12.12.2017 02:58
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

        DƏMIR YOLUNUN FƏALIYYƏTININ HÜQUQUI ƏSASLARI

 

        Qurban NƏZIROV,
        Azərbaycan Dövlət Dəmir
        Yolunun baş mühəndisi

       

        Məqalədə Azərbaycanda dövlət dəmir yolunun cəmiyyətdə rolu, hüquq və vəzifələri, funksiyaları, ümumiyyətlə, dəmir yolu fəaliyyətinin hüquqi əsaslarının nədən ibarət olduğu barədə oxuculara məlumat verilir, respublikamızda ilk dəfə salınmış dəmir yolunun XVIII əsrə aid olması, onun tarixi inkişaf mərhələsi xatırlanır.
«Dəmir yolu dövlət daxilində dövlətdir» ifadəsi müəllif tərəfindən xüsusilə vurğulanır, dəmir yolunun ölkə iqtisadiyyatında əvəzedilməz rolu əsaslandırılır.
        Məqalədə Dövlət Dəmir yolunun müstəqil Azərbaycan Respublikası ilə Qərbi Avropa və Asiya ölkələri arasında yaranan yeni iqtisadi-ticarət münasibətlərinin inkişafına da öz önəmli töhfələrini verdiyi diqqətə çatdırılır.
        Müəllif tərəfindən belə bir ideya dəstəklənir ki, tarif siyasəti çərçivəsində dəmir yollarının qarşılıqlı əlaqəsini genişləndirmək üzrə kompleks tədbirlər hazırlanmalı və həyata keçirilməlidir.


        Hər bir ölkənin tarixində silinməz səhifələrdən biri də dəmir yolunun yaranma tarixidir. Onun salınmasının ortaya çıxma zəruriyyəti, gələcək perspektivləri, ölkə iqtisadiyyatının inkişafında rolu və əhəmiyyətinə bu baxımdan nəzər salmaq çox məqsədəuyğundur.
       Abşeronda neftin mövcud olması qədim zamanlardan bəllidir. 1871-ci ildə ilk qazma quyusunun meydana gəlməsi, qazma üsulunun inkişaf etdirilməsi və həmin illərdə alış-veriş sisteminin ləğvi ilə əlaqədar olaraq neftçıxarmanın kəskin surətdə artması, habelə onun daşınmasının təkmilləşdirilməsi məsələsi ortaya çıxdı. Bununla bağlı Bakının neft sənayeçiləri daha çox gəlir götürmək üçün dəmir yolu xəttinin və boru kəmərlərinin çəkilməsinə xüsusi maraq göstərdilər.
        Beləliklə, 1878-ci ildə Azərbaycanda uzunluğu 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolunun çəkilişi barədə fərman imzalandı və onun icrası 1880-ci il yanvarın 20-də başa çatdı. Bu, ilk dəfə olaraq, dünyada neftin sisternlərdə (vaqon çənlərində) daşınmasının əsasını qoydu. Azərbaycan neftinin Qara dəniz limanlarına, oradan isə Rusiyanın qərb rayonlarına və Avropa ölkələrinə daşınmasını təmin etmək üçün 1883-cü ildə Bakı-Tbilisi-Batumi magistral dəmir yolu xətti, daha sonra, yəni 1890-cı ildə isə 231 kilometr uzunluğunda Biləcəri-Dərbənd polad magistralı istifadəyə verildi.
        Dəmir yolu, dəmir yolu xətti, qatar, stansiya, vağzal, depo, distansiya kimi terminlər və müvafiq müəssisə və qurumlar da tədricən belə yarandı. Bütün bunlar dəmir yolunun funksiyalarının, cəmiyyətdə rolunun, hüquq və vəzifələrinin müəyyənləşdirilməsində əsas amilə çevrildi. İndi «Dəmir yolu dövlət daxilində dövlətdir» ifadəsi uzun illərdir ki, öz mənasını və əhəmiyyətini qoruyub saxlamaqdadır.
        Ölkə iqtisadiyyatında dəmir yolunun rolu artdıqca, dəmir yolunun elmi cəhətdən təcrübəsi, iş şəraiti, həcmi dəyişdikcə, istismarı da tədricən inkişaf etmişdir. Bu zaman yeni şəraitdən asılı olaraq idarəetmə metodları təkmilləşdirilmiş, yolların hər bir inkişaf mərhələsində etibarlı işin təmin olunması və hüquqi cəhətdən tənzimlənməsi üçün yeni texnologiyalar işlənib hazırlanmış və tətbiq edilmişdir.
        70 ildən çox keçmiş SSRİ dəmir yolları şəbəkəsinin tərkibində olmuş Azərbaycan Dövlət Dəmir Yolu həmin müddət ərzində hərtərəfli inkişaf etmiş polad magistrala çevrilmiş, zamanın tələbi ilə fəaliyyət göstərmişdir. Əsas fəaliyyət proqramı isə «SSR İttifaqı Dəmir Yollarının Texniki İstismar Qaydaları» olmuşdur. İttifaq dağıldıqdan sonra milli dəmir yollarının, o cümlədən Azərbaycan Dövlət Dəmir Yolunun formalaşması mürəkkəb iqtisadi qıtlıq şəraitində baş vermişdir. Belə bir mürəkkəb şərait uzun müddət olaraq ölkə iqtisadiyyatının iflic vəziyyətə düşməsinə gətirib çıxardı. Bu şəraitdə keçmiş ittifaq respublikalarının dəmir yolları ilə mövcud olmuş əlaqələrini bərpa etmək olduqca vacib idi. Ona görə də 1993-cü ildə dəmir yolları rəhbərlərinin səyi ilə MDB üzvü olan ölkələrin dəmir yolu nəqliyyatı Şurasını və Direktorluğunu yaratmaq qərara alındı. Suverenlik ideyaları tərəfdarlarının bu vacib işə əngəl törətmək istəkləri arzu olaraq qaldı və dövlətlərarası nəqliyyat strukturunun bərqərar olması, nəhayət ki, öz müsbət həllini tapdı. Onlar da dərk etdilər ki, milli iqtisadiyyatı yalnız mühüm beynəlxalq nəqliyyat dəhlizlərində yük axınının fasiləsiz daşınmasını təmin edən iri dövlətlərarası nəqliyyat sistemi çərçivəsində dirçəltmək olar. Həmin addım atıldı və bu gün öz müsbət bəhrəsini verməkdədir.
        Təqdirəlayiq haldır ki, artıq müstəqil Azərbaycan Respublikasında dəmir yolunun fəaliyyəti müvafiq normativ hüquqi baza ilə tənzimlənir.
        Dəmir yolu nəqliyyatı müəssisələri ilə müştərilər arasında yaranan münasibətlərin tənzimlənməsində Azərbaycan Respublikası Mülki Məcəlləsi (1999-cu il) böyük rol oynayır. Mülki Məcəllənin nəqliyyat daşımalarına aid formulə etdiyi müddəaların rolu çox önəmlidir.
        «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun (1999-cu il) normalarının dəmir yolu nəqliyyatı fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsində əhəmiyyəti şəksizdir. Qanunda ifadə edilən belə bir normanın vacib əhəmiyyəti vardır ki, ümumi istifadədə olan və dövlət əhəmiyyəti kəsb edən dəmir yolları dövlət mülkiyyətidir («Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi). Daşımanın şərtləri (daşıma haqqı, müddət, subyektlərin hüquq və vəzifələri) barədə qanunda müəyyənləşdirilən normalar dəmir yolu ilə daşıma prosesində tətbiq oluna bilər.
        Dəmir yolu nəqliyyatı fəaliyyətinin tənzimlənməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının rolu şübhəsizdir. Belə ki, bu qəbildən olan normativ aktlar sırasına aşağıdakıları aid etmək olar:
        - «Azərbaycan dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması tariflərinin artırılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 1994-cü il tarixli 259 nömrəli qərarı; - «Azərbaycan dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması tariflərinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 1994-cü il tarixli 388 nömrəli qərarı; - «Hava, dəmir yolu, dəniz və avtomobil nəqliyyatı sərnişinlərinin dövlət tərəfindən mütləq sığortalanması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 1994-cü il 297 nömrəli qərarı;
        - «Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 noyabr 2000-ci il tarixli 207 nömrəli qərarı; - «Azərbaycan Dövlət Dəmir Yolu haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 1995-ci il tarixli 171 nömrəli qərarı və s. Dəmir yolu ilə beynəlxalq daşımalar sahəsində qüvvədə olan əsas sənəd kimi Bern Konvensiyalarını göstərmək olar (1890-cı il - yüklərin daşınmasına həsr edilmiş Konvensiya, 1923-cü il - sərnişinlərin daşınmasına həsr edilmiş Konvensiya). 1980-ci ilin mayında keçirilən konfransda Bern Konvensiyalarının yeni redaksiyada vahid sənəd kimi birləşdirilməsi barədə qərar qəbul edilmişdir - «Beynəlxalq dəmir yolu daşımaları haqqında» Saziş (KOTİF) və bu sənəd 1985-ci ildən qüvvəyə minmişdir (Bax: Avçinkin D.V. Mejdunarodnıe perevozki. Minsk
, 1999, s.20-21; Qafarov Z.M., Aliev G.A. Primenenie sovremennoqo mejdunarodnoqo transportnoqo prava v Azerbaydjanskoy Respublike. M., 2002, s.64-74.). Əvvəlki Bern Konvensiyalarındakı beynəlxalq-hüquqi normaları birləşdirən bu sənəd (KOTİF) indi iki əlavədən ibarətdir: əlavə A, əlavə B.
        Əlavə A sərnişinlərin, əlavə B isə yüklərin daşınma şərtlərini müəyyənləşdirir. Əlavələrdə ifadə olunan normalar ayrı-ayrı iki sənədi əmələ gətirir: beynəlxalq sərnişin daşınması barədə vahid qaydalar; beynəlxalq yük daşınması barədə vahid qaydalar.
        Avropa ölkələrinin çoxu, habelə bir sıra Asiya və Şimali Afrika ölkələri bu Sazişin (KOTİF) iştirakçısıdır. Azərbaycan Respublikası hələlik bu Sazişə qoşulmamışdır. Lakin buna baxmayaraq, KOTİF-in bir sıra normaları tətbiq edilir. Belə ki, MDB dövlətlərinin, habelə Baltikyanı ölkələrin dəmir yolu nəqliyyatı üzrə Şura iclasında (dekabr, 1994-cü il) bəzi normaların beynəlxalq dəmir yolu daşınmaları barədə müvafiq sazişə uyğunlaşdırılması məsələsinə baxılmışdır (Bax: Əliyev E.Ə. Nəqliyyat hüququnun əsasları. Dərs vəsaiti. Bakı, 2004.). 1 oktyabr 1997-ci il tarixdə Bakı şəhərində MDB dövlətlərinin və Baltikyanı ölkələrin dəmir yolu idarələri arasında beynəlxalq yük daşınması barədə Sazişin bəzi normalarının tətbiqinin xüsusiyyətləri haqqında müvafiq Saziş qəbul edilmişdir (Dəmir yolu ilə beynəlxalq daşımaları tənzimləyən konvensiya və sazişlərin əsas cəhətləri ilə ətraflı tanış olmaq üçün bax: Qafarov Z.M., Aliev G.A. Primenenie sovremennoqo mejdunarodnoqo transportnoqo prava v Azerbaydjanskoy Respublike. M., 2002, s 64-74.).
        Bəs hüquqi dövlət strukturu kimi dəmir yolu nəqliyyatının, orada çalışan əməkdaşların əsas vəzifə və hüquqları nədən ibarətdir? İndi həmin məqamlara aydınlıq gətirməyə çalışaq.
        Respublika polad magistralının fəaliyyətini tənzimləyən «Azərbaycan Dövlət Dəmir Yolunun Texniki İstismar Qaydaları»nda dəmir yolu nəqliyyat işçilərinin ümumi vəzifələri yığcam halda belə ifadə olunmuşdur: «Dəmir yolu nəqliyyatı işçilərinin əsas vəzifəsi hərəkətin təhlükəsizliyini, daşınan yüklərin saxlanılmasını şərtsiz təmin etməklə sərnişin və yükdaşıma ehtiyacını ödəmək, texniki vasitələrdən səmərəli istifadə etmək, ətraf mühitin mühafizəsi tələblərinə riayət etmək hesab olunur».
        Dəmir yolu nəqliyyatının hər bir işçisi sərnişinlərin təhlükəsizliyini təmin etməli, onlar üçün lazımi rahatlıq yaratmalı, vağzallarda və qatarlarda onlara mədəni xidmət göstərməli, dəmir yolu nəqliyyatının xidmətlərindən istifadə edən hər bir şəxslə davranış zamanı mülayim və qayğıkeş olmalı, eyni zamanda onlardan dəmir yolu nəqliyyatında qüvvədə olan qaydalara riayət edilməsini tələb etməlidir.
        Yeri gəlmişkən bir faktı yada salmaq yerinə düşərdi. Belə ki, keçmiş ittifaqın dağılması nəticəsində SSRİ Yolları Nazirliyinin tərkibində o vaxtlar fəaliyyət göstərmiş dəmir yollarında da müstəqil özünüidarəetmə sistemi formalaşmağa başladı. Lakin bu proses dəmir yollarının fəaliyyətinin, onların əlaqələrinin birdən-birə kəsilməsinin qeyri-mümkün olduğunu qabarıq şəkildə nəzərə çarpdırdı. Çünki müstəqil dövlətlərin iqtisadiyyatının əsas və başlıca sütunu sayılan dəmir yolu sistemi əvvəlki kimi iqtisadiyyatın inkişafında öz aparıcı rolunu saxlaya bildi.
        Eyni zamanda MDB ölkələrinin, o cümlədən Azərbaycanın dəmir yolu nəqliyyatında da ciddi struktur dəyişiklikləri aparılmış, bir sıra iqtisadi, texniki, hüquqi və s. məsələləri həll etmək zərurəti ortaya çıxmışdır ki, onları da qısa müddət ərzində nizama salmaq tələb edilmişdir. Azərbaycan Dövlət Dəmir Yolunda bu sahədə əsaslı dönüş 1996-cı ilin ikinci yarısında baş vermiş və artıq ona nail olunmuşdur.
        Azərbaycan Dövlət Dəmir Yolu müstəqil ölkəmizin Qərbi Avropa və Asiya dövlətləri ilə yaranan yeni iqtisadi-ticarət münasibətlərinin inkişafına da öz töhfələrini verir. Hazırda Azərbaycan polad magistralı Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi vasitəsilə tranzit daşımalarını əsasən beynəlxalq tariflərə müvafiq olaraq həyata keçirir. Bu baxımdan «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş» xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz bu Sazişin iştirakçısıdır (Bax: «Tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfransda imzalanmış Bakı deklarasiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, 30.10. 1998-ci il, № 534-1Q; Tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfransda imzalanmış «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, 30.10. 1998-ci il, № 535-1Q.). Saziş onu imzalayan ölkələr - Bolqarıstan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Özbəkistan, Ukrayna və Azərbaycan arasında beynəlxalq yük və sərnişin daşımalarını, həmçinin tranzit daşımalarını, o cümlədən dəmir yolu nəqliyyatı ilə həyata keçirilən beynəlxalq daşımaları tənzimləyir.
        Bununla belə, Saziş birlik üzvü olan ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasında dəmir yolunun bu və ya digər sahəsinə aid qəbul etdiyi qərarlara əsasən də fəaliyyət göstərir.
        Buna misal olaraq göstərmək olar ki, yük vaqonlarından və konteynerlərdən səmərəli istifadə edilməsi üçün MDB məkanında ümumi texniki siyasət, hərəkət tərkiblərinə qarşı ümumi tələblər, standartlar, vaqon və konteyner parkının istismarı və onlardan istifadə qaydaları işlənib hazırlanaraq öz tətbiqini tapmışdır. Artıq MDB məkanında 2010-cu ilədək razılaşdarılmış nəqliyyat siyasəti Konsepsiyası layihəsi işlənib hazırlanmışdır. Elə bu baxımdan da MDB və Baltikyanı ölkələrin dəmir yollarının fəaliyyəti üzrə mövcud informasiya-idarəetmə sistemini qoruyub saxlamaq qərara alınmışdır. Bununla əlaqədar olaraq tarif siyasəti çərçivəsində dəmir yollarının qarşılıqlı əlaqəsini genişləndirmək üzrə kompleks tədbirlər hazırlanmışdır.
        Adını çəkdiyimiz Konsepsiyada belə bir fikir vurğulanır ki, hər bir ölkə iqtisadi mənafeləri çərçivəsində tranzit daşımalara görə məqsədəuyğun saydığı özünəməxsus tarifləri müəyyən edə bilər. Bu baxımdan, ölkə dəmir yolunda müvafiq hökumət qurumları ilə razılaşdırıldıqdan sonra dəmir yolu rəhbərliyi yüklərin növündən, daşımaların yaxınlığından, vaqonların tipindən, mülkiyyət formasından və nəqliyyatlararası rəqabət səviyyəsindən asılı olaraq, həmin tarifləri əldə rəhbər tutmaqla öz əmsallarını tətbiq edir. Yəni dəmir yolu müəyyən yüklərin daşıma tariflərinin azaldılması və ya artırılması hüququna malikdir.
        Dəmir yolunun qarşısında duran əsas vəzifələrdən biri də ondan ibarətdir ki, yük sahiblərinin-müştərilərin tariflər barədə sərbəst məlumat almasına şərait yaradılsın və o, öz fəaliyyətində dəmir yolunun xidmətlərindən istifadə etməyin səmərəli olub-olmaması barədə hərtərəfli məlumat əldə edə bilsin.
        Ölkədə həyata keçirilən iqtisadi və hüquqi islahatlar iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dəmir yolunda da öz tətbiqini tapmışdır. Dəmir yolu mühüm dövlət əhəmiyyətli sahə olaraq öz fəaliyyətində dövlətin mənafeyini qoruduğu kimi onun qanunvericilik aktlarına da daim riayət edir. Bununla belə dəmir yolunda yük və sərnişin daşımalarının təqdim olunan həcmdə təmin olunması hər il Birlik üzvü olan dəmir yolları mütəxəssislərinin iştirakı ilə hərtərəfli müzakirəyə çıxarılır və qatarların vahid hərəkət cədvəli işlənib hazırlanır.
        Bu cədvəldə beynəlxalq sərnişin daşınmasının təşkili məsələsinə də xüsusi diqqətlə yanaşılır. Belə ki, sərnişinlərin istəyi nəzərə alınaraq, qatarların hərəkət cədvəlinin təkmilləşdirilməsi və marşrutlarda onların sürətinin artırılması üzrə mütəmadi olaraq işlər aparılır. İstər yük, istərsə də sərnişin daşınmasının təşkili işini təkmilləşdirmək üzrə bir sıra razılıqlar, qaydalar, əsasnamələr və təlimatlar mövcuddur ki, dəmir yolu da öz fəaliyyətini onlarda nəzərdə tutulmuş normativ-hüquqi tələblərin yerinə yetirilməsinə və hazırda nəqliyyatlararası rəqabətdə öz aparıcı rolunu qoruyub saxlamağa üstünlük verir.

       

        İstifadə edilmiş ədəbiyyat:

        1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı , 2000.
        2. «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu. 11 iyun 1999-cu il, № 683-1Q.
        3. «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. 30 oktyabr 1998-ci il, № 535-1Q.
        4. Avçinkin D.V. Mejdunarodnıe perevozki. Minsk, 1999.
        5. Əliyev E.Ə. Nəqliyyat hüququnun əsasları. Dərs vəsaiti. Bakı, 2004.
        6. Qafarov Z.M., Aliev G.A. Primenenie sovremennoqo mejdunarodnoqo transportnoqo prava v Azerbaydjanskoy Respublike. M., 2002.
        7. Obhie i speüialğnıe pravila perevozki qruzov. T.1. M., 1991.
        8. "Azərbaycan Dövlət Dəmir Yolu haqqında" Əsasnamə, 1995-ci il.
        9. «Azərbaycan Dövlət Dəmir Yolunun Texniki İstismar"ı Qaydaları.

 

ПРАВОВЫЕ ОСНОВЫ ДЕЯТЕЛЬНОСТИ ЖЕЛЕЗНОЙ ДОРОГИ

ГУРБАН НАЗИРОВ,
Главный инженер Азербайджанской Государственной Железной Дороги


        В статье предоставляется информация о роли Азербайджанской Государственной Железной дороги в обществе, права и обязанности, функции, в целом читатели информируются из чего состоят правовые основы деятельности железной дороги, принадлежности первой железной дороги республики XVIII веку, напоминаются этапы ее исторического развития. Автор особо подчеркивает выражение "железная дорога является государством в государстве", обосновывается незаменимаю роль железной дороги в экономике страны.
        В статье доводится во внимание вклад Государственной Железной дороги в развитие новых торгово-экономических отношении между суверенной Азербайджанской Рес-публикой со странами Западной Европы и Азии.
        Со стороны автора поддерживается идея о необходимости разработки и претворе-ния в жизнь комплексных мероприятий по расширению взаимных контактов железных дорог в рамках тарифной политики.

       

       

LEGAL BASIS OF RAILWAY ACTIVITY

GURBAN NAZIROV,
Senior Engineer of Azerbaijan State Railway
       


        The information about the role of Azerbaijan State Railway in a society, the rights and duties, its functions is given in the issue. On the whole, the readers are informed what does the legal basis of railway activity consist of, the first republican railway gadget in the XVIII century, the stages of its historical development are mentioned. The author strictly emphasizes the expression "the railway is a state being in a state", irreplaceable role of the railway in the country's economy is proved.
        State Railway Contribution to the development of new trade and economic relations between the sovereign Azerbaijan Republic and the countries of West Europe and Asia is brought into consideration.
        The idea of the necessity and realization of the complex of the actions for the expansion of the railway mutual contacts in the context of tariff policy is supported by the author.

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Ali Məhkəmə Plenumunun qərarları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.