08.24.2017 08:50
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

NƏQLIYYAT HÜQUQUNDA DAŞIMA ÖHDƏLIKLƏRININ ELEMENTLƏRI. TƏRƏFLƏRIN HÜQUQ VƏ VƏZIFƏLƏRI



       Azərbaycan Dövlət Dəniz Akademiyası
       «Humanitar fənlər» kafedrasının müdiri, dosent R.İMANOV
       və «Humanitar fənlər» kafedrasının baş müəllimi F.MƏMMƏDOV


        Məqalədə nəqliyyat hüququnda daşıma ilə bağlı öhdəliklərin elementlərinin nədən ibarət olduğu, nəqliyyat xidməti göstərilməsi prossesində tərəflər, onların hüquq və vəzifələri, bunlarla bağlı qanunvericilik məsələləri araşdırılmış, daşıma öhdəliyinin əmələgəlmə əsasının nəqliyyat prossesinin təşkili haqqında tərəflər arasında bağlanan sazişlərlə tənzimləndiyi qeyd olunmuşdur.
        Müəlliflər tərəfindən daşımaların təşkili ilə əlaqədar tərəflər arasında bağlanmış müqavilələr, həmçinin real və konsensual müqavilələrin konstruksiyaları açıqlanmışdır.
        Məqalədə göstərilmişdir ki, istənilən daşıma halında daşıyıcının əsas öhdəliklərini bağlanmış müqavilənin şərtlərinin vaxtında, tam və düzgün şəkildə icra edilməsi təşkil edə bilər ki, əks halda onlar əmlak məsuliyyətinə cəlb oluna bilərlər.


        Daşıma öhdəliklərinin subyektləri yükgöndərən, daşıyıcı və yükalandır. Daşıyıcı qismində yalnız kommersiya təşkilatı və ya fərdi sahibkar çıxış edə bilər. Sonuncu, qüvvədə olan qanunvericiliyə əsasən yükdaşımalarla məşğul olmaq hüququna malik olmalıdır. Yükgöndərən və yükalan funksiyalarını həyata keçirən şəxslər həm fiziki, həm də hüquqi şəxslər ola bilərlər. «Yükdaşıyan» (və ya sadəcə «daşıyıcı»), «yükgöndərən», «yükalan» terminlərindən, praktiki olaraq, bütün nəqliyyat növlərində istifadə olunur. Bu terminlərə eyni zamanda nəqliyyat münasibətlərini tənzimləyən normativ aktlarda da rast gəlinir. Lakin dəniz nəqliyyatında başqa terminologiyadan da istifadə edilir. Yükgöndərən orada bəzən fraxtçı, yükdaşıma müqaviləsi isə fraxtetmə müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 87.1-ci maddəsi). Yükdaşımalar üzrə öhdəliklərin obyekti daşıyıcı tərəfindən daşınan yüklərdir. Hüquq ədəbiyyatında sözügedən obyekti maddi obyekt adlandıraraq, burada yükdaşıma ilə bağlı fəaliyyət (bu fəaliyyət yüklərin nəqlindən başqa, həm də onların yüklənmə, boşaltma, saxlama və yükalana təhvil verilməsi ilə bağlı fəaliyyəti də özündə ehtiva edir) hüquqi obyekt kimi nəzərdən keçirilir (Bax: Tarasov M.A. Doqovor perevozki.
Rostov-na-Donu, 1965. s.87; V.V.Vitrənskiy. Doqovor perevozki. M., 2001. s.102; V.A.Eqiazarov. Transportnoe pravo. M., 2004, s.75.).
        Azərbaycan Respublikası Mülki Məcəlləsində yükdaşımanın təşkili haqqında müqavilənin adı çəkilmir, hərçənd ki, ümumiyyətlə nəqliyyat xidmətinin göstərilməsi prosesində iki müstəqil öhdəlik əmələ gəlir: birincisi, nəqliyyat vasitələrinin verilməsi və daşıma üçün yüklərin təqdim edilməsi ilə bağlı yaranan müstəqil öhdəliklər, ikincisi, yükgöndərəndən qəbul edilmiş yükün daşıyıcı tərəfindən təyinat yerinə (məntəqə, liman) çatdırılması və yükalana təhvil verilməsilə əlaqədar yaranan öhdəliklər.
        Birinci öhdəliyin əmələ gəlmə əsasını nəqliyyat prosesinin təşkili haqqında tərəflər arasında bağlanan saziş yaradır. Daşıma üçün gələcəkdə veriləcək nəqliyyat vasitələrinin sayı, daşıma müddəti, müvafiq yükün daşınması üçün nəqliyyat vasitələrinin yararlı vəziyyətə gətirilməsi və s. şərtlər sazişin məzmununu təşkil edir.
        Sözügedən sazişdə, həmçinin, yükün həcmi və xarakteri, malın keyfiyyəti, hesablaşma qaydası haqqında tərəflər razılığa gəlirlər. Bu şərtlər ətrafında tərəflər yükdaşımaların təşkili haqqında müqavilə bağlayır ki, bu müqavilənin hüquqi konstruksiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə uyğun gəlir. Beləliklə, əgər yük daşınması müqaviləsi əsas müqaviləsidirsə (müqavilənin əsas təyinatı əşyaları olduqları yerdən təyinat yerinə daşımaqdan ibarətdir), yükdaşımalarının təşkili haqqında müqavilə isə əsas müqavilənin gələcəkdə bağlanması haqqında öhdəlikdir.
        Mülki Məcəllənin 402.1-ci maddəsindən görünür ki, yükdaşımaların təşkili haqqında müqavilə ilkin müqavilə, yük daşınması müqaviləsi isə əsas müqavilə kateqoriyasına aiddir. Yük daşınması müqaviləsi (Mülki Məcəllənin 850.1-ci maddəsi) nəqliyyat müqavilələri sistemində «üstün və hakim mövqeyə malikdir» (Bax: Allahverdiyev S.S. Azərbaycan Respublikasının Mülki Hüququ. Dərs vəsaiti. Bakı, 2001, II cild, s.452.).
        Lakin nə Azərbaycan Respublikasının mülki qanunvericiliyi, nə də ki, Ticarət Gəmiçiliyi Məcəlləsi yükdaşımaların təşkili haqqında müqavilənin konstruksiyasına uyğun olan və daşıma müqaviləsinin bağlanmasına təşkilati zəmin yaradan müqavilə növünün adını çəkmir.
        Yuxarıda qeyd etdiyiniz kimi, yalnız Mülki Məcəllənin 402.1-ci maddəsi ilkin müqavilənin anlayışını verməklə onun subyektlərinin gələcəkdə əsas müqavilənin bağlanması barədə öz üzərlərinə öhdəlik götürmələrini təsdiq edən sənəd rolunu oynayır. Bununla yanaşı, «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində (3-cü və 4-cü bəndlərində) yükdaşımalarının təşkili haqqında müqavilə konstruksiyasının anlayışı və əsas xüsusiyyətləri verilmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsində yük daşınması müqaviləsinin anlayışı belə verilir: «Yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yolasalan və ya yüküalan isə daşımanın haqqını ödəməyi öhdəsinə götürür».
        Analoji olaraq, Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 87.1-ci maddəsi dənizlə yük daşınması müqaviləsinin tərifini verir: «Dənizlə yük daşınması müqaviləsi daşıyıcı yükgöndərənin ona verdiyi və ya verəcəyi yükü təyinat limanına daşımağı və yükün alınmasına vəkil edilən şəxsə (yükalana) verməyi, yükgöndərən və ya fraxtedən isə daşımanın dəyərini (fraxtı) ödəməyi öhdəsinə götürməsi barəsində istənilən müqavilədir» [Burada fraxt və fraxtedən sözləri müxtəlif mənalarda işlənir. Fraxt nəqliyyat vasitəsi sahibinə verilən haqqı ifadə edir. Fraxtedən isə icarəçidir (nəqliyyat vasitəsini müəyyən vaxta icarəyə, kirayəyə götürən şəxs)].
        Ticarət Gəmiçiliyi Məcəlləsinin 87.1-ci maddəsindəki hüquqi konstruksiyada həm ilkin, həm də əsas müqavilələrin konstruksiyaları birləşdirilmişdir. Belə ki, qanunvericilik dənizlə yük daşınması müqaviləsi tərəflərinin (daşıyıcı və yükgöndərənin) hüquq və vəzifələrini iki halda müəyyənləşdirir: birincisi, yükgöndərən daşıyıcıya yükü verdikdən sonra yaranan qarşılıqlı hüquq və vəzifələr, ikincisi, verilmiş yükün gələcəkdə təyinat limanına çatdırılması barədə bağlanan müqavilə üzrə yaranan hüquq və vəzifələr.
        Göründüyü kimi, ikinci halda söhbət konsensual müqavilədən, yəni gələcəkdə veriləcək yükün daşınması ilə əlaqədar bağlanan müqavilədən gedir. Bu isə real müqavilənin, yəni yük qəbul ediləndən sonra bağlanmış hesab olunan müqavilənin bağlanmasında zəmin rolunu oynayan ilkin müqavilədir.
        Beləliklə, Ticarət Gəmiçiliyi Məcəlləsinin 87.1-ci maddəsində həm ilkin (konsensual), həm də əsas (real) müqavilələrin konstruksiyaları verilmişdir. Öz hüquqi təbiətinə görə burada konsensual və ikitərəfli (qarşılıqlı) xarakterə malik, eyni zamanda real (ikitərəfli və qarşılıqlı) xarakter daşıyan müqavilələrin konstruksiyaları öz əksini tapmışdır.
        Yük daşınması müqaviləsində müddət mühüm əhəmiyyət kəsb edir. Məhz müəyyən müddət ərzində çatdırılmalı olan əşyaların gecikdirilməsi, yük daşınması müqaviləsinin şərtlərinin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilir. Bəzi əşyalara münasibətdə isə bu cür müddət pozuntusu iqtisad məhkəmələrində iddia qaldırılmasına səbəb olur. Ona görə də qanun yükgöndərənə yüklərin saxlanılmasına təminat verə biləcək nəqliyyat vasitəsini seçmək hüququnu verir. Göndəriləcək əşyaların nəql edilməsi üçün yararlı olmayan nəqliyyat vasitəsindən yükgöndərən imtina etməlidir. Məsələn, vaqonların texniki nasazlığına görə dəmir yolu məsuliyyət daşıyırsa, bu məsuliyyətdən azad olunması üçün o, vaqonun nasazlıq səbəbinin yükgöndərənin təqsiri üzündən baş verməsini sübut etməlidir. Bəzi halda yükgöndərən yükalan qarşısında məsuliyyət daşıyır. Yükün çatışmamazlığı, zədələnməsi, yararsız nəqliyyat vasitəsinə yüklənməsi nəticəsində xarab olması səbəbindən məsuliyyət daşıyan yükgöndərən, bu məsuliyyətdən yalnız dəmir yolunun təqsirini sübut edərsə azad oluna bilər. Qeyd etmək lazımdır ki, nəqliyyat nizamnamələri və məcəllələri, yüklərin daşınma qaydaları və dənizlə yük daşınmasının ümumi qaydaları nəqliyyat vasitələrinin həm texniki, həm də kommersiya baxımından yararlı olmasının zəruriliyini qeyd edirlər. Nəqliyyat vasitələrinin nəinki qapısı, damı, hərəkətə gətirən mexanizmi saz vəziyyətdə olmalıdır, hətta vaqonlarda, konteynerlərdə, yüklərin saxlanıldığı yerlərdə xoşagəlməz qoxunun mümkünlüyü istisna olunmalıdır.
        Burada məsuliyyətin kimin üzərinə düşməsi sualı maraq doğurur. Bu barədə nəqliyyat vasitələrinin texniki cəhətdən yararlı olub-olmamasına cavabdeh şəxs yükdaşıyandır, yəni nəqliyyat vasitəsinin sahibidir. Kommersiya baxımından isə nəqliyyat vasitəsinin yararlı olmasını yükgöndərən özü müəyyən etməlidir, çünki yükü təşkil edən əşyaların xüsusiyyətlərini bilmək və buna müvafiq nəqliyyat növünü seçmək, yükün saxlanılması ilə əlaqədar bütün məsələlələrə dair məsuliyyət yükgöndərənin üzərinə düşür.
        Nəqliyyat vasitəsi nəqliyyat qanunvericiliyin normalarına uyğun olaraq tam tutuma qədər yüklənməlidir. Nəqliyyat vasitəsinin tam tutuma qədər yüklənməsi və yükün çəkisinin düzgün müəyyən edilməsi həm yükgöndərən, həm də daşıyıcı üçün böyük əhəmiyyət kəsb edir, çünki nəqliyyat müəssisələrinin fəaliyyəti daşınan yükün çəkisi ilə qiymətləndirilir, daşıma haqqının məbləği isə yalnız təyinat yerinədək olan məsafə ilə deyil, həm də yükün çəkisindən asılıdır.
        Dəniz nəqliyyatında yükvurma işləri limanlardakı fəhlələrin gücü ilə aparılırsa, yükün çəkisini gəmiçiliyin özü müəyyən edir, daxili su (çay) nəqliyyatında isə bu yükgöndərən tərəfindən müəyyənləşdirilir.
        Daşıma haqqının ödənilməsi istənilən yük daşınması müqavilələrində yükgöndərənin ən vacib öhdəliklərindən biri sayılır. Ümumi qaydaya görə daşıma haqqı (daşıma haqqının məbləği tariflərlə müəyyən edilir) yükün göndərildiyi məntəqədə yükün təhvil verilməsi ilə eyni vaxtda mədaxil edilməlidir. Bundan başqa daşıyıcı yükün göndərilməsini ləngidə bilər, əgər haqq (fraxt) müəyyən edilmiş müddətdə ödənilməzsə, həmin səbəbdən daşıyıcı yük daşınması müqaviləsinin icrasından imtina edə bilər (Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 119-cu maddəsi).
        Müddət yük daşınması müqaviləsinin müəyyən əhəmiyyət kəsb edən şərtlərindən biridir. Yüklərin vaxtında çatdırılması müqavilənin düzgün yerinə yetirilməsinə təsir göstərir; eyni zamanda daşınan yüklərin saxlanılması, nəqliyyat vasitəsinin səmərəli istifadə edilməsi, nəqliyyat vasitəsinin dövriyyəsinin tezləşdirilməsi məsələləri sərf edilən vaxtdan asılıdır. Ona görə, yükün vaxtında çatdırılması müqavilə şərtlərinin lazımınca yerinə yetirilməsi olmaqla bərabər, həm də daşıyıcının əsas öhdəliklərindən biri sayılır ki, buna görə o əmlak məsuliyyətinə cəlb edilə bilər.
       

        İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2003.
2. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi. 22.06.2001-ci il, № 146-II Q.
3. milli qanunvericilik. Dərs vəsaiti. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2003.
4. O.Əfəndiyev, E.Əliyev. Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən 700 termin. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2004.
5. Tarasov M.A. Doqovor perevozki. Rostov-na-Donu, 1965. s.87.
6. Vitrənskiy V.V. Doqovor perevozki. M., 2001. s.102.
7. Eqiazarov V.A. Transportnoe pravo. M., 2004.
8. Allahverdiyev S.S. Azərbaycan Respublikasının mülki hüququ. Dərs vəsaiti, II cild, Bakı, 2001. 

 

ЭЛЕМЕНТЫ ОБЯЗАТЕЛЬСТВ ПЕРЕВОЗКИ В ТРАНСПОРТНОМ ПРАВЕ. ПРАВА И ОБЯЗАННОСТИ СТОРОН


        АЗЕРБАЙДЖАНСКАЯ ГОСУДАРСТВЕННАЯ МОРСКАЯ АКАДЕМИЯ
       – Р.Иманов, заведующий кафедрой "Гуманитарные дисциплины", доцент;
       – Ф.Мамедов, старшый преподаватель кафедры "Гуманитарные дисциплины"


        В статье исследованы составные части элементов обязательств по перевозкам в транспортном праве, стороны в процессе оказания транспортных услуг, их права и обязанности, и связанные с ними законодательные вопросы, отмечено, что основа воз-никновения обязательств по перевозкам регулируются соглашениями, заключенными между сторонами.
        Авторы раскрыли суть заключенных между сторонами соглашений об организации перевозок, а также конструкции реальных и консенсуальных договоров.
        В статье отмечено, что в любом виде перевозок основные обязательства перевоз-чика могут состоять из своевременного, полного и правильного выполнения условий за-ключенного договора, иначе они могут быть привлечены к имущественной ответственности

 

THE ELEMENTS OF TRANSPORTATION OBLIGATIONS IN TRANSPORT LAW. THE RIGHTS AND DUTIES OF THE SIDES.

 AZERBAIJAN STATE MARINE ACADEMY
R. Imanov, the head of the "Humanitarian Disciplines" chair, senior lec

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Ali Məhkəmə Plenumunun qərarları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.