06.27.2017 23:10
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Avtotəmir sənayesinin inkişafının ekoloji və iqtisadi aspektləri

 

 

i.e.n., dos. T.Ə.Xəlilov,

i.e.n. A.M.Əsədov

 

                Məqalədə texniki xidmət və təmir müəssisələrinin sosial, iqtisadi və ekoloji mahiyyəti açıq­lanmışdır. Müəllif daşıma proseslərinin səmərəli yerinə yetirilməsində avtotəmir müəs­­si­sələrinin əhəmiyyətini ətraflı izah edərək, onların təkmilləşdirilməsi, göstərilən xid­mətlərin keyfiyyətin yüksəldilməsi istiqamətində müəyyən təkliflər vermişdir.

 

Son dövrlər Azərbaycan Respublikasında nəqliyyat sektorunun, onun ayrı-ayrı in­fra­struktur sahələrinin inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Həyata keçirilən islahatlar içərisində avtomobil nəqliyyatının infrastruktur sahələrinin  tək­mil­ləş­dirilməsinə və ya yenidən qurulmasına xidmət edən layihələr xüsusi yer tutur və daha çox nəzərə çarpır. Ölkə­də avtomo­bil yolları­nın abadlaşdırıl­ması, yeni yol­la­­rın çəkilişi, müasir yol ötürücü­lərinin inşası, icti­mai nəqliyyat daşı­ma­­la­­­­rında ni­zam-intizama nəzarətin gücləndirilməsi, iri tutumlu avtobusların is­tis­­ma­ra buraxılması və s. məhz yerinə yetirilən layihələrin əsasını təşkil edir və bu sahəyə xüsusi diqqət gös­tə­rildiyini sübut edir. 

Məlumdur ki, avtomobil nəqliyyatının mühüm infrastrukturlarından biri də av­to­mobillərə texniki və təmir xid­mət­­ləri göstərən av­to­servis müəssisələridir. Bu mü­əssisələr istismar edilən avtonəqliyyat vasi­tə­lərinin saz­lı­ğını və istismara yarar­lı­lığını təmin etdiyi üçün vacib əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, avtomobil yollarında müşahidə edilən qəzaların, tıxac­ların, avtonəq­liyyatın yaratdığı ekoloji prob­lemlərin və s. xoşagəlməz halların  əsas səbəblərindən biri də məhz nəqliyyat vasitələrində yaranan nasazlıqlar, keyfiyyətsiz yerinə yetirilən təmir işləri və nor­ma­­tivə cavab verməyən istismar qaydalarıdır, onda avtotəmir sənayesinin əhəmiy­yət­li­liyi bir daha aydın olar. Təbii ki, söhbət müasir texniki-texnoloji və ekoloji tə­ləb­lərə cavab verən təmir müəssisələrindən gedir. Əks halda, hətta bir neçə müəs­sisənin standartlara uyğun olmaması belə, ümumi avtotəmir sənayesinin sə­mərə­liliyini aşa­ğı salır. Bu baxımdan nəqliyyat sektorunda aktual prob­lem­lər­dən biri də təmir və texniki xidmət sahəsin­də­ki xaotikliyin aradan qal­dı­rı­l­ma­sıdır (4;5).

Digər tərəfdən məlumdur ki, Azərbaycanın strateji və coğrafi mövqeyi elədir ki, regionda həyata keçirilən layihələrin ölkəmizin iştirakı olmadan reallaşdırılması qey­ri-mümkündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dediyi kimi, “Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə - nə siyasi, nə iqtisadi, nə nəqliyyat, nə də başqa – həyat keçirilə bilməz”(7).  Məlumdur ki, hazırda nəqliyyat sahəsində Azərbaycanın ya­xın­dan iştirak etdiyi iri regional proqramlar həyata keçirilməkdədir. Artıq İpək Yolu, Şimal-Cənub nəqliyyat dəhlizi və s. layihələr üzrə tamamlama işləri aparılır. Məhz be­lə bir dövrdə, Azərbaycanın nəqliyyat əlaqələrinin genişləndiyi bir vaxtda daşı­ma proseslərini beynəlxalq hüquq normalarına uyğun təşkil etmək, yüklərin və ət­raf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə avtotəmir sənayesinin inkişaf et­dirilməsi, avtoservis xidmətlərinin hüquqi tənzimlənməsi çox vacibdir (3;5).            

Son dövrlər ölkəmizdə sahibkarlığın genişləndirilməsinə, özəl sektorun inki­şa­fına şərait yaradılması və bazar münasıbətlərinə müvafiq olaraq iş adamlarına sər­bəst­lik verilməsi avtotəmir sahəsində də yüzlərlə kiçik və orta müəssisələrin mey­dana gəlmə­sinə səbəb olmuşdur. Belə bir vəziyyət isə müasir keyfiyyət tələblərinə cavab verməyən təmir  “ustaları” çoxluğu yaratmışdır. Digər sahələrdən fərqli ola­raq avtotəmir müəssisələrinin xidmətləri bir sıra spesifik xüsusiyyətlərə malikdir. Bu müəssisələrdə göstərilən xidmətlərin və təmir işlərinin keyfiyyətliliyi, birbaşa, hərəkətin səmərəli təşkilinə təsir edir. Eyni zamanda avtomobil sənayesinin inkişa­fında önəmli rol oynayır. Ona görə ki, avtomobillər yüklərin və sərnişinlərin da­şın­masını yerinə yetirən vasitə kimi daşıma prosesində özünün istismar xassələrini iti­rir və sıradan çıxır. Milli təsərrüfatın daşımalara olan tələbatını təmin etmək üçün sıradan çıxmış avomobilləri yenisi ilə əvəz etmək və ya təmirlə bərpa etmək la­zım­dır. Avtomobil parkının tamamlanmasının hər iki üsulu istehsal gücünün, ma­te­rial və enerji ehtiyyatlarının yaradılması, eləcə də kadrların hazırlanması üçün qa­baq­cadan bir sıra xərclər tələb edir (4;5) .

     Avtomobillərin istehsal xərclərinin strukturu ilə tanış olduqda onların təmir olun­­­­­­ması işinin məqsədə uyğunluğuna inanmaq olar. Araşdırmalar göstərir ki, av­to­­­mo­­billərin ha­zır­lan­masında xərclərin 80%-ə qədərini materialların və komplek­ləşmə detallarının alınmasına sərf olunur. Təmir prosesində isə material və ehtiyyat his­sələrin alınmasına çəkilən xərc 20%-dən çox olmur. Buna görə də hər hansı tex­ni­kanın təmirsiz istismarı ağılasığmazdır (6) .

Azərbaycanda bir çox alimlər avtomobil nəqliyyatının infrastruktur sahə­lə­rinin inkişaf perspektivlərinin araşdırılması istiqamətində tədqiqatlar aparmışlar. Müx­tə­lif mənbələrdə əks olunan elmi baxışları və irəli sürülmüş təklifləri ümumi­ləş­di­rərək belə nəticəyə gəlmək olar ki, elmi-texniki cəhətdən düz­gün təşkil edil­miş av­to­­təmir sənayesinin iqtisadi səmərəsi avtomobil istehsalı sənaye­sinin səmərə­sin­dən bir neçə dəfə çoxdur. Belə ki, avtotəmir sənayesinin buraxılış qabi­liy­yəti da­ha yük­­səkdir və avtotəmir işi­nin düzgün təşkilində o, təkcə avtomobillərin işə hazır qal­­masında deyil, həm­çinin daşımanın maya dəyərinin aşağı salınmasına da təsir gös­­­tərir. Bundan əlavə təmir müəssisələri avto­mobil nəqliyyatında əsas vəsaitlərin tək­rar istehsalına tə­sir göstərməklə avtomobillərin istismar müddətini artırır və bu­nunla da parkın sayını tənzimləyir. Pis təşkil olunmuş təmir bazası isə avtomobilin is­tis­mar müddətini azaldır və avtomobil zavodlarından çıxan yeni avtomobilləri sı­ra­dan çıxmış nəqliyyat vasitələrinin əvəz edilməsinə yönəltməyə məcbur edir ki, bu da avtomobil parkının genişlənmə tem­pini aşağı salır. Digər tərəfdən, nasaz avtomobillərin ekoloji zərərliliyi də təhlükə­li­dir. Məhz belə avtomobillərin təsiri ilə ətraf mühitin çirkləndirilməsinin nəticə­sidir ki, bu gün avtomobil nəqliyyatı çirkləndirmə mənbələri içərisində birinci yer­dədir. Ona görə də, müəyyən mənbə­lər­də avtomobil nəqliyyatını cəmiyyətə bəla gətirən ən mühüm elmi-texniki tərəqqi adlandırırlar. Bu baxımdan da ölkədə avto­servis xidmətlərinə nəzarətin güclən­di­ril­məsi və bu sahədə keyfiyyətin yüksəl­dil­məsi həyati əhəmiyyət kəsb edir (4;5).  

Avtotəmir sənayesinin istehsalat dəyərliliyi həmçinin metallara qənaətlə də xa­rak­­terizə olunur. Tədqiqatlar göstərir ki, təmirdən imtina etdikdə avtomobil parkı­nı hə­­min səviyyədə saxlamaq üçün avtomobil sənayesi ən azı 3 dəfə artıq istehsal gü­cü ilə işləməyə məcburdur. Buradan isə aydın olur ki,  parkın hər avtomo­bilinə gö­rə 10 tondan artıq metala qənaət edilir. Bu zaman avtomo­bilin metalının ərintiyə ve­ril­məsindən sonra əvvəlki metalın alınmamasını, keyfiyyətin dəyişməsini, bu pro­­sesə çəkilən xərcləri və prosesin ekoloji təsirlərini də nəzərə almaq lazımdır. Təmir yolu ilə av­to­mobilin istismar müddətinin müəyyən həddə qədər artırılması metal balansına görə daha qənaətlidir. Digər tərəfdən bir avtomobilin təmir vasitə­silə bərpasına çəkilən xüsusi xərclər onun hazırlanmasına çəkilən xərclərdən 5 dəfə azdır. Bu onunla əlaqədardır ki, təmir sənayesində avtomobilin detallarının yalnız dörddə bir hissəsi emal edilir, qalan hissəsinə isə təmir təsiri göstərilmir. Təmir sə­na­­yesi üçün daha az qiymətli ştamplar lazım gəlir. Nəhayət təmir müəssisələrinin ya­­ra­dılmasına çəkilən xərc avtomobil zavodunun yaradılmasına nisbətən bir neçə də­fə azdır. Xərclərin minimumluğu isə səmərəliliyin əsas şərtlərindən biridir (4).

                Bütün bunlar onu deməyə əsas verir ki, bu sahəyə investisiya qoymaqla avto­tə­mir sənayesinin müasirləşdirilməsi iqtisadi və ekoloji cəhətdən daha məqsədə­uy­ğun­dur, yəni avtomobil təmiri sənayesinin güclən­dirilməsi və inkişaf etdiril­mə­si xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatlardan isə belə nəticəyə gəlininr ki, təmir sə­na­yesinin ona olan tələbatdan geri qal­masını avtotəmir müəssisələrinin olmadığı rayonlarda yeni müəssisələrin açılması və fəaliyyət göstərən avtotəmir müəssi­sə­lə­rinin daxili imkanlarının səfərbərliyə alın­ması yolu ilə aradan qaldırmaq olar. Av­to­­­təmir müəssisələrinin daxili imkanla­rının səfərbərliyə alınması prosesi həm ida­rə­etmə formasının, həm də texnikanın inkişaf etdirilməsi yolu ilə aparıla bilər (4).

Araşdırmalar göstərir ki, son bir neçə ildə avtomobillərin əsas­lı tə­miri xeyli azal­mış, əsaslı təmir yürüşləri isə artmışdır. Bunun iki əsas səbəbi vardır:

        1. Av­to­mo­­­bil sənayesi müəyyən qədər keyfiyyətli avtomobillər istehsal etmək­lə parkın ge­niş­lənmə tempini təmin edə bilir. Təmirlərin azalması və əsaslı təmir yürüşlərinin ilbəil yüksəlməsi onunla izah edilir ki, avtomobillərin konstruksiyaları təkmilləşdirilir, yüksək keyfiyyətli istis­mar materiallarından istifadə edilir, istismar şəraiti yaxşılaşdırılır və s.;  

2. Avtotəmir  sənayesinin xidmətləri sifarişçilərin tələbatı ilə uzlaşmır və apa­rılan təmir işləri la­zı­mi effekt vermir.

Qeyd etmək lazımdır ki, texniki istismarın yerinə yetirdiyi tədbirlər o halda müsbət nəticələr əldə etməyə imkan verir ki, istehsal edilən avtomobillərin aqreqat və ehtiyyat hissələrinin keyfiyyəti yüksək olsun. Eyni zamanda təmir xidmətlərinin səviyyəsi də inkişaf etməkdə olan avtomobil istehsalı sənayesinin göstəriciləri ilə uzlaşdırılmalıdır. Başqa sözlə desək, avtotəmir müəssisələrinin texniki səviyyəsi və kadr təminatı avtomobillərin istismar keyfiyyətlərinin bərpa edilməsini və ya sabit saxlanmasını təmin etməlidir (4;5).

Avtomobilin istismar keyfiyyətləri dedikdə istismar zamanı meydana çıxan və hərəkət tərkibinin texniki imkanlarını müəyyən edən texniki göstəricilər başa düşülür. Istismar keyfiyyətləri konstruksiyanın layihələndirilməsi zamanı nəzərdə tutulur və istehsal prosesində təmin edilir. Avtomobilin əsas istismar keyfiyyətləri ya­na­caq qənaətliliyi və dinamikliyi, hərəkətin təhlükəsizliyi, dəyanət­liliyi və keçi­ci­liyi, yükgötürmə qabiliyyəti və tutumu, etibarlılığı və uzunömür­lü­lüyü, imtina­sız­lığı və rahatlığı, eləcədə məhsuldarlığı və təmirə yararlılığıdır. Avtoservis xidmət­lə­ri də, məhz bu keyfiyyətlərin maksimum qorunmasını təmin etməlidir. Müşahidə­lər isə bunun əksini, yəni təmir və texniki xidmət müəssisələrinin bu tələbata cavab vermədiyini göstərir (4) .   

        Belə ki, yeni avtomobillərin təmirlərarası yürüşü 50%-ə qə­dər artsa da, bu dövrdə avtotəmir sənayesinin uyğun müvəffəqiyyəti yoxdur. Tə­mi­­rin keyfiyyəti hə­lə təmirlərarası yürüşün yeni avtomobillərə uyğunluğunu təmin edə bilmir, təmir iş­lərinin maya dəyəri azalsa da onun tempi kifayət deyildir. Av­to­­təmir sənayesinin inkişafı istehsalın konsentrasiyasının genişlənməsi, müəssisənin ix­tisaslaşdırılma­sı­nın gücləndirilməsi, zavodlararsı əlaqələrin genişləndirilməsi, eh­­­­­­­­­­­tiy­yat hissələri ilə təminatın gücləndirilməsi, müəssisələrin texniki cəhətdən tə­min edilməsinin yük­­səldilməsi ilə xarakterizə olunur. Bu prinsiplər əsasında qurul­muş avtotəmir müəs­si­sələri avtomobil nəqliyyatı müəssisələrinin işinin daha yaxşı təşkil edilməsinə ki­fa­yət qədər təsir göstərə bilər.

Avtotəmir müəssisələrinin möhkəmləndirilməsi ilə təkcə təmirin maya dəyəri aşa­ğı düşmür, həmçinin istehsal mədəniyyəti artır, yerinə yetirilən işə yeni sə­na­­ye metodları tətbiq edilir və məhsulun keyfiyyəti yüksəlir. Aydındır ki, avtotə­mir mü­əs­sisələrinin is­teh­sal gücü xərclərin və təmir obyektlərinin daşınmasının məq­­sə­dəuyğunluğu amil­ləri nəzərə alınmaqla müəyyən edilməlidir.

Avtotəmir sənayesinin fəaliyyətinin təşkilinə onun elə funksiyaları aiddir ki, av­to­mobil nəqliyyatının hərəkət tərkibinin vaxtında və keyfiyyətli təmirini təmin et­sin və bu zaman ən az material və əmək ehtiyyatlarından istifadə edilsin. Qarşıya qo­yulmuş vəzifələri yerinə yetirmək üçün avtomobil nəqliyyatında istehsal və tə­mir sənaye­sinə vahid bir kompleks kimi baxılması daha məqsədəuyğundur. Hər bir sə­naye mərkəzində və iri şəhərlərdə avtomobil istismarı müəssisələrinin uyğun tə­mir bazası ilə, təmir bazalarının isə öz idarəetmə müəssisələri və əsas avto­nəq­liy­yat müəssisələri ilə  əlaqədar fəaliyyət göstərməsi qənaətbəxş hesab edilir (4;5;6).

Texniki xidmət və təmir işlərinin müasir tələbata uyğunlaşdırılması üçün vacib problemlərdən biri də texniki xidmət və təmir müəssisələrinin yeni ava­dan­lıqlarla və lazımi kadrlarla təmin edilməsidir. Texniki xidmət və təmir müəssi­sə­lərinin gü­nün tələblərinə cavab verən savadlı, müasir texnika və tex­no­­lo­­giyaya yiyələnmiş kadrlarla təmin edilməsi və eləcə də müəssisələrin təcrübəsiz “usta­lar­dan” azad edil­­məsi üçün bu sahədə çalışan kadr­ların sertifikatlaş­dı­rıl­ması məqsə­də­uyğun olar­­dı. Ancaq ilk növbədə kadr hazırlığı təkmilləşdiril­məlidir. Bunun üçün ya köh­nə texniki peşə məktəblərinin inkişaf etdirilməsi, ya yenilərinin ya­ra­dılması, ya da kadrların Nəqliyyat Nazirliyinin və digər əlaqə­dar dövlət təşkilat­larının müvafiq dəs­təyi və nəzarəti ilə təşkil edilmiş kurslarda hazırlanması məq­sə­dəuyğun hesab edilir. Praktikada isə onların fəaliyyə­tinin Nəqliyyat Nazirliyi tərəfindən qiymət­lən­­­dirilməsi, lazımi tələblərə cavab verən kadrlara isə xüsusi ser­ti­fi­kat­lar veril­məsi zə­­ru­­­ridir (4). Tədqiqatlara əsasən sertifi­kat­­laş­­dırmanın aşağıdakı kimi həyata keçi­ril­mə­si təklif edilir:

Məlumdur ki, Nəqliyyat Nazirliyinin Яsasnaməsində (maddə 9.14) qeyd olu­nur ki, Nazirlik öz səlahiyyətləri daxilində nəqliyyat-yol kom­plek­sinə aid olan müəs­sisələrin (o cümlədən avtotəmir müəssisələrinin) fəaliy­yətinə nəzarət edir, on­ların fəaliyyətini lisenziyalaşdırır və lazım gəldikdə bu lisenziyanı ləğv edir. Yaxşı olar­dı ki, Nazirlik müəssisəyə lisenziya verərkən, o müəssisədə çalışan kadr­ların iş ba­ca­rığını və təcrübəsini qiymətləndirsin. Başqa sözlə lazımi tələblərə cavab ver­mə­yən kadrları müəssisədən ya kənarlaşdırsın, ya da onların günü­müzün tələblərinə uy­ğun  hazırlanmasını, peşə hazırlığının yüksəldilməsinini təmin etsin. Uyğun kadrlara isə sertifikatlar təqdim edilsin. Ey­ni zamanda kadrların ser­ti­fikatlaş­dırılmasına Azər­baycan Res­pub­likasının Nəq­liyyat Nazirliyi ilə bərabər Vergilər Nazirliyinin də nəzarət etməsi məq­sədəuyğun olardı. Sertifi­katı olmadan texniki xidmət və təmir üzrə çalışan kadr­lara qarşı isə mü­­əyyən sank­si­yalar (cəri­mələr) tətbiq edilsin. Bazar iqtisadiyyatı şəraitində, iş adam­larına maksimum azadlıq verildiyi bir vaxt­da, bu təklif, ilk baxışdan qəbul edil­məyə bilər. Amma nəzərə almaq lazımdır ki, irəli sürülən təklif nəqliyyat vasi­tələrinin saz­­lığının təmin edilməsi, daşıma xidmətlərinin keyfiyyətinin yüksəl­dil­məsi və eko­­­loji problemlərin azal­dılması baxımından səmərəli ola bilər. (2; 4) .

Sertifikatlaşdırmanın aparılması avtoservis müəssisələrinin göstərdikləri xidmə­tə görə məsulliyyətini artıracaqdır. Çünki avtomobilə sərf edilmiş hər bir manat müəyyən yürüş norması de­mək­dir. Yəni qoyulmuş vəsait nəqliyyat vasitəsinə əlavə yürüş qazandırmalıdır. Əksər hallarda isə, avtoservis müəssisələrində çalışan kadr­ların təcrübəsizliyi və ba­carıqsızlığı səbəbindən nəqliyyat vasitəsi çəkilmiş xərcə uyğun yürüşü qət edə bilmir. Məhz bu səbəbdən də, texniki xidmət və təmir müəs­si­sələrində zəmanətli xid­­­­­mətlərin təşkili məqsədəuyğun hesab edilir. Bu zəmanət mü­əyyən vaxt və ya yürüş nor­ması şəklində ola bilər (4) .

Azərbaycan Respublikasının müvafiq qanunlarında da (məs.: “Nəqliyyat haq­qında” Qanun və s.) avtonəqliyyat vasitə­lərinin sazlığının təmin edilməsi üçün mə­su­liyyətin daşıyıcının və ya sifarişçinin üzərinə düşdüyü vurğulanır. Texniki xid­mət və təmir işlərini icra edən  müəssisə­lərinin məsuliyyəti haqqında isə heç bir müd­­dəa əks olunmamışdır. Ona görə də avto­təmir müəssisələrinin də məsuliy­yəti­nin müvafiq normativ-hüquqi aktlarda təsbit edil­məsi, bu sahədə keyfiyyətin yüksəl­dil­mə­si baxımından effektli  ola bilər (1;4).    

Aparıcı nəqliyyat növlərindən biri olan avtomobil nəqliy­ya­tı­nın texniki sazlığı­nın təminatı ilə məşğul olan müəssisələrin səmərəli­liyinin yük­­səl­­­­dilməsi, bu sa­hə­də xaotikliyin aradan qal­dırılması, yuxarıda qeyd edilən “us­ta­ların” təkmil­ləş­di­rilməsi və nəticədə avtonəq­liyyat vasitələrinin təmir və texniki xidmətinin maksimum sə­viy­yədə təşkil edil­məsi üçün qeyd edilən təbirlərin həyata keçirilməsi zəru­ridir.

 

                                         İstifadə edilmiş ədəbiyyat:

 

  1. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. “Azərbaycan” qə­zeti, 1999, 170.
  2.  “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında” Əsasnamə. “Azər­­baycan” qəzeti, 11 iyun 2003-cü il.
  3. E.Ə.Əliyev “Qloballaşma dövründə beynəlxalq nəqliyyat daşımaları: hüquqi aspektlər”. Bakı, “Zərdabi LTD” MMC NPM, 2006, 360s. 
  4. A.M.Əsədov “Avtomobil nəqliyyatının sənaye xarakterli infrastruktur müəs­sisələrinin iqtisadi inkişafının qiymətləndirilməsi” mövzusunda dissertasiya işi. Bakı, AzTU, 2004, 148 səh.
  5. А.М.Əsədov “Avtomobil təmiri müəssisələrində iqtisadi münasibətlərin bəzi xü­susiyyətləri”. AzTU, Elmi əsərlər: humanitar elmlər seriyası 3, Bakı, 2004, səh. 87-90.  
  6. Колесник П.А., Шейнин В.А. «Техническое обслуживание и ремонт ав­то­мобилей». М.:, Транспорт, 1985, 242с.
  7. «Respublika» qəzeti, 2007-ci il 2 Sentyabr, №  196, с.1.

 

Экологические  и экономические аспекты развития       

           авторемонтной  промышленности

 

 

 

Т.А.Халилов, к.э.н., доцент,

A.М.Асадов, к.э.н.

 

В статье раскрыты социальная, экономическая и экологическая сущ­ность предприятий техни­чес­кого обслуживания и ремонта. Автором подробно рассмотрена значение авто­ре­монтных предприятий в эффективном  исполнении процесса перевозки и даны  не­ко­торые предложения в направлении повышения качества обслуживания и  усовер­шен­ст­во­вания их.

                         

                                                                                       

 

             

    Ecological and economical aspects of the development оf industry of automobile repairs

 

 

                T.A.Xalilov,

А.M.Asadov.

 

                In article was explained social, economical and ecological essence of the establishments of servicing and repair. Author has explained importance comprehensively of the establishments of au­to­mobile repairs in the efficiently fulfill of the processes of carrying and has given definite offers in the direction increase of the quality of services and their improving.

 

 

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.