VİLAYƏT BAYRAM OĞLU DAŞDƏMİROV
Daxili işlər orqanlarının dövlət yol polisi xidmətinə ağır itgi üz vermişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vilayət Daşdəmirov qəflətən vəfat etmişdir.
Vilayət Bayram oğlu Daşdəmirov 1952-ci il noyabrın 18-də Gəncə şəhərində anadan olmuşdur. 1971-1973-cü illərdə hərbi xidmətdə olan V.Daşdəmirov xidmətini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1978-ci ildə institutu bitirərək mexanik-mühəndis ixtisasına yiyələnən V.Daşdəmirov Bərdə rayon Daxili İşlər Şöbəsində dövlət avtomobil müfəttişi vəzifəsində fəaliyyətə başlamışdır. V.Daşdəmirov qısa müddət ərzində özünü bacarıqlı mütəxəssis kimi göstərmiş və 1980-ci ildə Gəncə şəhər Daxili İşlər İdarəsinin DAM bölməsində baş mühəndis vəzifəsinə irəli çəkilmişdir.
1983-1993-cü illərdə V.Daşdəmirov Gəncə ŞDİİ DAM bölməsində taqım komandiri, baş dövlət avtomobil müfəttişi və bölmə rəisi vəzifələrində uğurla fəaliyyət göstərmişdir. 1993-1995-ci illərdə Gəncə şəhər Polis İdarəsinin rəis müavini işləyən V.Daşdəmirov şəhərdə kriminal durumun stabilləşdirilməsində, cinayətkar dəstələrin tərksilah edilməsində xüsusi fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə Gəncə ŞPİ-nin DYP şöbəsinə rəis təyin edildikdən sonra öz enerjisini yol hərəkəti qaydalarını pozanlara qarşı mübarizəyə sərf edən V.Daşdəmirov şəhərdə yol nəqliyyat hadisələrinin sayının azalmasına, insan həyatının qorunmasına nail olmuşdur.
2003-cü ildə BDYPİ-nin Yol Patrul Xidməti şöbəsinin rəisi vəzifəsinə irəli çəkilən V.Daşdəmirov yüksək ixtisaslı mütəxəssis kimi biliyini və zəngin təcrübəsini gənc yol polisi əməkdaşlarından əsirgəməmiş, dövlət yol polisi xidmətinin ön sıralarında olmuşdur.
Bacarıqlı təşkilatçı, qayğıkeş və həssas insan, gözəl ailə başçısı Vilayət Bayram oğlu Daşdəmirovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
DİN BDYPİ-nin kollektivi