12.12.2017 03:00
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981



        NƏQLIYYAT SAHƏSINDƏ VERGITUTMANIN HÜQUQI TƏNZIMLƏNMƏSI 

        Emin Tofiq oğlu VƏLIYEV,
        Azərbaycan Respublikası Vergilər
        Nazirliyi yanında İri vergi ödəyiciləri
        ilə iş üzrə Departamentin Vergi
        ödəyicilərinə xidmət şöbəsinin baş
        dövlət vergi müfəttişi,
        II dərəcəli müfəttiş.


        Məqalədə ölkənin iqtisadi infrastrukturunda aparıcı sektorlardan biri olan nəqliyyat sahəsində vergitutma məsələlərinin hüquqi cəhətdən tənzimlənməsi təhlil edilir.
        Müəllif tərəfindən beynəlxalq, həmçinin tranzit yük və sərnişin daşınmasında, beynəlxalq və tranzit uçuşlarla bağlı olan işlərin görülməsində habelə digər xidmətlərin göstərilməsində «Əlavə Dəyər Vergisinə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunma»nın «ƏDV-dən azad olunma» ilə müqayisəli fərqinin mahiyyəti açıqlanır.
        Məqalədə belə bir ideya dəstəklənir ki, dünyada baş verən qloballaşma prosesləri nəzərə alınmaqla nəqliyyat daşımalarında və xüsusi məhsulların nəql edilməsində «ən əlverişli şərait» xüsusi vergi rejiminin tətbiqinə, ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınmasına dair imzalanmış və qüvvəyə minmiş beynəlxalq konvensiyalara daima üstünlük verilməlidir.


        On ildən çoxdur ki, Azərbaycan Respublikası bazar iqtisadiyyatı yoluna qədəm qoymuşdur. Ötən müddət ərzində ölkəmizdə bazar münasibətləri bərqərar olmuş və uğurla inkişaf etməkdədir. Bu münasibətlərin inkişafında və təkmilləşməsində dövlətin yürütdüyü iqtisadi siyasətin əhəmiyyəti və rolu çox önəmlidir.
        Ümummilli liderimiz Heydər Əliyevin dəmir iradəsi, zəngin idarəetmə təcrübəsi və gərgin əməyi hesabına ictimai-siyasi həyatın bütün sahələrində sabitlik və inkişaf bərpa olunmuş, iqtisadiyyatda radikal dəyişikliklərin təməli qoyulmuşdur. İri miqyaslı islahatlara yönələn iqtisadi siyasətin ayrılmaz tərkib hissəsi olan vergi siyasətində də köklü dəyişikliklər baş vermiş, vergi sisteminin yeni, müasir standartlar əsasında formalaşması mərhələsi başlanmışdır (Bax: Fazil Məmmədov. «Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında dövlət vergi xidməti həlledici inkişaf mərhələsinə qədəm qoyub». Azərbaycanın Vergi Xəbərləri jurnalı, Bakı, 2004, № 4, səh. 6.). Vergi dövlətin maliyyə mənbəyi olmaqla yanaşı hüququn düşüncəsi və iqtisadiyyatın məhsuludur (Bax: Azərbaycan Respublikasının maliyyə hüququ. Dərs vəsaiti. Bakı, «Qanun» nəşriyyatı, 2003, s. 125.). Vergi sistemi təşkilati-hüquqi və iqtisadi vahidliyə malik ayrı-ayrı vergilərin məcmusu olmaqla, iqtisadiyyatın inkişaf tələblərinə uyğunlaşdırılaraq onun maraqlarına xidmət edir.
        Ölkəmizdə heç kəs qanunda nəzərdə tutulmuş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz (Bax: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsi). Vergi siyasəti dedikdə dövlət tərəfindən işlənib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələrin həyata keçirilməsi üçün tədbirlər sistemi başa düşülür. Ulu öndər, Ümummilli liderimiz Heydər Əliyevin «Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik» kəlamı cəmiyyətimizin iqtisadi həyatında vergilərin və vergi münasibətlərinin əhəmiyyətinə və roluna verilmiş ən böyük qiymətdir.
        Ölkə iqtisadiyyatının ən aparıcı sahələrindən biri də nəqliyyat sektorudur. Nəqliyyat (avtomobil nəqliyyatı, dəmir yolu nəqliyyatı, hava nəqliyyatı, dəniz nəqliyyatı, daxili su (çay) nəqliyyatı və boru kəməri) xalq təsərrüfatının vacib sahələrindən biri hesab edilir (Bax: «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanunu). Nəqliyyat məhsulların normal istehsal prosesini və mübadiləsini təmin edir, əhalinin bir yerdən başqa yerə getməsində və ümumiyyətlə, hərəkətində vacib əhəmiyyət kəsb edir, yüklərin, sərnişinlərin daşımalara olan ehtiyacının ödənilməsində mühüm rol oynayır və s. Praktikada elə bir sənaye, tikinti, kənd təsərrüfatı və digər müəssisələr tapmaq olmaz ki, həmin müəssisələr nəqliyyatın xidmətindən istifadə etməsinlər. Nəqliyyat vasitələrinin yerinə yetirdiyi funksiyalara (Bax: Bıkov A.Q., Polovinçik D.İ., Saviçev Q.P. Kommentariy k Ustavam avtomobilğnoqo transporta soöznıx respublik. M., 1978, s,5-6.) aşağıdakıları aid etmək mümkündür:
        - sənaye və kənd təsərrüfatı məhsullarının normal istehsalının və mübadiləsinin təmin edilməsi (nəqliyyat növləri ilə hazır məhsulların, yarımfabrikatların, xammal və materialların istehlakçılara çatdırılması ən mühüm vasitə hesab olunur);
        - tikintilərin ehtiyac və tələbatının təmin edilməsi (nəqliyyatın köməyi olmadan hər hansı bir tikinti layihəsinin həyata keçirilməsi mümkün deyil);
        - əhalinin nəqliyyat daşımalarına olan tələbatının ödənilməsi;
        - ölkənin müdafiə gücünün möhkəmləndirilməsinə kömək edilməsi (hərbi texnikanın, hərbi hissə və birləşmələrin əmlakının, ərzaq məhsullarının, avadanlıq və qurğuların, hərbi geyim ləvazimatlarının və s. daşınmasında nəqliyyat mühüm rol oynayır).
        İndi isə nəqliyyat (daşıma, nəqletmə və s.) fəaliyyəti ilə bağlı tutulan vergilərin hüquqi cəhətdən tənzimlənməsi məsələlərinə nəzər salaq.
        Azərbaycan Respublikasının Vergi Məcəlləsi qüvvəyə minənədək avtomobil yollarından istifadəyə görə hüquqi şəxslərdən vergi, avtonəqliyyat və təkərli texnika vasitələrinin alınması üçün vergi, nəqliyyat vasitələrinin sahiblərindən yoldan istifadəyə görə vergi, xarici dövlətin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının avtomobil yollarından istifadəsinə görə tutulan vergilər mövcud idi və bu vergilərin dərəcələri, onların tutulması, ödənilməsi, vaxtında ödənilməməsinə görə məsuliyyət və s. məsələlər hüquqi cəhətdən Azərbaycan Respublikası Prezidentinin 16 fevral 1994-cü il tarixli 787 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət yol fondu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi.
        Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2000-ci il tarixli 905-1Q nömrəli Fərmanı ilə «Azərbaycan Respublikasının Vergi Məcəlləsi» təsdiq olundu və «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə «Dövlət yol fondu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvədən düşdü. Vergi Məcəlləsi qüvvəyə mindikdən sonra bütün bu məsələlər həmin məcəllə ilə tənzimlənir (Bax: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Bakı, «Qanun» nəşriyyatı, 2004.). Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
        Hazırda respublikamızda tətbiq olunan vergi qanunvericiliyi Avropa Birliyinin 6-cı Konvensiyasına uzlaşdırılmış qanunvericilikdir və o, beynəlxalq standartlara tam cavab verir (Bax: Natiq Qasımov. «Ölkənin iqtisadiyyatı inkişaf etdikcə vergi islahatları da davam etdiriləcək». «Xalq» qəzeti, 14.09.2004-cü il, səh. 4.).
        Hal-hazırda qüvvədə olan vergi qanunvericiliyinə, yəni Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələri və qeyri-rezident fiziki şəxslər Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləri sayılırlar. Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Yol vergisinin dərəcələri avtonəqliyyat vasitələrinin növündən, oturacaqların sayından, yükgötürmə qabiliyyətindən və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, oxa düşən ağırlıqdan, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq müəyyənləşdirilir. Belə ki, Azərbaycan Respublikasının ərazisində hərəkət edən, xarici dövlətlərə mənsub olan avtonəqliyyat vasitələrinin istismarı zamanı vergi aşağıdakı qaydalar üzrə hesablanır:
        A) minik avtomobilləri üçün 15 ABŞ dolları; (Qeyd: xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Milli Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır).
        B) avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
        C) yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
        Ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınması haqqında məcəllənin yuxarıda göstərilən maddəsindəki vergi məbləği Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:
        Nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
        Çəkisi Vergi Məbləği 37 tondan 41 tonadək olduqda 0,15 ABŞ dolları 41 tondan 51 tonadək olduqda 0,30 ABŞ dolları 51 tondan 61 tonadək olduqda 0,45 ABŞ dolları 61 tondan 71 tonadək olduqda 0,60 ABŞ dolları 71 tondan 81 tonadək olduqda 0,75 ABŞ dolları 81 tondan çox olduqda 1,8 ABŞ dolları
        Təhlükəli yüklərin daşınması üzrə isə yuxarıda göstərilən verginin məbləği aşağıdakı qədər artırılır:
        az təhlükəli yüklər üçün 100 faiz
        təhlükəli yüklər üçün 200 faiz
        xüsusi təhlükəli yüklər üçün 400 faiz
        Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən ödənilməsi müəyyən edilmiş vergi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
        Eyni zamanda müəssisələrin balansında olan avtonəqliyyat vasitələri, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələrinin dəyəri vergitutma obyekti kimi əmlak vergisinin ödəyiciləri sayılırlar. Fiziki şəxslərin su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi onların mühərriklərinin 1 kub santimetr üçün şərti maliyyə vahidinin (5500 manat) 0,4 faizi ilə hesablanır. Fiziki şəxslər və müəssisələr avtonəqliyyat vasitələrinə görə əmlak vergisini həmin vasitələrin mühərrikinin həcminə görə (1 kub santimetr hesabı ilə) aşağıdakı dərəcələrlə ödəyirlər:
        Vergi Məcəlləsinə görə şəhərlərdə sərnişin daşımaları üçün istismar olunan trolleybus və tramvaylar əmlak vergisindən azaddır.
        Məcəllədə fiziki şəxslərdən su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisinin hesablanması və ödənilməsi qaydası da müəyyənləşdirilmişdir.
        Belə ki, su və hava nəqliyyatı vasitələrinə görə nəzərdə tutulan vergi onların qeydiyyatını həyata keçirən orqanlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.
        Məcəllədə belə bir hüquqi norma ifadə olunmuşdur ki, bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə müəyyən edilmiş vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.
        Fiziki şəxslərin avtonəqliyyat vasitələri üzrə əmlak vergisi avtonəqliyyat vasitələrinin qeydiyyatdan, yenidən qeydiyyatdan və ya illik texniki baxışdan keçirilməsi üçün müəyyən edilmiş vaxtda yerli (bələdiyyə) büdcəyə ödənilir.
        Müəssisələrə məxsus olan avtonəqliyyat vasitələrinə görə əmlak vergisinin hesablanması və ödənilməsi qaydası da ayrıca olaraq müəyyənləşdirilmişdir.
        Müəssisələrə mənsub olan avtonəqliyyat vasitələri üçün əmlak vergisi avtonəqliyyat vasitələrinin qeydiyyatdan, yenidən qeydiyyatdan və ya illik texniki baxışdan keçirilməsi üçün müəyyən edilmiş vaxtda dövlət büdcəsinə ödənilir. Hər iki halda, yəni həm fiziki şəxslərdə, həm də müəssisələrdə vergi vaxtında ödənilmədikdə Vergi Məcəlləsində müəyyən edilmiş qaydada faiz hesablanır. Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.
        Həmçinin Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən beynəlxalq və tranzit yük və sərnişin daşınması, beynəlxalq və tranzit uçuşlarla bağlı olan işlərin görülməsi, həmçinin xidmətlərin göstərilməsi Əlavə Dəyər Vergisinə (ƏDV) sıfır (0) faiz dərəcəsi ilə cəlb olunur. Sıfır (0) dərəcəsi ilə mallar təqdim olunarkən, işlər görülərkən, xidmətlər göstərilərkən ƏDV-dən azad olunmada nəzərdə tutulduğu kimi onların dəyərindən əlavə dəyər vergisi hesablanmır. Lakin ƏDV sıfır (0) dərəcəsi ilə cəlb olunmanın əlavə dəyər vergisindən azad olunmadan fərqi ondan ibarətdir ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar mallar (işlər, xidmətlər) alınarkən vergi hesab-fakturasına əsasən nağdsız qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilir. Gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının sərhəddindəki iki məntəqə arasında Azərbaycan Respublikasının ərazisi ilə daşınma Azərbaycan Respublikasının ərazisindən tranzit hesab edildiyi üçün bu daşımalara görə əlavə dəyər vergisi sıfır (0) dərəcəsi ilə tutulur (Bax: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, «Qanun» nəşriyyatı, Bakı, 2004). Eyni zamanda Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə əsasən beynəlxalq daşınma yüklərin və sərnişinlərin Azərbaycan Respublikasının sərhədlərindən digər dövlətlərdəki məntəqə arasında daşınma sayıldığı üçün sahibkarlıq fəaliyyəti çərçivəsində bu daşınmaların Azərbaycan Respublikası ərazisində olan hissəsi əlavə dəyər vergisinə cəlb edilir. Bununla yanaşı, əlavə dəyər vergisindən azad olunma və ya əlavə dəyər vergisinə sıfır (0) dərəcə ilə cəlb olunma beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda Vergi Məcəlləsinin 2.5-ci maddəsinə uyğun olaraq həmin müqavilələrin müddəaları əsas götürülür. Başqa sözlə desək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Qeyd edək ki, indiyə kimi Azərbaycan 35-ə qədər dövlətlə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınmasıyla bağlı ikitərəfli danışıqlar aparmışdır və onunla 12 dövlət arasında müvafiq sazişlər imzalanmışdır.
        Ölkə daxilində digər nəqliyyat növləri ilə həyata keçirilən daşımalar, məsələn, dəmir yolu daşınması, dəniz daşımaları və s. isə ümumi qaydada vergiyə cəlb olunurlar.
        Qeyd etmək məqsədəuyğundur ki nəqliyyat gömrük xidmətləri, həmçinin daşınma ilə bağlı xidmətlər, habelə nəqliyyat infrastrukturundan istifadəyə görə ödənişlər istisna olmaqla, tranzit daşımaların təyinatından asılı olmayaraq vergilər, yığımlar və digər ödənişlərdən azadolunma nəzərdə tutulmuşdur (Bax: 30 oktyabr 1998-ci il tarixli «Tarixi İpək Yolunun bərpası üzrə Beynəlxalq Konfransda imzalanmış «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in 5-ci maddəsi).
        Bundan əlavə, Azərbaycan Respublikasının 08 oktyabr 1996-ci il tarixli 168 1Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan Respublikaları arasında tranzit yük daşımalarının tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Sazişin 4-cü maddəsinə əsasən tranzit əlaqələrinə təqdim edilən nəqliyyat və inzibati xidmətlərə görə ödəmə haqqı və göstərilən xidmətlərin dəyəri istisna olmaqla, tranzit əlaqələrinə münasibətdə adından və təyinatından asılı olmayaraq, milli və ya yerli vergilər, yığımlar və digər ödənişlər tutulmur.
        Yuxarıda qeyd olunan vergilərdən azadolma qaydaları adı çəkilən Sazişlərə imza edən və qoşulan ölkələrə qarşı tətbiq edilir.
        Xatırlatmaq istərdik ki, 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə dünyanın bir sıra məşhur neft şirkətləri, o cümlədən BP-Amoco, Unocal, Lukoil, Exxon, Statoil, TPAO və digər iri neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında» Saziş imzalandı. Bütün dünyaya səs salan bu saziş «Əsrin müqaviləsi» adlandırılaraq respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olundu və ulu öndərimiz Heydər Əliyevin neft strategiyasının şanlı səhifəsini açdı. Bundan sonra neft və qaz sənayesində dünyanın ən qabaqcıl şirkətləri ilə Azərbaycanın yeraltı sərvətlərinin birgə istismarı barədə bu günədək daha 24 Saziş, yəni beynəlxalq neft müqaviləsi imzalanmışdır. Artıq bu Sazişlər içərisində nəinki ölkəmizin, eləcə də bütün Cənubi Qafqaz regionunun iqtisadi inkişafında müstəsna əhəmiyyəti olan, bütün regionda karbohidrogenlərin nəqlinin infrastrukturunu inkişaf etdirən və dünyada ən iri layihələrdən hesab olunan «Bakı-Tbilisi-Ceyhan» Əsas İxrac Boru Kəməri və qazın ixracı üçün «Bakı-Tbilisi-Ərzurum» Cənubi Qafqaz Boru Kəmərinin inşasına başlanılmış və hal hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Bağlanmış Sazişlər çərçivəsində fəaliyyət göstərən müəssisə və şirkətlərin vergi məsələləri üçün xüsusi vergi rejimi tətbiq edilir. Xüsusi vergi rejimi dedikdə müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydaları nəzərdə tutulur, yəni Sazişlər çərçivəsində fəaliyyət göstərən müəssisə və şirkətlər üçün, əsasən, Sazişlərin müddəaları tətbiq edilir. Bununla bağlı Vergi Məcəlləsində də müvafiq normalar mövcuddur. Belə ki, Vergi Məcəlləsinə əsasən məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında qanunda bu məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir (Bax: Azərbaycan Respublikası Vergi Məcəlləsi, mad 2.7, Bakı, «Qanun» nəşriyyatı, 2004-cü il).

        İstifadə edilmiş mənbələr:

        1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, "Qanun" nəşriyyatı, 2003.
        2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, "Qanun" nəşriyyatı, 2004.
        3. Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi. Bakı, "Qanun" nəşriyyatı, 2003.
        4. Azərbaycan Respublikası Gömrük Məcəlləsi. Bakı, "Qanun" nəşriyyatı, 2004.
        5. Bıkov A.Q., Polovinçik D.İ., Saviçev Q.P. Kommentariy k Ustavam avtomobilğnoqo transporta soöznıx respublik. M., 1978, s, 5-6.
        6. Azərbaycan Respublikasının vergi hüququ. Bakı, "Azərbaycan universiteti" nəşriyyatı, 2003.
        7. Azərbaycan Respublikasının maliyyə hüququ. Dərs vəsaiti. Bakı, "Qanun" nəşriyyatı, 2003.
        8. E.Əliyev. Yol hərəkətinin beynəlxalq hüquqi tənzimlənməsi və milli qanunvericilik. Dərs vəsaiti. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2003.
        9. O.Əfəndiyev, E.Əliyev Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən 700 termin. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2004.
        10. "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş". Bakı, 1998.
        11. "Azərbaycan Respublikası, Gürcüstan, Türkmənistan və Özbəkistan Respublikası arasında tranzit yük daşımalarının tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Saziş". Bakı, 1996.
        12. Azərbaycan Respublikasında Hasilatın Pay Bölgüsü Haqqında Sazişlər. 1994-2004.
        13. "Azərbaycanın Vergi Xəbərləri" jurnalı. Bakı, 2004, №4, səh, 6.
        14. "Xalq" qəzeti, 14.09.2004-cü il, səh. 4. 

        

        

       

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Ali Məhkəmə Plenumunun qərarları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.