04.24.2017 21:03
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Beynəlxalq hava hüququnun əsas prinsipləri və tətbiq olunması qaydaları

 

        İbrahim QULİYEV,
        Milli Aviasiya Akademiyasının «Hüquqşünaslıq»
kafedrasının müdiri, hüquq elmləri doktoru, professor

        Məqalədə beynəlxalq hava hüququnun əsas prinsipləri və onun tətbiq olunması qaydaları açıqlanır. Bundan başqa, məqalədə beynəlxalq hava məkanına və dövlətlərin əraziləri üzərindəki hava məkanına öz müstəqil və suveren hüquqlarının tətbiq edilməsi xüsusilə vurğulanır. O cümlədən bu məsələ ilə bağlı digər aspektlər də aydın şəkildə göstərilmişdir.

        Beynəlxalq hava hüququ beynəlxalq hüququn aparıcı sahələrindən biridir. Beynəlxalq hava hüququ dövlətlər arasında mülki aviasiyanın fəaliyyətini və hava məkanından istifadəni beynəlxalq hüquq normaları və milli hüquq normaları əsasında tənzimləyir. Müstəqil Azərbaycan Respublikası BMT-nin və digər beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü olduğu səbəbdən mülki aviasiya sahəsində öz fəaliyyətini və hava məkanından istifadə qaydalarını beynəlxalq hüquq normaları və milli hüquq normaları əsasında həyata keçirir. Dövlətlər arasında hava əlaqələrinin yaranması sahəsində beynəlxalq hüquqi təcrübənin və beynəlxalq hava hüququnun əsas prinsiplərinin müstəsna rolu vardır. Beynəlxalq hava hüququnun bu prinsipləri dövlətlər arasında yalnız mülki aviasiya sahəsində fəaliyyətə və hava məkanından istifadə qaydalarına tətbiq olunur. Bu prinsiplərə dövlətlər tərəfindən ciddi surətdə riayət edilməlidir. Əks halda dövlətlər arasında beynəlxalq hava əlaqələrinin həyata keçirilməsi mümkün ola bilməz.
       Öz geniş formasına, əhəmiyyətinə və dərin məzmununa görə beynəlxalq hava hüququnda əsas mərkəzi prinsiplərdən biri kimi hesab edilən "dövlətlərin öz ərazisi hüdudunda hava məkanına tam və müstəsna müstəqilliyi" prinsipidir. 
       Mövcud olan bu prinsip beynəlxalq hava hüququnun bir sıra digər prinsiplərinin və beynəlxalq hüquq normalarının mahiyyətini, habelə hava məkanından istifadə edilməsi ilə əlaqədar yaranan konkret hüquqi münasibətlərin xarakterini və xüsusiyyətlərini müəyyən edir və tənzimləyir. Hava məkanında dövlətin bütöv və mütləq suverenliyi dövlət müstəqilliyinin ayrılmaz və tərkib hissəsidir. Bu o deməkdir ki, dövlət müstəqilliyinin və suverenliyinin ümumi xüsusiyyətləri dövlətin bütün ərazisində ali qüvvəyə malikdir və beynəlxalq münasibətlərin qurulmasında və həyata keçirilməsində müstəqildir. Dövlət ərazisi üzərindəki hava məkanına da müstəqilliyin və suverenliyin ali prinsipləri şamil olunur.
        Dövlətin müstəqillik və suverenlik prinsipinin vacibliyi ondadır ki, dövlət öz ərazisi üzərindəki hava məkanının hüquqi rejimini və fəaliyyətini beynəlxalq hüquq normaları və milli qanunvericilik əsasında müəyyən edir, tənzimləyir və həyata keçirir. Dövlət müstəqilliyi və suverenliyi həmin dövlətin bütün ərazisi üzərindəki (ərazi suları da daxil olmaqla) hava məkanında qüvvədədir.
        Dövlət ona məxsus olan hava məkanının hüquqi rejimini öz iradəsi ilə müəyyən etməli və bununla bağlı olaraq qəbul olunmuş milli qanunlar və normalar digər ölkələrin hava məkanlarının suveren hüquqlarının pozulmasına yönəlməməlidir.
        Qüvvədə olan beynəlxalq hava hüququ prinsipinin məzmununa görə dövlətlər aşağıdakı hüquqları həyata keçirmək hüququna malikdirlər:

        1) dövlətin ərazisi hüdudunda hava hərəkətlərinin tənzimlənməsinə və nizama salınmasına aid olan hüquqlar;

        2) dövlətin ərazisində olan mülki aviasiyaya məxsus hava nəqliyyatı müəssisələrinin kommersiya fəaliyyətinin nizama salınmasına aid olan hüquqlar;

        3) ölkə ərazisində olan hava gəmilərinə, onların ekipajlarına və həmin gəmilərdə olan sərnişinlərə, yüklərə və poçta dövlətin inzibati, mülki, cinayət və sairə yurisdiksiyasının həyata keçirilməsinə aid olan hüquqlar.

        Beynəlxalq hava əlaqələrinin nizama salınmasına aid olan hüquqlar qrupuna aşağıdakılar aiddir:

        1) xarici hava gəmilərinin uçuşlarına icazələrin verilməsi qaydasını və şərtlərini müəyyən etmək hüququ;

        2) dövlət sərhəddinin kəsib keçmə yerini müəyyən etmək hüququ;

        3) xarici hava gəmilərinin müntəzəm uçuşları üçün açıq olan marşrutları müəyyən etmək hüququ;

       4) xarici hava gəmilərinin yerə enməsi üçün açıq olan aeroportların siyahısını müəyyən etmək hüququ;

        5) uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xarici hava gəmilərinə və onların ekipajlarına edilən tələbləri müəyyən etmək hüququ;

        6) uçuşların aeronaviqasiya təminatının yerüstü vasitələrindən istifadə edilməsi qaydasını və şərtlərini müəyyən etmək hüququ.

        İkinci qrupa dövlət tərəfindən onun ərazisi üzərində beynəlxalq hava əlaqələrini həyata keçirən zaman yaranan kommersiya məsələlərinin tənzimlənməsi və nizama salınması ilə bağlı bütün konkret hüquqlar daxildir.
        Üçüncü qrup cinayət, mülki və inzibati yurisdiksiyanın məsələləri ilə bağlıdır. Ölkələr öz hava məkanının sərəncamçısı olmaqla, digər ölkələrə məxsus olan hava gəmilərinin uçuşları üçün icazə sistemlərini müəyyən etməklə bərabər, öz ərazisi məkanında dövlət cinayət sanksiyalarını milli qanunlar əsasında hava gəmisinin ölkənin hava məkanında qaydaları pozduğu halda tətbiq etmək hüququna malikdir. Dövlət tərəfindən cinayət sanksiyalarının tətbiq edilməsində əsas məqsəd ölkənin siyasi və iqtisadi maraqlarını təmin etmək, o cümlədən, dövlətin təhlükəsizliyini və hava gəmisinin hava məkanında uçuşunun təhlükəsizliyini təmin etməkdən ibarətdir. Beynəlxalq hava hüququnun əsas prinsiplərindən biri də beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi prinsipidir.
        Beynəlxalq mülki aviasiya haqqında 1944-cü ildə qəbul olnmuş Çikaqo Konvensiyası "təhlükəsizlik" termini haqqında geniş formada açıqlama vermişdir. Həmin termin anlayışı üç qrup normalara bölünür.

        Birinci qrupda "təhlükəsizlik" termini bir qədər dar mənada işlənir. Bu qrupa aşağıdakı müddəalar daxildir:

        1) dövlət öz hava gəmiləri üçün qaydaları müəyyən edərkən mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyi nəzərə alınmalıdır. (Çikaqo Konvensiyasının 46-cı maddəsi);

        2) qeyri-müntəzəm uçuşlarda uçuşun təhlükəsizliyi məqsədi ilə lazımi aeronaviqasiya vasitələri olmayan rayonlarda hərəkət etmək niyyətində olan hava gəmilərindən uçuşa xüsusi icazənin alınmasını tələb etmək (maddə 5);

        3) aeronaviqasiya təminatının vasitələri hava hərəkətinin təhlükəsizliyi və operativliyi (cəldliyi) məqsədilə verilir (maddə 15);

        4) pilotsuz hava gəmisinin uçuşuna elə nəzarət edilməlidir ki, mülki hava gəmilərinin uçuşlarında təhlükənin yaranması halı istisna olunsun (maddə 8).

        İkinci qrupa o müddəalar daxil edilir ki, onlarda mülki aviasiyadan istifadə edilməsinin təsiri ictimai fəaliyyətin digər sahələrinin təhlükəsizliyinə zəmanət versin.
        Üçüncü qrupda "təhlükəsizlik" termini bir qədər geniş mənada işlənir və bu qrupu mülki aviasiyanın təhlükəsizliyinə aid olan bütün müddəalar təşkil edir.
        Beynəlxalq hava hüququnun üçüncü əsas prinsipi beynəlxalq hava məkanında uçuşların azadlığı prinsipidir.
        Müasir beynəlxalq hüququn müddəalarına müvafiq olaraq açıq dəniz və beynəlxalq dəniz boğazları üzərindəki hava məkanı bütün dövlətlərin hava gəmilərinin uçuşları üçün azaddır. Belə hava məkanına beynəlxalq hava məkanı kimi baxmalıdır. Beynəlxalq hava məkanının hüquqi rejiminin əsasını uçuşların azadlığı prinsipi təşkil edir.

        Açıq dəniz üzərində uçuşların azadlığı dövlətlərin beynəlxalq müqaviləyə qoşulmuş və hamı tərəfindən qəbul edilmiş prinsiplərinin, yəni açıq dənizin azadlığı prinsipinin tərkib hissəsidir. 1958-ci ildə "Açıq dəniz barəsində" Cenevrə Konvensiyası müəyyən etdi ki, açıq dənizin azadlığı həmin dənizin üzərindəki hava məkanında uçuşların azadlığını özünə aid edir. Bütün dövlətlər açıq dəniz üzərindəki hava məkanında uçuş aparatlarının azad uçuşları həyata keçirmək hüququna malikdirlər. Lakin uçuşların azadlığı hədsiz deyil. Belə ki, dövlət açıq dəniz üzərindəki hava məkanında uçuşu həyata keçirərkən, ona başqa dövlətlərin həmin prinsip əsasında hüquqlarını, habelə beynəlxalq hüququn digər prinsiplərini pozmağa icazə verilmir. Açıq dəniz üzərindəki hava məkanı hər hansı bir dövlətin hakimiyyət dairəsinə daxil deyildir.
        Açıq dəniz üzərindəki hava məkanından istifadə etmək üçün bütün dövlətlərin aşağıdakı hüquqları vardır.
        1) mülki və hərbi uçuş aparatlarının uçuşlarını maneəsiz həyata keçirmək;
        2) öz hava gəmisinə və onun ekipajına onlara məxsus olan yurisdiksiyanı həyata keçirmək;
        3) təhlükəsizliyi təmin etmək məqsədilə hava gəmilərinin uçuşlarının idarə olunması onlara və nəzarət edilməsi üçün aeronaviqasiya vasitələrini tətbiq etmək;
        4) dənizdəki şəraitə, yəni dənizdə üzən hərbi, elmi-tədqiqat və ticarət gəmilərinə onların öz mənafeləri üçün hava gəmilərindən nəzarət etmək;
        5) beynəlxalq qaydaları və sahilboyu dövlətlərin qanunlarını pozmasına görə açıq dənizdə ticarət dəniz gəmisini təqib etmək;
        6) dəniz quldurluğu ilə mübarizə aparmaq üçün başqa hava gəmilərini bu işə cəlb etmək;
        7) dənizdə qanunsuz ticarət edənlərlə mübarizə aparmaq üçün hava gəmilərini bu işə cəlb etmək. Açıq dəniz üzərindəki hava məkanında uçuşları həyata keçirərkən, yuxarıda göstərilən hüquqları daxil olmaqla yanaşı, dövlətlərin üzərinə müəyyən vəzifələr də qoyulmuşdur.
        Belə ki, açıq dəniz üzərində azad uçuşlardan istifadə edərkən dövlətlər aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:
        1) İKAO tərəfindən tövsiyyə edilmiş uçuş qaydalarına riayət etmək;
        2) radioaktiv materialların tətbiq edilməsi nəticəsində açıq dəniz üzərindəki hava məkanının çirklənməsinin qarşısını almaq;
        3) açıq dəniz üzərindəki hava məkanında hər cür münaqişələrin qarşısını almaq;
        4) bədbəxt hadisələrə və təbii fəlakətə uğramış dəniz və hava gəmilərinə yardım göstərmək;
        5) açıq dəniz üzərindəki hava məkanından hər hansı nüvə sınaqlarının keçirilməsi üçün istifadə etməmək;
        6) öz hərbi və mülki hava gəmilərinin milli fərqləndirmə nişanları və qeydiyyat nömrəsi olmadan, onların uçuşlarına yol verməmək.
        Açıq dəniz üzərində uçuşların azadlığının ayrılmaz hissəsi hava gəmilərinin beynəlxalq dəniz boğazları üzərində uçuşlarının azadlığıdır. Beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplərinə və normalarına müvafiq olaraq beynəlxalq dəniz boğazları üzərindəki hava məkanı xarici hava gəmilərinin maneəsiz uçuşları üçün açıqdır.
        Qeyd olunduğu kimi, beynəlxalq hava hüququ bütün dövlətlər tərəfindən tanınmış və qəbul olunmuş beynəlxalq hüquq normaları və prinsipləri əsasında dövlətlər tərəfindən bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr əsasında tənzimlənir. Azərbaycan Respublikasında bu sahədə fəaliyyət göstərən Azərbaycan Hava Yolları Dövlət Konserni Azərbaycan Respublikasının və xalqının mənafeyi naminə beynəlxalq hüququ prinsiplərdən irəli gələn vəzifələri layiqincə yerinə yetirir.

İstifadə edilmiş ədəbiyyat: 
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2004. 
2. Azərbaycan Respublikasının Hava Məcəlləsi. Bakı, 1994.
3. Mejdunarodnoe vozduşnoe pravo M., 1980.

      

           

ОСНОВНЫЕ ПРИНЦИПЫ МЕЖДУНАРОДНОГО ВОЗДУШНОГО ПРАВА И ПРАВИЛА ЕГО ПРИМЕНЕНИЯ

Ибрагим КУЛИЕВ,
заведуший кафедрой "Правоведение" Национальной Авиационной
Академии, доктор юридических наук, профессор

В статье раскрываются основные принципы международного воздушного права и правила его применения. Кроме этого, особо подчеркивается применение к международному и находящийся над территорией государств воздушному пространству своих независимых и суверенных прав. В том числе четко выражены связанные с данным вопросом прочие аспекты

       

        BASIC PRINCIPLES OF INTERNATIONAL AIR LAW AND THE RULES OF THEIR USE

        Ibrahim KULIYEV,
        head of the "Jurisprudence" chair in National Aviation
        Academy doctor of law, professor

        Basic principles of international air law and the rules of their usage are revealed in this issue.
        Besides, the use of own independent and sovereign rights for airspace to international and being on the territory of states is strongly accentuated. And other aspects concerning the question are clearly defined as well.

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Ali Məhkəmə Plenumunun qərarları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.