12.12.2017 02:59
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

        BEYNƏLXALQ AVTOMOBIL DAŞIMALARININ HÜQUQI TƏNZIMLƏNMƏSI

 

Rövşən İSGƏNDƏROV,
Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi Hüquq
şöbəsinin ekspertiza və hüquqi
təhlil sektorunun baş məsləhətçisi


       
Məqalədə avtomobil daşımalarının beynəlxalq aləmdə üstünlükləri qeyd olunaraq, beynəlxalq yük və sərnişin daşımalarının tənzimləndiyi normativ hüquqi aktlar, beynəlxalq müqavilələr, avtomobil nəqliyyatının fəaliyyətinin hüquqi cəhətdən nizamlanması məsələləri ilə məşğul olan beynəlxalq, hökumətlərarası və qeyri-hökumət təşkilatları barədə məlumatlar verilir.
       
Həmçinin məqalədə beynəlxalq avtomobil daşımalarını tənzimləyən mənbə növləri sadalanaraq qeyd olunur ki, imzalanan beynəlxalq sazişlərin mühüm elementlərindən biri də daşımaların həyata keçirilməsində icazə sisteminin tətbiq olunmasıdır.
       Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin mövcudluğu, bu sistemin tətbiq edilməsi ilə bağlı qərarlar, ödənilməsi zəruri olan vergi və rüsumlar və s. məsələlər barədə məlumatlar məqalədə öz əksini tapır.


        Nəqliyyat ölkənin iqtisadi infrastrukturunda mühüm yer tutur. Beynəlxalq iqtisadi əlaqələrin bütün sahələrinə xidmət edən nəqliyyat sektoru nəqliyyat bazarında xidmətlərin ixracatçısı kimi respublikaya əlavə valyuta daxil olmasını şərtləndirən mənbələrdən birini təşkil edir. Yükdaşımaların həyata keçirilməsilə bağlı müştərilərin tələbatının ödənilməsində nəqliyyatın digər növləri sırasında avtomobil nəqliyyatı xüsusi əhəmiyyət kəsb edir.
        Avtomobil nəqliyyatının digər nəqliyyat növlərinə münasibətdə növbəti üstünlüklərini qeyd etmək olar:
        1. Manevr etmə qabiliyyəti, aralıq yükvurma və ya boşaltma olmadan avtomobil nəqliyyatının gedə biləcəyi bütün məntəqələrə yükün birbaşa çatdırılması. Buna görə də nəqliyyat xidmətləri üzrə istehlakçılar beynəlxalq və daxili daşımalarda bu nəqliyyat növünə daha çox üstünlük verirlər.
       2. Yüklərin sürətli və müntəzəm çatdırılması. Bu zaman yüklərin çatdırılması vaxtını kifayət qədər dəqiq müəyyən etmək olar.
        3. Qablaşdırma. Digər nəqliyyat növlərinə nisbətən daha az həcmli qablaşdırma ilə və ya ümumiyyətlə, qablaşdırma olmadan yüklərin daşınması mümkündür.
       Beynəlxalq yük və sərnişin daşımaların tənzimlənməsi müxtəlif normativ-hüquqi aktlarla və beynəlxalq müqavilələrlə tənzimlənir. Hazırda beynəlxalq aləmdə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsi məsələləri ilə məşğul olan 40-dan çox beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Avtomobil nəqliyyatı ilə yükdaşımaların inkişaf etdirilməsində BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daxili Nəqliyyat üzrə Komitəsi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (BANİ) fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
       Avropa İqtisadi Komissiyası 1947-ci ildə BMT Baş Assambleyasının qərarına əsasən Avropa dövlətlərinin iqtisadiyyatının inkişaf etdirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi məqsədilə yaradılmışdır. Bu təşkilatın fəaliyyəti su, dəmir yolu və xüsusilə, avtomobil nəqliyyatını əhatə edir. Bu məsələlərin tənzimlənməsi Avropa İqtisadi Komissiyasının (AİK-in) Daxili nəqliyyat üzrə Komitəsinin və onun köməkçi orqanlarının səlahiyyətlərinə aiddir.
        Avropanın bütün dövlətləri, habelə Amerika Birləşmiş Ştatları AİK-in Daxili nəqliyyat üzrə Komitəsinin üzvləridirlər. Komitənin sessiyaları ildə bir dəfə olmaqla Cenevrədə keçirilir. Komitə sessiyalararası dövrdə mövcud problemlərinin həlli və araşdırılması üzrə köməkçi orqanlar yarada bilər. Hazırda Komitənin avtomobil nəqliyyatı, gömrük məsələləri, nəqliyyat statistikası, təhlükəli yüklərin daşınması, tez korlanan yüklərin daşınması, nəqliyyat vasitələrinin konstruksiyası, yol hərəkətinin təhlükəsizliyi üzrə köməkçi orqanları fəaliyyət göstərir.
        Komitə tərəfindən avtomobil nəqliyyatı sahəsində 40-dan artıq konvensiya və saziş, habelə avtomobil nəqliyyatının müxtəlif məsələləri üzrə (konstruksiyası, təhlükəsizliyi və s.) 50-dən artıq qayda və təlimatlar işlənib hazırlanmışdır.
        Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı beynəlxalq yük və sərnişin daşımalarının təşkili və inkişaf etdirilməsi məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatıdır. Bu təşkilat 23 mart 1948-ci ildə yaradılmış və bu sahədə fəaliyyət göstərən beynəlxalq avtomobil daşıyıcıları milli assosiasiyalarını və ittifaqlarını özündə birləşdirir.
        Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Nizamnaməsinə müvafiq olaraq təşkilatın əsas məqsədi avtomobil nəqliyyatının inkişaf etdirilməsi, nəqliyyatçıların hüquqlarının müdafiəsi və onların əməyinin yüngülləşdirilməsindən ibarətdir. Bu məqsədlə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı birbaşa və ya dolayısı ilə avtomobil nəqliyyatı ilə əlaqəsi olan bütün problemləri, o cümlədən yol hərəkətinin təhlükəsizliyi, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, daşıma müqavilələrinin və digər məsələlərin uyğunlaşdırılması işlərini araşdırır və bu məqsədlə qarşıya çıxan problemlərin praktiki həlli yollarına dair təkliflər hazırlayır.
        Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı onun Nizamnaməsinə uyğun olaraq qeyri-kommersiya təşkilatıdır və onun hər iki ildən bir müxtəlif dövlətlərin nümayəndələrinin iştirak etdiyi Konqresi keçirilir.
        Respublikamızda fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) da bu təşkilatın üzvüdür.
        Nəqliyyatın fəaliyyətini tənzimləyən normalar hüququn müxtəlif sahələri ilə əlaqədar və ümumilikdə isə həm beynəlxalq hüquq, həm də dövlətdaxili (milli) hüquq bu sahənin tənzimlənməsini təmin edir.
        Ölkələr arasında normal nəqliyyat əlaqələrinin tənzimlənməsində hər iki mənbə mühüm rol oynasa da, hazırda bir çox sahələrdə olduğu kimi avtomobil nəqliyyatı fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsində beynəlxalq müqavilələrin rolu artmışdır. Bunu beynəlxalq müqavilədə hüquq normalarının imperativ prinsipə malik olmasını, onların milli qanunvericilik normaları üzərində üstünlüyünü təsbit edən konstitusion və müvafiq qanunvericilik aktlarının müddəaları bir daha təsdiq edir. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsi olması təsbit olunmuş və Konstitusiyanın 151-ci maddəsi ilə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin tətbiq edilməsi müəyyən edilmişdir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3-cü maddəsində müvafiq beynəlxalq müqavilələrin birbaşa tətbiq olunması, beynəlxalq müqavilələrdə mülki qanunvericiliklə müəyyənləşdirilən normalar arasında ziddiyyət yarandıqda sonuncunun tətbiq olunması təsbit olunmuşdur.
        Qeyd etmək lazımdır ki, daxili nəqliyyatla nisbətdə beynəlxalq nəqliyyatın fəaliyyətinin tənzimlənməsi daha mürəkkəbdir. Belə ki, burada öz məzmununa görə müxtəlif ictimai münasibətlər hüquqi tənzimlənmənin predmetini təşkil edir.
        Birincisi bu tənzimləmə qarşılıqlı hüquq və vəzifələr daşıyan dövlətlərarası münasibətləri, onların beynəlxalq nəqliyyat təşkilatlarında iştirakı, o cümlədən beynəlxalq nəqliyyat yollarında istifadə və s. bu kimi münasibətləri əhatə edir. Bu münasibətlər bilavasitə beynəlxalq hüququn müxtəlif sahələrinin (beynəlxalq iqtisadi hüquq, beynəlxalq müqavilə hüququ və s.) normaları ilə tənzimlənir. İkincisi, bu münasibətlər beynəlxalq müqavilə çərçivəsində müxtəlif nəqliyyat müəssisə və təşkilatları, yüklərin daşınması və digər nəqliyyat xidmətlərinin göstərilməsi ilə əlaqədar istehlakçılarla yaranan münasibətləri əhatə edir. Xarici (beynəlxalq) elementli bu münasibətlərin tənzimləyicisi kimi isə beynəlxalq müqavilə, mülki və mülki-prosessual normalar, başqa sözlə desək, beynəlxalq xüsusi hüquq normaları çıxış edir.
        Beləliklə, beynəlxalq avtomobil daşımalarını tənzimləyən aşağıdakı mənbələri qeyd etmək olar: a) beynəlxalq avtomobil əlaqələri haqqında ikitərəfli sazişlər;
        b) BMT və digər beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanmış çoxtərəfli konvensiyalar; v) dövlətdaxili (milli) qanunvericilik normaları.
        Bir qayda olaraq, avtomobil əlaqələri haqqında ikitərəfli sazişlər beynəlxalq daşımaların müxtəlif aspektlərini tənzimləyir və xüsusilə aşağıdakı məsələləri əhatə edir:
        - dövlət sərhədini keçmə qaydası;
        - beynəlxalq daşımalara icazə sisteminin tətbiq olunması;
        - ölkələr arasında yük və sərnişin daşımalarının həyata keçirilməsi qaydası;
        - yol vergi və rüsumlarından və digər ödənişlərdən azad olunma;
        - xarici nəqliyyat vasitələrinin daxili yükdaşımalarını həyata keçirməsinin qadağan olunması (kabotaj);
        - tranzit daşımaları, üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar;
        - gömrük, sərhəd, sanitar və digər qaydalar;
        - təhlükəli, iriqabaritli və ağırçəkili yüklərin daşınması qaydaları;
        - dövlətin daxili qanunvericiliyinə riayət olunması sahəsində daşıyıcının öhdəlikləri;
        - digər müvafiq məsələlərin həlli və s.
        Əlbəttə ki, heç də avtomobil əlaqələrinə dair bütün sazişlərdə qeyd olunan məsələlər eyni qaydada tənzimlənmir və onların bəziləri isə ümumiyyətlə nəzərdə tutulmaya da bilər.
        Beynəlxalq daşımaların həyata keçirilməsinə icazə sisteminin tətbiq olunması bu sazişlərin mühüm elementini təşkil edir. Çünki, beynəlxalq daşımaları həyata keçirən avtomobil nəqliyyatı vasitəsinin öz ərazisinə daxil olması, çıxması və ya tranzitlə keçməsi hər bir ölkənin daxili qanunvericiliyi ilə tənzimlənir. Bu cür icazələrin alınması qaydası və şərtləri ölkələr arasında imzalanmış hökumətlərarası sazişlərlə müəyyən edilir.
        Belə saziş olmadıqda isə müvafiq icazələrin alınması hər bir dövlətin qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sərhəd məntəqələrində həyata keçirilir. Bir çox hallarda müvafiq icazələr əvvəlcədən alınmalıdır (məsələn, tranzitlə keçərkən).
        Ümumqəbulolunmuş beynəlxalq qayda və prinsiplərə əsasən bəzi daşımaların həyata keçirilməsi üçün icazə tələb olunmur. Bu cür yüklərə aşağıdakılar aid edilir:
        - zədələnmiş avtonəqliyyat vasitələrinin daşınması;
        - ölmüş şəxslərin cənazəsinin və ya külü olan qabların daşınması;
        - köçərkən əmlakın daşınması;
        - poçtların daşınması;
        - yarmarka və sərgilər üçün nəzərdə tutulan eksponat, avadanlıq və materialların daşınması;
        - kino çəkilişləri, radio və televiziya verilişləri üçün teatr dekorasiyalarının və rekvizitlərinin, musiqi alətlərinin, avadanlıqların daşınması;
        - arıların və balıq balalarının daşınması;
        - təbii fəlakətlər və qəzalar zamanı təcili yardım göstərmək üçün tibbi avadanlığın, dərmanların və digər yüklərin daşınması;
        - sıradan çıxmış avtonəqliyyat vasitələrinin yüksüz keçməsindən və sıradan çıxmış avtonəqliyyat vasitəsindən boşaldılmış yükün digər avtonəqliyyat vasitəsinə yüklənərək nəqlinin davam etdirilməsi;
        - sıradan çıxmış avtonəqliyyat vasitələrinə texniki yardım göstərən avtonəqliyyat vasitələrinin gedişi;
        - reklam və informasiya məqsədləri ilə istifadə üçün nəzərdə tutulan yüklərin daşınması;
        - idman tədbirləri keçirmək üçün nəzərdə tutulan nəqliyyat vasitələri, cıdır atları, idman inventarı və əmlakının daşınması;
        - xeyriyyə və humanitar yüklərin daşınması.
        Təhlükəli, iriqabaritli və ağırçəkili, üçüncü ölkədən və üçüncü ölkəyə yüklərin daşınması adi icazədən əlavə, ərazisində daşımalar həyata keçirilən dövlətin səlahiyyətli orqanı tərəfindən verilən xüsusi icazə alındıqdan sonra həyata keçirilir.
        Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sistemi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 1996-cı il tarixli 141 nömrəli qərarı ilə tətbiq edilmişdir. Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli qərarı ilə Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən «İcazə Sistemi» haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 4-cü bəndində nəzərdə tutulmuş normaya görə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən yük avtomobilləri istisna olmaqla, xarici yük avtonəqliyyat vasitələrinin respublika ərazisinə yüksüz daxil olmasına, daxili yük və sərnişin daşımalarına və yükləmə haqqında «İcazə blankı» olmadıqda yolüstü yüklənməsinə icazə verilmir. Avtobusla müntəzəm sərnişin daşımaları, bir qayda olaraq, qabaqcadan müəyyən və təsdiq edilmiş marşrut, hərəkət cədvəli və tariflər üzrə həyata keçirilir. İkitərəfli əlaqələrdə avtobusla müntəzəm sərnişin daşımaları bir tərəf dövlətin ərazisində başlanıb digər tərəf dövlətin ərazisində tamamlanır. Avtobusla hər bir qeyri-müntəzəm sərnişin daşınması üçün ayrıca icazə alınmalıdır, icazənin özündə başqa hal nəzərdə tutulmayıbsa, bu icazə birbaşa və geriyə bir reys yerinə yetirmək hüququ verir. Əksər dövlətlərdə beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinin yollardan istifadəyə, icazələrin verilməsinə, əlavə yanacağın aparılmasına, gömrük rəsmiləşdirilməsinə, ölçü və qabaritlərinə, çəkilərinə və s. görə müəyyən vergi və rüsumlar tutulur.
        Bundan başqa bəzi dövlətlərdə özəl və ya xarici investisiyaların cəlb olunması ilə salınmış avtomobil yollarından istifadəyə görə əlavə ödəniş tələb olunur. Məsələn, Türkiyənin, Rumıniyanın bəzi körpülərindən, Avstriyanın tunellərindən istifadə pulludur.
        Avtomobil nəqliyyatı əlaqəsi haqqında hökumətlərarası sazişlərdə, bir qayda olaraq, qarşılıqlı şəkildə bu cür yığımlardan tərəflərin avtonəqliyyat vasitələrinin azad olunması barədə müddəalar nəzərdə tutulur.
        «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 24.1.2. maddəsində Azərbaycan Respublikası ilə avtomobil daşımaları barədə sazişi olan xarici dövlətlərin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edilmiş həddən artıq olduqda dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.
        Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları barədə sazişi olmayan xarici dövlətlərin avtomobil daşıyıcılarından tutulan dövlət rüsumunun dərəcələri isə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 24.1.3. maddəsi ilə müəyyən edilmişdir. Əlavə olaraq nəzərə almaq lazımdır ki, beynəlxalq yükdaşımalara münasibətdə həmin Qanunun 24.2, 24.3 və 24.4.1 maddələrində müəyyən olunmuş dövlət rüsumu avtomobil daşımaları barədə sazişin olub-olmamasından asılı olmayaraq bütün xarici avtomobil daşıyıcılarına tətbiq olunur. Hazırda Azərbaycan Respublikası bir çox dövlətlərlə, o cümlədən Belorusiya, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Niderland, Özbəkistan, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstanla avtomobil əlaqəsi haqqında hökumətlərarası sazişlər bağlamışdır.
        Təbii ki, beynəlxalq avtomobil daşımaları iki və ya daha çox dövlətin ərazisi ilə əlaqəli olduğundan bir sıra sərhəd və gömrük rəsmiləşdirilmələri ilə əlaqədardır.
        AİK-in daxili nəqliyyat üzrə Komitəsi tərəfindən işlənib hazırlanmış «Beynəlxalq yük daşımaları haqqında» 1975-ci il Cenevrə Konvensiyası iştirakçı dövlətlərin ərazilərindən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının rəsmiləşdirilməsinin vahid prosedurunun müəyyənləşdirilməsi məqsədi ilə qəbul olunmuşdur.
        Konvensiya bu məqsədlə özünün əsas atributu kimi iştirakçı dövlətlərin ərazilərində beynəlxalq yük daşımalarına BYD (Beynəlxalq Yük Daşımaları) kitabçasının tətbiq olunmasını nəzərdə tutur. Konvensiyaya uyğun olaraq təminat birliyi institutu təsis olunmuşdur ki, bu da nəqliyyat təşkilatlarının marağını təmsil edən və BYD Konvensiyası ilə müəyyən olunmuş öhdəlikləri yerinə yetirmək imkanı olan ictimai təşkilatlar anlayışı ifadə edir.
        Azərbaycan Respublikasında təminat birliyi funksiyalarını ABADA İctimai Birliyi həyata keçirir və bu qurum daşıyıcıları müvafiq orqan tərəfindən verilmiş BYD kitabçaları ilə təmin edir.
        Bu prosedura uyğun olaraq həyata keçirilən daşımalar aralıq gömrük məntəqələrində yoxlamadan və müvafiq gömrük rüsum və yığımlarından azad edilirlər. Konvensiyaya uyğun olaraq beynəlxalq daşımaları həyata keçirən nəqliyyat vasitələrinin üzərinə «TİR» yazılmış lövhə vurulur və bu nişan növbəti gömrük rəsmiləşdirmələrinin operativ həyata keçirilməsində daşıyıcıya üstünlük verir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 31 mart tarixli 527 nömrəli Sərəncamına əsasən Konvensiyanın icra olunması üzrə səlahiyyətli orqan kimi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müəyyən edilmişdir.
        BYD kitabçası tətbiq edilməklə daşıyıcıların beynəlxalq yük daşımalarına buraxılması qaydaları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 58 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 05 sentyabr 2000-ci il tarixli 1967 nömrəli şəhadətnamə ilə qeydiyyata alınmış «Azərbaycan Respublikasında BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası tətbiq edilməklə daşıyıcıların beynəlxalq yük daşımalarına buraxılması qaydaları haqqında» Əsasnamə ilə tənzimlənir.
        Əsasnaməyə uyğun olaraq hüquqi və fiziki şəxslərə BYD kitabçasından istifadə edilməsi məqsədilə icazənin verilməsi üçün BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımalarda buraxılışa icazə almaq istəyən hüquqi və fiziki şəxslərin siyahısı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası tərəfindən Dövlət Gömrük Komitəsinə təqdim edilir.
        Hüquqi və fiziki şəxslərin BYD kitabçasından istifadə edilməklə beynəlxalq yük daşımalarına buraxılması üçün onlara aşağıdakı şərtlər və tələblər irəli sürülür:
        a) beynəlxalq yükdaşımalarda altı aydan az olmayan təcrübəyə malik olmaq;
        b) BYD Konvensiyasında nəzərdə tutulmuş öhdəliklərin təmin edilməsi üçün maliyyə imkanlarının olması;
        v) daşıyıcı tərəfindən gömrük qaydalarının kobud surətdə pozulması faktının olmaması və vergi qanunvericiliyinin tələblərinə riayət olunması;
        q) BYD Konvensiyasının tətbiqi ilə əlaqədar birliyə malik olmaq, yəni beynəlxalq yük daşımalarında iştirak etmək istəyən şəxslərin 1975-ci il BYD Konvensiyası haqqında məlumatı olmalıdır.
        BYD kitabçasından istifadə edilməklə beynəlxalq yükdaşımalara buraxılmaq üçün edilmiş müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:
        a) hüquqi şəxslər - onların dövlət qeydiyyatına alınması barədə sənədin və qanunvericiliklə müəyyən olunmuş qaydada təsbit edilmiş nizamnamənin surəti, fiziki şəxslər - sahibkarlıq fəaliyyəti haqqında onlara verilmiş sənədin surəti;
        b) beynəlxalq yük daşımaları üçün verilmiş lisenziyanın surəti;
        c) məcburi ödəmələr üzrə borcun olmaması barədə vergi orqanının arayışı;
        d) nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması barədə sənədin (qeydiyyat şəhadətnaməsinin) surəti.
        Hüquqi və fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinə BYD kitabçası tətbiq edilməklə gömrük möhürləri və plombları altında yük daşımalarına yararlı olmaları barədə gömrük orqanları tərəfindən şəhadətnamə verildikdən sonra beynəlxalq yük daşımalarına buraxılır.
        Müvafiq icazə bir il müddətinə verilir. Növbəti il üçün icazə almağa görə yenidən müraciət edilməlidir və icazənin verilməsi üçün haqq ödənilmir. Beynəlxalq yük daşımalarına buraxılmış hüquqi və fiziki şəxslər barədə bir həftə müddətində Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının İcraiyyə Komitəsinə məlumat verilir.
        Əsasnamə ilə müəyyən olunmuş şərtlər daxilində BYD kitabçalarının verilməsi və daşıyıcının beynəlxalq yük daşımalarına buraxılması üçün verilmiş icazəni onu verən orqan ləğv edə və ya geri ala bilər.
        İcazənin ləğv edilməsi və ya geri alınması barədə bir həftə müddətində BANİ-nın İcraiyyə Komitəsinə və Təminat Birliyinə məlumat verilir.
        Qeyd etmək lazımdır ki, Kovensiyaya müxtəlif vaxtlarda əlavə və dəyişikliklər edilmişdir. Konvensiyaya edilmiş bir sıra əlavə və dəyişikliklər Azərbaycan Respublikasının 2003-cü il 9 dekabr tarixli 552-II Q nömrəli Qanunu ilə təsdiq edilərək qəbul edilmişdir.
        Hazırkı əlavə və dəyişikliklər əsasən təminat birliklərinin müəyyən olunması, hüquqi və fiziki şəxslərə BYD kitabçasından istifadə edilməsi üçün icazənin verilməsi şərtləri və tələblərində müəyyən dəyişikliklərin edilməsi, Konvensiyanın inzibati orqanlarının fəaliyyətinin təşkilinə dair məsələləri əhatə edir və mahiyyət etibarı ilə onu dəyişmir.

       

        İstifadə edilmiş ədəbiyyat:

        1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, "Qanun" nəşriyyatı, 2004.
        2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2000.
        3. "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanunu. 11.06.1999-cu il, № 683-1Q.
        4. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2002.
       
5. Anufrieva L.P. Mejdunarodnoe çastnoe pravo: V 3-x t. Tom 1. Obhaə çastğ. M., 2000.
        6. Eqiazarov V.A. Transportnoe pravo. Uçebnoe posobie. M., 2004.
        7. Bıkov A.Q., Polovinçik D.İ. Osnovı avtotransportnoqo prava. Uçebnik. M., 1986.
        8. Əliyev E.Ə. Beynəlxalq nəqliyyat daşımalarının konvension təsbiti. Bakı, 2002.
        9. Qafarov Z.M., Aliev G.A. Primenenie sovremennoqo mejdunarodnoqo transportnoqo prava v Azerbaydjanskoy Respublike. M., 2002.
        10. Əliyev E.Ə. Beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq və onun hüquqi təminatı // DİRÇƏLİŞ-XXI ƏSR. Bakı, 2002.
        11. «Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən «İcazə sistemi» haqqında» Əsasnamə, 1997-ci il.
        12. «Azərbaycan Respublikasında BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası tətbiq edilməklə daşıyıcıların beynəlxalq yük daşımalarına buraxılması qaydaları haqqında" Əsasnamə, 2000-ci il.

 

ПРАВОВОЕ РЕГУЛИРОВАНИЕ МЕЖДУНАРОДНЫХ АВТОМОБИЛЬНЫХ ПЕРЕВОЗОК

Ровшан ИСКЕНДЕРОВ,
старший советник Сектора экспертизы и правового
анализа Юридического отдела Министерства Транспорта
Азербайджанской Республики


        В статье отмечаются преимущества автомобильных перевозок в международных отношениях, предоставляется информация о международных, межправительственных и неправительственных организациях, занятых разработкой универсальных нормативно-правовых актов, регулирующих международные грузовые и пассажирские перевозки, международных договоров и вопросов правового регулирования деятельности автомо-бильного транспорта.
        На основе перечисленных перечней источников, регулирующих международные автомобильные перевозки, в статье также отмечается, что приосуществлении перевозок одним из важнейших элементов ратифицированных международных соглашений являет-ся применение разрешительной системы.
        В статье находят свои отражения наличие разрешительной системы, регулирующей на территории Азербайджанской Республики международные автомобильные пере-возки, связанные с внедрением этой системы постановления, целесообразные к оплате налоги и пошлины и информации по подобным вопросам.

       

LEGAL REGULATION OF THE INTERNATIONAL MOTOR TRANSPORTATION

Rovshan ISKENDEROV,
Senior Advisor of Expertise Sector and
Legal Analysis of the juridical Department
of the Azerbaijan Republic Ministry of Transport


        The advantages of motor transportation in international relations are noted in the issue; the information about international, intergovernmental organizations occupied with working out universal standard legal acts regulating international freight transport and passenger operations, international agreements and regulatory matters of the motor transport activities is provided.
        On the basis of the above-mentioned list of sources regulating the international motor transportation, it is also noted in the issue that one of the most important elements of ratifying international agreements while carrying out the transportation is the application of the permissive system.
        Proper reflection of the permissive system presence regulating the international motor transportation on the territory of the Azerbaijan Republic connected with the implementation of this decree system, appropriate to the payment taxes and customs, and the information about similar matters are found in the issue.

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Ali Məhkəmə Plenumunun qərarları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.