05.26.2017 02:04
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

        ÖLKƏNIN SOSIAL-IQTISADI INKIŞAFINDA NƏQLIYYATIN ROLUNUN YÜKSƏLDILMƏSI ISTIQAMƏTLƏRI

        Fərid Bağırov,
        Azərbaycan Respublikası İqtisadi
        İnkişaf Nazirliyi Sahibkarlığın
        inkişafı departamentinin böyük
        məsləhətçisi


        Azərbaycan iqtisadi infrastrukturunun mühüm tərkib hissəsindən biri olan nəqliyyatın ölkənin sosial-iqtisadi inkişafında rolu və bu istiqamətdə aparılan islahatlar məqalənin əsasını təşkil edir. Müəllif tərəfindən qeyd olunur ki, respublikamızın dünya iqtisadiyyatına inteqrasiya etməsi və xarici ticarətin inkişafı nəqliyyat infrastrukturunun müasir standartlara uyğun yenidən qurulmasını tələb edir.
        Məqalədə belə bir fikir irəli sürülür ki, respublikada nəqliyyat vasitələrinin texniki xarakteristikasının beynəlxalq səviyyəyə uyğunluğu, servis xidmətlərinin keyfiyyət göstəricilərinin yüksəldilməsi nəqliyyatda təhlükəsizliyin təmin olunmasında kifayət qədər mühüm rol oynaya bilər.


       Energetika, rabitə, təhsil, səhiyyə və başqa infrastruktur sahələrilə yanaşı, nəqliyyat sahəsi də cəmiyyətin həyat fəaliyyəti üçün lazım olan şəraiti təmin edir.
        Bu baxımdan, nəqliyyat başlıca sosial-iqtisadi məqsədlərin reallaşmasının vacib amili kimi çıxış edir. Azərbaycanda bazar iqtisadiyyatına keçid istiqamətində aparılan islahatlar nəqliyyat daşımaları sahəsində müştərilərə göstərilən xidmətin keyfiyyətinin artırılmasını şərtləndirir və digər dövlətlərlə yeni iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin yaradılması zərurətini meydana çıxarır. Nəqliyyatın fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu (1999-cu il) müəyyənləşdirir. Həmin qanunda təsbit edilmiş müddəalara görə nəqliyyat sahəsində yaranan iqtisadi münasibətlərin təməlini nəqliyyat xidmətlərinə olan tələb və təkliflər bazarı formalaşdırır. Nəqliyyat müəssisələri və daşıyıcılar öz fəaliyyətlərini kommersiya və təsərrüfat prinsipləri əsasında həyata keçirirlər.
        Son onillikdə nəqliyyat infrastrukturunun genişlənməsi, habelə nəqliyyat vasitələrinin hərəkət radiusunun artması ilə əlaqədar olaraq dövlətlər bir-biri ilə daha faydalı qarşılıqlı münasibətdə olurlar və bunun da məntiqi nəticəsi kimi hal-hazırda nəqliyyat daşımaları sahəsində müxtəlif razılaşmaların (müqavilələrin, sazişlərin və s.) sayı xeyli artmışdır.
        Müasir dövrdə nəqliyyat Azərbaycanın iqtisadi infrastruktrunun əsas tərkib hissəsinə çevrilmişdir. Onun səmərəli fəaliyyəti bir tərəfdən iqtisadiyyatın təşkilində və sosial sahənin işində vacib şərt hesab edilir, digər tərəfdən iqtisadiyyat və cəmiyyət nəqliyyat sistemi üçün «ictimai sifarişi» formalaşdırır. Belə ki, nəqliyyat sektoru müştərilərin tələb və təkliflərinə uyğun xidmət göstərmək xüsusiyyətlərinə malik olmalıdır.
        Belə şəraitdə iqtisadiyyatın yüksəlməsində nəqliyyatı yalnız bir sahə kimi qiymətləndirmək olmaz. Nəqliyyat yük və sərnişin daşımalarında, təsərrüfatın idarə olunmasında, habelə insanların həyat fəaliyyətində mövcud şəraiti yaxşılaşdıran sahələrarası sistemdir. Nəqliyyatın davamlı inkişafı iqtisadi sahədə bütövlüyün, mal və xidmətlərin sərbəst mübadiləsinin, iqtisadi fəaliyyətdə sərbəstliyin, rəqabətin və əhalinin həyat şəraitinin yüksəlməsinin təminatıdır. Malların (məhsulların) istehsal və mübadiləsinin normal prosesi məhz nəqliyyat vasitələrinin köməyi ilə təmin edilir. Böyük klassik K.Marksın belə bir ifadəsini nümunə çəkmək yerinə düşərdi: nəqliyyat istehsal prosesinin mübadilə (dövriyyə) prosesində davamıdır.
        Nəqliyyatın inkişaf səviyyəsi ölkədə müəyyən dərəcədə sivilizasiyanın inkişafını müəyyənləşdirir desək, yanılmarıq. Nəqliyyat iqtisadiyyatın çox sahələri ilə bilavasitə əlaqəlidir. Nəqliyyat əməyin məhsuldarlığını yüksəltmək və yüklərin çatdırılmasına sərf olunan vaxtı azaltmaqla iqtisadiyyatın inkişafına təsir edən mühüm amil hesab olunur. Mübalığəsiz demək olar ki, dünyada baş verən qloballaşma dövründə nəqliyyat ölkəmizin milli sərvətlərinin səmərəli istifadəsi və dünya iqtisadi sisteminə inteqrasiya prosesində açar rolunu oynayır.
        Nəqliyyat infrastrukturunun inkişafı onun yuxarıda göstərilən istiqamətlərdə əhəmiyyəti baxımından yanaşmanı zəruri edir.
        Tarixə nəzər saldıqda nəqliyyatın ölkəmizin həyatında mühüm rol oynadığını qeyd edə bilərik. Bu gün isə Azərbaycanda daha dinamik həyat tərzi formalaşır. Cəmiyyətdə demokratik prinsiplərin və iqtisadiyyatda bazar mexanizmlərinin inkişafı müştərilərin - hüquqi və fiziki şəxslərin nəqliyyat xidmətlərindən istifadə imkanlarını artırır. Nəqliyyat iqtisadiyyatın müxtəlif səhələri arasında universal əlaqələndirici kimi xüsusiyyətə malikdir.
        İqtisadi sahədə əsas milli mənafe aşağıdakı istiqamətdə cəmləşmişdir: iqtisadiyyatda rəqabəti artırmaq, effektli və sabit saxlamaq, dünya iqtisadiyyatına inteqrasiya etmək. Nəqliyyatın rəqabət artımının Azərbaycan iqtisadiyyatında rolu məlumdur. Bu isə, nəqliyyat sisteminin və birinci növbədə nəqliyyat infrastrukturunun inkişafını zəruri edir. Bütün bunlara baxmayaraq, nəqliyyat sisteminin əsas funksiyası dəyişməzdir: nəqliyyat vahid milli əmtəə bazarını təmin edir, regionlarla qarşılıqlı əlaqə yaradır, vətəndaşların həyat tərzində hərəkətlik yaradır. Nəqliyyatın strateqiyası və inkişafı bütövlükdə ölkənin sosial-iqtisadi inkişaf ssenarisindən asılıdır. Müasir dövrdə nəqliyyat sisteminin inkişafının məqsədi birmənalı olaraq dövlətin əsas istiqaməti olan sosial-iqtisadi və geosiyasi məqsədlərlə uzlaşır. Bütöv iqtisadi sahənin inkişafı, əmtəə hərəkətinin sürətləndirilməsi, müxtəlif reqionlar arasında nəqliyyat sisteminin inkişafı bu məqsədlərə nail olmaq üçün önəmli rol oynayır. Bu məqsədlə ölkədə inkişaf etməkdə olan avtomobil parkının tamamilə sistemləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
        Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etməsi və xarici ticarətin inkişafı nəqliyyat infrastrukturunun müasir standartlara uyğun yenidənqurulmasını, ölkənin tranzit daşımalar sahəsində potensialının reallaşdırılmasını, yerli nəqliyyat şirkətlərinin rəqabət qabiliyyətinin artırılmasını və nəqliyyat xidmətlərinin ixrac imkanlarının artırılmasını tələb edir.
        Təbii resursların qorunub saxlanması və həyat səviyyəsinin yüksəldilməsi üçün gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyət nəqliyyat siyasətinin davamlı inkişaf prinsiplərinə uyğun qurulmasını ön plana çəkir.
        Dünya birliyində Azərbaycanın geosiyasi şəraitinin və mövqeyinin dəyişməsi milli təhlükəsizlik sisteminin bir elementi kimi nəqliyyat sahəsinin qarşısında yeni tələblər qoyur. Nəqliyyat sistemində təhlükəsizliyin təmin olunması vacib amillərdən biridir. Hazırkı, vaxtda təhlükəsizlik problemlərini aradan qaldırmaq üçün intensiv surətdə müxtəlif istiqamətdə işlər aparılır. Ölkəmizin milli təhlükəsizliyi kimi nəqliyyatın təhlükəsizliyi bu istiqamətlərdən birinə aiddir. Öz növbəsində nəqliyyat şirkətlərinin əsas məqsədi sərnişin və yük daşımasını mümkün qədər aşağı qiymətə, məsuliyyətlə və vaxt itirmədən marşrut üzrə nəzərdə tutulan vaxtda ünvana çatdırmaqdan ibarətdir. Marşrutun hərəkəti obyektin nəqli zamanı ekoloji təhlükəsizliyi, xarici şəraitin vəziyyətini və obyektin vəd edildiyi vaxtda çatdırılmasını müəyyən edir. Onun təhlükəsizliyi isə informasiya vasitələrilə təchizat, rabitə əlaqəsinin vəziyyəti və onların keyfiyyəti ilə xarakterizə olunur. Qarşıda duran məqsədlərə nail olmaq üçün respublikanın avtomobil yollarında olan problemləri də aradan qaldırmaq vacibdir. Son illərdə respublikada magistral, şəhər (rayon) daxili yolların təmiri və yenidən qurulması ölkəmizdə gedən sosial-iqtisadi inkişafın nəticəsində əldə edilən uğurlar kimi qiymətləndirilməlidir. Buna baxmayaraq, ümumilikdə hələlik bütün magistral yolların tam qənaətbəxs vəziyyətdə olmaması yollarda qəza baş verməsinə dolayı yolla təsir göstərən amillərdən biridir.
        Bununla yanaşı, praktiki olaraq bütün ölkələrdə baş vermiş qəzaların səbəbi kommunikasiya vəziyyəti ilə əlaqələndirilir. Bu, küçə və yol şəbəkəsinin tikintisinə və yenidən qurulmasına ayrılan vəsaitlərin artırılması zərurətini yaradır. Belə ki, nəqliyyat kommunikasiyasının keyfiyyətinin yüksəldilməsi baş verə biləcək yol qəzalarının sayının aşağı düşməsində mühüm rol oynaya bilər. Azərbaycanın ümumi istifadə üçün avtomobil yollarının uzunluğu 22.056 km, o cümlədən, respublika əhəmiyyətli avtomobil yollarının uzunluğu 6.935 km, yerli əhəmiyyətli yollar isə 15.121 km təşkil edir. Respublika ərazisində 2003-cü ildə baş vermiş yol qəza hadisələrinin sayı 2311, həlak olanların sayı 724 nəfər, yaralananların sayı isə 2691 nəfərdir.
        Bu göstəricilərə yol hərəkətinin təhlükəsizliyi kontekstində nəzər salsaq görərik ki, ölkənin yüksəliş tempinə uyğun yol şəbəkəsinin inkişafının sürətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bütün avtomobil yollarının monitor yol avadanlıqları sistemilə təchiz edilməsi, habelə yol şəbəkəsində baş vermiş yol-nəqliyyat pozuntusunu xəbər verən radioqəbuledici avadanlıqların tətbiq edilməsi, o cümlədən yol hərəkəti pozuntusunu qeyd edən xüsusi avadanlıqlardan istifadə edilməsi vacib şərtlərdən biridir.
        Ölkədə nəqliyyat vasitələrinin texniki xarakteristikalarının beynəlxalq səviyyəyə uyğunluğu, servis xidmətlərinin keyfiyyət göstəricilərinin yüksəldilməsi, nəqliyyat yol infrastrukturunun vəziyyətinin yaxşılaşdırılması nəqliyyatda təhlükəsizliyin təmin olunmasında kifayət qədər mühüm rol oynaya bilər.
        Digər mühüm məsələ göstərilən tədbirlərin reallaşdırılmasının maliyyə mənbələrinin müəyyənləşdirilməsidir. Bu baxımdan, ölkənin nəqliyyat infrastrukturunun inkişafında özəl kapitalın istifadəsinin dünya praktikasında müvəffəqiyyətlə tətbiq edilən daha səmərəli mexanizminin yaradılması aktual məsələlərdən biridir.

        İstifadə edilmiş ədəbiyyat:

        1. "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanunu. 11.06.1999-cu il, № 683-1Q.
        2. Əliyev E.Ə. Beynəlxalq nəqliyyat daşımalarının konvension təsbiti. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2002.
        3. Qafarov Z.M., Aliev G.A. Premenenie sovremennoqo mejdunarodnoqo transportnoqo prava v Azerbaydjanskoy Respublike. M., OLMA-PRESS, 2002.
        4. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" // Azərbaycan Respublikası Prezidentinin 11.02.2004-cü il tarixli 24 №-li Fərmanı. 

        

        

       

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Ali Məhkəmə Plenumunun qərarları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.