərargah yaradılır və onun tərkibinə daxil edilir:

– qərargah rəisi (metropolitendən);

– YSR-DYMX-nin böyük əməliyyat rəisi;

– metropoliten xidmətinin işçiləri;

şəhərin digər xidmətlərinin nümayəndələri.

YSR qərargah rəisinə tabe olur, YM bölmələri isə yalnız öz hərəkətlərini qərargah rəisi ilə razılaşdıran YSR-nə tabe olurlar.

Metropolitenin hər bir stansiyasına, lazım gəldikdə isə digər yeraltı və yerüstü qurğularına DYTX və metropoliten tərəfindən birlikdə yanğınsöndürmə planları tərtib edilir.

Planın birinci bölməsini metropoliten işləyir, orada DYTX bölmələri gələnə qədər öz xidmətlərinin hərəkətlərini göstərir.

Planlar birgə təlimlərdə oynanılır.

Metropolitendə yanğınların söndürülməsi, çoxlu sayda insanların təxliyə və xilasetmə işlərinin aparılması zərurəti ilə bağlıdır.

Yanğından mühafizə bölmələrinin döyüş işlərinin şəraitini stansiya otaqlarının qatı tüstülənməsi nəzərəçarpacaq dərəcədə mürəkkəbləşdirir. Belə şərait, çoxlu sayda qüvvə və vasitələrin cəlb edilməsi, müdafiə təsiri müddəti böyük olan təcridedici əleyhqazların, rabitə və işıqlandırma vasitələrinin uzun müddət istifadə edilməsi zərurətini yaradır.

Yeraltı qurğularda kəşfiyyata başlamazdan əvvəl manqa (bölmə) komandiri hərəkət marşrutu ilə tanış olmalı və yeraltı qurğunun planını yaxnı bilən metropoliten işçilərindən lazımi məsləhətlər almalıdır.

Əlaqə üçün yerli telefon rabitəsini, səsyüksəldici qurğuları, lokomotiv briqadasının qatar dispetçeri ilə rabitə yaratmaq üçün qatarın radioqurğularını (radiostansiyalar yalnız düz xətt üzrə 200-250 m sahələrdə işləyir) istifadə etmək lazımdır.

Təyyarələrdə yanğınların söndürülməsi xüsusiyyətlərini nəzərdən keçirək. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) rəsmi məlumatına əsasən hər il yalnız xarici müntəzəm hava yollarında 800-dən çox insanın həlak olması ilə nəticələnən 30-a yaxın aviasiya qəzası baş verir.

Həlak olanların sayının artması onunla əlaqədardır ki, böyük sərnişin tutumu 350-500 nəfər adam və daha çox olan hava-nəqliyyat vasitələrinin kütləvi istismarına keçid baş verir.

Təyyarələrin ölçülərinin böyüməsi ilə onlarda qəzadan sonrakı şəraitlərdə yanğınların baş verməsi ehtimalı da artır.

Füzelyajının (təyyarənin gövdəsinin) uzunluğu 30 metrə qədər olan təyyarələrdə qəzalar zamanı, 60%-dən çox qəza hallarında yanğınlar baş vermişdir, füzelyajının uzunluğu 30 metrdən çox olan təyyarələrdə isə bu göstərici 85%-ə qədər çatır.

Statistik məlumatlar göstərir ki, təyyarələrdə baş verən yanğınlardan insan tələfatının sayı və maddi ziyan azalmır, əksinə artım meyli vardır.

Təyyarələrdə yanğınların sürətli inkişaf prosesi göstərir ki, onlar aşağı səviyyədə müdafiə olunmuş, yüksək yanğın-partlayış təhlükəli obyektlər sayılır.

Əsas yanğın təhlükəsini təyyarənin içində böyük miqdarda (50-200 t və daha çox) aviayanacağın mövcudluğu təşkil edir ki, təyyarə yerə və ya maneəyə dəydikdə o, təyyarənin ətrafına tez dağılır, alışaraq, 1000 m2-ə qədər və daha böyük sahədə yanğın əmələ gətirir.

Bu zaman alovun mərkəzində, ətraf mühitdən təcrid olunmuş və əməli olaraq heç nə ilə müdafiə olunmamış, alüminium örtüyün içində onlarla, hətta yüzlərlə insan qalır.

Təyyarədə olan insanların həyatı üçün böhranlı şərait artıq 2-3 dəqiqədən sonra füzelyajın üzlüyünün yanması, temperaturun kəskin qalxması, həm də zəhərli yanma maddələrinin füzelyajın içinə daxil olması və tərkib hissəsinə ayrılması nəticəsində baş verir.

Bütün bunlar şəraiti xeyli dərəcədə dərinləşdirir və insanların xilas edilməsini inanılmaz edir.

Müasir təyyarələrdə yanğınları aşağıdakı növlər üzrə təsnifata bölmək olar:

– enmə orqanlarının (şassinin);

– təyyarənin altına dağılmış yanacağın;

– füzelyajın içində;

– güc qurğularının (mühərriklərinin) yanması.

Şassinin yanması, əsasən, təyyarə yerə endikdə baş verir və başlıca olaraq üç növ materialın – rezin, hidravik mayenin və maqnezium xəlitəsinin yanması ilə bağlıdır.

Dəniz və su (çay) gəmilərində yanğınların söndürülməsi xüsusiyyətləri. XX yüz illiyin ikinci yarısının əvvəlləri və xüsusilə də 70-80-ci illəri gəmiçiliyin və gəmiqayırmanın intensiv inkişafı kimi qeyd edilmişdir. Yalnız son 10-15 il ərzində dünya gəmiçilik donanmasında gəmilərin sayı 40% çoxalmış, bu dövrdə yanğınlar nəticəsində gəmilərin itkisi isə 2 dəfədən çox artmışdır.

Gəmilərdə qəzaların əsas səbəbləri, onların həm istismarı, həm də tikintisi və yaxud təmiri zamanı yanğınlar və partlayışlar olur.

Gəmilərdə yanğınlar çox vaxt böyük ölçülər alır və külli miqdarda maddi ziyana səbəb olur. Gəmilərdə yanğınların söndürülməsi, bir qayda olaraq, şəraitin qiymətləndirilməsində böyük çətinliklərlə, yəni çoxlu miqdarda odsöndürücü maddələrin sərfi, yanğından mühafizənin və donanma xidmətlərinin böyük sayda qüvvə və vasitələrinin cəlb edilməsi planının mürəkkəbliyi, yanğın yükünün sıxlığı, təhlükəsiz təxliyə yollarının olmaması və s. bağlıdır.

Limanda yerləşən gəmilərdə yanğınların söndürülməsinə rəhbərlik, YM bölmələri gələnə qədər kapitan tərəfindən həyata keçirilir, digər gəmilərdə olan qəza-xilasetmə üzvləri onun sərəncamına daxil olur. YM bölmələri gəldikdən sonra yanğının söndürülməsinə rəhbərlik, bir qayda olaraq, kapitandan YM-nin böyük rəisinə keçir, o isə öz növbəsində bütün hərəkətləri kapitanla razılaşdırır. Kapitan, yaxud onun köməkçisi və limanın nümayəndəsi mütləq yanğınsöndürmə qərargahının tərkibinə daxil olmalıdırlar. Limanlarda yanğınların müvəffəqiyyətlə söndürülməsini təmin etmək üçün YM qarnizonunun rəisi liman rəhbərliyi ilə birlikdə, yanğın hallarında limanın xidmətləri və üzən vasitələri ilə YM bölmələri arasında qarşılıqlı əlaqə təlimatlarını tərtib etməlidir.

şfiyyat və ya digər əməliyyatlar aparılarkən, söndürmə qrupunun tərkibinə ekipajın kəşfiyyat qrupu heyətindən bir-iki nəfər qoşurlar.

Gəmilərdə yanğınların kəşfiyyatının və öndürülməsinin bütün hallarında, gəminin daxilində döyüş hərəkətləri aparan, YM bölmələrinin bütün şəxsi heyəti və ekipaj təcridedici əleyhqazlarla, işıqlandırma cihazları və rabitə vasitələri ilə təmin olunmalıdır. Manqaların işi təhlükəsizlik postları tərəfindən nəzərdə saxlanmalıdır.

Gəmidə yanğının söndürülməsinə rəhbərliyi və sahillə əlaqəni (rabitəni) daha çevik təmin etmək üçün ilk növbədə söndürmədə iştirak edən qəza gəmisinin, yanğın və digər gəmilərin translyasiya şəbəkəsini, eləcə də səsgücləndirən borunu və meqafonları (səsi gücləndirən), aparatları istifadə etmək lazımdır. Gəminin daxilində daşınan radiostansiyalarla işləmək çətindir. Gecə vaxtı sahillə əlaqə saxlamaq üçün qəza gəmisinin və söndürmədə iştirak edən digər gəmilərin işıq-siqnal qurğularını istifadə etmək olar. Sahil yaxınlığında limanın girəcəyində gəmilərin dayanması üçün külək tutmayan yerdə dayanan gəmilərdə yanğınları söndürərkən, adətən, ehtiyat qüvvə və vasitələr cəmləşdirilən sahillə yaxşı rabitə əlaqəsi saxlamaq vacibdir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə.

2. «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanunu.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti haqqında Əsasnamə / AR FHN-in 13.04.2007-ci il tarixli 041 saylı əmri ilə təsdiq edilmişdir.

4. Yanğın taktikası. Bakı-2005, s. 334-378.

5. N.Məmmədov. Yanğın avtomobilləri və onların fəaliyyətinin tənzimlənməsinin bəzi aspektləri // Nəqliyyat hüququ jurnalı. Bakı, 2006, № 1. S.73-79.

6. Fövqəladə Hallar Nazirliyinin qəzeti (Həftəlik ictimai-siyasi qəzet) № 13 (142), 10 aprel 2009-cu il.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.